Biz imzaları yox, əsərləri dərc edirik...

Əlimdən gələni edəcəyəm – Zaur Əliyevin müsahibəsi
1903
15 Fevral 2019, 11:44
 Gənc olmasına baxmayaraq çox iddialı, danışıqlarında, düşüncələrində, hərəkətlərində, ədalarında teatrallıq hiss olunan Zaur Əliyev həm aktyor, həm işıqçı, həm işıq rəssamı olaraq çalışdığı Musiqili Teatrda durmadan öz üzərində çalışır. Digər teatrlarla da əlaqə saxlayan, savadlı, istedadlı müəllimlərdən hər zaman öyrənməyə can atan Zaur bundan nə utanır, nə də çəkinir. Biz də bu gənclə daha yaxından tanış olmaq üçün üz tutduq Musiqili Teatra. Zauru elə iş başında yaxaladıq. "Mənim günahım” tamaşasına hazırlıq vaxtı səhnədəcə suallarımıza səmimi cavablar verən Zaur təhsili, yaradıcılığı, teatra gəlişi, sənət arzuları haqqında danışdı.
 
 
 
 
 
 
 
 

 – Zaur, səni yaxından tanıyaq.
 – 1991-ci ildə yanvarın 21-də Bakı şəhərində anadan olmuşam, Məktəb illərindən incəsənətə, teatra həvəsim olub. Müəllimlərim də bunu duyaraq, mənə istiqamət veriblər. İki il sənədlərimi aktyorluğa versəm də, qəbul ola bilməmişəm, rejissorluğa imtahan verib, qəbul olunmuşam. Onu da qeyd edim ki, məktəbdə oxuyarkən Bakı Slavyan Universitetində dərnək açılmışdı və bu dərnəkdə Bəhruz Vaqifoğlu tamaşa hazırlayırdı. Mən də qeyri-peşəkar olsam da, könüllü olaraq nələri isə özüm üçün öyrənirdim. Hətta, növbəti gün həmin tamaşada oynayanda Bəhruz mənə güvənib, öz rolunu həvalə etdi. Universitetdə oxuyanda öz müəllimlərimdən başqa müəllimlərin də dərsinə girib, onlardan nə isə öyrənməyə can atmışam. Bilirdim ki, Pərviz Məmmədrzayev başqa tələbələrin dərslərində iştirak etməsinə icazə vermir, qapıdan gizlincə dərsini izləyirdim. Bir dəfə cəsarətimi toplayıb icazə aldım və sağ olsun, razılıq verdi. Mən universitetdə oxuyan zaman Bakı Folklor Teatrı açıldı. Orda aktyor seçimləri olanda mən də getdim. Bir müddət keçəndən sonra Bakı Folklor Teatrı bağlandı və Həmid Kazımzadə mənə bildirdi ki, narahat olmayım, Musiqili Teatr təmirdən çıxan kimi hər hansı bir işlə təmin edilməyimə köməklik göstərəcək. Həmid müəllimin adını mən hər yerdə vurğulayıram, çünki bu insanın mənə çox böyük köməkliyi, dəstəyi olub, həmişə inanıb, arxa-dayaq olub, istiqamət verib. Musiqili teatr deyiləndə, təbii ki, ilk ağla gələn musiqi sözü olur, mən də düşündüm səsim yoxdur, aktyor kimi ifaçılığı isə özümdə görmürdüm. Ona görə bir qədər tərəddüd etdim, halbuki, musiqili teatr aktyoru ixtisasında təhsil alırdım. Həmid müəllim təklif edəndə qərara gəldim ki, haradansa başlamalıyam, aktyor kimi yox, texniki işçi kimi. Əslində, məsləhətləşdik ki, bəlkə arada kütləvi səhnələrdə aktyor kimi də səhnəyə çıxmaq olar. Daha çox işıq üzrə işləmək istədim. Az da olsa, bu sahədə təcrübəm var idi. Şadlıq evlərində, tədbirlərdə işıq proqramını qurmaqla məşğul idim. Odur ki, bu iş mənə o qədər də çətin gəlmədi, qısa zamanda öhdəsindən gəldim. Direktorumuz Əliqismət müəllim də, sağ olsun, mənə inandı və icazə verdi ki, işləyim. Beləliklə, bir sıra tamaşalarda işıqları idarə edirdim. Teatrın təmirindən dərhal sonra Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” musiqili komediyası yenidən bərpa olunan zaman işıq rəssamı kimi mənə etimad göstərildi. Doğrudur, əvvəldən də var idi işıqlar. Lakin təmirdən sonra tamaşa ilk dəfə oynanılacaqdı. Premyera üçün işıqları hazırladım. Çoxlarının kaprizli dediyi rejissor Cənnət xanım mənim qurduğum işıqlara heç bir irad bildirmədi, əksinə, bəyəndi. Bununla paralel Həmid Kazımzadə məni Nicat Kazımovla tanış etdi. Nicat müəllim Gənclər və İdman Nazirliyinin təşkil etdiyi kütləvi dövlət tədbirlərini qururdu. Ondan da çox şeylər öyrənmişəm. Nicat müəllim təkcə zövqlü rejissor yox, həm də gözəl prodüserdi. Kurs rəhbərim Hafiz Quliyevdən, Pərviz müəllimdən öyrəndiklərim, teatr təcrübəsi və üstəgəl  Nicat müəllimin öyrətdikləri mənə böyük təcrübə qazandırdı. Sonradan öz teatrımızın rejissoru olan Əhəd Hacıyevin "Meşə çaqqalsız olmaz” tamaşasında Ağacdələn obrazında çıxış etdim. Hazırda isə Elməddin Dadaşovun quruluşunda "Buratino” tamaşasında rol almışam. Elə baş rol Buratinonu oynayacam. Bu tamaşada həm yaşıdlarımla, həm də yaşca məndən böyük sənətkarlara səhnəni paylaşacam. Bu, mənimçün böyük fəxrdir. 
 
