Biz imzaları yox, əsərləri dərc edirik...

Əfsanəvi rolların qəhrəmanı bizi tərk etdi...
174
19 Noyabr 2018, 10:30
 Əfsanəvi rolların qəhrəmanı bizi tərk etdi... 
 
 
 

 Uşaq idik, o zaman televiziyada yayımlanan "Babək”, "Arxadan vurulan zərbə”, "İstintaq davam edir”,  "Əhməd hardadır?”, "Sən niyə susursan?”, "Qanun naminə”, "Alma almaya bənzər”, "Dədə Qorqud” kimi filmləri izləməkdən doymurduq. Günü bu gün də o illərdə çəkilən həmin filmləri sevərək izləyirik. Bəlkə də yüz, bəlkə də min dəfə təkrar-təkrar baxmadan doymuruq. Həmin filmlərdə oynayan sənətkarlardan ölənlərə rəhmət, yaşayanlara isə Allahdan can sağlığı arzu edirik. Televiziya vasitəsilə baxdığımız "Mahnı dağlarda qaldı”, "Unuda bilmirəm” tamaşaları yaxşı yadımdadır. Sevərək izləyidiyimiz tamaşaların qəhrəmanı Amaliya Pənahovanın qəfil ölümü məni yenidən həmin illərə apardı. Uşaqlığımı xatırladım. Obraz yaradarkən etdiyi jestlər, cazibəsi, işvəsi, baxışı, gülüşü... Canlandırdığı əfsanəvi rollar bir film fraqmenti kimi keçdi gözümün önündən.  O illərdə arzu edirdim ki, gələcəkdə jurnalist olub, Amaliya xanımdan müsahibə alacağam. Soruşacağam ki, həm epizodik, həm də baş qəhrəmanları necə bu qədər ürəkdən oynamağı bacarır? Əslində, uşaq olanda özümə verdiyim sözlərin çoxunu beləcə yarımçıq qoymuşam.
 
 O getdi...
 
 Onun indi aramızda olmadığını isə hələ də qəbul etməyə çətinlik çəkirəm. Axı, bu gün səhnədə olan və tanınan aktyorların, aktrisaların çoxu bu sənətə məhz onun sənətindən, yaratdığı obrazlardan ruhlanaraq gəlmişdilər. Hər nə qədər onun kimi olmağa çalışsalar da, artıq anlamışdılar ki, nə onlar Amaliya ola bilməyəcəklər, nə də o tarixi filmlər çəkilməyəcək. 
 Xalq artisti Amaliya Pənahovanın ölüm xəbərini eşidəndə dedilər ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ancaq o, xəstəliyini hamıdan gizlədib. Onkoloji xəstə olduğunu eşidəndə Milli Onkologiya Mərkəzinin baş həkimi, baş onkoloq Azad Kərimovla əlaqə saxladım. Aktrisanın məhz hansı onkoloji xəstəlikdən əziyyət çəkdiyini dəqiqləşdirməyə çalışdım.
 Lakin aktrisanın qızının icazəsi olmadığı üçün baş onkoloq bu haqda məlumat vermədi.  Başqa bir mənbədən isə mərhum aktrisanın ağ ciyər xərçəngindən əziyyət çəkdiyini eşitdim. Bu xəbər məni çox üzdü. Bəlkə də xəbərimiz olsaydı, gedib onunla vidalaşardıq. Digər tərəfdən də düşünürəm ki, xəbərim olsaydı, nəyi dəyişə bilərdim? Guya, gedib nə edəcəkdik, indiyə qədər kim bu xəstəliyin cəngindən canını qurtara bilib ki? Ancaq yenə də gedərdim, filmlərimizin əfsanəvi qəhrəmanına doyunca baxardım, obrazlarının sehrinin, füsunkarlığının səbəbi haqqında ürəyimdə qalan sualımı soruşardım. Yarımçıq qalan arzusunu, görmək istədiklərini, peşmanlığını, arzularını, xəyallarını, mənim yaşımda olarkən nələr hiss etdiyini öyrənərdim. Hərdən də düşünürəm ki, bəlkə də, elə ən yaxşısı belə oldu. O, bu dünyadan, el dilində desək, urvatlı, sanballı getdi. Bəzi sənət adamları kimi xəstəliyini öyrənəndə efirə çıxıb, "mən öləcəyəm, kömək edin”- deyib ağlamadı. Kimsədən yardım istəmədi. Çünki özü də bilirdi ki, xəstəliyinin dərmanı yoxdur. Bu yolun sonu sonsuzluqdur. O, insanların yaddaşında ölümcül xəstə kimi yox, Azərbaycan səhnəsinin və ekranının kraliçası Amaliya kimi qalmaq istədi. Böyük sənətkar Amaliya Pənahova kimi getdi dünyadan. Bu ürək isə hər kəsdə olmur. Bilmək istərdim ki, o ölümdən qorxur, ya yox. Yəqin ki, qorxsaydı, başqa addım atardı. 
 
