Biz imzaları yox, əsərləri dərc edirik...

Elmi qiymətini itirməyən əsərlər – Aytək Zakirqızı yazır
1848
20 Noyabr 2020, 12:13
 XX əsrdə Türkiyənin elmi-mədəni həyatı dolğunluğu, zənginliyi ilə fərqlənir. Bu, öncə həmin dövrdə yaşayıb yaratmış alimlərin və mütəfəkkirlərin ya­ra­dı­cı­lıqları ilə əlaqədardır. Görkəmli filosof, böyük sosioloq Hilmi Ziya Ülkən (1901-1974) belə mütəfəkkirlərdəndir. Onun Türk düşüncə tarixinə, fəlsəfəyə və  sosiologiyaya dair  yazdığı  əsərlər elmi  dəyərilə seçilir. 
 Ömrünü  elmə həsr edən  Hilmi  Ziya  Ülkənin "Anadolu kültürü və türk kimliyi üzərinə”,  "Türk təfəkkürü tarixi”, "Eşq  əxlqı”, "İnsani  vətənpərvərlik”,  "Oyanış  dövrlərində  tərcümənin rolu”, "Dünyada  və Türkiyədə sosiologiya”, "Bilgi və  dəyər”, "Türkiyədə  çağdaş düşüncə  tarixi”, "İslam  fəlsəfəsi, qaynaqları  və təsirləri”, "Varlıq  və  oluş”, "Əxlaq”, "Ziya  Gökalp”, "Millət və tarix şüuru”, "Ümumi  fəlsəfə  dərsləri”, "Fəlsəfəyə  giriş” və başqa əsər­ləri hər zaman aktualdır. Onun böyük elmi dəyər kəsb edən kitabları də­­­fə­lərlə nəşr edilmişdir. Hilmi Ziya Ülkənin osmanlıca əlyazısı qeydlərindən formalaşan dəftərlər əsasında Prof.Dr. Əli Utku  "Hakimiyyət” kitabını çapa hazırlamış və kitab 2018-ci ildə Doğu Batı Yayınlarında nəşr edilmişdir.
 
 
 Alimin  irsinin təbliğində qızı  Gülseren Ülkənin  əvəzsiz  xidməti  vardır. Sevindirici haldır ki, hazırda Gülseren xanımın yolunu qızı Fatma Artunkal davam etdirir. Bu baxımdan Hilmi Ziya Ülkənin nəvəsi Fatma Artunkal tərəfindən hazırlanan "Dastanlar” kitabı (Doğu Batı Yayınları, 2019) mütəfəkkirin yaradıcılığının təbliğinə qiymətli töhfədir. Fatma xanım kitabın çapında etdikləri köməyə görə qardaşı Tuğrul Artunkala, Prof.Dr. Əli Utkuya,  Atatürk Universiteti ədəbiyyat fakültəsi türk dili və ədəbiyyatı bölümünün araşdırıcısı Vəli Kılıçarslana, Cəlal Bayar Universiteti yeni türk ədəbiyyatının doktorantı Nilgün Katipoğluna təşəkkür etdiyini giriş mətnində yazmışdır. Burada Fatma xanım Hilmi Ziya Ülkənin "Dastanlar” kitabını, eləcə də bir çox  kitablarını təkrar çap etdirən  Doğu Batı Yayınlarının sahibi Taşkın Takışına da dəstəyinə görə minnətdarlığını bildirmişdir.  
 Türkiyəli alimin onilliklər öncə yazılan əsərlərinin yenidən, təkrar çap edilməsi alimin kitablarının müasir dövrdə də aktuallığını saxlamasının göstəricisidir. 
 Hilmi Ziya Ülkən dastanlar haqqında yazdığı "ilk tarix dastandır” fikrini belə açıqlayır: "İlk şeir onunla başlamışdır. Lirik şeir ondan ayrıldıqdan sonra yenə uzaqdan bağlarını saxladı. Tragediya və dram onun övladlarıdır. Opera onun yenidən və daha zəngin səhnəyə çıxması deyildirmi? Roman (hələ bugünkü sosial və böyük roman) nəsr şəklində dastanın canlanmasından başqa nədir? Köklərini daima yaşanmış təcrübədən və onun xalq içində və xalqın qeyri-şüurundakı oyandırdığı təsirlərdən alan dastan, yazılı sənətin həqiqi köküdür. Əbədi ruzigarı yüksək olan hər şair özünü orada tapmadan və oradan çıxarmadan və bir növ öz üfüqünün insani dastanına yeni bir şey qatmadan geri qalmayacaqdır”. 
