Biz imzaları yox, əsərləri dərc edirik...

Əlimərdan bəy Topçubaşov və azərbaycançılıq məfkurəsi – Sona Vəliyeva yazır
2285
10 İyul 2019, 13:50
  Artkaspi.az saytı filologiya elmləri doktoru Sona Vəliyevanın Əlimərdan bəy Topçubaşov haqqında məqaləsini təqdim edir:
 
  XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan xalqının istiqlal məfkurəsinin daşıyıcılarından olan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında əksər tədqiqat materialı hər dəfə yeni faktların üzə çıxmasına şərait yaradır. Ə.Topçubaşov dövrünün yüksək təhsil almış hüquqşünası, elm, ictimai xadimi və naşir idi. Peterburq Universitetində təhsil aldığı illərdən başlayaraq dövrün ictimai-siyasi hadisələrinə biganə qalmaması onun fikir və düşüncələrinin inkişafını millətin taleyüklü məsələlərinə yönəltmişdi. Onun bütün fəaliyyətində əsas məqsəd, özü demişkən, "qəflət yuxusunda" olan millətin milli oyanışında, milli azadlıq hərəkatının düzgün istiqamətlənməsində ziyalı kimi iştirak etmək idi. Qarşıda duran məqsəd və vəzifələrin vahid təşkilat proqramının olmamasına baxmayaraq, dövrün ziyalılarının, xüsusilə Ə.Topçubaşov və onun yaxın silahdaşlarının fəaliyyət istiqamətləri çox düzgün müəyyənləşdirilmişdi:
 
– xalqın maarifləndirilməsi və mədəniyyətin inkişafına nail olmaq (yalnız bu yolla cəhalətə və fanatizmə qalib gəlmək olardı);
 
– milli şüurun oyanışı və xalqın haqq və hüquqlarının dərkinə çalışmaq;
 
– azadlığın, müstəqilliyin müstəmləkəçiliyə və milli ədavət siyasətinə qalib gəlməsinin yollarını müəyyənləşdirmək;
 
– islam bayrağı altında ümumrusiya ərazisində milli azadlıq ideyalarını mübarizəyə yönəltmək;
 
– türk xalqlarının birliyi ideyasını (vahid dil, mənəviyyat ümumiliyi, vahid milli ideologiya) gələcək qalibiyyətin əsas simvolu kimi qəbul etmək.
  Dərin hüquq təhsilinə, ictimai-siyasi dünyagörüşə və milli ruha malik Ə.Topçubaşov qəbul etdiyi fəaliyyət proqramının hər mərhələsində çətinliklə olsa da, nailiyyət qazanırdı.
Sözün əsl mənasında, Ə.Topçubaşov yaradıcılığı ilə tanışlıq Azərbaycan xalqının tarixi keçmişinin ən vacib məqamlarının mənzərəsini əks etdirir. Millətin ən fədakar oğulları xalqın gələcəyi uğrunda mübarizə apardıqları halda onlar sovet dövrü materiallarında "xalq düşmənləri" kimi yazılmışlar. Ə.Topçubaşovun ictimai-siyasi fəaliyyətinin püxtələşməsində məktəb rolunu oynayan "Kaspi" qəzetini xüsusilə vurğulamaq lazımdır. Qısa bir dövrdə redaktor kimi fəaliyyət göstərən M.A.Şahtaxtlıdan sonra Əlimərdan bəyin "Kaspi" qəzetinin ikinci müsəlman redaktoru olması, maarifpərvər mesenat Zeynalabdin Tağıyevin uzaqgörənliyi ilə qəzet və mətbəə işinə diqqətini yönəltməsindən sonra baş verdi.
  Artıq 1898-ci ildə Ə.Topçubaşovun redaktor təyin olunduğu vaxtdan "Kaspi" qəzeti "müsəlman "Kaspi"si adlandırılmağa başladı. Yeri gəlmişkən, "Kaspi" qəzeti ilə bağlı ideya-amalların inkişafında istiqamətləndirici maarifpərvər ideoloq H.Zərdabinin fəaliyyətini xüsusilə vurğulamaq gərəkdir. Dövrün bütün milli-mədəni, maarifçilik mübarizəsində xalqın, millətin taleyüklü məsələlərinin həllində H.Zərdabi ziyalıların məsləhət yeri, istinad nöqtəsi idi. Əlimərdan bəyin, qayınatası Həsən bəyi hərtərəfli yüksək qiymətləndirərək onun bütün məsləhətlərini dinləməsi fəaliyyətinin uğur əmsalına çevrilmişdi. Həsən bəylə Əlimərdan bəyi təkcə qohumluq əlaqələri deyil, ən başlıcası, milli məfkurəyə xidmət amalı birləşdirirdi. Birgə müəyyənləşdirilən gələcək hədəflər böyük düşüncə xadimlərinin mərhələli fəaliyyətində çox dəqiq həyata keçirilirdi.
  Səlahəddin Xəlilovun təbirincə desək: "Milli ruh öz inkişafında mərhələlərdən keçir. Bir şəxsin özünüdərk yolunda emosiyadan təfəkkürə və oradan da fəlsəfi dünyagörüşünə doğru keçdiyi yola bənzər olaraq, bir millət də yalnız ruhun emosional halından fəlsəfi özünüdərk məqamına yüksələrək əsl böyük millət olur".
  Bu fikir Əlimərdan bəyin həyat və fəaliyyətinin mərhələləri ilə eynilik təşkil edir. Peterburq Universitetinin məzunu kimi Tiflis mühitində vəkillik fəaliyyətinə başlaması sonralar onu gərgin ictimai-siyasi proseslərin, qaynar ədəbi mühitin mərkəzi olan Bakıda məskunlaşmağa sövq etdi. 1894-cü ildən Bakıda yaşaması onun milli düşüncəli ziyalı təbəqəsi ilə yaxından tanış olmasına şərait yaratdı.

