Biz imzaları yox, əsərləri dərc edirik...

“Elazığ – Beynəlxalq Xəzər şeir axşamları” Azərbaycan dilində
100
24 Aprel 2019, 14:50
 Qardaş Türkiyədən olan ustad şair, publisist Hadi Önalın "Elazığ - Beynəlxalq Xəzər şeir axşamları” adlı kitabı çap olunub.
 AZƏRTAC xəbər verir ki, Azərbaycan dilində nəşr olunmuş kitabda 1992-ci ildən fəaliyyətə başlayan və 24 dəfə gerçəkləşən "Beynəlxalq Xəzər şeir axşamları”nın tarixindən, şeir məclislərinin gözəlliklərindən bəhs edilir.

 Kitab Anadolu türkcəsindən Azərbaycan dilinə uyğunlaşdıran, əsərin redaktoru, "Ön söz” və "Köməkçi göstəricilər”in müəllifi, filologiya elmləri doktoru Almaz Ülvinin "Şeir axşamlarının şöləsi” adlı giriş sözü ilə açılır. Bu məclisin türk dünyası üçün bir sülh mesajı olduğunun xatırladan A.Ülvi yazır: "Xoşbəxtəm ki, Elazığdakı Xəzər şeir axşamlarının üç məclisinə məruzəçi kimi dəvət olunan 4-5 nəfər elm adamından biri olmuşam. "Yunus Əmrə və eşq”, "Yəhya Kamal Bayatlı və İstanbul” və "Əlişir Nəvai və Türkcə” adlı məruzələrimlə bu məclislərdən aldığım zövq və şövqü ömrüm boyu unutmayacağam”.
 Daha sonra Hadi Önalın "Şeirə, sözə salamlar” məqaləsi ilə "Beynəlxalq Xəzər şeir axşamları”nın bütün məclisləri haqqında geniş və maraqlı məlumatlar yer alır. Hadi Önal yazır: "Böyük bir mədəniyyət məclisi olan "Beynəlxalq Xəzər şeir axşamları” türk dünyasının şeir bayramı və mənəvi qurultayıdır. Keçmişlə gələcək arasında körpü quran, dünənin mədəniyyətini bu günə, bu günün mədəniyyətini və gözəlliyini də gələcəyə daşıyan türk aləminin uzun müddət davam edən ədəbi hadisəsi – "Beynəlxalq Xəzər şeir axşamları” hər il Elazığın Sivricə şəhəri sərhədləri daxilində olan Xəzər gölünün sahilində keçirilməkdədir. "Beynəlxalq Xəzər şeir axşamları” 24 ildir ki, könül gözəlliklərini özlərinə və qələmlərinə yükləyən Azərbaycan, Şərqi Türküstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Orta Asiya, Qafqaz, Balkan, Kərkük, Kipr və əlbəttə, Türkiyədən olan şairləri türkün bu böyük bayramına, şeirin sehri ilə yuyunan bu möhtəşəm qurultayına dəvət edir”.
 "Xəzər şeir axşamları”nda illər ərzində iştirak edən şair, yazıçı və elm adamlarının siyahısı kitabın sonundakı "Köməkçi göstəricilər”də əks olunub.