 – Bir ara, Akademik teatrda da işləriniz olub, səhv etmirəmsə...
 – Üçüncü kursda oxuyanda Pərviz müəllim məni çağırdı ki, Akademik Milli Dram Teatrında Teatr studiyası açılır və istəyirəm ki, sən də orda olasan. Güvəndiyi tələbələri topladı. Studiyaya Məmməd Səfa, Vidadi Həsənov və Pərviz müəllim kimi sənətkarlar rəhbərlik edirdi. İndiyə qədər də onlara minnətdaram, çox şeylər öyrətdilər mənə. Səhnəyə çıxırdıq, tamaşalar oynayırdıq. Studiya olaraq özümüz də bir tamaşa hazırladıq və "Banan qabığı” adlı ilə maraqlı çıxışımız oldu. Yığcam  kompozisiyalardan ibarət tamaşamız böyük marağa səbəb olmuşdu. İki il orada çalışdığım dönəm mənim üçün çox səmərəli oldu. 

 – Bəs, studiyanın aqibəti necə oldu?
 – Studiya qalırdı, fəaliyyət göstərirdi. Sadəcə, baxdım ki, Akademik Milli Dram Teatrının repertuarında olan tamaşalarda o qədər də lazım olmayacağam. Ona görə də, dedim, öyrənməyə gəlmişdim, bu cür ustadlardan dərs aldım, öyrəndim, gözəl çıxışımız, oldu, bəyənildi, daha bəsdir mənim üçün. Mənimlə bərabər, bəzi uşaqlar da ayrıldılar studiyadan, bəziləri də Dram Teatrının truppasına daxil oldular, qısacası, kimə nə lazım idisə, onu da aldı. 

