"DailyMail”də Cek Londonun "Ədəbi uğur
yolunda həlledici faktorlar” adlı məqaləsi dərc olunub. Müəllif məqalədə
doğulduğu San Fransiskodan başlayan macəra dolu yolda başına gələnlərdən bəhs
edir. Ömrünü macəra yaşamaq ehtirasının ağuşuna atmış Cek London ona beynəlxalq
məşhurluq qazandırmış yolda həlledici saydığı faktorları diqqətə
çatdırıb.

Məqalənin əvvəlində qitənin dörd bir
yanında keçirdiyi çətin, keşməkeşli günlərdən bəhs edən müəllif, başına gələn
bütün hadisələrin, qaldığı hər məkanın, tanıdığı əksər insanların qazandığı ədəbi
şöhrətdə payı olduğunu vurğulayır. Olduqca çətin həyat şəraitində yaşamasına, məşəqqətli
ömür yolu keçməsinə baxmayaraq, ona ədəbi karyera yolunda zirvənin dadını
yaşadan və hamı üçün keçərli olduğuna inandığı faktorları səmimi bir dillə
"uğurun sirri”ni axtaranlarla paylaşıb. Sözügedən məqalədəki əsas başlıqları təqdim
edirik:
* Çox şanslı olmağım – Həyatda pul,
nüfuz, bilik hər şeyi həll edə bilmir. Bütün həlledici məqamlarda işiniz şansa
qalır. Həyat yoluma nəzər salsanız, görərsiniz ki, mən bugün varamsa, bu şansın
nəticəsindədir.
* Sağlam olmağım – Bəzən insanlar bunu
həyatda onuncu, on beşinci faktor hesab edirlər. Ona görə də sıradan biri kimi
ölürlər.
* Zehnimlə bədənim arasındakı balansı
qorumağım – Əsla yazı prosesi əla gedir deyə, özümü fiziki baxımdan
zorlamamışam. Bədənimi dinləyib, ehtiyaclarını qarşılamışam.
* Səfalətdən keçməyim – Səfalət məni tələskən
elədi. Həyatda heç nəyi öz axarına buraxmamaq vərdişi aşıladı.
* Uidanın (Laria Lui Ramen)
"Siqna"sını oxumağım – Onda hələ səkkiz yaşım vardı. Bu hekayə
zehnimin sərhədlərini genişləndirdi, göstərdi ki, bəzən sadəcə cəsarətə ehtiyac
var. Mən də sadəcə cəsur davrandım.
* "Tərzin fəlsəfəsi”ni ("Pylosophy
of style") oxumağım – siz də bu kitabı oxuyun. O məndə maraqlı düşüncələr,
dərin duyğular oyatdı, zövq aşıladı, seçimlərimi ağ kağızda canlandırmaq
bacarığı formalaşdırdı.
* Ağıldan nəsibimi almağım – Ağıllı
olmaq mənim nəzərimdə şanslı olmağın önünə keçə bilmir. Amma çox vaxt sizi xoşbəxt
təsadüflərə aparan yolu da ağıl seçdirir.