Artkaspi.az saytı Ziyadxan Əliyevin müasir Şəki sənətkarlarının yaradıcılıq axtarışları haqqında
yazısını təqdim edir:
Baş Qafqaz silsiləsinin cənub ətəklərində yerləşən
Şəkinin əsrarəngiz təbiəti və təbii xammal mənbələri ilə zənginliyi burada
sənətkarlığın müxtəlif sahələrinin inkişaf etməsini şərtləndirmişdir. Elə bu
zənginlik Azərbaycanın dilbər guşələrindən olan Şəkidə lap əski dövrlərdən
çoxsaylı sənət növlərinin, o cümlədən silahsazlıq, misgərlik, zərgərlik,
dulusçuluq, şəbəkəçilik, təkəlduz, ipəkçilik
və onun kəlağayı kimi növlərinin yaranmasına və inkişafına şərait yaratmışdır.
Zamanın axarında yerli sənətkarlar tərəfindən bu özünəməxsus el sənəti
növlərinin, sözün əsl mənasında, el şöhrətinə çevrilməsi və dünyanın müxtəlif
guşələrinə yayılması da burada ərsəyə gətirilən məmulatların yüksək
bədii-estetik dəyərə malik olduğunu təsdiqləyir. Buradakı müxtəlif sənətkarlıq
sahələrinin ibtidaidən aliyə doğru baş tutan təşəkkülü tədricən onların hər birinin Azərbaycanın başqa
bölgələrindən fərqli kompozisiya biçiminə, naxış örtüyünə və rənglərinə görə
seçilməsinə və "Şəki məktəbi” kimi tanınmasını şərtləndirmişdir...

Tarixi keçmişə və
zəngin bədii ənənələrə malik olan Şəkidə sovet dönəmində və müstəqillik
illərində də qazanılmış şöhrətin itirilməməsinə yönəli çoxsaylı işlər
görülmüşdür. Zamanında burada dekorativ-tətbiqi sənət sahəsində çalışan Əşrəf
Rəsulov, Şöyüb Məmmədov Möhtərəm Ağahüseynzadə və b. yaratdıqlarının sorağı
Azərbaycandan çox-çox uzaqlara yayıldığından dövlət rəsmiləri onların SSRİ
Rəssamlar İttifaqı sıralarına qəbul olunmaları və Şəkidə bu yaradıcı qurumun 12
nəfərdən ibarət yerli bölməsinin yaradılması (1974) həyata keçirilmişdi. O
vaxtdan başlayaraq Şəkidə yaşayıb-yaradan sənətkarların yaradıcılığı ən
müxtəlif sərgilərin bəzəyinə çevrilmişdir. Bəs müstəqillik illərində mədəni
tədbirlərin bir-birini əvəzlədiyi və respublikanın ən çox ziyarət olunan
guşələrindən birinə çevrilən Şəkidə bu gün vəziyyət necədir?
Şəhərdəki
"Sənətkarlar evi”ndə, eləcə də fərdi emalatxanalarda fəaliyyət göstərən
yaradıcılarla tanışlığın qarşılığında, demək olar ki, burada keçmişimizi
yaşatmağa səy göstərən hər kəsə imkan dairəsində qayğı göstərilməkdədir.
Tərcüməyə heç bir ehtiyacı olmayan sənətkarlıq nümunələrinin bu gün qədimlərdə
olduğu kimi, yenə də Şəkinin "tanınma nişanı” funksiyasını daşıması, əlbəttə
ki, təkcə şəkililər üçün yox, başqa bölgələrdə yaşayan hər birimiz üçün
qürurvericidir. Bu mənada Rəhman Kamiloğlunun ərsəyə gətirdiyi xovlu tikmələrin
adını xüsusi qeyd etmək istərdik.
İlk baxışda zəngin tikmə ənənəsi olan Şəkidə bu
sahədə yeni söz deməyin mümkünsüzlüyünü düşündüyümüz halda, on il əvvəl gənc
Rəhman yaratdığı özünəməxsus dekorativ-tətbiqi sənət nümunələri ilə yeniliyə imza atmağa nail olmuşdur.
