Biz imzaları yox, əsərləri dərc edirik...

Özümü güllələməliyəm – Mayakovskinin faciəsi
1646
23 Oktyabr 2020, 12:14
  artkaspi.az  Lev Kolodnının "Şairlər və rəhbərlər”  kitabından Lubyankada faciə – Vladimir Mayakovskinin faciəsi adlı yazını təqdim edir: 
 

 
  Köhnə Moskvada "Lubyanka” sözü Bolşaya Lubyanka, Malaya Lubyanka, Malıy Lubyanski, Lubyanka dalanı, Lubyanka döngəsi və Lubyanka meydanının yerləşdiyi məkanların qərar tutduğu yaşayış məhəllələrinin tarixi yeri mənasını ifadə edir. 

 Bütün bu adlardan yaxın günlərə qədər təkcə Malaya Lubyanka dəyişilmədən qalmaqda davam edir. Bolşaya Lubyanka meydanı artıq Dzerjinski adını daşıyır. Döngə isə bu ərazidə yaşamış təyyarəçi-qəhrəman Serovun şərəfinə adlandırılıb.
 Şair Vladimir Mayakovski də 1919-cu ilin yaz aylarının əvvəlindən etibarən keçmiş səyyar agent qismində yaşayış yeri ilə təmin olunduğu bu döngədəki böyük evdə yerləşən otaqda yaşamışdır. Yazırlar ki, Mayakovskinin otağı mənzildəki ən kiçik otaq idi. Əslində isə, belə deyildi, evdəki ən kiçik otaqda onun qonşusu çilingər Nikolay Krivtsov yaşayırdı.
 Həmin Nikolay da digər qonşu – makinaçı qadın Lyusya kimi 14 aprel 1930-cu ildə qəfildən güllə səsi eşitdi. Onlara elə gəldi ki, mətbəxdə primus partladı.
 Onillər ərzində onun 1930-cu ilə kimi qaldığı otağı mebel, əşyalar, kitablar, çamadanlarla  birgə bağlı qapı arxasında saxlandı. Bu qapını mənim üçün açdılar: həmin zaman hələ muzeyləşməmiş bu otaq nə vaxtsa Mayakovskiyə sığınacaq kimi verilən, on kvadratmetrdən bir az artıq olan, muzey statusuna layiq görülən evdən daha güclü təəssürat yaratdı. 
 
 

 Bizim görüşümüzdən bir neçə il sonra, 1968-ci  ildə nəşr olunan "Mayakovski doğmaların və dostların xatirələrində” kitabında (kitabda ən yaxın dostlara yer ayrılmamışdı) mənim makinaçıdan eşitdiyim sözlər də qeyd olunmuşdu: "Vladimir Vladimiroviç ölümündən bir ya iki gün əvvəl bizim qapını döydü, adətən, olduğu kimi anidən daxil olmadı və məndən soruşdu:
 – Yoldaş Lyusya, mənim sizə borcum yoxdur ki?
 Bu sualla Mayakovski digər qonşulara da müraciət etmişdi”.
 Mayakovskinin intihara hazırlaşdığı, özünəqəsdin ən xırda detallarını da dərindən düşündüyü haqqında daha mühüm dəlillər var. Onun vəfatından sonra dərc edilən, güllələnmədən iki gün əvvəl yazılmış, hər kəslə vidalaşdığı, törətdiyi əməlin səbəbini izah etdiyi, ödəyəcəyi vergiyə qədər son tapşırıqlarını yazdığı ölümqabağı məktubu bizə yaxşı məlumdur. 
 O, digər intihar edənlərdən fərqli olaraq əvvəlcədən yazdığı bu məktubu gizlətmir, qadın tanışlarından birinə oxuyur... Qadın həmin zaman deyilən sözləri yadda saxlamışdır: "Mən SSRİ-də yaşayan ən xoşbəxt adamam və özümü güllələməliyəm”.
 Əlbəttə ki, Lilya və Osip Briklər o vaxt xaricdə uzun müddətli səfərdə yox, Moskvada olsaydılar, həmin gün Lubyankada güllə səsi eşidilməzdi. Anası və ya bacısının Volodyanın yanına gəlməsi yəqin ki, faciənin qarşısını alardı. Veronika teatra – məşhur rejissorun keçirdiyi məşqə tələsməsəydi, bəlkə də o həyəcanlı səhnədən sonra pilləkənə qaçarkən güllə səsini eşitməzdi.
 Təsadüfi hadisələr zəncirindən başqa, şairi həyatdan getməyə məcbur edən qanunauyğunluqlar da var idi. Başlıca səbəblərdən biri ölümqabağı yazdığı məktubdakı şeirdə göstərilir:
 
 