  1881-ci ildən fəaliyyətə başlayan, Azərbaycan tarixində yeni ruhlu mətbuat orqanı olan "Kaspi" qəzeti xalqın milli intibah və istiqlal hərəkatında böyük rol oynadı. 1897-ci ilin sonlarından "Kaspi" mətbəəsinin H.Z.Tağıyev tərəfindən 57 min rubla satın alınmasında, hətta naşirliyi öz üzərinə götürməsində Ə.Topçubaşovun qayınatası, böyük maarifçi ideoloq H.Zərdabinin məsləhəti tarixi əhəmiyyətə çevrildi.
  Siyasi qınaqlara məruz qalmaması üçün H.Z.Tağıyevin mətbəəni Ə.Topçubaşova icarəyə verməsi haqqında müqavilə imzalaması 1898-ci ildən "Kaspi" qəzetinin fəaliyyət proqramını milliləşdirdi. Onun redaktoru olduğu "Kaspi" qəzetini "müsəlman "Kaspi"si" adlandıranlar çox haqlı idilər. Fəaliyyət ideyasının milli-mədəni inkişafa, maarifçiliyə, milli oyanışa çağırışa, fəhlə və kəndlilərin hüquqlarını dolayı yolla olsa da müdafiə etmək istiqamətinə yönəlməsi qəzetin tam milli mövqedən çıxış etdiyini göstərirdi. Əlimərdan bəyin əqidəsində cəm olunan düşüncə fəlsəfəsi təkcə kağız üzərində yazı deyil, problemlərin həlli yolları, hüquqi əsaslarla izah olunur, ideyanın həyata keçməsi prosesi onun "Biz hər bir halda ictimaiyyətin və həqiqətin tələblərinə cavab verməyə borcluyuq. Həqiqət mətbuatın ali məqsədidir" fikri kimi həyatının bütün mərhələlərində fəaliyyətinin düsturuna çevrildi.
  Onun redaktorluğu dövründə qəzetin gündəlik tirajının on minə çatması, Rusiya ərazisində yaşayanlara, xüsusilə türkdilli və müsəlman dininə mənsub xalqlara nüsxələr göndərilərək onları birliyə səsləməsi Əlimərdan bəyi ümummüsəlman lideri kimi yüksək dəyərləndirirdi.
  Çevik düşüncə tərzinə və operativ fəaliyyət vərdişinə malik olması Əlimərdan bəyə hadisələri məqamında düzgün qiymətləndirməyə, milli düşüncə sahiblərindən ibarət dost çevrəsini genişləndirməyə imkan yaradırdı. 1905-ci ildə mətbuat tariximizdə öz yeri olan "Həyat" qəzetinin idarəçilik məsələsində tərəddüd etmədən Ə.Hüseynzadə və Ə.Ağaoğluna rəhbərliyi tapşırmışdı. Bu ərəfədə o, Azərbaycanın ilk "millət xadimi" kimi birinci Dövlət Dumasının vəkili statusunda bütün Qafqaz müsəlmanlarının, Rusiya müsəlmanlarının lideri səviyyəsində onların hüquqlarını müdafiə edirdi. Xalq, millət fədaisi kimi gördüyü işlər Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədərki dövrdə onun dövlət lideri kimi yetişməsində xüsusi rol oynadı. Cəsarətli addımları müxalif mövqedən çıxış edərək "Vıborq bəyannaməsi"ni (Vətəndaşları passiv itaətsizliyə çağıran "Xalqa xalq təmsilçilərindən" adlı sənəd) imzalaması və buna görə də üç ay həbsə məhkum olması ilə nəticələndi. Sözün əsl mənasında, Ə.Topçubaşovun böyük siyasi lider, milli istiqlal düşüncəsinin ideoloqu kimi yetişməsi 1917-ci ildə Qafqaz və Rusiya müsəlmanlarının qurultayına sədr seçilməsində öz təsdiqini tapdı.