Xüsusi ixtisas təhsili almamasına baxmayaraq, fitri istedadı sayəsində hər bir
yeni tikmə nümunəsində duyulası icra sənətkarlığı və professionalıq nümayiş
etdirən Rəhman Kamiloğlunun əl işləri Azərbaycan dekorativ-tətbiqi sənətini
zənginləşdirən bədii dəyər daşıyıcısı kimi qəbul olunur. Bu vaxta qədər
yaratdığı 30-dan çox tikmənin ölçüsündən asılı olaraq hər birinə dörd aydan
səkkiz aya qədər vaxt sərf edən sənətkarın bədii irsi kifayət qədər
rəngarəngdir. Yaradıcılığında janr məhdudiyyətinə rast gəlinməməsi ilk növbədə
onun maraq dairəsinin genişliyi ilə bağlıdır. Bununla belə müəllifin mənzərə
janrına xüsusi rəğbəti duyulmaqdadır. Onun "Qədim yaşayış evləri”, "Aşağı
Karvansara”, "Qədim Şəki”, "Milli qablar”, "Şəkidə küçə”, "Şəki Xan sarayı”,
"Yerli sənətkarlıq nümunələri” və s. əsərlərində rəng çalarlarının bir-birinə
tapınmasından yaranan ahəngdarlıqda tikmə ustasının yüksək sənətkarlığı
duyulmaqdadır. Müəllifin "Milli qablar”, "Muğam”və Qarabağa qayıdış” kimi
tikmələrində isə janrı məna-məzmun baxımından zənginləşdirmək istəyi
duyulmaqdadır...
Otuz ilə qədər bir müddətdə Azərbaycan Rəssamlar İttifaqının
Şəki şöbəsinə rəhbərlik edən Tahir Həmidli də həmkarları arasında yeniliyə
meylli yaradıcı kimi tanınır. Qənaətimizcə, onun rəngkarların işlətdiyi ənənəvi
kətanı adi çay daşının səthi ilə əvəzləməsinin kökündə bu bərk materialın
təsviri sənətdən daha çox dekorativ-tətbiqi sənəti yaxınlığı dura bilərdi. Bu
da əslində, Şəki bədii sənətkarlığını səciyyələndirən estetikanı daşla
əlaqləndirməklə, iki – rəngkarlıq və dekorativ-tətbiqi sənət kimi sahələri bir
araya gətirmək cəhdi idi. Həmin çoxsaylı uğurlu nümunələrlə tanışlığın
qarşılığında deyə bilərik ki, Tahir Həmidlinin rəngkarlıq texnikasına gətirdiyi
bu yenilik beynəlxalq miqyasda çox
maraqla qarşılanıb. Rəssamın əsasən Azərbaycan, xüsusilə də Şəki memarlığını
əks etdirən əsərləri bir çox məşhurların kolleksiyasını bəzəməsi də bunu
təsdiqləyir. Bu yerdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
2011-ci ildə baş tutan Şəki səfərinin sonunda həmin əsərlərdən birinin ona
hədiyyə olunduğunu dilə gətirməyə ehtiyac duyduq. Sənət xiridarlarının Tahir
Həmidliyə yönəli söylədikləri "Daşlarla danışan rəssam” deyimində onun soyuq
daş parçasına, sözün əsl mənasında, "can” vermək bacarığını vurğulamaq istəyi
duyur. Doğrudan da, onun müxtəlif çalarlı daşların fakturasını çəkdiyi
mənzərələrin koloriti ilə ustalıqla əlaqələndirməsində onun bənzərsiz olduğunu
deyə bilərik. Bu gün Şəkiyə ayaq basan və Tahir Həmidlinin emalatxanasını ziyarət
edən əcnəbi turistlərin ordan əliboş çıxmamalarının kökündə heç şübhəsiz, onun
təsvirli daşları unikal ərməğan nümunəsinə çevirə bilməsi durur...

Şəbəkə sənətinin
bütün zamanlarda Şəkinin "tanınma nişanı”na çevrilməsi danılmazdır. Şəki Xan
sarayının gözəlliyini birəbeş artıran şəbəkələr həm sovet, həm də müstəqillik
dövründə müxtəlif sənətkarlar tərəfindən uğurla
davam etdirilmişdir. Heç şübhəsiz, bu məsələdə Şəkidə daha çox
"Şəbəkəçilər” ayaması ilə tanınan Rəsulovlar ailəsinin duyulası rolu olmuşdur.