 Necə deyərlər, 
"insident tükənib”.
 Sevgi qayığı məişətə qurban gedib.
 Mən həyatla sövdələşirəm, siyahı lazım deyil –
qarşılıqlı ağrılar, faciə və incikliklərin yazıldığı...
 "Məişət” sözünə Mayakovski və onun dostları xüsusi məna vermişdi, onların fikrincə bu, düşmən simvolu idi.
 "Məişət heç vaxt, heç bir halda başlıca amil olmayacaq! Köhnə məişət əşyaları heç yerə yerləşməyəcək, mən bunu əminliklə deyirəm. Buna hər bir halda zəmanət verirəm. Əgər mən bunu edə bilməsəm, o zaman səni heç zaman görməyəcəyəm, hətta səni görüb, nəvazişinə qərq olsam belə, yenidən məişətin hansısa elementini görsəm, qaçacağam (bu haqda 28 fevral, saat üçdə danışmaq sənə baxmaqdan ötəri iki ay dözən mənim üçün gülməlidi)...” 1922-ci ilin sonundan etibarən, "Bu haqda” poemasının yazıldığı günlərdə "məişət”lə bağlı hansısa nöqsanlara görə özünü iki aylıq "qayıq-otaqda” dustaq edən Mayakovski belə yazırdı.
 Həmin incikliyi Lilya Yuryevna memuarlarında belə yazırdı: "Bizim aramızda uzun söhbət oldu. Hər ikimiz ağladıq. Sanki məhv olurduq. Hər şey bitmişdi. Hər şeyə öyrəşmişdik – sevgiyə, sənətə, inqilaba. Bir-birimizə öyrəşmişdik, əyin-başımıza, isti paltarlarımıza. İşimiz ancaq çay içməkdi. Məişətdə boğulurduq. Həyatın dibindəydik...”
 Nə qədər oxusaq da, onların hansı nifrətəlayiq məişətdən yazdıqlarını tam olaraq anlamaq çətin olur. Seçilmiş əsərlərdəki poemaya yazılan şərhlərin mənasını anlamaq isə daha çətindir: "Mayakovski ailə münasibətlərinə təsir göstərən və öz kirli pəncələri ilə insana təbiət tərəfindən verilən ən yüksək və alicənab hissi korlayan meşşanlığı şövqlə ifşa edir... Mayakovski iddia edir: meşşanlığın sonu gələcək, gələcəyin insanları sevgi məsələlərini yüksək kommunist əxlaqı əsasında həll etməyi öyrənəcəklər...”
 Vladimir Vladimiroviç poemanı yazdığı iki ay ərzində intihar haqqında bir neçə dəfə düşünmüşdü. Həyatdan getmək üçün – "Bu haqda” poemasının sətirlərində əks etdirdiyi kimi – müxtəlif üsullar axtarırdı:
 "Petrovski parkına zəng etdi külək:
 – Bağışlayın... Bitirirəm hər şeyi... 
 Lütfən, 
 günahlandırmayın...”
 
 "Yer üzündəki həyatı yaşaya bilmədim
 Heç nəyi sevmədim bu yer üzündə...”
 Təkcə çay sevgisinə görə deyil, qumar oyunları, Berlindəki restoranda keçirdiyi qonaqlığa görə şair Lubyankada özünə qəsd etməli oldu.
 Daha bir səbəb var idi: 1922-ci ilin yayında Moskva yaxınlığındakı bağ evində Lilya Yuryevnanın həmin zamanlar ölkədə məşhur inqilabçı kimi tanınan, Vətəndaş müharibəsindən sonra Moskvada Xalq Maliyyə Komissarlığının əvəzçisi olaraq xidmət edən, Prombankın rəhbəri Aleksandr Mixayloviç Krasnoşekovla tanışlığı baş tutdu. O, paytaxta gəlişinə qədər Uzaq Şərq respublikalarından birinin baş naziri, həmçinin xarici işlər naziri olmuşdur. Bir sözlə, yaraşıqlı, dünyagörüşlü, təhsilli, işıqlı şəxs idi.
 
 
 

Mayakovskinin rəhbərlik etdiyi "incəsənətin sağ cəbhəsi”nin döyüşçüləri aralarındakı münasibətləri əvvəlki qaydada qurmağı bacarmırdılar və istəmirdilər. Buna görə də yeni üsula əl atdılar – "Bu haqda” poemasında tez-tez təkrarlandığı kimi özlərini düşüncələrdə xaçla deyil, qırmızı bayraqla bəzədilər...
 
 Necə yəni yeni üsul?
 
 
  
 "Cəbhədə”də mütəəssir olan memuarist qadın, rəssam Y.A.Lavinskaya (Yelizaveta Aleksandrovna Lavinskaya) yazır: "Görəsən, bütün qarışıqlıq, eybəcərliyin səbəbkarı da məişətdir? Qısqanclıq "burjua mövhumatını”udur. "Qadınlar, ərlərinizin sevgililəri ilə dostluq edin”. "Yaxşı arvad öz ərinə uyğun məşuqəni özü seçir, ər isə arvada öz yoldaşları ilə yaxınlıq etməyi məsləhət görür”. Normal ailə meşşan kimi dəyərləndirildi. Bütün bunlar Lilya Yuryevnanın həyatına təsir etmiş, Osip Maksimoviçin nəzəriyyələrində ideoloji təsdiqini tapmışdır...”
Burada hansısa sirrin olduğu aydın görünür: Lilya Yuryevna əri üçün sevgili tapmırdı, o özü məşuqə tapıb 1945-ci ilə – ölənə qədər onunla yaşamışdı. Vladimir Vladimiroviç üçün də sevgili seçməmişdi, bundan başqa, dedi-qodularda deyildiyi kimi onların heç zaman "üçlü nigah”ı olmayıb. Amma meşşanlıq olduqca qəribə tərzdə aradan qaldırıldı: Lilya Brik eyni dam altında keçmiş əri (onunla nikahları pozulmamışdı) və sevgilisi olan nikahsız əri ilə birgə yaşayırdı, sonralar isə bu – iki keçmiş ər ilə arvadın gecə-gündüz birlikdə yaşadığı bir ailə idi.
 "V.V.Mayakovski və L.Y.Brik: 1915-1930-cu illər arasında yazışmalar” kitabının müəllifi Benqt Yanqfeldin "bu cür həyat mənəvi avantüra ilə zəngin idi və inqilab şairinin tərcümeyi-halı heç də yaxşı nümunə deyildi” fikri ilə razılaşmamaq mümkün deyil.
 ...Mayakovski Lilya Yuryevna və Osip Maksimoviç Briklə görüş gününü tərcümeyi-halında "xoş gün” adlandırmışdı. Həmin zaman Lilya Yuryevna artıq bir ildən çox idi ki, özünü Osip Maksimoviçin arvadı hesab etmirdi, amma Briklərin nikah bağları həmişəlik möhkəm olaraq qaldı. 
 Lilya Brikin gözlərinin sehrinə düşən (Lilyanın görünüşü qarşısında ağıl və qəlblərinin həyəcanlandığını bir çox müasirləri yazırdı) Mayakovski qəti addım atır – əşyalarını götürərək evini və "xanımı”nı tərk edərək Briklərin evinə yaxın yerdə yerləşən mehmanxanaya köçür. 
 Həmin xanım kim idi, ayrılığa necə tab gətirmişdi? Bəlkə dərddən Nevaya tullanmış və ya pəncərədən atılmışdır?
 
