Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbiyyatı taleyim kimi duyuram – Orxan Həsəninin müsahibəsi
3946
25 Noyabr 2019, 09:18
  Bu günlərdə hərbi xidmətdə olan gənc yazar Orxan Həsəni məzuniyyətə gəlib. Onu redaksiyamıza dəvət edib yaradıcılığı haqqında söhbət etdik. Artkaspi.az saytı Orxan Həsəniylə olan müsahibəni təqdim edir: 
 
 

  –  Hərbi xidmətdə 5 ay necə keçdi?
  –  İlk günlər ta uşaqlığımdan bu yaşımacan hər şeyin, bütün yaşadıqlarımın, çətinliklərimin məni ora, oradakı mühitə hazırladığını düşünürdüm, yeniyetmə vaxtı sevdiyim qız da, universitet həyatımın dərsə tələsmək cəhdləri də, qırmızı işıqlarda, liftlərdə, dayanacaqlarda darıxmaq da, yağışlarda islanmaq, qarda üşümək, istidən təri topuğundan çıxa–çıxa Bakı küçələrini "köhnəltmək də” məni o mühitə hazırlayırdı. Dünyada hər şey ordan, səhər altıda oyanmaqdan, yüz əlli nəfərlə eyni həyatı yaşamaqdan ibarətdir. Əvvəl belə düşünürdüm düşünməyinə, ancaq gün–günü qovduqca, hisslərim laylandıqca, palaz kimi üst–üstə qalaqlandıqca hər şey mənə bir yuxu kimi gəlirdi və elə bilirdim keçmiş deyilən şey yoxdu. Penalopenin şərfiymiş ömür, yuxarıdan hörüldükcə, aşağıdan sökülən. Nə yaşamışamsa, canımdan ağrı kimi nə sovrulub çıxıbsa, hansı küçələri addımlamışamsa, o küçələrdə hansı əllərdən tutmuşamsa və o küçələrdə hansı əlləri buraxmışamsa, sən demə, oxuduğum bir kitab imiş, baxdığım bir film imiş və hər şey mənə bilavasitə yaxınmış. Keçmişimlə aramdakı məsafənin səhra kimi genişlənməyi ilk günlərin çətinlikləriydi. Siqaret fasiləsində əsgər yoldaşım qolumdan tutub bu sözləri elə dedi ki, özümü inanmağa məcbur hiss elədim: "Bilirsən, indi bizə niyə çətindi? Çünki, çevrilib arxaya baxanda ancaq mülki günlərini görürük. Elə bir zaman gələcək ki, bura təkcə bədənimizlə deyil, həm də xatirələrimizlə aid olacağıq, o vaxt hər şey gözəl olacaq”. Həmin gün içimdə birdən "Günəşli günlər görəcəyik, cocuqlar” deyən Nazim Hikmət səsi canlandı və o səsin arxasında hər şey görünməz oldu. İlk beş ayın çətinliyi əvəzsiz idi. Hərbi dağınıq bir ömrə çəkilmiş xətkeş zərbəsiydi. Sistemli olmağa başladım və ən çox bu sistemlilik yazı vərdişlərimə təsir elədi. Artıq hər gün balaca, qara blaknotuma mütəmadi nələrsə yazır, gecələr yazdıqlarımı oxuyur, əsgər yoldaşlarımdan müsahibələr alır, onları xarakter kimi açmağa, obraz kimi görməyə çalışırdım. Hərftəyə bir bloknot tamam dolurdu. Suallar isə dəyişmirdi:
  -   Sən canın, nə yazırsan?
  -   Sən yazıçısan?
  -   Məndən də yaz da!
  -   Axşam həyatımı danışım yaz, bəyənəcəksən, kino kimidi!
  -   Həyatımı danışsam oturub ağlayarsan, özüm danışmıram!
  Hər günü romantik yaşamağa çalışırdım, ancaq ədəbiyyat sevgimi çiynimdə günah kimi daşıdığımı, bu yükün ağırlığında büküldüyümü də etiraf eləməyiləm. İçimi güvə kimi yeyən hislərin əhatəsində, dostlardan, doğmalardan uzaqda olmaq, hamıdan tədric alternativ dünya yaratmaq, gün boyu o dünyanın içində səkkiz yazmaq, yaddaşına ləpir izləri kimi hopan xatirələrdən dinclik tapa bilməmək. İlk günlər hislərini paltar kimi soyunub başlamaq istərdim günə.
  Zaman ilğım kimiydi, yaxınlaşdıqca uzaqlaşdırdı. İş elə gətirdi ki, üç ay bu hislərin əhatəsində tamam oldu və bölündük. Sonra yenə bölündük və Sərhəd Zastavasında xidmət etməyə başladım. 
  –  Kim nə işlə məşğul olub? 
  –  Taksi işləmişəm.
  –  Qəssab olmuşam.
  –  İşləməmişəm. 
  –  Marketdə satıcı olmuşam.
  –  Yazıçıyam.
  –  Yazıçı?
  –  Bəli. 
  Zabit, gizirlərimiz sağ olsunlar, ilk gündən xoş münasibət göstərdilər, ədəbiyyat yaratmaq üçün normal şəraitim oldu. 
  Bir də gördüm, avqustdu, bir də gördüm sentyabrdı, bir də gördüm oktyabrdı, bir də gördüm noyabrdı, bir də gördüm doğmalarımı qucaqlayıb "darıxdım” deyirəm. Beş ay keçdi. 

