Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbi mükafatların “qazanc”ı – Müzakirə
2001
22 Yanvar 2018, 08:18
  Artkaspi.az "Ədəbi mükafatlar yazarlara nə qazandırır?" adlı müzakirəni təqdim edir:
 
 Beynəlxalq və ölkə miqyaslı ədəbi mükafatların ədəbiyyat adamlarının - şair, yazıçı və ya tənqidçilərin həyatında rolu danılmazdır. Mükafatın statusundan asılı olaraq, onun yazara gətirdiyi nüfuz da təbii ki, fərqlidir. Yazarlar bu nüfuzdan istifadə edərək, oxucu kütləsini həmişə ətraflarında qoruyub saxlaya bilirlərmi? Ümumiyyətlə, ədəbi mükafatlar yazarlara nə qazandırır? Ömürlük nüfuz, ətalət, yoxsa yaradıcılıq motivasiyası?
 "Müzakirə”mizdə səslənən fikirlər birmənalı deyil.
 
 Mükafat insan əməyini stimullaşdırır
 


 Şair Vaqif Bəhmənliyə görə, hər bir yaradıcı insan çəkdiyi əziyyətin qiymətini görmək istəyir. Belə ki, əgər bir şair oxucu sözü, alim rəyi eşidirsə, bu da onun mükafatıdır. Onun yaradıcılığına, zəhmətinə, bədii kəşfinə verilən qiymətdir: "Həm dövlət, həm ictimai təşkilatlar, həm yaradıcılıq evləri, həm nəşriyyatlar və qəzet və jurnallar tərəfindən verilən ödüllər var. Bu, bütün dünyada qəbul olunmuş təcrübələrdən biridir. Biz beynəlxalq səviyyəli toplantılarda, sərgilərdə, müşavirələrdə mükafata yazıçının layiq görülməsini yaradıcılıq mərhələsi kimi müşahidə etmişik. Elə yazıçılar müşahidə elədim ki, onun yaradıcılığının mərhələlərini elə bu ödüllər müəyyənləşdirir. Sözün yaxşı mənasında, ödülü qazanmağın bir yarışma olduğunu müşahidə etmişəm”. Şairin fikrincə, mükafat qazanmaq üçün əsər müəyyən estetik dəyərə malik olmalı, oxucuların bədii zövqünü oxşamalı, müəyyən tələbatlara cavab verməlidir: "İnsan təfəkkürünün yaratdığı müəyyən təşəbbüslər içərisində pisi yoxdur. Bu mənada, ödüllər olmalıdır və yaradıcı insan bilməlidir ki, onun əməyi hansısa şəkildə dəyərləndirilir. Düzdür, ona münasibətlər müxtəlif ola bilər. Elə yazıçılar, şairlər ola bilər ki, onlar ödül barədə ümumiyyətlə, düşünmürlər. Yaxud elə insanlar var ki, ifrat dərəcədə ödül qazanmağa can atırlar. Elə sənətkarlar da var ki, onların yaradıcılığını cəmiyyət və dövlət görür və özünün xəbəri olmadan onu mükafata layiq bilir. Mükafat insan əməyini stimullaşdıran, ona qol-qanad verən bir amildir». V.Bəhmənli hesab edir ki, hər bir yazarın əməyi müəyyən bir mükafata layiq görülsə, yaxşı olar: «Yazıçının əməyi sonda hansısa bir saraya, qəsrə çevrilmir. Bu, mənəvi xəzinədir. Yazıçı, sənət adamı, şair bu mənəvi qiyməti görmək istəyir. Haqqında yazılmış tərifli məqalə yazıçı üçün çox dəyərlidir. Və ya tamaşaçı əl çalırsa, bu alqışlar sənət adamı üçün əhəmiyyətlidir”. V.Bəhmənli hesab edir ki, bütün mükafatlardan daha üstün mükafat sənətkarın kəşf etdiyi bədii həqiqətdir: " Yəni sənətkarın özünün layiq olduğu bədii həqiqətdir. Ola bilər ki, onu heç on illər ərzində oxucu da görməsin. Ancaq həqiqətən bu varsa, mütləq üzə çıxacaq və doğurdan da o yazarın embleminə, yaradıcılığının mahiyyətinə çevriləcək. Əsas məsələ budur”.  
 