  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasında böyük xidmətlər göstərməsini o, özünün vətəndaş, ziyalı vəzifəsi kimi qiymətləndirirdi. 1918-ci ilin avqust ayında fövqəladə səlahiyyətli nazir kimi qatıldığı İstanbul şəhərində keçirilən toplantıda ilk dəfə olaraq Azərbaycan dövlətinin qardaş Türkiyə dövləti ilə diplomatik münasibətləri müzakirə olundu. Əlimərdan bəyin bütün siyasi danışıqlarında AXC-nin fəaliyyət ideologiyası olan azərbaycançılığa sədaqətini o dövrün sənədi kimi qiymətləndirilən "İstanbulda diplomatik söhbətlər" (1918-1919-cu illər) əsərində görürük. Bu əsər AXC-nin müstəqilliyinə dünya dövlətlərinin münasibətini, dövlətlərarası münasibətdəki problemlərin və onların həlli yollarının araşdırılmasında reallıqları əks etdirirdi. Nəhayət, "azərbaycançılığın bu dövrdəki rəsmi çərçivələri hansı miqyasda idi" sualının cavabları da bu əsərdə çox dəqiqliklə göstərilmişdir. Müstəqilliyini yeni qazanan Azərbaycan haqqında məlumatı olmayan ingilis polkovniki Tamplla verilən tarixi cavablar dövlətinə vətəndaş sevgisinin məzmunu kimi, dövlət quruculuğu işində hüquq təhsilinin mükəmməlliyinin göstəricisi kimi Ə.Topçubaşovu həm də bir tarixi şəxsiyyət olaraq səciyyələndirir. 1918-ci ilin 16 noyabrında Mirzə Mahmud xanla (İranın daxili işlər naziri, Milli Məclisin sədri, diplomat) görüşən Topçubaşovun gərəksiz dialoqa sövq edilməsi nəticəsində onun siyasi çevikliyini sübut edən mənzərənin şahidi oluruq. Azərbaycanın müstəqilliyini gözü götürməyən İranın şovinist səfiri dövlətin "Azərbaycan" adlandırılmasının, bu adla gələcəkdə "nələrə nail olmaq" istəyinin xofunu gizlədə bilmir. Buna bənzər daha bir vəziyyət: 1919-cu il yanvarın 9-da İranın xarici işlər naziri Məmalik Əli Qulu xan ilə dialoqu zamanı Ə.Topçubaşov azərbaycançılıq mövqeyini müstəqil dövlət məmuru kimi verdiyi tutarlı cavablarda təsdiq etdi. Müstəqilliyimizə şübhə ilə yanaşıb, hətta "Muxtariyyətinizi saxlamaqla İran dövlətinin himayəsində olmaqla xarici dövlətlərdən qoruna biləcəyinizi" təklif edən xarici işlər nazirinin öz dövlətinin məramını çatdırması Topçubaşovun tutarlı cavabları ilə susdurulur. O qeyd edirdi ki, müstəqilliyin əsas, başlıca şərti ölkənin ərazi bütövlüyünü qorumaq və tarixdə xalqın və dövlətin iradəli duruşunu sübut etməkdir. Hətta 1918-ci il erməni-Azərbaycan münaqişəsindən sonra müxtəlif dövlətlərin Azərbaycana təzyiqinin artdığı bir vaxtda Türkiyə Xarici İşlər Nazirliyinin müstəşarı Rəşad Hikmət bəyin (Son "Osmanlı Meclisi Mebusanı"nın başçısı) "5-10 kəndlə Azərbaycan nə varlı olan deyil, nə də kasıb" təklifinə qarşı  Topçubaşov sübut və dəlillərlə tarixi torpaqlarımızın müdafiəsinə qalxdı, hətta ermənilərin nə zaman bu yerlərə köç etdiyinin tarixini, Qarabağdakı, İrəvandakı məkrli niyyətlərini ortaya qoydu. Azərbaycan dövlətinin adından bu fikirlə qəti razı olmadığını bəyan etdi.
  1918-1920-ci illərdə fəaliyyət göstərən müstəqil Azərbaycan Respublikası parlamentinin sədri kimi Azərbaycanın Paris konfransına göndərilən sülh heyətinə başçılıq edəndə də o, fikirlərində və qətiyyətində dövlətçilik və azərbaycançılıq mövqeyini əsas ideya kimi qorudu.