  –  Ədəbi mühit üçün darıxırsanmı?
  –  Əlbəttə, burnumun ucu göynəyirdi. Həyatımı kitab kimi oxuduğum zamanlar yazmağın xatırlamaq olduğunu dərk elədim və yaddaşımın künc–dalanlarında ilişib qalan xatirələrimiz məni silkələdi. "Gözəl bir həyat yaşamışam” – deyirdim və bu həyatı şərikli çörək kimi siz ədəbiyyat adamları ilə bölmüşdüm. Başqa yöndən orda operativlik yoxdu, əvvəl bir mətn yazırdımsa, xatırlayarsan, isti–isti sizlərlə bölüşüb fikirlərinizi alardım. Zövqünə güvəndiyim insanların düşüncəsi mənim üçün çox önəmliydi. Ordaysa, hər həftədə, ya on gündən bir telefon əlaqəsində olardıq,  adamların bir–bir adlarını çəkib xəbər alardım, yaxşıdılarmı, nə yeniliklər var və s. Danışıq bitərdi və "bu dəfə də oxuya bilmədim” – deyərdim – "cəhənnəm, başqa vaxta qalsın”. Başqa vaxt da başqa yazılar olardı və mən heç o yazıları sənə oxuya bilməzdim. Kortasarı oxuduğum zamanlarda içimdə dəhşətli bir həssaslıq yaranmışdı. Məsələn, Kortasar yazırdı "Sibilla, mən səni tam görə bilmək üçün əvvəlcə gözlərimi yummalıydım” beş dəqiqə sonra Şərif Ağayarla, Fərid Hüseynlə, Ayxanla, sənlə danışardım və deyərdim "İlahi, bu necə intəhasız bir sevgidir, bu nə nüvəydi vücudi–canım içrə dolaşmaqda”. Ancaq bu işin sentimentalist tərəfləridir. Mənə elə gəlir ki, xüsusən, bizim kimi ölkələrdə ədəbi mühit zərərlidir. Yazmaq tənhalıq, sistem, nizam məsələsidir. Ayxan ağıllı addım atdı, evləndi, mühitdən uzaqlaşdı, köçdü Xaçmaza. Yəqin, hərbi xidmətdən sonra xaricdə təhsilə hazırlaşacam. Şair demiş, intellektual axsaqlığım yolların hamar görkəmini pozur (Gülür). Mühit üçün yox, sizlər üçün darıxdım. 

