Biz imzaları yox, əsərləri dərc edirik...

Eldar Hacıyevin yaradıcılıq axtarışları – Ziyadxan Əliyev yazır
1327
11 Fevral 2019, 10:04
                                   
  Artkaspi.az Ziyadxan Əliyevin "Qədim sənətimizin gəncliyi" adlı məqaləsini təqdim edir: 
 

       Xalçaçı-rəssam Eldar Hacıyevin yaradıcılıq axtarışları haqqında
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Təsviri sənətdən fərqli olaraq dekorativ-tətbiqi sənətdə əsrlərlə formalaşmış bədii ənənələrə, onun məna-məzmun yükünün daşıyıcısı olan estetik tutumuna yeni çalarlar əlavə etmək demək olar ki, çox çətindir. Buna baxmayaraq XX yüzilliyin ikinci yarısından sonra zamanında xalqımızın dünya miqyasında az qala "tanınma nişanı”na çevrilən xalçaçılıq sənətində bu sahədə ixtisas təhsili almış yaradıcılar tərəfindən yeniliklər həyata keçirilmişdir. Görkəmli xalça ustası Lətif Kərimov və Cəfər Müciri tərəfindən başlanan bu ənənə, sonralar onlardan dərs almış Eldar Mikayılzadə, Arif İsmayılov, Taryer Bəşirov, Məmmədhüseyn Hüseynov, Aydın Rəcəbov, Afaq Kərimova, Fazil Abbasquluzadə, Eldar Hacıyev və b. tərəfindən davam etdirilmişdir.    
 1979-1984-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Xalçaçılıq və bədii toxuculuq” fakültəsində respublikamızda bu sahənin elmi təməlini yaradan Lətif Kərimovdan dərs alan Eldar Hacıyev xiridarlar tərəfindən  bu gün də "gələcəyə göndərilən məktub” kimi dəyərləndirilən sənətin bədii-texnoloji saxlancına özünəməxsus töhfələr verməkdədir.
 Öncədən deyək ki, yaradıcılığının indiki mərhələsində o, təsviri və tətbiqi sənət sahələrində eyni uğurla çalışmaqdadır. Sənətkarın "qoşa qanad”lığının bir-birinə müsbət təsiri onun müxtəlif mövzulu əsərlərində kifayət qədər duyulmaqdadır. Bu özünü xalçaçılıqda müşahidə olunan rəng çalarlarının bolluğunda, rəngkarlıqda isə bədii həllin dekorativliyə meyllənməsində təzahür etdirməkdədir...
   Eldar Hacıyevin yaradıcılığında geniş yer alan xalçalar ilk növbədə mövzu zənginliyi ilə seçilir. Onlarda uzaq-yaxın keçmişimiz, klassik ədəbiyyat nümunələri və dini dəyərlərimizin süjetlərdə ifadə olunmuş maraqlı bədii-texniki həllini görmək mümkündür. Bu gün onun respublikamızda öz xalçalarını ipək ilmələrlə ərsəyə gətirən yeganə sənətkar olması da artıq heç kimə sirr deyil. Onun 2016-cı ildə Bakıda təşkil olunan fərdi sərgisinin ekspozisiyasında belə xalçalar çoxluq təşkil edirdi.
   Sənətdə ənənəviləşmiş mövzulara müraciətin nə qədər çətin olduğunu söyləmək bəlkə də artıqdır.  Odur ki, bu risqli yolu tutanlar çox vaxt öz yaradıcılıq potensialının gücünə inanandan sonra məlum motivlərdə əsərlər yaratmağa qərar verirlər. Əgər Eldar Hacıyevin əksər xalçalarının məşhur mövzu və şəxsiyyətlərə həsr olunduğunu nəzərə asaq, onda onun yaradıcılıq yolunun elə də asan olmadığını deməliyik. Belə ki, hər yeni xalçaya başlayanda onun başının üzərində "Özünü və başqalarını təkrarlamamaq” xəbərdarlığına bələnmiş "Domokl qılıncı” olub. Yaxşı haldır ki, klassik ənənəyə dərindən bələdçiliyi, eləcə də çağdaş həmkarlarının nələr etdiyindən xəbərdar olması onu kimlərisə bənzəməkdən uzaq salıb. Odur ki, Eldar Hacıyevin əsasən müstəqillik dövründə yaradılan süjetli xalçalarını qədim sənətimizin təşəkkülünə özünəməxsus töhfə saymaq olar. Müəllifin "Azərbaycan”, "Nizami Gəncəvi”, "Xəmsə”-1”, "Xəmsə”-2”, "Sirlər xəzinəsi”, "Yeddi gözəl”, "Leyli və Məcnun”, "Xosrov və Şirin”,  "İskəndərnamə”, "Məhsəti Gəncəvi”, "Mirzə Şəfi Vazeh”, "Məhəmməd (s.ə.s) peyğəmbərin meracı”, "Məryəm ana”, "Bibliya tarixi”, "Vladimir ikonası”, "İsa peyğəmbərin həyatı”, "Məhsəti dünyası”, "Ömər Xəyyam”, "Min bir gecə”, "Şərq gəlini”, "Xəmsə”-3” və s. xalçalarında nümayiş olunan müəllif sənətkarlığı bunu söyləməyə əsas verir...
 
