
Ziyadxan ƏLİYƏV
Ekslibris – kitab nişanları
Öncə deyək ki, kitab nişanlarının indiki müasir adı – "ekslibris”
sözü latınca "kitablarından” mənasını verir. Bu da ekslibrislərin
hazırlandıqdan sonra onların kitabların iç tərəfinə yapışdırılması ilə əlaqədar
olmuşdur.
Məlumat
üçün bildirək ki, yaranma tarixi orta əsrlərə gedib çıxan ekslibrislərin
meydana gəlməsi ilk növbədə Şərqdə kitab mədəniyyətinin inkişafının yeni mərhələyə
qədəm qoyması ilə bağlı olmuşdur. Belə ki, əgər əvvəllər əlyazmalarının üzərindəki
hər hansı yazı ilə onun kimə məxsusluğu bildirilirdisə, sonralar tərtibatçılar
bu qeydə bədii forma verməklə, "ekslibris” adlandıralacaq bu nişan-elementi
kitabın ayrılmaz hissəsinə çevirmiş oldular.
Əlavə
edək ki, Avropanın elmi ədəbiyyatında XV əsrdən məlum olan kitab nişanlarının
adına bir termin kimi "eklibris” adlandırılması XVI-XVII əsrlərdən rast gəlmək
mümkündür. Ekslibris barəsində yazılan və bizim günlərə gəlib çatmış bütün məlumatlarda
qrafikanın bu növünün bilavasitə Avropada yarandığı iddia olunur. Təəssüf ki,
bu xoşagəlməz tendensiya, bu məsələyə yanlış "elmi yanaşma” bu günə kimi də
davam etməkdədir. Buna baxmayaraq? biz də tərəfimizdən buna vaxtaşırı cavab
verməyə çalışırıq...

Məsələyə aydınlıq gətirmək üçün deyək ki, ötən
əsrin səksəninci illərinin sonlarında bu sətirlərin müəllifinin apardığı araşdırmalar
eklibrislə bağlı yeni faktları üzə çıxardı və məlum oldu ki, hər şey heç də avropalıların
dedikləri və arzuladıqları kimi deyildir. Belə ki, ilk kitab nişanının, qərblilərin
təbirincə desək, "eklibris”in yarandığı
məkan Azərbaycandır...
Ayrı-ayrı
ölkələrdə ekslibrisin özünəməxsus inkişaf tarixi olub. Bu mənada Azərbaycanda
kitab nişanının yaranmasının və inkişafının qədim, eyni zamanda maraqlı tarixçəsi
var. Ancaq nədənsə onun uzunəsrlik inkişaf tarixi Avropa və rus tədqiqatçılarının
nəzərindən kənarda qalmışdır. Nəticədə onun Azərbaycanda yaranma dövrünü
çox-çox sonralardan-sovet dönəmindən hesablamağa başlamışlar.
Hələ
XIII əsrdə Nəsrəddin Tusinin Marağa rəsədxanası kitabxanasının, XVI əsrdə Şah
İsmayıl Xətainin saray kitabxanasının, XIX əsrdə Abbasqulu ağa Bakıxanovun,
Mirzə Fətəli Axundzadənin zəngin kitabxanalarının olması Azərbaycan kitab
nişanı tarixinin lap qədimlərdə yaranma ehtimalını təsdiqləyir. Basma möhürlərlə,
tuğralarla nişanlanmış əlyazmaları və
digər yazı nümunələri bu mənada böyük əhəmiyyət kəsb edir. Qiymətli
metallardan, daşlardan hazırlanmış üzük-möhürlər, təsbeh-möhürlər və s. hələ Islamın
yarandığı dövrlərdən mövcud olub. Onların bizim dövrə gəlib çatan nümunələri də
çoxdur. Ayrı-ayrı adamlara məxsus bu nişanların əksəriyyəti zövq oxşayan gözəl
xəttatlıq nümunələrindən və naxışlardan ibarətdir.