 
 
 

 Həssas və bir o qədər də tələbkar
 
 Bir mədəniyyət yazarı olaraq, ondan narazı idim. Müasir texnologiyaların bizə yaratdığı vasitələrdən istifadə edib, onunla hər zaman telefon vasitəsi ilə əlaqə saxlayırdım. Rəhbəri olduğu Bakı Bələdiyyə Teatrı festivala gedəndə, festivaldan dönəndə, yeni tamaşa hazırlayanda zəng edib məlumatları öyrənməyə çalışırdım. Deyirdi ki, mən bu telefon jurnalistikasını anlaya bilmirəm. Gəl, rahat üz-üzə oturaq, danışanda gözlərimizə baxaq, səmimi söhbət edək. Bir çayın 40 il xətri var. O, işini sevirdi, özünə və sənətinə hörmət edirdi. Deyirdi ki, indiki jurnalistləri anlamır. Mən ona canlı müsahibələrin zamanının keçdiyini və qısa, lakonik açıqlama zamanının yetişdiyini heç cür izah edə bilmədim. Hər dəfə bu mövzuda mübahisələrimiz olurdu. Çox zaman məndən inciyirdi, bəzən tədbirlərdə üz-üzə gələndə məni görməzdən gəlməyə çalışırdı. Sonra ürəyi yol vermirdi, yaxınlaşıb deyirdi ki, incimə, mən sənə yox, müasir jurnalistlərin yanaşmasına qarşıyam. Nə yalan deyim, hər dəqiqənin qızıla bərabər olduğu bu zəmanədə yarım saat vaxt edib onunla görüşə getmədim, gedə bilmədim. Bilmirəm bu tənbəllikdir, yoxsa laqeyidlik. Niyə belə etdim, onu da anlaya bilmədim. O nə istəyirdi ki, yarım saat çay süfrəsi arxasında söhbət etmək. Çox şeymi istəyirdi? İndi anlayıram ki, sevdiklərimizə  vaxtında zaman ayırmaq lazımdır. İtirilən zaman sənin deyil. 
 Amaliya xanımla bir neçə dəfə müsahibə məqsədi ilə görüşsək də, daha çox həyatdan, onun gətirdiyi problemlərdən, sürprizlərdən danışmışdıq. Deyirdi, Bələdiyyə Teatrlarının aktyorları mənim balalarımdır, onları mən qorumasam, kim sahib çıxacaq. Aktyorların hamısı onun üçün əziz idi. Deyirdi narahatam, teatrımızın binası bərbad haldadır, uşaqlarımı bu teatrda saxladığım, onlara müasir avadanlıqlarla təmin olunmuş bina verə bilmədiyim üçün sıxılıram. Hər dəfə "düzələr” desəm də, bilirdim ki, düzəlməyəcək. Düzəlsə də, o günü görmək xalq artistimizə qismət olmayacaq. Olmadı da. 
 
