Biz imzaları yox, əsərləri dərc edirik...

Joze Saramaqonun "Rikardo Reysin öldüyü il" əsəri sintez-roman kimi
8338
30 Mart 2020, 12:17
  Artkaspi.az Oqneva Yelena Vladimirovnanın "Joze Saramaqonun "Rikardo Reysin öldüyü il" əsəri sintez-roman kimi" yazısını təqdim edir:
 
 1980-cı illər Portuqaliya prozasına roman sintezinin axtarış illəri kimi daxil olmuşdur. Bu axında Fernando Namora, Urbano Tavares Rodriges, Joze Kardozo Pires və gələcək Nobel mükafatı laureatı Jose Saramaqo vardı. Saramaqo 1984-cü ildə "Rikardo Reysin öldüyü il" romanını çap etdirdi. Əsərdə sintez və tamlıq, ilk baxışdan sintez ideyasını inkar edən müxtəlif hissələrin birləşməsindən yaranır: burada həm oxşarlar, həm kabuslar, həm də zamanın çoxsəsliliyi var. Əhvalatın özü də əvvəlcə müxtəlif mətnlərin birləşməsi kimi görünür.
 
 

  Əslində isə, Saramaqonun fikri daha da çoxplanlı və möcüzəlidir - elə romanın başlığında ikili mistifikasiya ilə rastlaşırıq. Məsələ burasındadır ki, Rikardo Reys (şeirləri ölümündən sonra, 1942-ci ildə çap olunan portuqaliyalı şair) adlı adam həyatda heç olmamışdır. Əslində, o, XX əsr dahi Portuqaliya şairi Fernando Pessoanın (1888-1935) geteronimi - "başqa mənidir" (daha dəqiq desək, bir çox "başqa mən"lərdən biri). Və 1935-ci ildə dünyasını dəyişmiş Pessoanın, özü yaratdığı şairin "Rikardonun öldüyü il"ni fikirləşib tapmağa macalı olmadı. Daha doğrusu, Jose Saramaqo kitabda yazanacan onun həyat hekayəsi yarımçıq qaldı. "Kabus” kimi olan Rikardo Reysin ömrünün son aylarını bizimçün açan Saramaqo, romanın personajları sırasına onu "yaradını” da – Fernando Pessoanı da daxil edir. O, öz geteronimi ilə ünsiyyətdə olur və onun taleyinə təsir edə bilir. Rikardo Reysin "valideyni” ilə münasibətlərinin inkişafı roman boyu baş verən ən maraqlı hadisələrdən biridir. Bir tərəfdən romanın başlığındakı söz - ximera, digər tərəfdənsə mübahisəyə gəlməyən reallıqdır. "Rikardo Reysin otaqları” yazılıb qalmış, fırtınalı, biabırçı 1936-cı il də Portuqaliyanın ədəbiyyat tarixində olmuşdur. "Rikardo Reysin ölümü” başlığı olacaq hadisələrə işıq tutur. Elə ilk səhifələrindən Rikardo Reys Lissabon limanında sahilə çıxır. Və biz bilirik ki, ömrünün sonu yaxınlaşıb. Buna görə də Reys bunlardan bixəbər adam kimi dolansa da, bizimçün onun hər jesti, hər sözü xüsusi əhəmiyyət və faciəvi məna kəsb edir. Sonuncu şeirləri, sonuncu görüşləri isə lap dəyərlidir. Qəhrəmanın istənilən addımı ekzistensialist seçim statusunu alır. Və hadisələrin daha bir dərkedilmə aspekti də var. O, əyləncəli olsa da bir az dolaşıq dedektivdir. Biz Rikardo Reysin, məhz nədən dünyasını dəyişəcəyini bildiyimizi düşünürük. Oxucuyla oynamaqla Saramaqo, bir çox incə aldadıcı gedişlər edir. Pessoanın ölümünü eşidən Reys Portuqaliya poeziyasında "boş qalan yeri” doldurmaq məqsədilə vətənə dönür. Lakin qəribəsi budur ki, o şeirlərini "masa siyirtməsi üçün” yazır. Hətta ona ən yaxın olan qadınlar belə bu quru həkimin şair olduğunu bilmirlər. O, ancaq poeziya ilə yaşamaq istəyir, lakin ölkədə və dünyada baş verən hadisələrdən sanki hipnoz altına düşmüşdür. Və yenə də daha bir paradoks – o, həyatın hadisələrində iştirak etmir, gözlərini ondan çəkmədən ancaq üst qatında sürünür.
 