  Əlimərdan bəy müstəqil Azərbaycanın dünya dövlətləri ilə diplomatik münasibətlərinin təşəkkülündə müstəsna xidmətlərə malik idi. Azərbaycan dövlətinin yeni təşəkkül tapan müstəqilliyinin 1920-ci ilin yanvarında Versal Ali Şurası tərəfindən tanınması onun siyasi fəaliyyətinin mükəmməlliyini göstərdi. San-Remo, London, Spa konfranslarında Azərbaycanın hüquqlarını yüksək şəkildə müdafiə etməsi dövlətçilik fəaliyyətimizə qızıl hərflərlə yazılmalıdır. Qısa bir ömür yaşamış AXC-nin fəaliyyəti dövründə istər siyasi-diplomatik münasibətlərdə, istər daxili-milli məsələlərin həllində, istərsə iqtisadi məsələlərə dair layihələrin Azərbaycan dövlətinin xeyrinə yönəldilməsində Topçubaşovun fəaliyyəti yüksək qiymətə layiqdir. Cənubi Qafqazda möhkəmlənməkdə olan müstəqil Azərbaycan dövlətinin yüksəliş xofu qonşu dövlətləri narahat etməyə bilməzdi.
  Rusiyanın bolşevizm siyasəti ilə ölkəmizə təcavüzünün müstəqilliyimizə son qoyduğu dövrlərdə də Ə.Topçubaşov Azərbaycanın müstəqilliyi uğrunda mücadiləsini qətiyyən durdurmadı. Mühacirətdən davam edən istiqlal mübarizəsi Rusiyanın işğalını dünyaya çatdırmaqdaydı. 1920-ci ilin noyabr ayında Cenevrədə Millətlər Cəmiyyəti qarşısında Azərbaycanın Rusiyanın işğalına məruz qaldığını söyləyərək dünya dövlətlərinin bu məsələyə diqqətini çəkdi. Azərbaycan oğullarının canı-qanı bahasına qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin taleyi onun taleyinə çevrilmişdi. Fransada mühacir həyatı yaşayan Əlimərdan bəy durmadan mübarizə apararaq Azərbaycanın taleyüklü məsələsi uğrunda kəskin ruhda yazılan məqalə və çıxışlarında Rusiyanın təcavüzünə dünya dövlətlərinin hüquqi qiymət verməsini tələb edirdi. 1922-ci ildə London və Genuya, 1923-cü ildə Lozannada bu təcavüzün Azərbaycanda törətdiyi faciələr, dağıntılar, itkilər haqqında dünyaya məlumat verdi. İstiqlal savaşı mühacirətdə daha kəskin şəkildə davam edirdi.
  Ə.Topçubaşov diplomatik səfərlərdə olması ilə əlaqədar müstəqillik qazanan doğma vətənində cəmi üç ay yaşaya bilmişdi. Görkəmli alim Vilayət Quliyevin 2009-cu ildə nəşr olunmuş "Kədərli ildönümü, yaxud Parisdə dəfn" sərlövhəli yazısında qeyd olunur ki, Avropanın ən nüfuzlu siyasət qurumları, media orqanları ilə yaxınlığı, onları Azərbaycanla həmrəy olmağa yönəltməsi, eyni zamanda, "Prometey" (1930-1936-cı illər, redaktoru gürcü milli-demokratı Georgi Qvazava), "Kafkasya Severniy" (1930-cu ildən Varşavada "Qafqaz dağlıları" adı ilə nəşr olunan və 1934-cü ildən dəyişdirilərək "Severnıy Kafkaz" adlandırılan jurnal.  1934-1938-ci illərdə B.Baytuqanın redaktorluğu ilə çıxıb) jurnallarının nəşrini meydana çıxarmışdı. Bu jurnallar onun dünyasını dəyişdiyi gün haqqında nekroloqla birgə, tanınmış adamların dəfndə iştirakı haqqında yazaraq Avropa və mühacir ziyalıların Əlimərdan bəyə olan sonsuz ehtiramını qeyd edirdi. O, mühacirətdə yaşayan Qafqaz xalqlarının lideri kimi yüksək hörmət qazanmışdı. Elə ona görə də dəfn mitinqində Qafqazdan olan mühacir ziyalılar onun bütün xalqların, heç bir münaqişəyə baxmayaraq, həmrəy olmalarına çalışdığını söylədilər.
 