Bizim
dövrə gəlib çatmış ən qədim Azərbaycan kitab nişanları təxminən XIII-XV əsrlərə
aiddir. Marağada azərbaycanlı sənətkarlar tərəfindən üzü köçürülmüş "Mənafi əl-heyvan”
(XIII əsr, Nyu-Yorkda Morqanın kitabxanasındadır) kitabındakı nişan (burada
onun sifarişçisi Şəmsəddin ibn Ziyəddin Zuşəkinin adı yazılıb) bənzərsiz sənətkarlıq
nümunəsi sayıla bilər. On iki guşəli ulduz formasında olan bəzəkli xonçanın içərisində
gözəl xətlə kitab sahibinin adı yazılıb.
Vaxtilə
Baysunqur Mirzənin kitabxanasında saxlanılan (XV əsr, indi Dublində Çester
Bittinin kitabxanasındadır) Sədinin "Gülüstan” əsərinin təbrizli xəttat tərəfindən
üzü köçürülmüş nüsxəsinin, Nizaminin "Xosrov və Şirin” əsərinin XV əsrdə üzü
köçürülmüş nüsxəsinin (Vaşinqtonda Frir qalereyasında saxlanılır), "Qurani-Kərim”in
XIV əsrdə Marağada yazılmış nüsxəsinin (Dublində Çester Bittinin
kitabxanasındadır) ilk səhifələrindəki sənətkarlıqla yaradılmış müxtəlif
formalı nişanlar da əski nümunələrdən sayılır.
Kitablara
xüsusi yaraşıq verən qədim nişanlarımızda onun sahibinin adının yazılışından
başqa tez-tez müxtəlif məzmunlu kəlamlardan da istifadə olunub. Belə ki, Bəhmən
Mirzənin (XIX əsr) kitabxanasına məxsus kitablarda "Şahlıq dəryasının yeganə
gövhəri Bəhmən”, Abbasqulu ağa Bakıxanovun kitabxanasında olmuş nəfis nümunələrin
bir neçəsində "Allahdan başqa Allah yoxdur”, Şah İsmayıl Xətaiyə aid yazılarda
"Heydər oğlu İsmayıl Şahimərdanın (Əlinin) quludur” sözləri ilə rastlaşırıq.
A.Bakıxanova məxsus kitablarda nişan-yazılardan əlavə kitabı tərif edən "Kitab
ürək açan nemətdir” kəlamı da vardır.
XIX
əsrin sonu – XX əsrin əvvəllərində kitabsevərlər daha çox sadə formalı möhürlərdən,
ştempel-nişanlardan istifadə etmişlər. Əsasən, rus və ərəb dillərində yazılmış
belə ekslibrislərdən görkəmli dövlət xadimi Nəriman Nərimanova, tanınmış
maarifçi Sultanməcid Qənizadəyə, istedadlı fırça ustası Bəhruz Kəngərliyə,
general İbrahimağa Vəkilova, folklorçu Əbülqasım Hüseynzadəyə, SSRİ xalq
artisti Mirzağa Əliyevə məxsus olanları qeyd etmək lazımdır.
Sovet
İmperiyası dövründə Azərbaycanda ölkə rəssamlarının yaratdıqları kitab
nişanları mövzu rəngarəngliyi ilə yanaşı, həm də bədii ifadə formalarının zənginliyi
ilə seçilməyə başladı. Demək olar ki, müxtəlif miqyaslı sərgilərin hər birində
rəssamlarımızın müxtəlif nəsillərinin təmsilçiləri yaratdıqları yeni ekslibrislərlə
bu sahənin bədii-estetik potensialının nəhayətsizliyini sərgiləyirdilər. Əgər əvvəllər
bu sahədə tanınmış fırça ustaları Ələkbər Rzaquliyev, Mixail Vlasov, Cəmil
Müfidzadə, Altay Hacıyev, Yevgeniya Şalıgina və b. daha çox fəaliyyət göstərirdilərsə,
sonrakı dövrdə Arif Əzizov, Arif Hüseynov, Bayram Qasımxanlı, Faiq İbrahimov, Həsənağa Məmmədov, Füzuli Axundov,
Oqtay Quliyev, Yaşar Səmədov davamlı çalışmaqla, maraqlı ekslibrislər yaratmağa
nail olmuşlar. Onların tanınmış şəxsiyyətlərə həsr etdikləri ekslibrislər
yenilik duyğusu, poetik əhval-ruhiyyə və rəmzi elementləri ilə diqqət çəkir.
Kompozisiyalara xarakterik detalların daxil edilməsi güclü assosiasiya
yaratmış, onların düşündürücülüyünü şərtləndirmişdir. Bu yerdə əlavə edək ki, eklibris yaradılması
sahəsində davamlı axtarışlar aparan yerli rəssamlarımız, hələ sovet dönəmində
SSRİ məkanında Azərbaycan kitab nişanlarının özünəməxsus bədii dəyərlərlə
tanınmasına nail olmuşdular.

Azərbaycan
eklibrisinin geniş yayılmasında, təbliğində və inkişafında zamanında Könüllü
Kitabsevərlər Cəmiyyətinin böyük rolu olmuşdur. Bu gün həmin qurumda yaxın
keçmişdə müşahidə olunan fəallıq duyulmasa da, onun bir vaxtlar tarixi iş
gördüyünü etiraf etmək lazımdır. Bunun nəticəsində, Azərbaycan qrafika sənətinin
bütün mənalarda zənginləşdiyini xüsusi qeyd etməliyik.
Azərbaycan
eklibrisi ilə tanışlıq göstərir ki, qrafika sənətinin digər növlərində olduğu
kimi, kitab nişanı yaratmaq sahəsində də yüksək bədii-estetik məziyyəti, mövzu
rəngarəngliyi, müasirlik duyumu ilə seçilən əsərlər yaradılıb. Bu da bu sahəyə
olan marağın öləziməsinin qarşısını almış, onun milli təsviri sənətində özünəməxsus
yer tutmasını şərtləndirmişdir.