Bilirsizmi, əgər ulduzlar yandırılırsa,
Demək kiməsə gərəkmiş...
Demək, mühümdür ki, hər gecə
Damların altında 
Bircə ulduz da olsa, alovlansın... 
 
 

 
 Bu gözəl şeirləri şairə yazdıran "Petroqrad üzərində axan ulduz" Sofya – Sonka Şamardina olmuşdur. O, şairi "şalvarlı buludlar”ı yazmağa ilhamlandırmışdı. Əsərdə qəhrəman əvvəlcə öz adı ilə – Sonka kimi qələmə alınmış, amma sonradan şair onun nadir adını daha tipik isimlə – Mariya ilə əvəzləmişdir... (Mayakovskinin və şair İqor Severyaninin muzası olan futurist-aktrisa inqilab illərində poeziyanı tərk etmiş, müxtəlif orqanlarda, o cümlədən, fövqəladə komissiyada xidmət etmişdir...)
 Sonka – Mariyadan bəhs edən "Şalvarlı buludlar”, əslində, Lilyaya həsr edilmişdir. 1915-ci ildən son günlərə qədər demək olar ki, bütün əsərlər ona həsr edilmişdi. Bax, belə sədaqət də var...
 Mayakovski ilə tanışlıq Briklərdə də gözəl təəssürat yaratmışdı, onların hər ikisi əbədi olaraq onun poeziyasına aşiq olmuşdular. Hüquqşünas Brik ixtisasını dəyişmiş, peşəkar şəkildə ədəbiyyatla məşğul olmağa başlamışdı. Mayakovskinin ilk kitabı onun vəsaiti hesabına çap edilmişdi. Onlar dostlaşmış, on beş il ərzində nəinki dalaşmamış, hətta aralarında inciklik belə olmamış, bir-birinə nəvazişlə yanaşmışdılar.
 Bu vəziyyət, Mayakovskinin dostunun arvadına aşiq olmasına əngəl yaratmamışdı – Lilya 1918-ci ildən onun nikahsız həyat yoldaşı olmuşdur. Mayakovski və Briklər heç zaman ayrılmamaq qərarına gəlmişdilər, bu - eyni dam altında yaşamaq demək idi. 
 Mayakovskinin həyatına işıq saçan, gah şəfəqlər bəxş edən, gah buludlar, gah da ildırımlar yaradaraq ilham pərisi olan Lilya Yuryevnanı günəş adlandırmaq olar. 
 Onunla görüşdən yeddi il sonra şairin səmasında o qədər də parlaq olmasa belə, başqa ulduzlar da bərq vurmağa başladı: Zinaida Ginzburq (Moskva), Yelizaveta Alekseyeva (Nyu York), Natalya Bryuxanenko (Moskva), Tatyana Yakovleva (Paris), Veronika Polonskaya (Moskva)... Onlardan biri 1926-cı ildə Birləşmiş Ştatlarda Mayakovskinin doğma qızı elan etdiyi Yelizaveta adlı qız dünyaya gətirdi. Şair onu iki il sonra xaricə növbəti səfəri zamanı görmüşdü.
 
Hərdən bəzi qeybətlər duyulur,
Tozlu yollardan keçərək
Guya uzaq Meksikada
Bir uşaq itirmişdir o... – 
 
 
 