 

  Azərbaycan milli təşkilatı adından Məhəmməd Əmin Rəsulzadə, gürcü milli təşkilatı adından A.Çxenkeli, Qafqaz dağlıları adından Tausullan Çakman, Ukrayna milli təşkilatı adından V.Petroviç, Fransa Şərq Komitəsi qurucuları, həmçinin, onların mətbuat orqanlarının rəhbərləri, ayrı-ayrı dövlət qurumlarının Fransadakı nümayəndələri bu dahi insanla vidalaşmağa gəlmişdilər.
  Azərbaycan xalqının milli şüurunun oyanmasında, müstəqillik uğrunda mübarizədə, dövlətçilik məfkurəsinin formalaşmasında, AXC-nin yaranması, onun möhkəmlənməsi proseslərində və Rusiyanın Azərbaycana təcavüzü, müstəqilliyin itirilməsindən sonra mühacirətdən bu işğala qarşı ömrü boyu apardığı mücadilə Ə.Topçubaşovun adını azərbaycançılıq məfkurəsinin öncüllərindən biri kimi dövlətçilik tarixinə yazdı. Bu gün onun böyük əhəmiyyətə malik çoxşaxəli fəaliyyətinin hər sahəsi geniş tədqiqat mövzusu kimi işlənməlidir. Uzun illər boyu adının çəkilməsi qadağan olunan böyük dövlət xadimi, dövlətçilik və azərbaycançılıq məfkurəsinin banilərindən biri Ə.Topçubaşovun ruhu qarşısında tarixi minnətdarlıq borcunu onun zəngin irsini hərtərəfli araşdıraraq gələcək nəslə çatdırmaqla qismən də olsa ödəyə bilərik.
  Topçubaşov şəxsiyyəti, onun zəngin irsi bu gün müstəqil Azərbaycanın yoluna işıq salır, ötən əsrin sonlarında öz istiqlalına qovuşmuş ölkəmizdə onun adı daim əziz tutulur. Heç də təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 1993-cü ilin dekabrında ilk rəsmi səfərini etdiyi Fransada Əlimərdan bəyin məzarını ziyarət etmiş, onun xatirəsinə ehtiramını bildirmişdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu dahi şəxsiyyətin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamı da dövlətçilik irsimizə təəssübkeşlikdən irəli gələn tarixi addım kimi qiymətləndirilməlidir.
 
  525.az