Biz imzaları yox, əsərləri dərc edirik...

Əl-üz dəsmalımda dodaq izin qalmışdı... – Aqşin Evrənin yeni şeirləri
2685
16 Sentyabr 2018, 09:05

 Bu gün gənc şair Aqşin Evrənin doğum gündür. Şairin yeni şeirlərini təqdim edirik:

 


 


 


Şah Təhmasibə məktub

 

 


Nizələrin ucuna ilişən kəfən parçası
Sülh bayrağıtək yüksələr başımızın üstündə:
Bax, ölüm aləti belə bizi sülhə çağırır,
Ölüm sülhü bağırır, Şah!


Qəfil qılınclar doğrayar atların küt səsini,
Qapılar hər gün darıxar, gözləyər it səsini.
Birdən qəbirlər doldurar boş torpaq kisəsini
Əlini dünyadan çəkib evinə gedər Allah.

Şah!


İnsan torpaqçün döyüşər. Atlar nalından yıxılar
Ölmüş atın ayağından bizə baxar aypara
– Yəni göylər yerə enər... göylər gələr döyüşə
Görən necə olar bir gün torpaq ayağa qalxıb
insanların uğrunda gecə-gündüz döyüşsə?

Mən də torpaq istədim bir uşağın dibçəyinə tökməyə...

Sonra qılınclar doğradı atların küt səsini,
Qapılar hər gün darıxdı, gözlədi it səsini.
Biz də məşəl yandırdıq önümüzü görməkçün
Əksinə, tüstü qalxıb tutdu gözlərimizi.

Nal soyuğu gecədə bir sualım var sənə,
böyük Şah həzrətləri:

Buğdanın ortasındakı xətt
çörəyi yarı bölməli olduğumuza işarə deyilmi?

 

Revmatizm

(Minimalist şeir)

 

Yağış yağanda ayağı ağrıyan insanlar kimi
Mənim də əllərim ağrıyır, sən öz otağında
çarpayına sığınıb ağlayanda.

 

 

Tanışlıq tarixi

 


Yastığımda başının yeri qalıb
İndi ömrü yaşamaq o boşluğa yıxılmaqdı hər axşam.
Belə soyuq tənhalıqla yatmaq da
çarpayıya uzanmaq yox, dağılmaqdı hər axşam.

Mən hər gecə üstünü örtməyimi
saçını qurulamağımı görürəm yuxuda.
Sənsə o qədər yoxsan ki:
quruyub mətbəxə dağıtdığın su da.

Bircə əl-üz dəsmalımda dodaq izin qalmışdı,
Asmışdım gülüşünün şəkli kimi divardan.
Daha o da silinib... deyən daha gülmürsən
Sığınırsan yorğun axşam bircə qucaq sözünə.

Tanışlıq tarixi, görüş saatı
telefon nömrəsi, köynək ölçüsü
– hamısı unudulur, hamısı iti.r
Rəqəmlərlə yaşayıb böyüyən sevgilər
sonda bir sözlə bitir.

Unudulur hər şey, cizgilərin də
Şərab içməyin, yemək yeməyin də.
Bir söz deyim: əgər qalsaydın,
mən səni tanıyardım getməməyindən.