  Rikardo Reys Lissabona, özü sonacan oxuyub bitirmədiyi Herbert Kueynin "Labirint Allahı” kitabını gətirmişdi. Bütün roman boyu həmin kitabı oxuyub bitirmək istəsə də, buna müvəffəq ola bilmir. Bu, çox gözəl qələmə alınmış bir dedektivdir, lakin hər dəfə Reysin fikrini nəsə yayındırır və mütailəsi yarımçıq qalaraq uzanır. Saramaqonun yazdığı romanın son səhifəsində Rikardo Reys "heçliyə” – öz "yaradıcısı” Fernando Pessoa ilə ölümə gedərkən məhz bu kitabı özüylə götürür. İlk baxışdan mənasız jestdir, şair də xəbərdarlıq edir ki, orada oxumaq mümkün deyil. "Dünyanı heç olmasa bir tapmacadan azad edərəm”, - Reys cavab verir. Söhbət əlbəttə ki, Kueynin dedektiv süjetinin altında gizlənən tapmacadan getmir. Məsələ burasındadır ki, Hembert Kueyn özü də Xorxe Luis Borxesin geteronimidir. 1941-ci ildə argentinalı yazıçı "Herbert Kueynin yaradıcılıq analizi” hekayəsini yazdı. Burada başqa şeylərlə yanaşı uydurulmuş Kueynə "Labirint Allahı" adlı dedektiv romanı, özünün qeyri-adi bədii fəndlərini - tapmacanın qeyri-dəqiqliyi, müəllif susqunluqları, finalın ikimənalılığını və s . "hədiyyə etmişdi”. Bunlar intellektual oxucunu mətni yenidən oxumağa vadar edir.
  Jose Saramaqo romanın bədii binasını bu cür tikir. Reys "Labirint Allahı”nın finalına çatmayacaq. Lakin Pessoanın geteronimləri haqqında ucundan-qulağından belə heç nə eşitməyən təcrübəsiz oxucu, Saramaqonun kitabının sonuna gəlib çatanda diqqətini toplayacaq, bütün mətni yenidən yadına salacaq və Pessoanın Reysi hara apardığını, onların taleyinin necə əlaqədar olduğunu anlayacaq. Borxesin yaradıcılığı ilə tanış intellektual oxucu isə, Borxesin məhz Herbert Kueynə öz "Kruqiruin” hekayəsinin süjetini əlavə etdiyini yadına salar. Orada final səhnəsində qəhrəman "həm dəhşət içində, həm də alçalaraq başa düşür ki, "özü də kiminsə yuxusunda gözünə görünən kabusdur. Fernando Pessosa sanki romanda öz getroniminin "dərketməsini” öncədən hiss edərək yazırdı: "Mən uydurmayam, ağrı hiss edəcək qədər sağam, mənə hiss, duyğu verilsə də yuxuyam...”
  "Labirint Allahı”nın iki şahmatist və qətl hadisəsi haqqında olduğu bəllidir: nə Borxes, nə Saramaqo bundan başqa heç bir məlumat vermirlər. Lakin elə bu da bəs edir ki, Rikardo Reysin şeiri ilə bağlı ümumi assosiasiyalar yaransın: "Mən köhnə bir povesti xatırlayıram, hələ heç vaxt müharibə İrana bu cür od vurmamışdı... Lakin bu dəhşətli vaxtda iki şahmatçı şahmat oynayırdı”. Bu şeirdən olan bütün gizli, aşkar, şəklidəyişmiş, stilləşmiş sitat və obrazlar Saramaqonun romanında öz həllini tapmışdır. Söhbət dinc Lissabondanmı, müharibə edən Abissiniyadanmı, qonşu İspaniyadanmı gedir – mətndə həmin o qədim müharibənin sədaları eşidilir. Bu şeir Reys üçün proqramlıdır. Oyunçuların başı oyuna elə qarışıb ki, onlara yaxınlaşan ölümü görmürlər. Onlar şüurlu şəkildə seçimlərini edirlər. Oyundan həzz alaraq, öz reallıqlarına çəkilirlər. Dünya dağılır, şəhərin küçələri boyunca qan su yerinə axır, oyunçularsa