Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbi yaradıcılığın zərərli təsiri varmı? – Sorğu
198
04 Oktyabr 2018, 08:17
  Orta məktəbdə ədəbiyyat dərsliklərində fənnin tərifi "Ədəbiyyat söz sənətidir” kimi verilirdi. Oxucularla sorğularda isə bu suala "ruhun dincəlməsi”, ”təfəkkür dünyası”, ”duyğu və hisslərin təcəssümü”, "ədəbi həyatı əks etdirən əbədi sözlər”, "ədəbiyyat həyatın özüdür” və s. kimi cavablar eşidilir. Ədəbiyyat həvəskarları mütaliə etdikləri ədəbiyyatın təsir gücünə uyğun da tərif söyləyirlər.  Borevin məşhur "Estetika” kitabında deyildiyi kimi: "Həyatdakı çirkin hadisələr də bədii əsərdə təsvir olunur, estetik zövq verir. Bu zövqün əsasında sənətkarın ustalıqla təsvir edə bildiyi gerçəklik predmetlərini dərketmə sevinci dayanır”. 
 
  Missiyası daha çox, insanları maarifləndirmək, zövqü və təfəkkürü formalaşdırmaq, emosiyaları tərbiyə etmək və s. olan ədəbiyyatın, bəzən zərərli təsirləri də vurğulanır. Ədəbi əsərlərdə məsələn, müharibəyə çağırış kimi nüansların qabardılması bəzi yazarların zərərli tendensiyaları təbliğ etməsi kimi analiz edilir. O cümlədən, detektiv janrda yazılan əsərləri də zərərli ədəbiyyat nümunələri adlandıranlar var. 
  Yaradıcılığı zərərli hesab olunan ədəbiyyat adamlarının yazdıqları nə qədər ədəbiyyat nümunəsi sayıla bilər? Ümumiyyətlə, ədəbiyyatda, yaradıcılığın zərəri və ya xeyri necə müəyyənləşir?
 
 
  Zamanın tənzimləyəcəyi axın
 
 


 
  Yazıçı Azad Qaradərəliədəbiyyatda "zərərli” sözünə deyil, "lazımsız” sözünə önəm verir: "Zərər yox, məsələn mən lazımsız deyərdim. İstedadla yazılmayan, çoxlu pul və kağız israfına səbəb olan, oxucuların zövqünü korlayan bütün "əsər"ləri lazımsız, yaxud sizin sözünüzlə desək "zərərli” hesab edirəm”. Yazıçının fikrincə, sovet dövründə belə mətnlər daha çox yazılıb və nədənsə belə zəif mətnlər daha çox təbliğ olunub: "Nə yazıqlar ki, indi bu, pik nöqtəsinə çatıb. Kimin pulu var, ağzına gələni yazıb, çap etdirir. İllah da internetdə yayılan "internet ədəbiyyatı” lap əttökəndir. Amma həmişə olduğu kimi, bu axını da zamanın tənzimləyəcəyinə inanıram. Ayranlar axıb gedəcək, yağ üstdə qalacaq”.

 
   "Bulvar ədəbiyyatı”, yaxud "sarı ədəbiyyat”
 
 
 
 