 Hilmi Ziya Ülkən yaradıcılığının ilk illərində, dastanın bu insani və külli dəyərini diqqətini çəkdiyini və Ziya Gökalpın təsiri ilə gəldiyini qeyd etmişdir. 1915-ci ildə Turançı olduğunu bildirən mütəfəkkir yazmışdır ki, bütün araşdırmalarım gündən-günə Turançılığın mücərrəd və xəyali dünyasından məmləkətçiliyin konkret və canlı dünyasına; Gökalpın süni dastançılığından Anadolunun həqiqi dastançılığına doğru məni götürürdü: "Məhz bu düşüncələrdir ki, Anadolu dastanlarının içində insanlığı tapmaq, qısaca, insani idealla yaşanmış təcrübədən çıxmaq, başqa təbirlə, mücərrədi konkretdən çıxarmaq yolunu hər cür xəyalpərəstlik, mücərrəd şəkilçilik və ya donkixotluq yolunu üstün tutdum. İttihad-ı İslam, Turan, hətta Tənzimat yadigarı Osmanlıçılıq və Avropaçılıq don kixotluqlarından özümü qurtarmağa müvəffəq oldum”. 
 "Dastanlar” kitabı "Dastan və insan”, "Anadolu”, "Milli dastan və folklor”, "Şərq dastanı: Firdovsi və Şahnamə”,  "Romantizm”, "Türk dastanı”, "Ədəbiyyatın doğuşu”, "Hilmi Ziyanın dastanları” olmaqla səkkiz bölmədir. Fatma Artunkalın "Yayına hazırlayanın notu” və araşdırıcı Vəli Kılıçarslanın "Anadolu xəyalının izində Hilmi Ziya Ülkən və dastanlar” adlı yazıları kitabın əvvəlində verilmişdir. 
 Kitabı nəşrə hazırlayan Fatma xanım mütəfəkkirin kitabxanasında "Hilmi Ziya  Ülkənin bu günə qədər heç çap edilməyən yazılarını tapmaq, sənədlər altında qalmış "Kalevala” dastanının tərcüməsini kəşf etmək; gizli qalmış bir xəzinə tapmaq kimiydi” yazaraq bildirmişdir ki, bu arayış içində Hilmi Ziya  Ülkənin ilk dönəm çalışmaları ilə birlikdə son dönəm çalışmaları da ilk dəfə çap edilmək üçün ortaya çıxdı. 
 Fatma xanımın göstərdiyi kimi, alim, dastanlarla bağlı yazmağa gənclik və 1918-ci ildə Mülkiyə məktəbində təhsil aldığı illərdən başlayır və həyatının son dönəminə qədər Anadolu və dastan mövzusu ilə maraqlanır: "Tahir və Zöhrə”, ilk yazdığı mənzum dastan, kiçik xətli solğun rəngli bir dəftər içində; yüz il öncəsindən bizə səslənir və düşünürəm niyə bu günə qədər digər dastan, epopeya və şeirləri ilə birlikdə heç çap edilmədi”. Fikrini davam etdirərək Fatma xanım Artunkal "Dastan, Anadolu və Anadoluculuq qavramlarını aldığımızda Hilmi Ziyanın bütün həyatı boyunca əsərləri və yazılarında bu mövzuda çalışdığını, heç bir zaman Anadoluculuq xəyalından qopmadığını və dastanlar qavramını da Anadoluculuğun imtina edilməz bir parçası olaraq gördüyünü anlayırıq” yazmışdır. 
 Hilmi Ziya Ülkən 1918-ci ildə qələmə aldığı "Mülkiyyə xatirələri” adlı qeydlərində "Anadolunun xəyalı" adlı yazısında bildir­miş­dir: "Xəyalını gördüm. Durğun bir yaz gecəsi röyasında, çiyinlərimi iz­tirab yüklərinin altında əzilərək, könlümü parçalayan sözlərinin qar­şısında tıxanaraq, onun xəyalını, qaranlıqlar arasında çıxan və bir kölgə kimi səssiz, gurultusuz yaxınlaşan sevgili "ANADOLU’nun xə­ya­lını gördüm...”