 Mükafat və anti-mükafat
 
 

 "Elə yazar var ki, o, mükafata layiq olur. Layiq olduğu üçün də aldığı mükafat ona nüfuz gətirir. Məsələn, «Qızıl kəlmə» mükafatı. Bu, Azərbaycanın ali ədəbiyyat mükafatıdır” deyən tənqidçi Əsəd Cahangir hesab edir ki, belə bir mükafatı almaq hər bir qələm adamı üçün qürur və fərəhdir: "Hərçənd bəzən müəyyən məqsədlərlə təsis edilən mükafatlar da olur. Yəni ciddi xarakter daşımır, kimlərinsə məqsədinə xidmət edir və ya həmin mükafatı almaq qələm adamına o qədər hörmət gətirmir: "Elə mükafatlar da var ki, ola bilər çox nüfuzlu olsun, ancaq müəyyən amillər üzündən həmin ödülü daha çox layiq olan deyil, nisbətən layiq olmayan şəxs alanda, nəinki alan şəxsə, həmçinin o mükafatın nüfuzuna da xələl gətirir. Məsələn, «Milli kitab mükafatı» təzə təsis ediləndə bütün ədəbi aləm ona ciddi ədəbi mükafat kimi yanaşdı. Hamı belə bir mükafatın yaranmasına sevindi. Düzdür, mükafatı alan müəyyən şəxslər ona doğurdan layiqdirlər. Bu mükafatın ilk ödülçülərindən biri hazırda Amerikada yaşayan gənc yazar Elxan Qaraqan idi. O, bir-birinin ardınca bir neçə roman yazdı və doğrudan da həmin mükafata  layiq olduğunu sübut etdi. Beləcə, Azərbaycan ədəbiyyatı üçün gənc bir imza meydana çıxdı. Sonradan isə bu mükafat ətrafında ədəbi-estetik meyarları siyasi düşüncə üstələdi. Bu da həmin mükafatın nüfuzunun aşağı düşməsinə səbəb oldu. Şəxsən mən Azərbaycan ədəbiyyatının oxucusu kimi o mükafata ədəbi mükafat kimi deyil, siyasi xarakter daşıyan bir ödül kimi baxmağa başladım. Yəni hansısa xarici qüvvələrin əlində Azərbaycan ədəbi-bədii düşüncəsini idarə etmək üçün qurulmuş siyasi oyun kimi yanaşdım. Və bu mükafat mənim gözümdə əvvəlki nüfuzunu itirdi”. Tənqidçinin sözlərinə görə, indi dövlətimiz maddi imkanları çərçivəsində ədəbiyyat adamlarını qiymətləndirir və bu cür anlaşılmaz halların qarşısı yalnız ali dövlət mükafatı çərçivəsində aradan qaldırılır. Yəni mükafatlandırmanın nizam tərəfi bərpa olunur: "Mən 2014-cü ildə «Qızıl kəlmə» mükafatının ədəbi tənqid üzrə ödülçülərindən biri olmuşam. Eləcə də Heydər Əliyev Fondunun elm və ədəbiyyat adamlarına verdiyi mükafatı ali mükafat hesab edirəm. Ramiz Əsgər Mahmud Kaşğarinin «Divani lüğət -it-türk» adlı əsərini Azərbaycan dilinə çevirdi. Bununla da Azərbaycan filologiya elminin türk xalqlarının filologiya elmi qarşısında böyük bir missiyanı icra etdi”. Tənqidçi "hansısa yazar ədəbi mükafat alıb və onun əsərini mütləq oxumaq lazımdır” fikrinə birmənalı yanaşmır: «Əgər desək ki, həmin yazarın əsərini oxumaq və ya oxumamaq lazımdır, onda bir qədər ədəbi diktatura qurmuş olarıq. Çünki bu, oxucunun şəxsi işidir və o, öz seçimində azaddır. Çünki zövq barəsində mübahisə etmirlər. Ancaq təbiidir ki, istəsək də, istəməsək də mükafata layiq görülən müəllifin əsərlərini əks fikirli insanlar oxuyurlar. Çünki əksəriyyətində «madam ki, bu yazar mükafata layiq görülüb, onun yazısını oxuyaq» fikri yaranır. Bəzən də az qisim adamlar psixoloji, əqli cəhətdən çoxluğa tərs mütənasibdirlər. Onlar məhz reklam olunan, mükafata layiq görülən yazarların əsərlərini oxumurlar. Əksəriyyət isə oxuyur və mənə elə gəlir ki, oxumaq da lazımdır. Çünki layiq olmadığı halda qiymətləndirilən yazarlarla yanaşı, layiq olaraq qiymətləndirilənlər də var. Onların imzası ilə tanış olmaq lazımdır. Münsiflər heyətinin nə qədər haqlı olub-olmadığını bilmək üçün oxumaq lazımdır ki, ədəbiyyatla maraqlanan adamın müəyyən düşüncəsi formalaşsın. Mən bir tənqidçi kimi mükafata layiq görülənləri oxumalıyam. «Xoşum gəlmir, bunu oxumayım»  deyə bilmərəm. Onu da deyim ki, oxuduqlarım məni əksər hallarda peşman etmir. Müsabiqələr keçiriləndə, qaliblər müəyyənləşəndə yeni imzalarla tanış oluram və bu, tənqidçi kimi işimi xeyli asanlaşdırır». Tənqidçi bəzən mükafatın kölgəsində qalan, yəni bir əsər yazıb ödülə layiq görülən, sonra da həmin nüfuzu ömür boyu xərcləyən yazarların olduğunu da istisna etmir: «Bu, yazıçının özündən asılıdır. Mükafat qazanıb daha da ruhlanan və bir-birindən gözəl əsərlər yazan yazarlar da var, bir mükafat alandan sonra həmin mükafatın kölgəsində gizlənənlər də”. Ə.Cahangirin fikrincə,  xarici ədəbiyyatda olduğu kimi, bizim ədəbiyyatda da anti-mükafat təsis etməyə ehtiyac var: "Bu mükafat ən yaxşı yazıçıya deyil, ən pis yazıçıya verilən mükafatdır. Bəzən bizim müsabiqələrdə ən zəif əsərlərin müəllifini axtarıb tapır, mükafatı ona verir və onu həqiqi mükafat alan kimi təqdim edirlər. Halbuki onun adı anti-mükafat siyahısında olmalıdır. Arzu edərdim ki, bizdə də anti-mükafatlar yaradılsın”. 
Bu gün Azərbaycan ədəbi mühitində yeni mükafatların da yaradıldığını deyən tənqidçi hesab edir ki, ümumiyyətlə mükafatların olması insanların maddi vəziyyətinə kömək, gənc istedadların üzə çıxmasına yardım edir, o cümlədən qələm adamına müəyyən mənəvi stimul verir, onu yeni yaradıcılıq uğurlarına istiqamətləndirir: "Sənət adamlarına ömürlük təqaüdlərin verilməsini bu sıraya aid etmək olar”.
 
