Artkaspi.az İntiqam Yaşarın şeirlərini təqdim edir:

Əkiz ağrılar
Bəzən ağrılar da əkiz doğulur,
Məsələn,
Ürək ağrılarıyla kürək ağrıları kimi.
Ayırmırsan heç birini,
Qolların daha geniş açılır,
Qoynun daha isti olur onlara.
Hər əsən küləkdən,
Hər yağan yağışdan qoruyursan.
Onlar boy atıb böyüdükcə,
Sən ayaq üstə quruyursan.
"Şəkər” kimi adı şirin olur,
dadı acı.
Bir gün də, bir gün də,
Səni "təbrik”ə gəlir dostlar, tanışlar.
Qurtulursan büsbütün,
Çatır dadına ağrıların ən sonuncu əlacı.
İtirmək qorxusu
Daima itirmək qorxusu,
Daima itirmək xofu…
Ən pisi də susmaq ağrısı,
Bu dərdi dilinə gətirmək
qorxusu.
Hər gün eyni şəhər,
Eyni insanlar,
Eyni metro,
Eyni siqnalları…
Ayaqlarının əzbərlədiyi
şəhərdə
ürəyinin hər gün azması,
itməsi, itməsi.
Sənin deyilmiş kimi
ürəyinin başından keçməyin,
Və bir gün onun hər şeydən,
hamıdan, elə səndən də
küsməsi.
Əbədilik ayrı bir şəhərə
getməsi… getməsi… getməsi…
Hər gün bir az unutmaq
Hər gün bir az unutmaq
hər gün bir az ölməkdi.
İndi gülmək, doğrusu,
xətir üçün gülməkdi.
Bəzən, unutmaq olmur
ən kiçik zərrəni də.
Xatirələrə xatir
unutmuram səni də.
Sən də unutmamısan,
yüz rola gir, qəddar ol.
Alınır da sözdümü?
çox peşəkarsan, var ol.
Axı, mən özüməmmi,
sənə "özün ol” deyim.
Hansı işığa baxıb,
"getmə”- deyim, "qal”- deyim.
Sənin nə günahın var
nə ittiham edim mən?!
Baş ağrısı olmasın,
sözüydü də dedim mən.
Bir şəhərin boşluğu
Bir şəhərin boşluğu
bir balaca otaqdan başlayar, dost.
Oynama sükutun ağır havasına,
sümüyünə düşmürsə.
Keçmiş görüş yerindən keçəndə asta addımla,
Düşünmə hər şey köhnəldi, unuduldu,
Orda indi sevgililər görüşmürsə.
Ürəklər qayıdan yerə ayaqlar hələ
addımlayır,
Qərarsız, çarəsiz, ümidsiz,
solğun...
Bax, bu cür can atır, belə
addımlayır...
Sən kimsən, mən kiməm, o
kimdi,
Yoxuqmu, varıqmı, nə bilim.
Kaş, kimisə qınamaq gücüm
tükənəydi.
Ya mən susa biləydim,
dərindən bir köks ötürüb,
Ya da suallarımı eşidən biri dinəydi...

Əllərin üşüdükcə
Əllərin üşüdükcə
Şəkillərimi yandır.
Bu dünyada hər şeyin,
axırda yanmağına.
Həm özünü inandır,
Həm də məni inandır.
Son deyilən nə var ki,
bu da bir imtahandır.
Bu dünyada əzəldən,
həqiqət adlı nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
Xatırlamaq da olmur,
xatırlama, amandı...
Gizlədiləsi nə var,
Həm də ki xatırlamaq.
bir az sənə ziyandır,
bir az mənə ziyandır.
Susmağa xeyli həqiqət
Susmağa xeyli həqiqət,
Danışmağa xeyli yalan.
Mən, bomboz küçələr...
Əyri dalan...
Şütüyən baxışlar,
təslim ayaqlar...
Deyirlər bu yaz da gecikir,
Ötən ildəki kimi...
Yağış bu gün
kəsməsin
İki nəfərin
bir çətirə sığınması
Yağışdan qorunmaqdan
çox təklikdən qorunmaqdı.
Bunu
şimşəklər belə təbəssümlə qarşılayır.
Çətiri tək
daşıyanlar həmişə islanarlar,
Həmişə
xəstlənərlər.
Bizi xoşbəxt
edən nələr varsa,
Kiçicik
səbəblərin xatirinədi.
Külək qalxsa
belə çətirimizi apara bilməz,
Əllərimiz möhkəm
sıxıb dəstəyi,
Mənim
sol əlim, sənin sağ əlin.
Kaş ki,
Tanrının bizə rəhmi gəlsin,
Yağış bu gün
kəsməsin.