  –  Orda kitabxanan var. Kortasar haqqında danışdın . Zamanın və məkanın çərçivəli olduğu bir situasiyada ağır deyilmi?
  – Ağırdı. Ədəbiyyat sərhədsiz düşüncə imkanları yaradır insanda, ancaq bir yerdə ruhunla vücudun yolları kəsişir. Tutaq ki, Parisdə bohem sənətkar həyatından, mühitindən bəhs eləyən Kortasarı Ceyrançöldə, nəhayətsiz bir sarılıq içində oxuyursan və birdən elə bilirsən ordasan, onların içdiyi içkiləri dadırsan, onların elədiyi zarafatlara gülürsən, Sibillaya sən də aşıq olursan, Rokamaduru sən də qucaqlayırsan, birdən içində elə bir sevinc, elə bir xoşbəxtlik buxarı yüksəlir ki, tez bir siqaret yandırmaq, taleyin hədiyyəsi olan bu xırda xoşbəxtliyi ovcunda şam işığı kimi qorumaq, sönməyə qoymamaq üçün yerindən götürülürsən. Yolun yarısında, o xoşbəxtlik əşya kimi əlindən düşüb sınır, fərq və genişlik duyğusu özünü pessimizmə verir. Siqaretə baxa–baxa "Heyif” deyirsən "Az qalmışdım ki, çatam”. Ancaq çərçivə təkcə bizdən kənarda deyil, həm öz içimizdədir. İnsan xislətində buqələmunluq var. Zamanla düşdüyün mühitin rənginə bürünürsən, məsələn, birdən çevrilib olursan Ceyrançöl, çölün ruhuyla qarışırsan, xəmir kimi yoğurulursan. Belə zamanlarda ağzında qum xırçıltısı duyursan, elə bilirsən qulaqlarından qum axır, içindən canavar ulartısı eşidilir, o canavar ulatrısının əksində it hürür, qoyun mələşir, sən Ceyrançölün içində olduğun kimi, sənin də içində nəhəng bir Ceyrançöl genişlənir. Beləcə, hislərin quru çörək kimi ovxalanıb tökülür üstünə. 
 
 

  –  Orada sənin yazarlığına münasibət necədi?
  –  Müsbətdir. İlk getdiyim gündən həm əsgər heyəti, həm də zabit–gizir heyəti üçün maraqlı gəldi. Gözəl insanlarla bir yerdəyəm. Zastavaya o qədər öyrəşmişəm ki, xidmətdən qayıdanda elə bilirəm, evə dönürəm. Doğrudan, müvəqqəti də olsa, ora bizim evimizdi. Cənab leytenantımız rahat yaza, oxuya bilməyim üçün "Dəftərxana”da şərait yaradıb. Cənab polkovniklərimiz də elədir, ədəbiyyatdan danışdıq, onlara kitab hədiyyə elədim və Zastavadan müsbət bir formada ayrıldılar. Onlar da yazmağımın lehinədirlər.

  –  Əsgərlərə şeir oxuyursan...
  –  Şeirsiz günümüz olmur. Salam Sarvandan, Eldar Baxışdan, Aqşin Yeniseydən, Fərid Hüseyndən, Həmid Herisçidən, səndən bloknotumda yazdığım şeirləri oxuyuram. Birdən içimizdə XIX əsr hüznü dolaşır. Ən çox Nazim Hikməti sevirlər. "Ümidli şairdi” – deyirlər. 

  –  Daha kimləri xatırlayırsan?
  –  Ailəmi, sevdiyin xanımı, dostları. Hamısı insan əhvalının bir tonudur. Hava buludlu olanda köhnə sevgililərimi xatırlayırdım, yağış yağırdısa, dostlarımı, günəşli günlərdə ailəmi.. Məsələn, kilisədəki o müdhiş günü xatırlasam, hə, sonra "28 May” metrosuna çatanacan yağışda islanmışdıq, mənim cibimdə axşamkı teatra bilet vardı, "Ölülər” əsəriydi, yaxşı yadımdadır. Sonra qucaqlaşdıq, yağış kirpiklərindən damcı–damcı düşürdü. Günlərin bir günündə hərbi hissədən bayırda qırmızı bir balon yüksəldi. Çox yəqin hansısa uşağın əlindən çıxmışdı. Birdən o balonun timsalında zamanı gördüm, zaman qırmızı–qırmızı qalxdı, siqaret əlimdə cazibəyə düşdüm. Eləcə, baxdım, baxdım, baxdım. Birdən "Zastava, düzül”! əmri. Və dörd saatda qurduğun planlar puç. Dəhşət günüydü, Rəvan. O günü heç vaxt unutmaram. (Gülür). 

  –  Növbəti 7 ay necə keçəcək?
  –  Yaxşı mətnlər yazmaq, oxumaq, ingilis dilini öyrənmək və xidməti ideal şəkildə təşkil eləmək. İyirmi iki yaşımdayam və ədəbiyyatı taleyim kimi duyuram, duyuramsa, taleyimi realizə eləməliyəm. Həyatda heç nə boşuna deyil. 
 
  Söhbətləşdi: Rəvan Cavid