 Hilmi Ziya Ülkən xəyalı olan Anadolunu dümağ saqqallı bir ix­tiyar, üzərində parça-parça əski bir əba, yamaqlı bir şalvarlı, kənd­li­yə bənzər bir şəxs kimi təsvir etmişdir. Anadolunun özünü istan­bul­lu­ya deyil, kəndliyə bənzətdiyini yazan alim, onunla olan dialoqu təq­dim edir: "Altı ildir sizin üçün çırpınan, səy göstərən "ANADO­LU’yam. Ocaq başında rahat-rahat oturasan, gecələrini qorxusuz bir yu­xu ilə keçirəsən deyə,  damarlarındakı son damla qanı da bu gün axıt­maq­da olan "ANADOLU”. 
 Gülseren xanım Ülkən atasının 1919-cu il­də öz yoldaşı Rəşad Kayı ilə birlikdə "Anadolu” dərgisinin əl yazı şək­lin­də on iki sayını çıxardığını, Anadolu folkloru və kültürü haq­qın­da əsərlər yazdığını bildirmişdir.  
 Hilmi Ziya Ülkənin ədəbi-bədii yaradıcılığının araşdırıcısı Vəli Kılıçarslan "Hilmi Ziyanın dastanlar mövzusuna münasibəti Anadoluculuqdan və Anadoludan ayrı düşünülə bilməz” mülahizəsini irəli sürmüşdür: "Anadolu, Hilmi Ziya üçün qibtə ediləcək bir mədəniyyət hövzəsi, zəngin bir coğrafiyadır. Bununla, qiyməti böyükdür. O da düşüncələrini inkişaf etdirirkən bunu nəzərdə tutmuşdur. Anadolu mərkəzli düşüncələrində tərəqqi edib irəliləyə bilmək üçün öz renessansımızın yaradılmasını böyük bir arzu ilə istəyən Hilmi Ziya, seçiləcək yolu Anadoluçuluq olaraq elan edir”.
 Vəli Kılıçarslan  XX əsrin əvvəllərində mövcud təlimlərdən bəhs edərkən yazmışdır: "II Məşrutiyyətin elanından sonra ortaya çıxan və həm tərəfdar tapan, həm də bir çox yöndən müzakirə edilən fikir cərəyanları Osmanlıçılıq, İslamçılıq və Turançılıqdır. Bu fikir cərəyanlarına bir reaksiya, yaxud daha dar çərçivədə bir əlavə olaraq atəşkəs illərində "Məmləkətçilik” adında bir hərəkət başlamışdır. Məmləkətçilik adı, Hilmi Ziya tərəfindən Anadoluçuluğa verilən addır”. 
 Hilmi Ziya Ülkən görkəmli alim olmaqla bərabər, böyük şəxsiyyətdir. O, dostlarının elmi yaradıcılığına dəstək olmuşdur. Bu baxımdan Hilmi Ziya Ülkənin Mülkiyə məktəbindən tələbə yoldaşı şair Haluk Nihat Pepeyin yaradıcılıq fəaliyyətində müəyyən rolu vardı. Onun 1934-cü ildə çapdan çıxan "Türk dastanına giriş” kitabına Hilmi Ziya Ülkən "Başlanğıc” adlı bölmə yazmışdır. Haluk Nihat Pepeyi kitabın yazılma tarixçəsi ilə əlaqədar bildirmişdir: "Lisey tələbəliyimdən bəri həyəcanım mənə üstün gəldikcə, zövqüm üçün bir mənzumə hazırlayar və mənim kimi yazan yoldaşlarıma oxuyardım. Məktəb yoldaşım Hilmi Ziya Ülkən bu dağınıq həvəs və istedadıma bir yol çəkmək istədi. Mənə xalq arasında əsrlərdən öncə və hələ yaşayan "Tahir və Zöhrə”, "Şah İsmayıl və Gülzar” nağıllarını yazdırdı. Bu nağılları, yenə onun məcburiyyətilə ("Türk dastanına giriş”) adı altında və 1934-cü ildə çıxarmışdım”. 