İran bağında fədakarlıqla şahmat lövhəsinə baxa-baxa ölümü qarşılayırlar... Burada Herman Hessenin məşhur romanına əlavə kimi yazdığı şeirdən "sonuncu muncuq oyunçusu"nu xatırlayırıq. Hessenin "Muncuq oyunu" əsərində qoca od vurub yandırılmış dünyanın xarabalaqlarında artıq məhv olmuş mədəniyyətin "bütün dəyərlər və fikirləriylə" oynayaraq muncuq seçir. Reysdə isə şahmatçı oyununu başa çıxa bilmir: bağa döyüşçü girir və qılıncını ona qaldırır... Saramaqoda isə qiyamçı gəmilərə açılan atəş, real və qərəzli dünyanın Rikardo Reysin qurub və fırtınalardan qorumaq istədiyi balaca dünyaya son basqını olacaq.
  Onun əsas mövzusu insan həyatının sürətlə axıb getməsi, ötən anın gözəlliyi, zamanın durdurulmasının mümkünsüzlüyü olan poeziyasında bu cür gündəlik və siyasi fırtınalara yer yoxdur. Vurğunu olduğu antik şairlər kimi Reys də sonsuz, hədsiz zamanı dəniz dalğasına bənzədir. O, insan izlərini qumdan silib aparır. Səbr və mətanətlə taleyini, əbədiyyət qarşısındakı gücsüzlüyünü qəbul edir. Lakin Jose Saramaqo romanının kontekstində bu fəlsəfi pozisiya özünün iki cür izahını tapır. İnsan - Reys özü ilə dünya arasında poeziya və fəlsəfə səddi çəkərək aqressiv və vulqar həqiqətlərdən "qorunur"... Və yaxud da başqa cür: uydurma - Reys varlığının xəyaliliyini, fantastikliyini dərk edərək, dayaq və analogiyanı antik şairlərdə axtarır. Özü haqqında həqiqəti bilir, yoxsa bilmir? Bu barədə müxtəlif ehtimallara söykənməklə, Rikardo Reysin şeirlərinə və əməllərinə fərqli-fərqli təfsirlər verərək romanı müxtəlif cür oxumaq olar.
  1936-cı ilin ab-havası onu rahat buraxmır. O, yenə və yenə özünün uydurduğu "İran bağının" hasarından həyəcanla "boylanır". Saramaqoda Reys özünü biixtiyar olaraq portuqal reallıqlarının burulğanına salıb, 1936-cı ildə Lissabonun həyatında baş verənlərdə həm iştirak etmək, həm də etməmək, qəbul və inkar etmək məcburiyyətində idi. Hər şeydən öncə bütün ömrü boyu vəsf etdiyi ideal qadını - dünyəvi sevgini yaşayır. Bu poeziyanın kredosu ehtirasdan və sonradan peşmanlıq yaradacaq hər şeydən imtinadır. Qarşıdan gələn qaçılmaz itkilər və zərərlər sevgini mənasızlaşdırır, dünyəvi olan nəyəsə bağlanmaq, çox qiymətləndirmək təhlükəlidir. "Əllərimizi ayıraq ki, sonra ayrılıqdan üzülməyək...", - bu fikir Reysin lirikasında təkrar-təkrar səslənir. "Hər cür səylərdən zəif əllərimizi qoruyaq" - deyir qadına. "Əlində heç nə saxlama" - şair özü-özüyçün təkrarlayır. Boş əllər obrazı azadlıqla assosiasiya olunur - seçim azadlığı, hiss və öhdəliklərin insanı gündəlik həyat reallıqlarına bağlayanda qaçılmaz əzablardan qurtulan azadlığı.
  Lakin bu Reysin artıq demək olar ki, başına gəlir. Ömrünün son günlərində qarşılaşmaya tab gətirə bilmir. Onun qürür duyduğu monarxial baxışları daha özü və həyat arasında sədd rolunu ala bilmirdi. Qiyamçı gəmilərin hökumət tərəfindən gülləyə tutulması, hekayə dövrəsini qapayır: bu gəmilər Reysin Lissabona gəldiyi gün reyddə dayanmışdırlar.
 