 Nikolay Aseyev "Mayakovski başlayır” poemasında yazırdı. Amma dostunun Gendrikov döngəsində iki Yelizavetaya məxsus məktubları, açıqcaları, fotolarının qorunduğundan çətin xəbərdar olaydı...
 Lilya Yuryevnanın da başı üzərində bir neçə dəfə ulduzlar parlamışdı. 1923-cü ilin sentyabrında qəzetlərdəki xəbərlərdə yazılan, hər kəsə məlum olan faciə baş verməsəydi – olduqca güclü, yüksək zirvələrdə dayanan Aleksandr Mixayloviç Kranoşekovu həbs etdilər – bu cür ulduz sayrışmasının biri kim bilir necə nəticələnəcəkdi...
"Nə etməli? Həbsdə olduğu müddətdə A.M.-ni ata bilmərəm – Lilya Brik Parisdə əzab çəkən Mayakovskiyə yazırdı. – Utanıram! Heç vaxt olmadığı qədər utanıram. Özünü mənim yerimə qoy. Bacarmıram. Ölmək bundan yaxşıdı”.
 Həmin zaman Lilya Yuryevna ölmədi: "A.M.” həbs olunandan bir il sonra azadlığa çıxdı. (1937-ci ildə Lubyankanın qapıları onun üzünə həmişəlik bağlandı). Onlar ayrıldı.
 Heç nəyə baxmayaraq, isveçrəli slavist Benqt Yanqfeld Mayakovski və Lilya Briki "dünya ədəbiyyatındakı ən gözəl cütlüklərdən biri” adlandırırdı. Onun dərc etdiyi "sevgili cütlüyün” dörd yüzdən artıq məktubdan ibarət yazışmalarında, qeydlərində və teleqramlarda "sevgi” sözü dəfələrlə təkrarlanır. Əlbəttə ki, haqlı deyil. Nikolay Aseyev iddia edir ki, Lilya Yuryevna onu həqiqətən sevmirdi. Yeddi illik günəşin şövqü hər ikisini yandırmış və davamlı olaraq alovlandırırdı. Amma sevgi bağı 1925-ci ildə həmişəlik qırıldı. Ümumi ifadə olan "sevgi” sözü bu tarixdən sonrakı yazışmalarda mənəvi yaxınlıq, dostluq, doğmalıq mənasını kəsb edirdi. 
 Əlbəttə, ana, bacı əzab çəkirdi ki, onların sevimli Volodyası öz evini qurmur, həyat yoldaşı, uşaqları yoxdur. Bədbəxtliyin səbəbini isə təbii ki, Lilya Yuryevnada, Briklərdə görürdülər. Amma Mayakovski son ana qədər belə hesab etmirdi. "Lilya, məni sev!” – məzarın bir addımlığında, ölümqabağı son məktubunda anasının və bacısının adından əvvəl bu adı yazmışdı.
 Lilya da şairin son xahişini yerinə yetirmişdi. O, unudulmağa başlayanda məhz Lilya Kremlə, rəhbərin adına məktub yollamışdı. Onun məktubunda MK-nın katibinin qətnaməsi qeyd olunmuşdu: "Yold. Yejov, Sizdən artıq dərəcədə xahiş edirəm, Brikin məktubuna diqqət yetirəsiz. Mayakovski sovet dövrünün ən yaxşı, istedadlı şairi olmuşdur və bu cür qalmaqda davam edir. Onun xatirəsinə və əsərlərinə etinasızlıq – cinayətdir. Brikin şikayətləri, məncə, doğrudur. Onunla (Briklə) əlaqə yaradın və ya onu Moskvaya çağırın. Tal və Mexlisi işə cəlb edin (MK nəşr şöbəsinin rəhbəri və "Pravda” qəzetinin redaktoru – L.K.) və bizim edə bilmədiyimizi siz edin. Mənim köməyim gərək olarsa, hazıram. Salam olsun! İ.Stalin”.
 Beləliklə, Stalin Mayakovskinin taleyinə qətiyyətlə təsir etdi. Elə buna görə də Sadovıy Koltsonun əsas meydanlarından biri və ən gözəl metro stansiyası Mayakovskinin adını daşıyır, meydanda şairə abidə qoyulub. Brikin məktubuna yazılan qətnamədən sonra Taqankada muzey təşkil olundu, hər yerdə əsərləri dərc edildi, ədəbiyyat kafedralarında, orta məktəblərdə əsərlərinin tədrisi başladı. 
 "Yold. Yejovun” gözləri önündə İ.Stalinin Brikin soyadının dəfələrlə qeyd edildiyi qətnaməsi peyda olandan iki il sonra rəhbərin özünün qarşısındakı "xalq düşmənlərinin ailə üzvləri” siyahısında Brik də peyda oldu. 
 
 Onunla necə rəftar etməli? 
 
 – Mayakovskinin arvadına toxunmayaq – rəhbər Xalq Komitəsi sədrinə dedi.
Lilyanın ətrafındakı "tikanlı əlcəklər” uzaqlaşdı. (Brikin əri komandir, şücaətli tərcümeyi-halı olan hərbi rəhbər Vasili Primakovu 1937-ci ildə edam etdilər).
 Lilya Yuryevna Vladimir Vladimiroviçin əyləşdiyi qayığı tərk etdikdən sonra, az müddətə həmdəmi Tatyana Yakovlevna oldu. Onu şairlə Lilyanın bacısı Elza Yuryevna Trioli "iki Yelizaveta”dan ayrılaraq Parisə qayıtdığı həmin gün tanış etmişdi. 
 Şairin Tatyana Yakovlevaya həsr etdiyi şeirləri, gül səbətlərini təqdim edərək Moskvaya qayıtdıqda yeni görüş, evlilik, ailə arzusunda olması faktı 1928-ci ilin oktyabrında baş qaldıran hisslərə şahidlik edir.
 Faciə bunda idi ki, rus əsilli Fransalı Tatyana mühacirət etdiyi Sovet Rusiyasına getmək istəmirdi. O, Moskvada həyatı Mayakovski ilə, hətta onun qanadının altında da olsa təsvir etmirdi. 
İnsanın ruhunu çimdikləyən bu sətirləri kim bilmir ki:
 
 
Dodaqları, ya əlləri öpərkən
Titrədikdə mənə yaxın olanın vücudu, 
Respublikalarımın qırmızı rəngi də
Alovlanmalıdı.
 