 Sonuncu görüş
 
 Amaliya xanımla sonuncu dəfə estetik əməliyyat olunduqdan sonra görüşmüşdük. Onun bu addımı cəmiyyət tərəfindən birmənalı qarşılanmamışdı. Məhz bu hadisə ilə bağlı görüşdük. "Bu estetik əməliyyata ehtiyac var idimi?” - deyə sual verdim. Gördüm, reaksiyası dəyişdi.  Sonra özünü toparlayıb, elə böyük bir əməliyyat etdirmədiyini dedi: "Nə üzümün cizgiləri, nə də baxışlarım dəyişib. Heç zaman gözləmirdim ki, mənim estetik əməliyyatım bu qədər qalmaqala səbəb olar. Ola bilər ki, insanlar mənim belə bir cəsarətli addım atacağımı gözləmirdilər. Bəlkə də, hər kəs mənim əvvəlki görünüşümə öyrəşmişdi deyə belə reaksiya verdilər. Mən bu fikirlərdə heç də xeyirxahlıq görmədim”.
 Əslində, bu addımına görə insanlar tərəfindən qınanması onu sarsıda bilməzdi. Axı, o illərin sənətkarı idi. Nə qalmaqallar, nə problemlər nə hadisələr görmüşdü.  Bu söz-sözhbət onu heç maraqlandırmırdı da. 
 Deyirdi ki, həyatda o qədər böyük çətinliklərlə üzləşməyib: " Mənim həyatım elə çətin və keşməkeşli olmayıb. Ancaq sənətimdə bir sıra çətinliklər yaşamışam. Eyni vaxtda filmə çəkilirdim, həmin ərəfədə övladlarımı dünyaya gətirirdim, televiziya verilişlərinə çəkilirdim, teatrda obrazlar canlandırırdım. Bunların hamısını çatdırmaq sizə heç də asan gəlməsin. 15 yaşımdan eyni vaxtda bir neçə işi birdən görürdüm. Ötən gün də bir tamaşanı beş dəfə təkrar-təkrar məşq etdim. Hər kəs yoruldu, ancaq mən yorulmadım. O əzmkar xasiyyətim hələ indi də qalıb. İndi də öz üzərimdə məsuliyyət hiss edirəm. Xarici rejissorlarla çalışıram. Bilmək istəyirəm, dünyada hansı proseslər gedir, yaradıcılıq baxımından hansı fərqlərimiz var. Bəlkə, biz geridə qalmışıq. Görürəm ki, sənət elə sənətdir”.
 
 
 
 

 Amaliya xanımı bizə ilk  sevdirən  onun "Sən həmişə mənimləsən” tamaşası olub.  Hər dəfə bu tamaşanın mənim üçün özəlliyindən danışırdım. Həmin tamaşaya yenidən qayıtmaq və ya onu yenidən canlandırmaq arzusunun olub-olmamasını soruşanda bunu utopiya adlandırmışdı: "18 yaşında qızın obrazını səhnədə ifa etmək bu gün bizə lazımdırmı? Çox gözəl istedadlı gənclərimiz var ki, onlar bu obrazın öhdəsindən mükəmməl gələ bilərlər. Amma vaxtilə Sara Bernar 12 yaşlı Janna Darkın obrazını canlandırıb. O zaman onun 70 yaşı vardı. Elə imkanlar da yox idi ki, özünü qrim ilə cavanlaşdırsın. Amma səhnədə elə oynadı ki, bədxahları da onu alqışladı. Sənətkar hər bir obrazın öhdəsindən gələ bilər. Ancaq bu mənim üçün maraq kəsb etmir. "Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə obrazı əfsanəyə çevrilmiş ifalarımdandır. Ancaq təəssüflər olsun ki, teatrlar bu əsərə müraciət edəndə heç kim mənim oynadığım obrazın yerini vermir. İstərdim ki, bu obrazım tamaşaçıların hafizəsində, yaddaşında bir əfsanə kimi qalsın”. 
 
 Bu gün onun bir tarix olmasını qəbul etmək və Amaliya xanım haqqında keçmiş zamanda danışmaq olduqca ağırdır. Allah sənə rəhmət etsin Nargilə, Tomris. Sən hər zaman bizim qəlbimizdə yaşayacaqsan. 
 
 Xəyalə Rəis