  Kitabda son dərəcə dəqiq şəkildə zaman atmosferi, retro stili yenidən canlandırılır. Mehmanxana və restoran interyerləri, maşınlar, kinoulduzlar və 1930-cu illərin teatr premyeraları... Zalda balıqçı həyatıyla bağlı tamaşada milli geyimdə olan əsl balıqçıların olması kimi populist aksiyalar. Yerli qəzet şöbəsində pulsuz payokların paylanması - "humanitar aksiya"... Fatiməyə ziyarət və heç cürə hasil olmayan möcüzə intizarı. Lakin 1936-cı il "burda və indi" olan portuqal həyatı, onun canlı koloriti təkcə peşəkarlıqla hazırlanmış stilizasiya, baş qəhrəman üçün mənəvi fon deyil, həm də gözlərimizdə gələcək üçün özünəməxsus bir pillədir. Baş verənlər "o zaman", Reys - ümumi hekayəçi tərəfindən görülür. "Biz"i toplayan bu hekayəçinin səsi romanın əsas bədii materialına çevrilir. Bu "biz"in sərhədləri qeyri-müəyyən və dəyişkəndir. O, "biz sizinlə oxucuyuq", "biz qəhrəmanlarıq", "biz portuqalıq", "biz bu nəslin adamlayırıq" kimi anlamları ifadə edə bilər. Bəzən vurğu bir ifadə daxilində qarışmaqla, intonasiyanı korrektə edərək çoxsəslilik effekti yaradar. Ələkeçməz hekayəçinin bu anda hansı maskanın seçməyindən asılı olaraq, oxucu intonasiyanı tapır: həmin o ironiya, həmin o kədər ordadı. Gah tövbələr, gah da müdrikcə səbretmə... Əsas odur ki, bu anı gözdən qaçırmayasız. Xalq müdrikliyinin bitdiyi və faşizmi yaradacaq dövr üçün kütləvi özünüinandırmanın başladığı yeri tanımaq - keçidləri tutmaqdır. Stilizasiyalar yaratmaqla, romanın mətnində obrazların və Pessoa və Kamoensadan müxtəlif sitatları əritməklə, Saramaqo göstərdi ki, ədəbiyyatda intermətn oyunlarında ona tay çətin tapılar. "Hipermədəni" mətni mass-media diliylə uyğunlaşdırmaqla, özünü özündə tapır və konteksti qəlizləşdirməklə 1936-cı ilin qəzet səhifələrini canlandırırdı. Yeni "sahəyə" düşmüş poetik sitatların mənası yanındakı elementlərlə (bu qəzetdən klişe də ola bilər, şairin yaratdığı əsəri ilə diaoluqu da ola bilər) korrektə olunur. Saramaqonun dediyinə görə, "bəziləri hər şeyi əhatə edən, anlaşılan ideyaları, panorama və perspektivi, tarixi lövhələrin epik monumentallığını sevir, başqaları isə əks intonasiyaların stilistik təkmilləşdirilməsini, kəskinləşməsini gözləyir: hamıdan yaxşı biz bilirik ki, birmənalı şəkildə hər kəsə xoş gəlmək mümkün deyil". Lakin romanında stilistik inkişaf məqsəd şəklini almır, hər şey "ideyaya", "panoramaya", "perspektivə" tabedir. Və mədəniyyət tarixdən ayrılmazdır. Bütün bunlar qarşılıqlı şəkildə roman-sintez yaradaraq, həmin dövrün portuqal prozasının möhürünə çevrilir.
 
  Tərcümə edən: Xanım Aydın