Biz imzaları yox, əsərləri dərc edirik...

Əli çıraqlı axtarmaq – Niyə belə deyirik?
1147
18 May 2018, 09:50
  Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 Habelə müxtəlif ifadələrdə işlənən bu ifadə qədim yunan filosofu Diogenlə (eramızdan əvvəl 404-323-cü illər) əlaqədar olan bir rəvayətdən törəmişdir. Diogen bir gün çırağı yandırıb küçə ilə gedirmiş. Çığarı gündüz işığında nə üçün yandırdığını soruşanlara "mən adam axtarıram” cavabını veribmiş. Beləliklə, Diogen "adam” adına layiq olmayan insanların çoxluğuna işarə etmişdi.
 

 
 Dilimizdə bu ifadənin mənası bir qədər başqadır: diqqətlə, yorulmadan, hərtərəfli, təkidlə axtarmaq.
 M.P.Vaqifin bir qoşmasında oxuyuruq:
 
 Axır cana yetirərsiz Vaqifi,
 Ağlayıban götürərsiz Vaqifi,
 Bir gün olur itirərsiz Vaqifi,
 O qədər gəzərsiz əli çıraqlı.
 
 M.Hüseyn "Yeraltı çaylar dənizə axır” romanında yazmışdır: "O vaxt da savadlıları günün günorta çağı əldə çıraq axtarırdılar”.
 R.Rzanın "Lenin” poemasında oxuyuruq:
 
 Axtarırlar Lenini,
 Gündüzlər əldə çıraq.
 Hər evə, hər daxmaya,
 Hər küncə baş vuraraq.
 
 İ.Əfəndiyevin "Atayevlər ailəsi” dramında Dilşad xanım deyir: "Şahsuvarov qohum olmalı oğlandır. İndi elə adamları əli çıraqlı gəzsən tapmazsan”.