 
 Tatyana Yakovlevna bu cür sevgiyə sahib deyildi, onun xoşbəxt olmasından ötrü şair üçün mühüm olan respublikalar, qırmızı rəng tələb olunmurdu.
 O, Mayakovskini Parisdə yaşayaraq, təkcə doğma Penzadan uzaqda sevə bilərdi. Mayakovskinin şeirlə etirafından bilirik ki, o da Parisdə yaşamaq və ölmək istərdi – əgər dünyada Moskva adlı yer olmasaydı...
 
 
İstəmirsən? Qal qışlaqda,
Bu təhqir hər ikimiz üçün
Keçərlidir, – 
 
 
  ayrılıqdan sonra yazılan "Tatyana Yavovlevnaya məktub”da oxuyuruq... 

 Yakovlevnaya qarşı hissləri səngiməmiş Veronika Polonski ilə tanış oldu. Tatyana kimi Veronikanın da iyirmidən bir az artıq yaşı var idi. Mayakovskinin isə 37... Sanki, həyatında yeni ulduz parladı. Amma onun işığı aşiqləri hər kəsdən, əsasən də Mayakovski ilə demək olar ki, hər gün insanlar arasında görüşən Veronika Polonskinin ərindən gizli işıqlandırırdı. 1929-cu ilin yayında Mayakovskinin bircə gün də yaşamaq istəmədiyi klassik sevgi üçbucağı yarandı. O, seçim etməyi, münasibəti gizlətməməyi, əri ilə dərhal boşanmağı tələb edirdi, hətta təhdid edirdi ki, sirri özü açacaq. Bununla Veronikaya əzab verirdi... Qadın Mayakovski üçün təbii olan bu cür qəti addıma qadir deyildi (Onun Petroqradda tərk etdiyi qadını xatırlayaq).
 Əzablı söhbətlər 13 apreldə axşam dostların evində və 14 apreldə "qayıq-otaqda” baş tutdu. Amma heç bir nəticəyə varılmadı.
 Gələcəyə, kommunizmə üz tutan qırmızı bayraqlı qayığı olan sevgi poemalarının müəllifi "məişət”lə toqquşmaya dözmədi...
 Amma Mayakovskinin "sevgi qayığı”ndan başqa 1917-ci ilin oktyabrında yola düşən "dövlət gəmisi" də vardı. Nə üçün kədərli şair onun möhkəm göyərtəsinə keçmədi?
 
 

 
 
 ***
 
 Vladimir Mayakovskinin "inqilaba doğru" üzdüyü gəmidə dənizçilər vardı. Onu irəliyə kapitan Lenin aparırdı, Mayakovski isə öz peşəkar fəaliyyətini davam etdirir – nəğmə oxuyurdu. Nəğmənin nə haqda olduğu məlumdur:
 
 
 Ananas ye, ot-ələf çeynə,
 Sənin son günün yaxınlaşır, burjua...
 
 
 Mayakovskinin 1917-ci ildə yazdığı bu ölümsüz çastuşka (Çastuşka -1870-ci illərdən formalaşan rus folklor janrı. Çastuşkanın əsasını oyun və rəqs havaları təşkil edir – X.N.) Qış sarayına hücum edənləri vəcdə gətirirdi. Onun ardınca partiyanı idarə edəcək yeni quruluşa, hakimiyyətə, fəhlə sinfi adından çıxış edən rəhbərlərinə həsr edilmiş "Yolu yeni quruluş üçün təmizləyən” minlərlə başqa bənd və sətirlər gəlirdi.
 Mayakovski  "aqitator, qorlan, başçı" (Aqitator – cəmiyyət üzvlərini bu və ya başqa əməli törətməyə təhrik edən, Qorlan – yüksək səs sahibi – X.N.) roluna təkcə yaradıcılıq təcrübəsi ilə deyil, şüurlu şəkildə düşünərək hazırlanmışdı. O, bu işə rəssam, şair kimi yox, partiyaya 14 yaşında qəbul edilən "yoldaş Konstantin" adlı bolşevik kimi başlamışdı. 1883-cü il təvəllüdlü gənc inqilabçı təkcə yaşına uyğun cəsarətinə görə deyil, inandırmaq, arxasınca apara bilmək bacarığına görə də seçilirdi. Buna görə də 1908-ci ildə partiya yığıncağında partiyanın МК üzvü seçilməyə layiq görülmüşdür. Ağlasığmaz haldır.
 Beləliklə, görürük ki, hələ məşhur yazıçılar partiya sıralarında yer almamış Mayakovski artıq orada idi, Valeri Bryusovdan, inqilabi hərəkatın oyandığı 1912-ci ildə partiyaya daxil olan Demyan Bednıdan əvvəl bolşevik olmuşdu...
 Bu, Mayakovskinin həyatındakı mühüm hadisələrdəndir. O, əvvəllər bütün şairləri inqilab gəmisinin komanda heyəti kimi göyərtəyə qaldırırdı. İki il sonra o, özü sahilə çıxıb mandatını təhvil verdi. Əlbəttə ki, bunu ona heç zaman bağışlamadılar.
 Bolşeviklər hakimiyyəti ələ keçirdikləri zaman – bu, Mayakovskinin partiyanı tərk etməsindən yeddi il sonra baş vermişdi, o, yenidən tərk edilmiş gəmiyə ayaq basdı, amma artıq şair qismində deyil, Maarif Xalq Komitəsi sədri Lunaçarskinin komandasında. Xalq Komitəsi rəhbəri 1929-cu il sentyabrına – şairin ömrünün sonuna kimi həm də elm və mədəniyyətə, əsasən də poeziyaya rəhbərlik edirdi.
 Mayakovskinin Lunaçarskinin imzası ilə yazılan rəsmi kağızlardakı tərif dolu sənədləri qorunub saxlanmışdır. Məhz Anatoli Vasilyeviç hakimiyyətdəki şairə hələ həyatda ikən yüksək qiymət verən birinci şəxs idi. Başqa redaksiyalar şairi İ.Stalin imzası ilə ölümündən sonra qiymətləndirmişdir...
 Mayakovski 1924-cü il may ayında xaricə növbəti səfəröncəsi Xalq Komitəsinin xaricdəki bütün rəsmi sovet nümayəndələrinə ünvanlanmış aşağıdakı qeydinin əks olunduğu məktubu aldı:
 "RSFSR-in həqiqi Xalq Maarif Komissarlığı şahidlik edir ki, V.Mayakovski müasir Rusiyanın nəhəng və istedadlı şairlərindən biridir”. 
 Həmin zaman Xalq Komitəsinin sovet səfirlərinə analoji məktublarını xaricə Mayakovski aparmışdı. Vladimir Vladimiroviç Xalq Komitəsinin daimi dəstəyindən yararlanmışdır: onun rəhbərliyi altında ölkədə səyahət etmiş, onun vəsatəti ilə nəşriyyatların – əsasən də ən imkanlısı olan Qosizdatın qanadı altına sığına bilmişdi.
 "Əziz yoldaş! – 16 mart 1923-cü ildə Xalq Komissarı Qosizdatın rəhbərinə yazırdı – Mayakovskinin seçilmiş əsərləri ilə bağlı qəribə anlaşılmazlıqlar yaranıb. Hamı onun böyük şair olması ilə razılaşır, Sovet hökuməti və kommunist partiyası ilə tam tərəfkeş olması isə əlbəttə ki, heç kimdə şübhə oyatmır. Buna baxmayaraq, onun kitabları demək olar ki, çap olunmur. Bilirəm ki, partiyanın yuxarı təbəqələrində ona gözəl münasibət var...”
 Leninin futuristlərə, xüsusilə də Mayakovskiyə qarşı kəskin mənfi münasibəti, Vladimir İliç tərəfindən Maarif Xalq Komitəsinin hamilik etdiyi futuristlərin əsərlərinin dərcinə qoyulan qadağalar yaxşı məlumdur. Kremldə şairin "150000000” adlı dəftərçəsi qorunur (Bu rəqəm həmin zaman Sovet Rusiyasında yaşayan insanların sayını ifadə edir).
 
