Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbi əlaqələr hansı səviyyədədir? – Sorğu
407
17 İyul 2017, 13:56
  artkaspi.az "Ədəbi əlaqələr hansı səviyyədədir?" adlı sorğunu təqdim edir:
 


 
  Keçmiş SSRİ ölkələri arasında ədəbi əlaqələrin sıx olduğu vaxtlar vardı. Qarşılıqlı görüşlər, səfərlər, ədəbi gecələr, kitab nəşrləri, ədəbi müşavirələr bu tip görüşlərin inkişafına təkan verirdi.  SSRİ dağılandan sonra ədəbi əlaqələr də zəiflədi. Hazırda MDB ölkələrinin ədəbi mühiti həmin əlaqələri olduğu kimi əvəz edə bilmir.  Ədəbiyyat adamları "Müzakirə”mizə keçmiş ədəbi əlaqələrdən nostalji ilə danışsalar da, əlaqələrin müəyyən qədər davam etdiyini də dedilər.
 
 
 

  Keçmiş əlaqələrin əks-sədası
 
 
  Şair Çingiz Əlioğlu keçmiş SSRİ ölkələri arasında ədəbi əlaqələrin əvvəllər daha sıx olduğunu etiraf etsə də, bununla belə müəyyən əlaqələrin mövcud olduğunu deyir. Belarus Yazıçılar İttifaqının üzvü olduğunu deyən şair 3 il öncə ədəbiyyata töhfələrinə görə, qurum tərəfindən ordenlə təltif olunub. Daha sonra prezident Lukaşenkonun əmri ilə iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına, Belarus mədəniyyətinin və ədəbiyyatının təbliğinə, informasiya və mətbuat sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfəsinə görə, "Fransisk Skorina” medalı ilə təltif olunub. 
  Bundan əlavə, Belarusda bir neçə mətbuat orqanının redaksiya heyətinin üzvü olan Ç.Əlioğlunun bu dövr ərzində həmin ölkədə 3 kitabı nəşr olunub. Həmçinin Moskvada "Xudojestvennıy literatura” nəşriyyatında rus dilində kitabı çapdan çıxıb: "Bu, artıq rus dilində nəşr olunan 10-cu kitabımdır. Həmçinin Pribaltika ölkələrində də kitablarım çap olunub. Olsun ki, bu, keçmiş əlaqələrin əks-sədasıdır”. Şairin sözlərinə görə, Ukraynada nəfis şəkildə nəşr olunan və MDB-yə daxil olan ölkələrin klassik və çağdaş mənzərəsini əks etdirən kitabda Azərbaycan şeirinin klassikası – Füzuli, Nizami, Xaqani, Sabir və digər görkəmli şairlərin, həmçinin poeziyamızın çağdaş nümayəndələrinin şeirləri çap edilib: "Biz Qazaxıstan yazıçı və alimlərini bu və ya digər dərəcədə çap edirik, onlar da bizim yazıçılarımızı. Mənim əsərlərim ötən illərdə Rusiyada 10, 20 min tirajla çap olunurdu. Həmçinin şeirlərim "Literaturnaya qazeta”, "İzvestiya”, "Komsomolskaya pravda” qəzetlərində, "Molodoya qvardiya” kimi jurnallarda çıxırdı. Ancaq sovet ordusunun Azərbaycana təcavüzündən sonra mənim Rusiyada çap olunmağa marağım azaldı. Olsun ki, bu məsələlər təkcə ədəbi əlaqələr müstəvisində həll olunmur. Burada dostluq hisslərinin səmimiliyi, paklığı öz rolunu oynayır”. Ç.Əlioğlunun sözlərinə görə, bu gün də Rusiyada çap olunan Anar, Elçin, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl və s. kimi yazıçı və şairlərimiz olsa da,  əvvəlki sıx əlaqələrimiz yoxdur. Belə ki, hazırda ölkələr arasında ədəbi əlaqələrin genişlənməsində mühüm işlər görən Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fəaliyyət göstərir. Səlim Babullaoğlunun rəhbərlik etdiyi Bədii Tərcümə Mərkəzi də bu istiqamətdə diqqətəlayiq işlər görür: "Amma məsələyə geniş miqyasda yanaşanda, bu əlaqələr əvvəlki kimi möhtəşəm deyil. Mən keçən il bir qrup cavan şairimizin şeirlərini Moskvada çıxan "Oryol” jurnalında gördüm və çox sevindim. Bu, ədəbi icmada yüksək qiymətləndirilən poeziya dərgilərindəndir. Bu gün Azərbaycan poeziyasında dünya poeziyasının nailiyyətlərindən geri qalmayan hadisələr baş verir. Müxtəlif yaş qruplarına aid istedadlı yazarlarımız var. Onlar çağdaş şeirin ən önəmli çağırışlarına cavab verən poetik nümunələr yaradırlar. Ancaq ölkələr, xüsusən MDB-yə daxil olan ölkələr hələ ki, bir qədər özlərinə qapanmış şəkildə müstəqilliyin eyforiyasını yaşayırlar. Ancaq elə hesab edirəm ki, bu əlaqələr getdikcə daha da güclənəcək. Ən əsası odur ki, bütün dünya ölkələrində və aparıcı dillərdə çap edilməsi və yayılması üçün Azərbaycan şeirinin çox maraqlı nümunələri var. Onlar əvvəlkindən daha artıq parlaqlıqla dünya ədəbiyyatı dərgilərində çap olunurlar”. Ç.Əlioğlunun sözlərinə görə, o, MDB ölkələrinin İcraiyyə Komitəsinin dövri mətbuat, kitab yayımı, nəşri və poliqrafiya məsələləri üzrə dövlətlərarası şurasının sədri kimi çalışdığı üçün həmin şurada iştirak edən insanların gətirdiyi nümunələr əsasında, onların ədəbiyyatında baş verən hadisələrlə daha yaxından tanış olmaq imkanı qazanıb: "Bu baxımdan xeyli məlumatlıyam. Ancaq inanıram ki, bu əlaqələr get-gedə möhkəmlənəcək”.
   