  "Yaradıcılıq kütləvi zövqün arxasınca gedəndə, ötəri dəblərə və mövzulara aludə olanda zərərli prosesə çevrilir”– deyən yazıçı-publisist Nəriman Əbdülrəhmanlının sözlərinə görə, bunu ədəbiyyatşünaslar "bulvar ədəbiyyatı”, yaxud "sarı ədəbiyyat” adlandırırlar: "Belə "ədəbi əsərlər” insan mənəviyyatına mənfi təsir göstərir, oxucunu gündəlik, ötəri, xırda qayğılarla yaşamağa sövq eləyir. Təəssüf ki, bu cür "ədəbiyyət” həcm etibarilə dünyada, Azərbaycanda da ciddi ədəbiyyatı üstələyir. Ən qorxunc məqam budur ki, belə "əsərlər”in tirajı və oxucuları daha çox, yayılma arenası daha geniş olur, hətta müxtəlif yollarla məktəb dərsliklərinə də yol tapa bilirlər. Nəticədə, böyüyən nəsildə mənəvi dəyərlər barədə səhv təsəvvür formalaşır, bədii zövq aşağı səviyyədə olur. Xüsusilə, böyüməkdə olan nəsil üçün ziyanlı xarici əsərlərin tərcümə edilib kütləvi tirajla çap olunması, xoşagəlməz faktdır”. Yazıçı, Harri Potter, Hobbit kimi qəhrəmanlar barədə nəşrlərin kitab bazarımızı doldurmasının qəti əleyhinə olduğunu bildirir. Belə ki, o kitabları oxuyan uşaqlarda gələcəkdə yüksək bədii zövq formalaşa bilməz: "Bütün bunların qarşısını almaq üçün də dövlət proqramının hazırlanmasına ehtiyac var”.
 
  Düzgün olmayan ideologiyanın təsiri
 
 
 
 

  Yazar Səxavət Sahilyazmağın və yazıçılığın heç vaxt zərərli olduğunu düşünmədiyini deyir: "Yazmaqla kiməsə zərər gəldiyini və ən azından, kiminsə narahat olduğuna da inanmıram. Lakin burda başqa məsələlər də var. Cəmiyyət üçün hansısa düzgün olmayan ideologiyaya uyan yazıçı, həmin ideologiyanın təbliğatçısına çevrilir. Cəmiyyət də az qala Allah kimi inandığı yazıçının düşüncəsinə inanıb onun ardınca getmək istəyir. Məlumdur ki, yazıçı bilərəkdən bu işlə məşğul deyil, amma nəticədə, mənfi ideologiyaya xidmət edir. Sovet dövründə yazıçılarımızın çoxu kommunist ideologiyasına xidmət edirdi. Adamlar da onları oxuyub, xoşbəxt gələcək haqqında xəyallar qururdular. Təsadüfi deyil ki, indi bəzən yaşlı nəsildən kommunist dövrünün xiffəti haqqında sözlər eşidirik. Bu, həmən zərərli ədəbiyyatın nəticəsidir. Kommunizmə xidmət edən yazıçılar da özləri bilmədən, onlara uydu, inandı və bu ideologiyanı mədh etdilər. Bu da onların düşüncəsinin kasad, bəzən də qorxaq olması ilə bağlıdır”. Yazar hesab edir ki, zərərli ədəbiyyatın müəyyən edilməsi zamanın işidir. İndi öz dövründə yaşayan, səninlə müasir olan yazarın zərərli və ya xeyirli olması haqqında düşünmək bir az yersiz olar: "Bunun üçün dövr dəyişməli, ən əsası isə ictimai formasiya yenilənməlidir ki, soyuq başla qiymət verən olsun. Məncə, konkret ad çəkməyə ehtiyac yoxdur. Hesab edirəm, bizim sovet dövründə yazılan əsərlərin əksər hissəsində, xüsusən də poeziyada bu zərərli nümunələr var. Təkcə partiya və quruluşu tərifləmək əsas məsələ deyil, eyni zamanda dünyagörüşü, insanlara münasibət və gələcək haqqında düşüncələrdə də zərərli nəsə tapmaq olar. Düzdür, bunları qadağan etmək ədalətsizlik olar, amma zaman bunların qiymətini necə lazımdı, verir”.
 
