Biz imzaları yox, əsərləri dərc edirik...

Əqli mülkiyyəti maddi mülkə çevirmək problemi – Müzakirə
1086
18 May 2018, 12:21
   Artkaspi.az "Əqli mülkiyyəti maddi mülkə çevirmək problemi" adlı müzakirəni təqdim edir: 
 

   Yalnız Xalq yazıçısı Çingiz Abdullayev öyünə bilər ki... 
 
  Təqvimdə 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü kimi yer alan tarixin müasir cəmiyyətimizdə əhəmiyyəti çox böyükdür.  Çünki əqli mülkiyyət yaradıcı insanlar üçün sərvətdir, maddiyatdır. Bizdə necə, xüsusən ədəbiyyat sahəsinin insanları öz əqlinin məhsulunu mülkə çevirə bilirlərmi? Ümumiyyətlə, əqli mülkiyyətin qorunması, ya da onun mülkə çevrilməsi nəyə görə lazımdır? Ölkəmizdə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun yazarların əqli mülkiyyət hüququnu nə qədər qoruyur?
 «Müzakirə»mizdə bu suallara fərqli cavablar aldıq.  

    Normativ aktlar olmalıdır
 
 
 


  Yazıçı Elçin Hüseynbəyli əqli mülkiyyətin mülkə çevrilməsində qismən nəşriyyatların rolunu qeyd edir: «Nisbətən nəşriyyatların hesabına əqli mülkiyyət qorunub saxlanılır, qalanı isə özfəaliyyət üzərində qurulub. Yəni ya insanlar özləri kitablarını çap edir, ya da yayımı və satışı ilə məşğul olurlar. Əqli mülkiyyəti maddi vəsaitə çevirmək üçün bizdə mövcud qanuna müəyyən dəyişikliklər olmalıdır. Yazıçıların böyük əksəriyyətinin əsərləri pulsuz olaraq internetdə yayımlanır və istifadəçilər ona pul ödəmirlər. Bildiyim qədər, Avropa təcrübəsində belə hallarda pul ödənilir. Bizdə isə hələ də yazıçının öz yazısını, öz əqlini maddi vəsaitə çevirmək problemi var”. E.Hüseynbəylinin fikrincə, xüsusən sosial şəbəkə istifadəçiləri ilə bağlı normativ aktlar olmalıdır: "Əgər Azərbaycanda oxucu kütləsi çox olsaydı, yazıçıların yazdığından sui-istifadə etsəydilər, onda müəllif özü hüquqlarının qorunmasında maraqlı olardı. Amma bu istifadəçiləri hesablamaq çox çətindir. Çünki bəziləri sayğacı süni şişirdir. Az da olsa sosial şəbəkədə oxucular var. Ancaq bu məsələlərlə məşğul olmaq yazıçının işi deyil».  
 
   Nüfuzun, imicin qorunması
 
 
 
 
 
  Yazıçı, tərcüməçi Kamran Nəzirli suala öz təcrübəsinə əsasən cavab verir: "Kitablarımın və yaxud əsərlərimin əksəriyyətini mülkə çevirə bilmişəm, yəni rəsmi sahiblik hüququna malikəm. Xüsusilə rus və ingilis dillərində çıxan yazılarımın demək olar ki, əksəriyyəti əqli mülküm kimi beynəlxalq səviyyədə və MDB müstəvisində qanuni şəkildə qorunur. Sizə deyim ki, bizdə də əqli mülkiyyət hüquqları ilə bağlı qanun və normativ hüquqi sənədlər var. Müəlliflik hüququ, əqli mülkiyyət hüquqları bizim ölkənin beynəlxalq müqavilələri ilə də tənzimlənir”. Yazıçı öncə əqli mülkiyyətin qorunması, ya da onun mülkə çevrilməsinin nəyə görə lazım olması sualına cavab tapılmasını vacib hesab edir: "Düşünürəm ki, bu, bir nüfuzdur, imicdir, nüfuzun, imicin qorunması deməkdir. Əgər sənin əsərindən, ya intellektual əməyindən kimsə istifadə edirsə (təbii ki, öz xeyri və məqsədi üçün) bu zaman sənin nüfuzuna, imicinə zərbə dəyir. Burada ilk addım ondan ibarətdir ki, öz əqli əməyinin məhsullarını - kitablarını, əsərlərini və s. dövlət qeydiyyatından keçirəsən. Çox adam proseduru bilmir. Bu, çox sadədir. Sən çoxsaylı əsərlər müəllifisən, kitabların var, ilk növbədə Müəllif Hüquqları Agentliyinə müraciət etməlisən. Öz hüquqlarını qorumaq üçün bu agentliyin mütləq şəhadətnaməsini əldə etməlisən. Mən bunu almışam. Prosedur o qədər də çətin deyil. Öz əqli əməyinin məhsulları-kitablar, əsərlər, tamaşalar və s. barədə məlumat hazırlayırsan, həmin məhsullarla birlikdə agentliyə təqdim edirsən. Bundan sonra sənə şəhadətnamə verilir. Şəxsən mənim üçün agentlikdə heç bir problem yaradılmadı. Çox asan və sadə yolla öz əqli mülkiyyətimin hüquqi sahibi oldum, yəni onları şəxsi mülkümə çevirdim”. Yazıçının fikrincə, məsələnin digər, həm də əsas tərəfi mülkü qorumaqdır: "Ancaq necə qorumalı? Doğrudur, qanunlar var, məcəllələr və aktlar var. Amma çoxları bunu bilmir, yaxud da bu məsələlərə baş qoşmur. Misal üçün, müəllif iddia qaldırsa, gərək işə məhkəmə qarışsın, araşdırsın. Həqiqəti ortaya çıxartmaq isə uzun və yorucu prosesdir. Sizə deyim ki, bir çox ölkədə bu işlərlə müəllifin, yaxud da nəşriyyatın agentləri məşğul olurlar. Adətən müəlliflər bu işlərə nə vaxt, nə də enerji sərf edirlər, vəsaitdən başqa”.
 