XX əsrin ikinci yarısında fəaliyyət göstərən rəhmətlik Əşrəf Rəsulov, sonra
sənət estafetini oğlu Tofiqə ötürmüşdür. Bu yaradıcı-mənəvi yükü uzun müddət
şərəflə daşıyan sənətkar XXI yüzillikdə şəbəkənin sirlərini oğlanları İlqar və
Vüqara öyrətməklə, bu sahənin estetikasının yaşamasına imkan vermişdir. İlqar
Rəsulzadənin bu il Bakıda təşkil olunan fərdi sərgisinin uğuru da göstərdi ki,
estafet etibarlı əllərdədir. Bu gün Rəsulovlar
sənətinin sorağının Vatikandan, Ukraynadan, Gürcüstanda yerləşən katolik kilsələrdən,
Vatikanın Qafqaz üzrə nümayəndəliyindən, "Şəkixanovların ev muzeyi"nin,
Gəncə "Şah Abbas məscidi"nin, "Bərdə türbə"sinin bərpasından,
Yevlax və Tərtər şəhərlərində "Heydər Əliyev Muzeyi"nin tərtibatından
gəlməsi də ilk növbədə onların yaradıcılıqlarına olan inamın göstəricisidir. "Şəki
Xan Sarayı"nın nəsillikçə bərpaçı rəssamları olan Rəsulovların müxtəlif-gözlənilməz
formalı və funksiyalı əl işləri 50 dən çox ölkə, 120-yə yaxın şəhərdə şəxsi
kolleksiyalarda və muzey fondlarında saxlanılır...
Şəbəkə sənətinin bir çoxlarının
düşündüyü kimi yeniliyə meylli olmamasını Şəkili sənətkarlar çoxdan sübut
ediblər. Müasir dövrdə bu ənənəni Hüseyn Hacımustafazadə uğurla davam
etməkdədir. Onun bir qərinəni əhatə edən yaradıcılığında ən müxtəlif formalı
şəbəkələrə rast gəlmək mümkündür. Qənaətimizcə, sənətkarın milli musiqi alətlərimizə
verdiyi şəbəkəli görkəm, yəqin ki, əsl bədii tapıntı hesab olunmağa layiqdir. Hüseyn
Hacımustafazadə etiraf edir ki, bu ideya
onda Azərbaycan muğam ifaçılığının, həmçinin tar ifaçılığı sənətinin UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra
yaranıb. Əsas məqsədi də muğam ifaçılığında istifadə olunan qədim milli musiqi
alətlərimizi – tar, kamança və qavalı şəbəkə üsulu ilə hazırlamaqla, Azərbaycan
şəbəkə sənətinin zənginləşməsinə və onun bədii-texniki imkanlarının daha geniş
imkanlara malik olmasını sərgiləmək olub.

Qeyd etmək lazımdır ki, onların hər
biri gərgin axtarışların nəticəsində ərsəyə gətirilmişdir. Özünün dediyinə görə
təkcə
şəbəkə-tarın hazırlanmasına üç aya yaxın vaxt sərf edib. Ustanın sözlərinə
görə, tarın hazırlanması kamançaya nisbətən daha çətin və mürəkkəb olub.
Kamançanın hazırlanmasında yalnız kürəşəkilli şəbəkədən istifadə edilib.
Şəbəkə-tar isə kürə, düz lövhə və ellips formalı şəbəkələrdən, həmçinin
şəbəkənin "Cəfəri” formasına oxşar yeni bir üslubdan istifadə edilməklə
hazırlanıb. Tarın çanaq hissəsinin quraşdırılmasına 500-dən çox detal və rəngli
şüşə işlənib. Bu hissələr yapışqan və mismardan istifadə olunmadan, ustanın
özünün ixtira etdiyi üsulla bir-birinə birləşdirilib. Tara üz çəkilməsində,
pərdələrin yığılmasında, simlərin salınmasında Hüseyn ustaya peşəkar tar ustası
Mahir Vələdov kömək edib. Ustanın dediyinə görə, indiyədək dünyanın heç bir
ölkəsində şəbəkəli tar hazırlanmayıb. Əlavə edək ki, onun hazırladığı
kürəşəkilli və narşəkilli şəbəkə-formaların həsəd doğurucu bədii-texniki
tutumunda onların müəllifinin zəngin təxəyyülə malik olduğu qabarıq
duyulmaqdadır. Bu isə Şəkidə qədim ənənələrə malik olan el sənətinin gələcəyinə
ümidlə baxmağa əsas verir...