   Aşırı humanizmin zərəri
 
 
 

  Yazar Emin Pirinin fikrincə, heç bir yazıçıya bədii təxəyyül məhsulunu ortaya çıxarmağa qadağa qoyula bilməz. Amma bir çox məsələlərdə yazıçının vicdan məsələsi, vətəndaşlıq yanaşması olmalıdır: "Zərərli dedikdə, bunu zaman və məkan prinsipində müqayisə edərdim. Misal üçün, bizə bəşəri ideyalarla tanıdılan böyük yazıçıların əksəriyyəti, əslində milli, dövlət məsələlərində prinsipial olublar. Elə götürək, fransız ədəbiyyatını. Fransa-Prussiya müharibəsi zamanı fransız yazıçı və şairləri qapı-qapı düşüb xalqı müharibəyə, vətəni qorumağa çağırırdılar. Elə Viktor Hüqonun özü. Deyirdi ki, qoy hər bir fransız evi, bir qurban versin, amma şərəfimizi qoruyaq. Dünya şöhrətli yazıçılar haqqında bu cür minlərlə misal çəkmək olar. Amma nədənsə, bizə çatan, təbliğ olunan humanizm olur. Bu gün Avropa milli, dövləti təhlükələri dəf etdikləri üçün üçüncü ölkələrə kosmopolit ideyalar sırıyırlar. Bir çox yazıçılar da onların bu tələsinə düşür. Düzdü, bu, həm də müəyyən anlamda gəlir deməkdir. Avropa milli özünüdərk prosesini keçib. Ona görə də kosmopolitizmə aid, qulağa xoş gələn bəşəri dəyərlər haqqında yazmaq onlara heç bir problem yaratmır. Amma işğal altında torpaqları olan bir məmləkətdə, bəşəri dəyərləri əldə bayraq edərək humanizm ideyasına sırınmaq, bu cür əsərlər yaratmaq xəyanətə bərabərdir və zərərlidir”. Yazarın fikrincə, nə zaman Azərbaycan öz torpaqlarını bərpa edər, bizim bu kimi problemlərimiz olmaz, o zaman bizim yazıçılar da Avropa yazarları kimi dünyaya bəşəri ideyalar səpərlər: "Kimsə demir ki, pafoslu, millətçi, təfriqə yaradan əsərlər yazsınlar. Amma milli qüruru sındıracaq əsərlər yazmaq da olmaz. Hazırkı durumda bu cür yaradıcılıq nümunələrinin təbliği, şəxslərin parlaq imzalara çevrilməsi prosesi həmin dövlətlərin Azərbaycan kimi ölkələrdə təbliğ mexanizmlərindən biridir. Yenə deyirəm, bu, vicdan məsələsidir, eyni zamanda bu tip yaradıcılıq nümunələri hazırda Azərbaycanda zərərli və təhlükəlidir. Aşırı humanizm Azərbaycan kimi ölkələrdə yaradıcılıqda tələdən başqa bir şey deyil”.
 
   Əsərlər estetik gözəllik bəxş etmirsə...
 
 
 
 

  "Əgər ədəbiyyatda "yazıçı” sözü varsa, onun yazdığı zərərli ola bilməz”  deyən tənqidçi Vaqif Yusiflinin fikrincə, sadəcə zərərli məqamlar avantüraya meyl edənlərin yaradıcılığında meydana çıxa bilər: "Dünyanın hər yerində onların yazdığı ədəbiyyat zərərlidir. Mən Azərbaycan ədəbiyyatında zərərli əsərlər yazan yazıçılar tanımıram. Bayağı əsərlər, yəni oxucuları gözəllik aləmindən ayıran, saxta gözəlliyə aparan əsərlər ola bilər və onları zərərli saymaq olar. Yəni bu tip əsərləri oxumamaq daha məqsədəuyğundur. Təbii ki, bu cür əsərlər də çap olunur. Bu əsərlər insana heç bir estetik gözəllik vermir”. Tənqidçinin fikrincə, bu gün  həqiqi və qrafomaniya ədəbiyyatı mövcuddur: "İstər paytaxtda, istərsə də bölgələrdə şair və yazıçı adını daşıyan, amma əslində böyük sənətin bir addımlığında dayana bilməyən yazarlar var. Onların yazdıqlarının heç bir xeyri yoxdur. Çünki oxucu yazılan əsərdən heç bir xeyir götürmürsə, onu ədəbiyyata aidiyyəti yoxdur”. 
 
 
   Hazırladı: Təranə Məhərrəmova