 
 
    Müəyyən hüquqi islahatlar aparılmalıdır
 
 
 
 


  «Qanun» Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğluhesab edir ki, əqli mülkiyyəti mülkə çevirmək ədəbiyyat sahəsində o qədər də inkişaf etməyib: "Çünki kitab yaxşı satılmalıdır və yaxşı satılan kitabdan müəllif və nəşriyyat gəlir götürməlidir. Ancaq bizdə bu sahədə tirajlar məhduddur, müəlliflər də heç bir gəlir götürə bilmirlər”. Müəllif hüquqlarının, əqli mülkiyyətin qorunmasının beynəlxalq məsələ olduğunu qeyd edən naşirin fikrincə, kitabların kvalifikasiyası, xarici ölkələrdə nəşr məsələsi, beynəlxalq normalar çərçivəsində tənzimlənməsi və s. məsələlər hələ də açıqdır: "Fikrimcə,  nəşriyyatların sayı artdıqca, yeni kitablar nəşr olunduqca, xüsusən tərcümə ədəbiyyatı genişləndikcə, bu sahədəki vəziyyət tədricən yaxşılığa doğru dəyişəcək”. Yazarların müəllif hüquqlarının pozulmasında sosial şəbəkələrin oynadığı rola gəlincə, naşir hesab edir ki, sosial şəbəkələrdə yazarın yaradıcılığından hər hansı parçanı paylaşır və istinad edirlərsə, burada qanunvericiliyə zidd heç nə yoxdur: "Ancaq bizim nəşr etdirdiyimiz kitabın bir surətini çıxarıb və həmin versiyanı sosial şəbəkələrdə və ya hansısa saytlarda paylaşırlarsa, bu, müəllif hüquqlarının pozulmasıdır. İstənilən halda, icazəsiz yayım müəllif hüquqlarının pozulmasına gətirib çıxarır”.  Ş.Xuduoğlu hesab edir ki, bu sahədə normativ aktlar o qədər də mükəmməl deyil: «Hər hansı bir nəşriyyatda çıxan kitab, digər nəşriyyatlar tərəfindən də çap edilir və yayılır. Biz bunların qarşısını hüquq müstəvisində ala bilmirik. Həm də normal cəza mexanizmi olmadığından, bu işi görənlər onu təkrar etməkdən çəkinmirlər. Məncə bu sahədə müəyyən hüquqi islahatlar aparılmalıdır ki, müəllif hüquqları daha mükəmməl qoruna bilsin”. Xarici ölkələrin təcrübəsindən misal gətirən naşir deyir ki, əvvəllər Rusiya bazarında pirat əsərlərlə bağlı nümunələr çox olub: «İndi isə get-gedə pirat əsərlər yığışdırılır. Pirat nəşrlər daha çox fiziki deyil, virtual yayılır. Virtual yayılmanın da beynəlxalq səviyyədə qarşısı alınır. Fiziki yayılmanın qarşısının alınması isə çətindir. Bu cür hallar Türkiyə və Rusiyada baş versə də, Avropa ölkələrində qanunla tənzimlənir».    

   Mənəvi divident gətirmir
 
 
 
 


  Tənqidçi Tehran Alışanoğlu hesab edir ki, əqli mülkiyyəti ədəbiyyat aspektində dəyər kimi mülkiyyətə çevirə bilmişik: «Ədəbiyyat dəyəri bizdə dəyər kimi təsdiqini tapıb. Hüquqi baxımdan buna ədəbiyyatçıların cavab verməsi bir qədər çətindir. Bu tip məsələlər bizdə durulmamış vəziyyətdədir. Xüsusən post-modernizm epoxasının elan edilməsi ilə bağlı ortaya çıxan məsələlər: hansı fikirləri hansı yazıçı nə vaxt irəli sürüb, başqaları bundan necə bəhrələniblər və s. kimi nüanslar hələ açıq qalıb”. 
 