 
 

  Qlobal düşüncəyə təsir

  Postsovet məkanındakı əlaqələrin əvvəlki illərə nisbətən intensiv olmadığını deyən yazıçı Elçin Hüseynbəyli müxtəlif ölkələrlə müəyyən ədəbi əlaqələrin mövcud olduğunu deyir: "Məsələn, Ukrayna, Litva, Belarus, Moldova, Rusiya, Orta Asiya ölkələri ilə müəyyən mənada əlaqələr var. Sadəcə olaraq, həmin əlaqələr əvvəlki kimi fəal və sıx deyil. Eyni zamanda, Şərqi Avropa ölkələri və qardaş Türkiyə ilə əlaqələrimiz sovet dövrünə nisbətən intensivləşib. Bütövlükdə yanaşanda, bu əlaqələr məni qane eləmir. Məsələn, ədəbi-bədii tədbirlər bu sahədə azdır. Dərc olunan almanaxlar azlıq təşkil edir və bu tip nəşrlərə böyük ehtiyac var. Çünki ədəbiyyat sərhəd tanımır. Ədəbiyyat nə qədər geniş ərazidə tanınarsa, yazıçılar nə qədər bir-birlərinə bələd olarlarsa, hesab edirəm ki, düşüncə adamının birliyi dünyada gedən mənfi proseslərə əks yön verə bilər. Çünki ədəbiyyatın auditoriyası böyükdür. Azərbaycanda oxucu auditoriyası geniş olmasa da, Avropada çox genişdir. Və bu, bütövlükdə qlobal düşüncəyə təsir edə bilər”. E.Hüseynbəylinin sözlərinə görə, Azərbaycanın ədəbi qurumları tərəfindən bu tip münasibətlərin sıxlaşması üçün müəyyən addımlar atılır. Məsələn, Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin, qurumun öz xətti,  Mədəniyyət və Turizm Nazirliyinin vasitəsilə, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin xətti ilə bu cür əlaqələr həyata keçirilir. Görünür, konkret olaraq ədəbiyyatın inkişafı və əlaqələrin genişlənməsi üçün dövlət səviyyəsində bir layihə lazımdır. Bu layihə də həmin qurumlar arasında tenderə buraxıla bilər. Hansı qurum daha sərfəli variant təklif edərsə, bu işi ona tapşırmaq olar. Bu isə ciddi şəkildə maliyyə tələb edir. Telefon danışıqları, kompüter yazışmaları, sosial şəbəkə vasitəsilə yaradılan əlaqələr hələ ədəbi əlaqələrin genişlənməsinə faktiki təsir etmir. Jurnalların mübadilə yolu ilə çapı, səfərlərin təşkili, almanaxların nəşri, kitabların qarşılıqlı çapı lazımdır ki, bunlar da ciddi maliyyə vəsaiti tələb edir. Bu cür məsələlər isə yalnız dövlət səviyyəsində həll oluna bilər”. 
 