 
Nə Trotskiyə, nə Leninədi
Riqqət yaradan şeir.
Döyüş də həsr edirəm milyonlara
Görürəm milyonları
Milyonlar deyə oxuyuram.
 
 
 "Yoldaş Vladimir İliçə komfutsi salamı” avtoqrafı altında Vladimir Mayakovski, Lilya Brik və digər futuristlərin imzaları var idi.
 Deyilənlərə görə, rəhbər futuristlərə qarşı səfehlərə olan münasibəti göstərirdi. Hətta ona hədiyyə edilmiş futuristlərin əsərlərindən ibarət kitab haqqında demişdi: "Bu, dələduzların kommunizmidir”.
 Amma Lenin Mayakovskinin "İzvestiya” qəzetində dərc olunmuş, bürokratların ələ salındığı "Mühakimə edilən” şeiri ilə rastlaşanda, rəhbər onu ictimai şəkildə siyasi nöqteyi-nəzərdən yüksək qiymətləndirdi, amma bu, onun düşüncəsində futurizm haqqında qəbul olunmuş mənfi rəyi dəyişmədi. Mayakovskinin Leninə münasibəti fərqli idi. "Vladimir İliç” şeirini 1920-ci ilin aprelində rəhbərin əlli illiyinə yazmışdı. Onun adı bir çox şeirlərdə xatırlanır, ölümündən sonra isə "Vladimir İliç Lenin” poeması yazıldı – bu digər poemalardan fərqli olaraq Lilya Brikə deyil, Rusiya Kommunist Partiyasına həsr edilmişdi.
 Qış sarayının ələ keçirildiyi gecə Smolnının təsvir edildiyi hissədə belə bir səhnə var:
 
 
 
Uğultudan titrəyir
həyəcanlanan Smolnı.
Aşağıda patron lentləri ilə pulemyotçular.
Sizi yoldaş Stalin çağırır.
Sağdan üçüncü sıra, o oradadır.
Yoldaşlar, dayanmayın! 
Niyə baxırsız?
Zirehli maşınlara və poçt məntəqəsinə! –
Yoldaş Trotskinin əmridir! –
Oldu! – çevrildi və yoxa çıxdı.
Təkcə dənizçinin lentində
Lampa altında parlayırdı "Avrora”.
 
 
 Mayakovski siyasi şəraitə yaxşı uyğunlaşmışdı və 1924-cü ildə bir çoxlarından yaxşı bilirdi ki, Qış sarayının ələ keçirildiyi gecə Smolnı dəhlizlərində pulemyotçuların hər birinin hörmətlə andığı, həmin vaxt baş katib olan yoldaş Stalin hansı nüfuza malik idi. Yoldaş Stalin inqilab qərargahında özünə kabinet təşkil etməklə bərabər, həm də əmrlər verən Trostkidən fərqli olaraq yanına heç kimi çağırmırdı. Buna şübhə edənlər Robert Slessarın təzəliklə çap olunmuş "Stalin 1917-ci ildə” kitabını oxuya bilər.
 Mayakovski Stalini Trotskidən öndə qoyarkən tarixi həqiqətdən uzaqlaşmışdı – əslində isə tarixi gündə İosif Vissarionoviç iş başında deyildi.
 Mayakovski Stalinin adını ikinci dəfə bir il sonra yazdığı "Evə” şeirində xatırlayır:
 
 
İstərdim ki, süngüyə
çuqundan emal edilən qələm taxılsın,
Şeirdən, Siyasi bürodan 
Məruzə etsin Stalin.
 