 –  Bildiyim qədərilə uğurlu diplom tamaşandan sonra Əliqismət müəllim səni rejissor kimi Musiqili teatra gətirib. O hansı tamaşa idi?
 – Dördüncü kursda diplom tamaşası hazırlamalı idim. İkinci kursdan bəri mənə maraqlı gələn bir film olmuşdu. Onun əsasında bir ssenari yazmışdım. Filmin adını belə unutmuşam, hərdən ssenariyə baxanda mənə elə gəlir ki, yazdığım ssenarinin əsasında film çəkiblər. Qərara gəldim ki, həmin ssenarini diplom tamaşası edim. Bəxtim gətirdi ki, diplom rəhbərim elə işlədiyim teatrın direktoru Əliqismət Lalayev oldu. Hazırladığım tamaşanın stilistikası Yuğ Teatrının köhnə binasına uyğun idi. Yeri gəlmişkən, onu da qeyd edim ki, hələ universitetə daxil olmazdan öncə tamaşaçı kimi ilk dəfə Yuğ Teatrına getmişdim. Beləcə, teatrla tanışlığım başladı. İndiyə kimi yadımdadır, "Kafkadan salam” tamaşası mənə çox təsir etmişdi. "Yuğ”un keçmiş direktoru Tərlan Rəsulovla münasibətlərimiz yaxşı idi, tələbə vaxtı orada keçirilən ustad dərslərində, seminarlarda iştirak edirdim. Diplom tamaşası vaxtı Tərlan müəllimə bildirdim ki, belə bir tamaşam var və sağ olsun, mənə şərait yaratdı. Bir gün məşq, növbəti gün tamaşamız oldu. Tamaşanı izləmək üçün Əliqismət Lalayevi, rektorumuz Fərəh xanım Əliyevanı (o vaxt Fərəh Əliyeva ADMİU-nun rektoru idi – red.), kurs rəhbərim Hafiz Quliyevi və yaxınlarımı dəvət etmişdim. Tamaşada yaxın dostum Ramail Bayramlı iştirak edirdi. Onu da qeyd edim ki, hazırda o, Şukin adına teatr məktəbində təhsil alır. İkinci ifaçı isə Yuğ teatrının aktrisası Könül Cəfərzadə idi. Mən və tərəfdaşım isə ruh aləmini rəqs vasitəsi ilə göstərirdik. Rejissor kimi ilk işim idi. Fikirlərini bilmək üçün diplom rəhbərim Əliqismət müəllimin yanına gəldim. O, tamaşanı bəyəndiyini bildirdi. Əliqismət müəllimin çox gözəl bir xüsusiyyəti var, çox istərdim ki, bu, hər teatr rejissorunda olsun, gənclərə dəstək olur, şərait yaradır, şans verir. Mənə də belə bir şans verdi ki, teatrımızda uşaq tamaşası hazırlayım. Düzdür, içimdə bir qədər qorxu, məsuliyyət olsa da, razılaşdım. Sonra müəllimlərimlə məsləhətləşdim və qərara aldıq ki, uşaqlığımızın cizgi filmlərindən olan "Bremen musiqiçiləri” tamaşasını hazırlayaq. Fikrimi Əliqismət müəllimə bildirəndə razı qaldı. Tamaşanın ədəbi əsasını yazmaq üçün hazırda Akademik Milli Dram Teatrının rejissoru olan Anar Sadıxova müraciət etdim. Sağ olsun, xahişimi yerinə yetirdi. Ancaq bir şeyi qeyd edim ki, mən hərəkətə üstünlük verən insanam, ələlxüsus da uşaq tamaşalarında. Anar 20 səhifəlik mətn yazsa da, mən onu 12 səhifəyə endirdim və daha çox hərəkətə yer verdim. Bilirik ki, uşaqların diqqətini beş-on dəqiqədən çox eyni şeyə cəlb etmək çətindir, ya hərəkət, ya musiqi, ya da işıqlar dəyişməlidir ki, diqqəti saxlamaq mümkün olsun. İki heyət ilə hazırladığım tamaşanı direktorumuz bəyəndi və oynanılmasına razılıq verdi.  

 – "Bremen musiqiçiləri” tamaşasından söz düşmüşkən, həmin tamaşada baş rol Peni oynamısan. Bəs, eyni anda həm quruluş vermək, həm rol oynamaq çətin deyildi ki?
 –  Çətindir və tamaşa mənim ürəyimcə olmadı.

 – Niyə?
 – Sırf özüm oynadığıma görə. Çünki başqa tamaşalarda kənardan baxıb səhvləri, çatışmazlıqları görə bilirsən, amma bu tamaşada mən qətiyyən özümü kənardan görə bilmədim. Lakin o tamaşa iş ilk olduğuna görə övladım kimi doğmadır mənə. 

 – Tamaşaya quruluş vermək daha çətindir, yoxsa obrazı canlandırmaq?
 – Quruluş vermək daha çətindir. Rejissor bütün tamaşanı canlandırır, aktyor yalnız öz obrazını. Doğrudur, aktyor, əslində, bütün tamaşanı, obrazları, müəllifi bilməlidir və dövrü öyrənməlidir. Bizdə elə tamaşa var ki, tamaşa səhnədə gedir amma məkan düzgün deyil. 

 – Bir az "Arşın mal alan”dan danışaq. Belə bir təklif kimdən gəldi və bu cür dahiyanə əsərə müraciət etməyə qorxmadın ki?
 – Qorxu var idi. Heç yerdə tanınmayan adi bir pyesi də tamaşaya qoymaq böyük məsuliyyətdir, o ki ola, belə bir dahiyanə əsər. Sadəcə, mənə bir az rahatlıq verən o idi ki, özümə yaxın janrda işləyirdim. Bir işin öhdəsindən o vaxt gəlirəm ki, mənə inanırlar. Pantomima üslubunda hazırladığım bu tamaşada aktyorlar, xüsusilə Elman Rəfiyev mənə böyük etimad göstərdi. Aktyorlarım mənə inanırdı. Yad mizan vermirdim, onlar qəribçiliyə düşmürdülər. 