  Tənqidçi Əsəd Cahangir hesab edir ki, bu gün Azərbaycan yazıçısı ağlının məhsulu olan yaradıcılığını öz əqli mülkiyyətinə çevirə bilmir: "Əqli mülkiyyətə o zaman çevirərdi ki, ondan hər hansı maddi fayda götürsün. Yəni onun əsərləri satılsın, maddi gəlir gətirsin, onu dolandırsın.
 
 
 

 
  Ancaq biz bilirik ki, Azərbaycan ədəbiyyatının nümayəndələri bu gün yaradıcılıqları hesabına yaşamırlar. Yəni yaradıcılıq onların peşəsindən daha çox, bir növ elə bil hobbidir. Ona görə də bütün varlıqlarını ədəbiyyata qoyub, daha yaxşı yaza biləcəkləri əsərləri yazmırlar”. Digər tərəfdən, tənqidçinin fikrincə, əqli mülkiyyət bizim yazıçılara bir o qədər mənəvi divident də gətirmir, nəinki maddi kapital: "Əksinə, etiraf edək ki, bugünkü Azərbaycan gerçəkliyində yazıçı olmaq hətta bir qədər təhqiramiz səslənir. Cəmiyyətin müəyyən təbəqələrinin nümayəndələri onlara yuxarıdan aşağı baxırlar. Onların kasıblığına, pulsuzluğuna iradla yanaşırlar. Mənə elə gəlir ki, bu, təkcə yazıçılara yox, eləcə də əqli zəhmətlə məşğul olan digər sahənin adamlarına - alimlərə də aiddir”. 
 
   Əqli mülkiyyətimin qorunmamaq qorxusu 
 
 
 
 


  Ədəbiyyatşünas Rüstəm Kamal bir neçə dəfə elmi araşdırmalarının həmkarları tərəfindən istinadsız istifadəsi,  hətta öz adlarına çıxmaları halı ilə də rastlaşıb:  "Bir neçə dəfə həmkarlarımın mənim araşdırmalarımdan istifadə etdiyini görmüşəm. Yəni plagiatlıq edərək öz adlarına çıxarıblar. Məsələn, 90-cı illərdə «Yol» qəzetində çıxan yazımın eyni süjetlə başqa bir qəzetdə çap edildiyini gördüm. Həmin müəllifin də yazısını qızı çap etdirmişdi. Özü haqq dünyasında olduğu üçün iradımı bildirmədim, amma xeyli əsəbiləşdim. Mənə görə yazımın halallığı itdi, yəni yazıma virus düşdü. Bu mənada, əlbəttə, əqli mülkiyyətimin qorunmamaq qorxusu var”. Ədəbiyyatşünas hesab edir ki, bu kimi pozuntular sosial şəbəkələrdə daha çox baş verir: "Bir xanım hansısa tədqiqatçının əsərini öz adına çıxarıb yaxşı da pul qazanırmış. Halbuki müəllif tamamilə başqasıdır. Biz də bilirik ki, nöqtəsinə, vergülünə kimi həmin müəllifin əsərindən götürülüb. Məsələnin arxasınca düşmək də uzun prosesdir. Mən belə halların şahidi olmuşam”. Əqli mülkiyyətin pul gətirməsinə gəlincə, ədəbiyyatşünas bu baxımdan heç nə qazanmadığını deyir: "Hətta 500 tirajla çıxan, nəfis tərtib olunmuş kitabım var, mən onu kitab bazarına çıxara bilmirəm. Baxmayaraq ki, kitab 7 manata başa gəlmişdi, mən hətta 6 manat qiymət qoymuşdum. Mağaza da üzərinə iki manat əlavə qoymuşdu. Dəyəri 8 manata olan elmi kitaba heç kim pul vermir. Əvvəla, kitabların reklamı getmir. Yoxsa Yazıçılar Birliyinin "Natəvan” klubunda və ya hansısa bir kitab mağazasında imza günü keçirməklə, 50 kitab satmaqla hansı əqli mülkiyyətdən danışmaq olar? Yalnız Xalq yazıçısı Çingiz Abdullayev öyünə bilər ki, əqli mülkiyyəti ona pul gətirir. Bu istiqamətdə şairlərdən danışmağa heç dəyməz. Roman bazarı da bizdə düzgün təşkil olunmayıb. Çünki roman bazarı şeir bazarından fərqlidir. Elmi yaradıcılıqla məşğul olanların əsərləri də təbliğatdan asılıdır. Bizdə intellektual səviyyə getdikcə aşağı düşür. Həm də bizim  internet adlı rəqibimiz də var”.   
  
    Hazırladı: Təranə Məhərrəmova