 Mükafatlar nisbidir
 


 Yazar Mirmehdi Ağaoğlu verilən ədəbi mükafatları mütləq etalon hesab etmir: "Ancaq nüfuzuna fərqlənən ədəbi mükafatlar var ki, onları almaq böyük uğur, göstərici sayıla bilər. Məsələn, "Buker”, "Qonkur” və s. ədəbi mükafatları var. Hər bir ölkənin özünün ədəbi mükafatları mövcuddur. Bu mükafatlar hər hansı yazıçı və əsər haqqında yüksək fikir bildirir. Bəzən bu mükafatlara istinadən kitab seçmək rahatdır. Yəni ədəbi məsələlərin içərisində olmayan oxucu bu mükafatlara istinad edərək həmin müəllifin əsərini oxuya bilər. Bu mənada mükafat yazıçıya nüfuz qazandırır. Ancaq bu o demək deyil ki, oradakı seçimlər mütləq mənada yaxşıdır. Nobel mükafatı yüz ildən artıq verildiyi müddətdə həm nüfuzlu yazıçılara, həm də adı sonradan heç yerdə çəkilməyən yazıçılara verilib. Bütün hallarda o yazıçıların Nobelə layiq görülməsinin özü kifayət qədər nüfuzlu olmalarına dəlalət edir. Buna şübhə etmək olmaz”. Yazar adətən kitab oxuyanda "Buker” mükafatının qaliblərinə üstünlük verdiyini deyir: "Mənim üçün bu mükafatın önəmi var. Hansı kitab bu mükafatı alıbsa, onun yaxşı kitab olduğunu düşünürəm. Məsələn, Salman Rüşdinin «Gecəyarısı uşaqları» üç dəfə "Buker” mükafatı alıb. Mən bu kitabın sanballı olduğunu düşünürəm. Digər tərəfdən, "Buker” mükafatının adı hələ ki, "Nobel” ödülü kimi, qalmaqallarda hallanmayıb. Bu mükafat hələ ki, öz nüfuzunu qoruya bilib. Bu baxımdan, mən bu mükafatı alan əsərləri oxumağa can atıram. Düşünürəm ki, bu mükafat sırf ədəbi kriteriyalar nəzərə alınaraq verilib».  Mükafatları həmçinin nisbi hesab edən yazar bildirir ki, münsiflərin seçimi zamanı hansısa etirazlara səbəb olan mükafat sahibləri də olur: "Belə hallar da var. Mükafat alan yazarlar birmənalı qarşılanmır və ya münsiflərin rəyi etirazlara səbəb olur”.
 
 Təranə Məhərrəmova