 – Danışıqlarından, tamaşadakı rollardan pantomimaya meyili olmağın daha çox sezilir. Bəs, nə əcəb Pantomima yox, Musiqili Teatr?
 – Pantomima teatrında işləmək istərdim, amma o demək deyil ki, məxsusi Azərbaycan Dövlət Pantomima Teatrında. 
 
 
 
 
 
 
 
 
 
 

 – Hazırda təklif gəlsə, ora gedərsənmi?
 – Böyük məmnuniyyətlə gedərəm. Mənim meyilli olduğum üslubu Azərbaycana Bəxtiyar Xanızadə gətirib. Müəllim dediyim insanlar onun əlindən su içiblər. Şükürlər olsun ki, hazırda işlədiyim teatr da bir başqadır mənimçün. Burada ailə kimiyik, Əliqismət müəllim elə bir şərait, atmosfer yaradır ki, özünü kənarda qalmış kimi hiss etmirsən. Yumruq kimi birlik var. 

 – "Ata ocağı” serialına gəlişin necə oldu?
 – Gənc Tamaşaçılar Teatrı ilə işbirliyim olanda məni Xəzər Tv-də yayımlanan "Ata ocağı” serialına dəvət etdilər. Mənim bir prinsipim var ki, film çəkilişi üçün kastinqə getməyim, video yollamayım. Şəklə baxmısan, aktyoru bəyənmisənsə, onu araşdırmalısan. Bu aktyordursa, demək, hansısa teatrda işləyir, hardasa fəaliyyət göstərir, o zaman get, onun tamaşasını izlə, tanı. Bu serial üçün də məni video kastsız dəvət ediblər deyə getmişəm. Serialın rejissoru Rüfət Şahbazov, Vüsal Məmmədovdur və mən Rüfətlə ilk görüşündə ilk sualım o oldu ki, kimlərdən dərs alacam. Çünki ilk serial işimdir, peşəkar işdir, bilməliyəm tərəf-müqabillərim kimdir və kimlərdən dərs alacam. İlkdirsə, mənimçün dərsdir. Çəkilən adlar isə Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfər, Elman Rəfiyev, Rəşad Bəxtiyarov, Asya Atakişiyeva, Kazım Həsənquliyev və başqaları oldu. Yeri gəlmişkən, deyim ki, hazırda rejissoru Hökümə Sadiqqızı olan "Şərab” filmi çəkilir. Baş rolda Əmrah Dadaşov oynayır, mən də onu dostu Səmədi oynayıram.

 – Obrazın Elçin haqqında nə deyərdin?
 – Elçin, əslində, bir balaca mənə 17-18 yaşlarımdakı dəliqanlı Zauru xatırladır. Bu  obrazı çox sevmişdim, istərdim həmin obraz başqa rejissor tərəfindən də görülsün, yeni bir iş olsun. Mənim orqanikama yaxın obraz idi deyə çox rahat oldu oynamaq.

 – Adətən, ən məşhur kino aktyorları belə teatrda oynamağın bir başqa dünya olduğunu deyirlər. Burada hər şey canlıdır, göz qarşısındadır. Sənin üçün necədir?
 – Teatr. Ona görə yox ki, canlı sənətdir, teatrda mən oturub gözləyirəm  və darıxmıramsa, demək, teatr. Film çəkilişi zamanı yarım saat gözləyəndə darıxırsan, amma teatrda saatlarla öz növbənin çatmasını gözləyəndə belə həzz alırsansa, evindəki kimi rahatsansa, deməli, teatr daha üstündür.

 – Fürsət olduqca, hansısa teatrın tamaşalarını izləyirsənmi?
 – Əlbəttə ki, izləyirəm, elə sonuncu dəfə Nicat Kazımovun quruluşunda "Zorən şorgöz” tamaşasını izlədim və böyük həzz aldım. Başqa tamaşalar da olur. Pərviz müəllim burada "Nuri-didə Ceyhun” tamaşasını oynayanda çox böyük fəxr hissi keçirdim ki, müəllimimin ayaq qoyduğu səhnədə mən də varam.

 – Zaur Əliyev gələcəkdə özünü harada və necə görür?
 – Deməyəcəm...(gülür). Harda görmək istəyirəm desəm, məni öz yanlarına çağıracaqlar. Ona görə demək istəmirəm. Bir şeyə əminəm, kim mənimlə çalışsa, ona məndən heç vaxt ziyan gəlməz, çünki əlimdən gələni edəcəyəm ki, hər şey mükəmməl alınsın. 

 Söhbətləşdi: Nigar Pirimova