***
Mən həqiqətə yaxın olduğum qədər yaxın idim,
Sənin gözlərindəki yalana.
Bilirəm, ürəyin də gözlərin
deyəni deyir daha.
İnanmıram, mənə kimsə
inana.
Ayaqlarımın ucunda addımlamışam
hər gün bulanıq xəyallarda.
Səksəkəli keçib ömrüm, ömür
qatarımda.
***
Damarlarımdan üşüməyə
başlayıram
gecələrin boşluğunda,
Həkimlər deyir,
qanına hopub yoxluğun
ağrıları.
İndi bircə təsəlli var
sabaha,
Bilirəm ki, sabah da
yalandı.
Bilirəm ki, keçmişə dəfn
etmişik doğruları.
***
İlləri qoy kənara,
sanki, dünən getmisən.
Otağımda nəfəsin,
otağımda gülüşün,
Necə də şən getmisən.
Yağışlar yuyan zaman,
pəncərəni gecələr.
Hamıdan əl üzürəm,
Susuram, düşünürəm
yenə səni gecələr.
Bir yandan bu lal payız,
Bir yandan ağrı-acı.
Bəlkə ölsək çıxardı,
ölüm-zülüm, birtəhər.
Bu candan ağrı-acı.
Məncə, ağır dərd deyil,
"Gəlməyəni
gôzləmək".
Ən ağır dərd bax, budur:
Güzgüdəki adamdan,
göz yaşını gizləmək.
Budur dinir telefon,
Yenə də zəng etmisən.
Üzülmə, elə san ki,
Nə mən bunu yazmışam,
Nə də ki, sən getmisən.
Mən yenə də, hamını sevirəm
Bu gün də ürəyim sözümə
baxmadı,
Bu gün də ondan
şikayətçiyəm.
Bir payız fəsli qədər
səssiz,
bir fəsli kimi yorğunam.
Nəfəsimdə düyünlənən o
qədər söz var ki,
Hansı birini susum,
hansı birini gizlədim?
Bilirsənmi,
Mən həmişə kimisə və ya
nəyisə gözlədim.
Təqvimlər və dostlardan
başqa nə dəyişdi ki?
Ümidlər məni yaşatdıqca,
içimdə çox şeyi öldürdü.
Dərdim kimsənin dərdinə
bənzəmədi,
Dərdim də təkrarsızdı,
dərdim də birdi.
Mən ayaq ucunda yeridikcə
həqiqət tərəfə,
Ən doğma bildiklərim üçün
çevrildim hədəfə.
Dostum, gəl sağollaşaq,
baş qoşma mənə,
Mən yenə də, hamını
sevirəm.
Şeir kimdi?
Şeir təkcə, mənəmmi,
Şeir təkcə sənsənmi,
Şeir təkcə bizikmi?
Şeir bəzən yağışlı gündüzlərdi,
Şeir bəzən zəhər dadan gecələrdi.
Şeir sussuz səhralardı,
Saçlarını küləklərə
öpdürdüyün bozqırlardı...
Şeir içində qəfəslənmiş sualdı,
Barmaqları nəfəslik istər
sinəmin sol küncündən.
Bu qış gecəsində ürəyim necə
alovlanardı,
Şeir kimdisə, nədisə şeirə
halaldı.
***
Öz qanadlarım yandıqca,
kəpənək qanadlarına
ağladım.
Söykəndiyim divarlar o
qədər soyuq oldu ki,
Nə mən deyim, nə siz
soruşun.
Günəş iki olsa belə xeyri
olmazdı...
Üşümək alın yazımız idi.
***
Məni hər gün öldürürlər,
Bir gün dostum öldürür, bir
gün düşmənim.
Məni hər gün öldürürlər,
Bir gün sən öldürüsən, bir
gün sənsizlik.
Mənim yuxularımdakı dünya
yumru yox,
edam kötüyü formasında.
Mən hər gün intihar edirəm,
içimdəki üsyan eşqinə.
Bax, gördünmü mən
yaşamaqdan çox ölürəm, addımbaşı.
***
Gör nə qədər adam uduzdu
ömrünü alın yazısına.
Üsyan etməyə nə vaxtı
çatdı, nə cürəti.
"Bir gün"ə bel
bağlaya bildi, təkcə.
Ümidini çox uzaqlara apardı
zaman.
Nəfəs yerinə ümidlər
qabartdı köksünü.
Qismətdən əkiz doğuldu hər
günü.
Yaddaşının hər küncündə bir
qəlpə saxladı.
Bir gün də o susdu, o
dayandı...
Ümidlər utandı, ümidlər
ağladı...