 
 
 
 
 
 
 

   İpəkdən toxunmuş "Azərbaycan” xalçasının kompozisiyası elə adına müvafiqdir. Belə ki, iri haşiyə ilə əhatələnən və milli məişətimizi və mədəniyyətimizi əks etdirən süjetləri, Azərbaycan ərazisindəki tarixi-memarlıq abidələri ilə əlaqələndirən rəssam, bu təsvirlərin bütövlüyünü əldə etməklə ümumi kompozisiyanın düşündürücü cəlbediciliyinə nail olmuşdur...
   Eldar Hacıyevin yaradıcılığında Nizami Gəncəvi mövzusunun əsas yer tutması danılmazdır. Bu mövzunun gah "Xəmsə” adı altında, gah da şairin ayrı-ayrı əsərlərinin timsalında gerçəkləşən kompozisiyalarında müəllifin gəncəli dahinin sənət dünyasına bələdçiliyi duyulmaqdadır. Elə bu bələdçiliyin nəticəsidir ki, xalçaçı-rəssamın ərsəyə gətirdiyi  sənət nümunələrində poetik misralarla poemaların müxtəlif süjetlərinin uğurlu vəhdəti gözoxşayan və təsirli görüntünün yaranmasını şərtləndirmişdir....
   Onun keçən il tamamladığı üçüncü "Xəmsə” xalısı əhatəliliyinə görə əvvəlki iki sənət nümunəsini üstələyir.            Bu unikal dekorativ-tətbiqi sənət nümunəsi ilk növbədə ölçülərinə və buna müvafiq olan mürəkkəb kompozisiya həllinə görə diqqət çəkir. Etiraf edək ki, xalçaçılıqda bu formatda (400x280 sm) süjetli əsərin yaradılması az-az rast gəlinən haldır. Elə bu sahədə kifayət qədər təcrübəsi olan Eldar Hacıyevin özü üçün də bu miqyas yenidir. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb müəllifin "Xəmsə”nin çoxqatlı və əhatəli məna-məzmun tutumunu özündə ifadə edə biləcək əsər yaratmaq istəyi olmuşdur.
Təbriz xalçaçılıq məktəbi ənənələrindən uğurla faydalanan Eldar Hacıyevin yeni əsərində əldə etdiyi bədii bütövlük xüsusilə cəlbedici və yaddaqalandır. Kompozisiyanın mərkəzində Nizami Gəncəvinin iri ölçülü portretinə yer verən müəllif, obrazı onu əhatələyən on doqquz süjetlə əlaqələndirməklə, nikbin ruhlu xalının gözoxşayan estetikasının tamlığına nail ola bilmişdir. Mərkəzi təsvirin göl-medalyon həllindən məqsədli şəkildə imtina edən rəssam, bununla da şairlə qəhrəmanları arasında sıx mənəvi-bədii əlaqənin axıcı keçidini əldə etmişdir. Üzəri işıqlı ornamentlərlə örtülmüş tünd zümrüdü haşiyə ilə əhatələnən mərkəzi hissənin cəlbediciliyində heç şübhəsiz, dahi söz xiridarının obrazı əsas rol oynayır. Şairin portreti üçün səciyyəvi olan ikonoqrafik dəqiqliyin əksi ilə yanaşı, obrazın "xalça dili” ilə bədiiləşdirilməsində müəllifin sənətkarlıq xüsusiyyətləri duyulmaqdadır. Əsərdə tətbiq olunan geniş bədii ümumiləşdirmələr, şuxluğu qabarıq duyulan şərti-lokal rəng həlli əski bədii ənənələrlə səsləşdiyindən və onlara yeni çalarlar əlavə etdiyindən çox təravətli baxılırlar. Bunu kompozisiyaya daxil edilmiş "Xosrov və Şirin”(yeddi), "Leyli və Məcnun” (altı), "İsgəndərnamə” (dörd), "Sirlər xəzinəsi” (bir) və "Yeddi gözəl” (bir) poemalarının əsas məqamlarını əks etdirən süjetlərin bədii həllində də müşahidə etmək mümkündür. Kompozisiyanın məna-məzmun yükünü 70-ə qədər rəng çaları ilə ifadə edən müəllif, özünəməxsus texnoloji yanaşma – yun və ipək iplərin vəhdəti ilə ona duyulası rəng axıcılığı və təravətlilik bəxş etmişdir...
   Onun portret-kompozisiyalarında da cəlbedicilik və düşündürücülük özünün yaddaqalan bədii-texniki həllini tapmışdır. Bu mənada Mirzə Şəfi Vazeh və Məhsəti Gəncəviyə həsr olunmuş xalçalarda tətbiq olunan kompozisiya və naxış örtüyü müxtəlifliyini qeyd edə bilərik. Əgər M.Ş.Vazehin oval şəkilli portretini yalnız nəbati naxışlar əhatələyirsə, əksinə, böyük rübai ustasının obrazı həm fauna, həm də flora aləmindən götürülmüş motivlərlə əlaqəli təqdim olunmuşdur. Bu da həmin əsərlərin estetik aurasının zənginliyində özünü göstərməkdədir...
 