 Böyük türk vətəni uğrunda mübarizənin, türklərin birliyinin ifadəsi olan Çanaqqala zəfəri haqqında Haluk Nihat Pepeyi 1936-cı ildə "Çanaqqala dastanı” kitabını çap etdirmişdir. Hilmi Ziya Ülkən kitaba "Bir neçə söz” adlı mətn yazmışdır. Haluk Nihat Pepeyi bu kitabı da tələbə yoldaşının, onu yenidən həvəsləndirməsi ilə qələmə aldığını bildirmişdir. Həmin kitablara mütəfəkkir tərəfindən yazılan giriş  mətnləri "Dastanlar” kitabına daxil edilmişdir. 
 Dahi şair Firdovsinin Şərq dastanı "Şahnamə”si haqqında Hilmi Ziya Ülkən yazmışdır: "İslamın ən qüvvətli dövründə Firdovsi, adətən əski İranın intiqamını alırmış kimi  "Şahnamə”ni yazdı. Firdovsi, "Şahnamə” ilə bütün ədəbi növlərin, hətta plastik sənətlər və fikrin qaynağı oldu. Lirik şeir, təsəvvüfi və əxlaqi ədəbiyyat onda simvolunu tapdı. Ən gözəl miniatürlər "Şahnamə”dən mövzu aldı”. 
 Qeyd etmək lazımdır ki, Hilmi Ziya Ülkən yaradıcılığının ilk dövr­lərində, yəni bədii əsər­lər qələmə alarkən Türk dünyasının böyük şəxsiyyəti Əli bəy Hüseyn­za­də­ (1864-1940) ilə məsləhətləşdiyini, onun­la fikir mübadiləsində olduğunu bildirmişdir: "Anadolu nağıl­la­rından "Tahir və Zöhrə”ni mənzum pyes halında yaz­mışdım. "Dədə Qorqud” hekayələrindən Təpəgözü mənzum bir nağıl halında yazır­dım. Sonra "Kərəm”i yazmağı düşünürdüm. Bir gün Türk Ocağında (1920) baba və nəvə kimi məhrəm və isti, içi­mi açacaq bir böyük insan tapdığım üçün sevinc içində onun­la da­nış­dı­ğım sırada, yeni yazmağa hazırlaşdığım bir dramı, "Şah­namə”də ke­çən "Siyavuş” hekayəsinə aid dramı anladırdım. Si­ya­vuş burada İranla Turan arasındakı mübarizədə vətən və insanlıq duy­ğularının çə­kişməsinin qurbanı olur. Hələ nəzm və ya nəsrmi yaza­­cağımı qərarlaşdırmamışdım. Bu bəhsin tam əhli olan Hüseynzadə Si­yavuş he­ka­yəsi üzərində ətraflı izahat verdi. Günlərcə bu mövzuda da­nışdıq. Mən yazdıqlarımı oxuyur, o tənqid edirdi”. 
 "Dastanlar” kitabında "Siyavuş və ya xəyalpərəst əsərin mövzusu haqqında bir neçə söz” əsərini türkiyəli alim "əziz və möhtərəm ustad” yazaraq Əli bəy Hüseynzadəyə dərin hörmətlə ithaf etdiyini bildirmişdir.
 "Dastan, insanlığın hekayəsidir” mülahizəsini göstərən Hilmi Ziya Ülkənin  qeyd etdiyi kimi, böyük dastanlar hər zaman yeni bir dünyagörüşünün və əməli bir hikmətin tərcümanı olmuşlar... Dastan deyənin əlində material, rəssamın boyası və mövzusu kimidir. O, bu materialı öz məqsədinə görə istədiyi kimi işlədəcəkdir. Hər millətin özünə məxsus qulağı, "deyiş tərzi”, dilinin "dəruni bir ritmi” vardır. Bu incəliklər onun folklor ənənələrində, ata sözlərində, təkərləmələrində, deyişlərində görünür.
 Onilliklər keçsə də, Hilmi Ziya Ülkənin yaradıcılıq irsi aktuallığını saxlayır. Mütəfəkkir, elmi qiymətini itirməyən əsərlərinə görə həmişəyaşarlıq qazanmışdır.