 
 Əgər poetik sətirlərdə Stalinin adı cəmi iki dəfə çəkilirdisə, o halda Stalinin fəaliyyəti, şüarları şairin siyasi dönüşündə saysız-hesabsız tərənnüm olunurdu!
 İyirminci illərin ikinci yarısında Stalin dayanmadan şüarlar önə çəkirdi: "özünütənqid barədə”, "bürokratiya ilə mübarizə”, "Sovapparatın təmizlənməsi” (Sovapparat – Xalq millət vəkilləri sisteminin soveti – X.N.), "yeni sənaye kadrları və qırmızı mütəxəssislərdən”, "kolxoz və sovxoz hərəkatlarının gücləndirilməsindən”, "kulak dövrünün yetişməsi”, "partiyada təmizlik” və başqaları.
 Hər bir şüarda Mayakovskinin dəst-xəttinə rast gəlmək olar, onlar əsərlərinin toplusunda da yer alır. 
Müharibədən əvvəlki illərdə Mayakovskinin araşdırmaçısı "Stalinin şüarları” adlı əsərində qeyd edir ki, "Mayakovskinin mətn və məna baxımından Stalinə yaxınlaşması, poetik toxunuşun konkret nöqtələri”nə təsadüf etmişdir.
 Bu cür toxunuşlar zülmətə doğru addımlamaq demək idi. Stalin "qüsur və nöqsanlardan” danışırdı, Vladimir Vladimiroviç də:
 
Yoldaş Günəş, gəl deyək:
Nəhəng işlərin yanında
Qüsur və nöqsanların kolleksiyası yaranıb.
 
 
 Bu cür psevdoşeirlərə görə Boris Pasternak Mayakovskiyə kədərlə yazırdı:
 
 
 
Bilirəm ki, səmimidir sizin yolunuz,
Amma necə oldu ki, azdınız
Bu cür şikəstliyin əhatəsində
Səmimi yolunuzdan.
 
 
 "20 illik fəaliyyət” sərgisinə biletlərin paylanması siyahısında Mayakovski sevgilisi və onun ərinin adlarının ardınca yazırdı: "MK VKP yold. Stalinə, katiblik, 2 bilet”. Dəvətnamələri silahdaşları Molotova, Kaqanoviçə, Voroşilova və başqalarına, müxtəlif idarəedən instansiyalara, o cümlədən OQPU-ya (Birləşmiş Dövlət Siyasi İdarəsi - X.N.) paylayır...
 Möhür Mayakovskinin şəxsi təşəbbüsü ilə baş tutan sərgini susdurdu. 
 Amma Mayakovski haqqında "ən "yuxarılarda" (gözəl ədəbiyyatçılar olan Zamyatin və Pilnyak, Axmatova və Mandelştamı ildırım və şimşəklərin əhatə etdiyi yerdə) Platonov və Bulqakovda olduğu kimi oksigenin qarşısını almışdılar" demək doğru olmaz.
 Mayakovskinin Yeseninin intiharını necə qınamasını, bütün hallarda həyatı tərənnüm etməsini, mübarizəyə, şüarların yazılmasına çağırdığını hamı xatırlayır. Hətta öpüşərkən də gözünə bayraq görünür, ölümünün də qırmızı bayraq altında olmasını arzulayırdı. Bunu ürəkdən yazırdı. O, səmimi insan idi. Amma qapalı idi, özünü yaxınlarından da, hətta vəzifə borcuna görə hər şeydən xəbərdar olmalı şəxslərdən də, onun yanına Lubyankaya rahatca gələ bilən mülki geyimdəki optimistlərdən də "gizlədirdi". İnqilabın ilk illərindən qanlı izləri yer üzündə dolaşan, dostu, OQPU-da (Birləşmiş Dövlət Siyasi İdarəsi - X.N.) çalışan cavabdeh əməkdaş, şöhrətli Yanya – Yakov Sauloviç Aqranov (onu həm də Aqranıç, Yanya kimi tanıyırdılar) dəstəyə başçılıq edirdi. 
 "Çərşənbə axşamları hər dəfə "İncəsənətin sağ cəbhəsinə" daxil olan yeni adamlar – Aqranov arvadı ilə, Voloviç, naməlum peşələri olan daha bir neçə zərif gənclər görünməyə başladı. İclaslarda onlar susurdu, amma anlaşılan tərzdə dinləyirdilər, xanımlara yanaşmağı və onlarla kübar söhbətlər etməyi bacarırdılar. Bircə şey aydın idi: onları Lilya Yuryevna gətirirdi. Mənə onlar sadəlövhlüklərinə görə "təsadüfi adamlar" təsiri bağışlayırdı. Aqranov və arvadı Briklərin evinin daimi ziyarətçisinə çevrildilər", deyə Y.A.Lavinskaya yazırdı. 
 Görünür ki, bu vicdanlı qadın, çox şeydən xəbərdar deyil: nə Lilya Yuryevna həmin adamları bura yığırdı, nə də həmin şəxslərlə iyirminci illərdə Lubyankada, Vodopyannı keçidində təkcə Briklərin deyil, həm də Mayakovskinin yaşadığı evdə tanış olan Vladimir Vladimiroviç onlara meyl edirdi. Axmatova dəfələrlə şairin qəribə çevrəsi haqqında qəzəblə yazmışdı, sanki onun güllələnmiş əri Nikolay Qumilyovun işi üzrə müvəkkilin Aqranov olduğunu hiss edirdi.
 Mayakovskiinin qonağı olan çekistlərin və arvadlarının siyahısı Valentin Skoryatinin "Jurnalist” jurnalında dərc olunan məqaləsində öz əksini tapıb. Bu ailə cütlükləri: Aqranovlar, Voloviçlər, Qorblar idi. "İyirmi illik fəaliyyət” sərgisinə dəvət olunanlar arasında Messinq, Yevdokimov, Şevarov, Kramfus, "zərif gənclərdən” biri Lev Elbertin əməkdaşlıq etdiyi təşkilatın rəhbəri Henrix Yaqoda da vardı. Bu siyahıya çekist V.M.Qorojaninin də adını əlavə etmək olardı. Onunla dostluq çox irəli getdi: Valeri Mixayloviçlə Krımda yayı birgə keçirməklə qalmamış, həm də müştərək kinosenari yazmışdılar.
 