 
 
 
 
 
 
 
 
 
 

   Yuxarıda vurğuladığımız kimi Eldar Hacıyevin yaradıcılığında yer alan rəngkarlıq əsərləri də özünəməxsus estetik dəyərə malikdir. Müxtəlif mövzulu bu lövhələr ilk növbədə milli koloriti və şərti-dekorativ həlli ilə diqqət çəkir. Sənətkarın qədim tarixə malik olan xalça və miniatür estetikasını rəngkarlığa "daşıması”ndan yaranan nikbin ruhlu kompozisiyaların özünəməxsusluğu birmənalıdır. "Nar yığan qızlar”, "Xurma yığımı”, "Kənddə səhər”, "Süfrə ətrafında”, "Toy”, "Əncir yığan qızlar”, "Şuşa gözəlləri”, "Kənd qızı”, "Gəlin gətirilməsi” və s. lövhələrində kənd aurasının təmizliyi duyulmaqdadır. Yəqin ki, bu cür auranın rənglər vasitəsilə gerçəkləşməsində onun miniatür üslubundan yaradıcılıqla istifadəsinin də az təsiri olmamışdır. Obrazları iri planda təqdim etməyə üstünlük verən rəssam, bununla da onların hiss-duyğularını və müxtəlif ovqata bələnmiş yaşantılarını cəlbedici və yaddaqalan tutumda tamaşaçıya çatdıra  bilmişdir.
 Sonda deyək ki, Eldar Hacıyevin təsviri və dekorativ-tətbiqi sənətləri əhatə edən yaradıcılığı ənənəyə tapınmaqla, onun yeni çalarlarla zənginləşməsinə yönəlidir. Elə bu səbəbdən də onun bədii irsi zamansızlığa qovuşmuş sənət nümunələri kimi hər yerdə arzulanandır...