Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbiyyat həyatdan niyə maraqlıdır?
990
23 Oktyabr 2018, 11:26
  Artkaspi.az Ayxan Ayvazın "Ədəbiyyat həyatdan niyə maraqlıdır?" adlı yazısını təqdim edir:    
 
 

 
  Mən üç ay özümü azadlıqdan məhrum edib evdə kitablarla vaxt keçirəndə tez-tez bu sualı düşünürdüm: "Ədəbiyyatmı daha maraqlıdır, yoxsa həyat?”
  Düz üç ay həyatdan qopdum. Balaca, birotaqlı evimizdə kitablarla yatdım, kitablarla durdum. Gecəmi gündüzümə qatdım. Yalnız yemək və siqaret fasilələrində pəncərədən həyata baxa bilirdim. Qazanı qaynadıb özümə yemək bişirəndə xəyalımda oxuduğum kitabların qəhrəmanları və yaradacağım əsərlər dolaşırdı. 
  Pəncərədən görünən həyatla maraqlanırsınızsa... Darıxdırıcı idi... Elə hey maşınlar elədən-belə, belədən elə şütüyür, fikirli, qayğılı, tələsən adamlar gözə dəyirdi. Bir də ağaclar vardı, təbii. Hərdən küləyin toxunuşuyla ayılıb saçlarına düzəliş verən ağaclar. 
  Otağımda gözlərim yalnız kitabları görürdü. Başqa əşyaları qaranlıq udmuşdu elə bil. Mənə oxşayan bir adam da peyda olmuşdu. İlk gecə qorxmuşdum ondan. Yerimdən dik atılmış, bərkdən qışqırmışdım. Ağzımdan tutub sakitcə demişdi:
  – Mən sənəm. Niyə özündən qorxursan ki?
Bir stəkan su içib özümə gələndə qarşımdakı adamla artıq söhbət edirdim:
  – Bilirsən ki, gələcəkdən, hər şeydən qorxuram. Narahatam. 
  – Bilirəm. Ona görə də ədəbiyyata sığınmısan. 
Çoxdandır beynimi deşən sualı ona verdim:
  – Ədəbiyyat həyatdan daha maraqlıdır?
  – Əlbəttə... – çox əmin halda dedi və stula yayxanıb siqaret yandırdı. 
  – Evin içində çəkmə... Bacım görsə... 
  – Bax... Ədəbiyyatda bu yoxdu. Həyat qadağalar və çərçivələrlə doludur. Ədəbiyyat isə azadlıqdır. Ucsuz-bucaqsız azlığın içində xoşbəxtcəsinə yaşamaqdır. 
  – Ucsuz-bucaqsız azlıq... Hə... Biz çox azıq. Hərdən mənə elə gəlir ki, adamlar niyə ədəbiyyatın varlığından xəbərsizdir. Bəlkə onlar xoşbəxtdirlər deyə. Biz bədbəxtikmi? Ədəbiyyata dəyən adamlar bədbəxtdirmi?
  – Xoşbəxt bədbəxtlərdi. Bir anlamı var bu bədbəxtliyin. Yoxsa ki, mənasız bir xoşbəxtlik kimin nəyinə lazımdır?
  – Haqlısan. Pamuk nə deyir? Həyatdan daha təəccüblü heç nə ola bilməz. Bircə yazıdan başqa. Yəni ədəbiyyatdan. 
  – Lyosa bundan yekə bir yazı yazıb. Ədəbiyyatsız dünya. Prust da deyir ki, əvvəl-axır aydınlığa, gün işığına qovuşan, bütövlükdə yaşanmış yeganə gerçək həyat ədəbiyyatdır.
  Mən üç ay kitablarla özümü həbsə atdım. Və bu üç ay ərzində çox kitablar oxudum, bu adamla çoxluca söhbətlər etdim. Başa düşdüm ki, ədəbiyyat insana insan olduğunu xatırladan sənətdir. Bizi xəyallarımıza bir az daha yaxınlaşdıran sənət. Sən bu dünyadan narazısan, hər şey sənin xəyalında daha gözəldir. Bu xəyalı sənə ədəbiyyat verir. O dünyada istədiyin kimi yaşayırsan. 
  Sözlə mutlu olmaq. Bu nə deməkdir? 
  "Buna bax, bir cümləyə görə hoppanıb-düşür”. Görəsən, kənardan bizə baxıb bunları deyən və əlini-əlinə vurub şaqqanaq çəkən adamlar varmı? 
 
 
 

  Üç aydan sonra həyata qayıtdım. İçimdə daşıya bilməyəcəyim sayda kitab, üzüm tüklü, saçlarım süpürgə kimi uzanmış – güzgüdəki əksimin mənə oxuduğu şeirdən bir parça... Qapını açıb çölə çıxdım, həyata ayaq basdım. 
Maşınlar... İşıqforlar... Marketlər... Adamlar... Ağaclar... 
  Dostumun dediyi sözlər qulağımı sığalladı:
  – Adamlardan bezəndə ağaclara sarıl. 
Ağaclardan birini qucaqlayıb xəyal qurdum. Yazacağım həyat. Əslində biz yaşamadıqlarımızın qisasını yazmaqla çıxmırıqmı? Məsələn, mən həyatda edə bilmədiklərimi yazıda eləyirəm. Yazı mənim üçün futbol meydançası kimidir. Və bu meydançada özümü Messi kimi hiss edirəm. Sözləri top kimi oynatmaqdan xoşum gəlir. 
  – Neynirsən?
  – Sən kimsən? – gözlərim qapalıydı deyə kimin gəldiyini bilmədim. 
  – Ala dəlisən sən? Aç gözlərini. Mənəm. Məhlə uşağı. Namiq. 
  – Vay, Namiq. Necəsən, qardaş?
  Əl tutub görüşdük. Qardaş gözlərini rentgen şuası kimi üzərimdə gəzdirib şaşqın-şaşqın mənə tamaşa elədi.
  – Nolub sənə? Xəstələnmisən? – ciddi-ciddi soruşdu. 
  – Yox... – onu başımdan eləmək və xəyali dünyama qayıtmaq istəyirdim. 
  – Qaqa, gedək çay içək... 
  Onu yoxa çıxardım. Ağlınıza başqa bir şey gəlməsin. Birdən hər şey gözlərimdə ağ kağız kimi göründü. Mən dünyanı böyük bir mətn kimi qavradım. Qabağımda ağ kağız yazmağa başladım. Hələ də yazıram... Yazmaq o qədər böyük xoşbəxtlikdi. Yazmaq mənim tənhalıq ərazim...