Biz imzaları yox, əsərləri dərc edirik...

Əllərim heç nəyə yatmır – Afət Natiqin şeirləri
1423
23 Oktyabr 2017, 16:56

  artkaspi.az gənc şairə Afət Natiqin şeirlərini təqdim edir:

 

 

 

 


Üz cizgilərim necədi?
çoxmu dəyişib görəsən?
axı, sən gedəndən
baxmamışam güzgüyə mən.
Bilirəm,
dağılıb saçlarım,
darağa da küsmüşəm.
Sevdiyim bər-bəzəyi,
Dümağ telə dəyişmişəm.
Havada asılıb qalan
əllərim heç nəyə yatmır,
yazdığım şeirlər də
daha başımı qatmır.
Qaşqabaqlı gəzirəm
yerə düşən gülüşümü
mənə tapşırıb getmisən
bu "puzzle” işini.

 

 


***

Bilmək istəyirəm indi
Neynəyirsən, görəsən?
əllərini göyə açıb,
şeirimi söyləyirsən?


Bilmək istəyirəm indi
göydən gəldimi cavab?
yoxsa şair duası da,
ancaq savabdır...savab?


Bilmək istəyirəm indi
dilinə yatdı şeirim?
yoxsa səndən yan keçib
Allahı oyatdı şeirim?

***

Üzündə gəzişən
əllərim sönür,
sən boyda adam
necə xəyala dönür?


Surətinin əksində
baxışlarım sürüşür.
güzgüdə özüməm,
birdən ağlıma düşür.

Dolursan ürəyimə
lap gizlincə, dərindən.
sonra da tökülürsən,
gözümün on yerindən...