 
Sənə şair, sənə nəğməkar,
QPU-dan sənə nə var? 
 
 sətirləri ilə başlayan "Dzerjinskinin əsgərləri” şeiri "Val.M.” kod adı olan Valeri Mixayloviç Qorojaninə həsr edilmişdi.
 
 QPU – Dövlət Siyasi İdarəsi
 
 
 Onları mənəvi yaxınlıq, keçmiş tanışlıq, həyata baxış bağlayırdı. Vəzifəsinə görə ziyalılara meyl edən Aqranov "sağçılar”ın yığıncağında təkcə onun yaddaşının dərinlikləri ilə bərabər həm də şəxsi işində kök salmış qiymətli informasiya əldə etmişdi. Mayakovski başqalarından fərqli olaraq çekistlərlə münasibəti gizlətmirdi. O, tez-tez OQPU-nun (Birləşmiş Dövlət Siyasi İdarəsi - X.N.) həm Moskvada, həm də digər şəhərlərdəki klublarında çıxış edirdi.
 Lilya Briklə Mayakovskinin yazışmalarında adı xatırlanan Lev Gilyaroviç Snob xanımların əlini öpməyi bacaran "zərif gənclərdən” biri idi. O, bu bacarığa məxfi işlər üçün tez-tez getdiyi Parisdə və digər Avropa şəhərlərində yiyələnmişdi. Bu səfərlər arasında səs-küyə səbəb olmuş qanlı hadisə – general Kutepovun oğurlanması və qətlə yetirilməsini də qeyd etmək lazımdır.
 Lev Elbert Briklərin xaricə son səfərləri zamanı tez-tez Hendriklərə qonaq gedir, mənzilin tənha sahibini darıxmağa qoymur, onunla kart oynayırdı. Amma nə məxfi idarənin bu əməkdaşı, nə dəfn komissiyasının üzvü kimi qeydə alınan Aqranıç, nə başqa kimsə Mayakovskinin orqanların şübhəsi altında olmadan evdə patronlarla birlikdə saxlamaq hüququna malik olduğu silahı işə salmaq haqqındakı aksiyadan xəbər tutmadı. 
 Bəzi müəlliflər sübut etməyə çalışır ki, Lubyanka əməkdaşları 14 aprel güllələnməsində iştirak etmişdirlər – onlar az qala silahı intihar edənin əlinə verib, onu səhnədən düşməyə məcbur edirlər.
 Lilya Yuryevna Avropada olarkən Snobun hansısa tapşırıqlarını yerinə yetirmişdi, bu barədə Mayakovskiyə açıq yazmışdı. Aqranovla iş birliyi olmuşdu. Elə Vladimir Vladimiroviç də xaricə gedərkən məktub və ya hansısa informasiyanı çatdıra bilərdi. Çekistlərlə dostluq edirdi. Amma NKVD-nin tapşırığı ilə qoca Trotski və arvadını güllələyən dostu rəssam Sikeyros kimi etmədi. Bu kimi xidmətlər haqqında sübut yoxdur.
 Yoldaş Stalinin katibliyi və Briklər üçün xahişlə müraciət etdiyi (onları sərhəddən kənara buraxmırdılar) Kaqanoviçlə olduğu kimi Lubyanka ilə də münasibətlər qaydasında idi. Onlar həmin zaman idarədə aktiv xidmət edən şəxslər olsaydı, onların məxfi missiyasına mane olmağa kim cürət edər və ya onların əleyhinə 1930-cu ildə olduğu kimi çıxış edərdi? Mayakovskinin tərəfkeşliyi Briklərin viza almasına kömək etdi.
 XX əsrin əvvəlində yetkin həyata başlayan Vladimir Mayakovski uşaqlıq illərindən bəri kommunizmə, yer kürəsinin qlobal dəyişikliyi miqyasında bütün xalqların və ölkələrin həyatının sabitləşməsinə inanırdı. "Manifest”də yazılan fikirlər, bir çox başqa əsərlər onun düşüncəsinə hakim kəsilmişdi, əvvəlcə "yoldaş Konstantinin” əməllərini, sonra onun qələmini hərəkətə gətirən maddi qüvvəyə çevrilmişdi. 
 
 Rus dilindən tərcümə edən: Xatirə Nurgül