 
 

  Azərbaycan ədəbiyyatının təbliği

  Şair Vaqif Bəhmənli də MDB ölkələri arasında ədəbi əlaqələrin əvvəlki illərdəki kimi sıx olmadığı fikrini təsdiqləyir: "Doğurdan da keçmiş SSRİ ölkələrinin arasında sıx ədəbi əlaqələr olub və bunlar müxtəlif formalarda həyata keçirilib. Şairlərin şeirlərinin qarşılıqlı çapı bu əlaqələri möhkəmləndirib. Belə ki, Moskvada müxtəlif qəzet və jurnallarda Azərbaycan ədiblərinin şeirləri, povestləri və romanları rus dilinə çap olunur və yayılırdı. Bu əsərlər təxminən 200 milyon insanın auditoriyasına hesablanırdı: "Keçmiş SSRİ ərazisində yaşayan bütün xalqlar rus dilində rahat oxuyurdu və bu əsərlər də yayılırdı. Yəni rus dilində çıxan bir kitabı özbək də, türkmən də, qazax da oxuya bilirdi. Bu ədəbi əlaqələr o zaman çox yüksək səviyyədə idi. Həmçinin bu ədəbi əlaqələri SSRİ dövləti və respublikaları dəstəkləyirdi. O zaman Yazıçılar Birliyində xüsusi insanlar çalışırdı ki, onlar şairlərin, nasirlərin əsərlərini qurumun hesabına sətri tərcümə edirdilər. Yaxşı sətri tərcüməni şair və ya yazıçı Moskvaya aparırdı. Ədəbi cəhətdən yaxşı bir redaktor və ya tərcüməçi həmin əsəri yenidən bədii şəkildə tərcümə edirdi. Düzdür, poeziyanın tirajı o qədər çox olmurdu, ancaq yazıçıların əsərləri yüz min tirajla çıxırdı və bütün SSRİ-də yayılırdı”. V.Bəhmənli həmçinin keçirilən yaradıcılıq müşavirələrinin ədəbi əlaqələrin inkişafında böyük rol oynadığını deyir. Belə ki, Lvovda, Moskvada bu cür müşavirələr keçirilib: "Ədəbi tənqid, ədəbi mübahisə mədəniyyətinin nə demək olduğunu müşavirələrdə görmüşəm. Əsəri necə təhlil etməyi, onun ideyasının necə yarandığını və s. müzakirə edirdilər. Hətta, şeirin yazıldığı dildə səsləndirilməsini istəyirdilər. SSRİ Yazıçılar Birliyi ölkələrin yazıçılar birliyinə "Bu yazarın yaradıcılığı yaxşıdır və onu birliyə qəbul etmək olar”  tövsiyəsini edirdi”. Sovet dövründə fəaliyyət göstərən yaradıcılıq evlərindən danışan V.Bəhmənli hər il yazarların həmin yaradıcılıq evlərində dincəldiklərini və işlədiklərini xatırlayır: "Keçmiş SSRİ-nin hər yerindən böyük yazıçılar dəstəsi həmin yaradıcılıq evlərinə gəlirdilər. Çingiz Aytmatov, Andrey Tarkovski kimi görkəmli yazıçılar yaradıcılıq evlərində dincəlirdilər. Moskvada, Abxaziyada yazıçı və şairlərin görüş yeri var idi. Yazıçılar, şairlər orada təmas qurur, dilləri inkişaf edirdi. Sərhədlər qapalı olduğundan, Azərbaycanın Avropa ölkələrinə, hətta, Türkiyəyə, Cənubi Azərbaycana çıxışına məhdudiyyətlər olduğu halda, SSRİ respublikaları ilə münasibətdə heç bir problem yox idi. Əsərlər əsasən rus dilində çap olunurdu. Azərbaycan ədəbiyyatı, şairi və yazıçısı tanınırdı. Digər bir tərəfdən, Azərbaycan ədiblərinin başqa ölkələrin ədibləri ilə təması nəticəsində, onların ədəbi zövqləri də inkişaf edirdi. Bu, yaradıcı dostluq əlaqələri idi. Çox təəssüf ki, bu ənənələr unudulub getdi”. Hazırda MDB ölkələrinin ədəbiyyatı və kitab nəşriyyatı ilə bağlı komitənin olduğunu deyən V.Bəhmənli, son dövrlərdə onların iclaslarında iştirak etdiyini deyir: "Onlar  birgə qəzet və televiziya yaratmaq istəsələr də, bu,  prioritet olmadı. Artıq əlaqələr bir növ şəxsi müstəviyə keçib. İndi əlaqələr daha çox Türkiyə üzrə inkişaf edir. İngilis dilinə tərcümələr çoxalıb. Dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsində uğurlarımız var. Bunların hamısı birlikdə bir prosesdir – Azərbaycan ədəbiyyatının təbliğidir. Bütün bunlar Azərbaycan mətnlərinin, ədəbi nümunələrinin dünyaya yayılmasına, eyni zamanda, dünyadakı ədiblərin Azərbaycanda tanınmasına  xidmət edir”.  

  Hazırladı: Təranə Məhərrəmova