Biz imzaları yox, əsərləri dərc edirik...
Qız gecə burada qalsınmı?
1001
06 Aprel 2017, 11:25

artkaspi.az Avstriya uşaq ədəbiyyatından "Odunçu" nağılını təqdim edir:

 

Qədim zamanlarda bir odunçu varmış. O, meşənin kənarında nimdaş və kiçik daxmasında arvadı və 3 qızı ilə birgə yaşayırmış. Odunçu hər gün odun doğramağa gedər, həftədə bir gün isə onları satarmış. Bir gün səhər yenə işə yollananda arvadına deyir: "Bu gün günorta yeməyimi böyük qızla meşəyə göndər. Çünki, günortaya qədər işimi bitirməyəcəm. Qız yolunu azmasın deyə, yanımda bir torba buğda götürüb yola səpəcəm. Deyərsən, buğda dənələrini izləyə-izləyə gəlsin”. Günəş meşənin təpəsinə yüksələn zaman odunçunun böyük qızı bir qab şorba götürüb yola düşür. Lakin meşədə uçuşan sərçələr, çöl quşları, qaratoyuqlar, bülbüllər atasının səpdiyi buğda dənələrini çoxdan dənləyib, yedikləri üçün qız yolu tapa bilmir ki, bilmir... Günəş batıb, qaranlıq düşənə qədər meşədə sağa-sola gəzib, dolaşsa da, nə atasını, nə evin yolunu tapa bilir. Gecə bayquşların, canavarların səsi meşəni bürüyür. Qız qorxudan tir-tir titrəməyə başlayır. Bir qədər də getdikdən sonra uzaqda ağacların arasından bir işıq gəldiyini görür. Yaxınlıqda bir koma olduğunu anlayır: "Orada yəqin ki, kimsə yaşayır. Xahiş etsəm, onlar məni gecə yanlarında qonaq edərlər. Səhər isə oyanıb, evə yollanaram” - deyə düşünür. Komaya yaxınlaşıb, qapını döyür. İçəridən köntöy və boğuq bir səs "Gəl” deyə bağırdı. Qız evin qaranlıq daşlığına girdi. Otağın qapısı bağlı olduğundan, yavaşca taqqıldatdı və eyni səs "içəri keç” də dedi. Qız qapını açanda saçı, saqqalı ağappaq bir adamın masanın başında oturduğunu gördü. Adam üzünü iki əliylə bağlamışdı. Ağ saqqalı masanın üstündən yerə qədər uzanırdı. Sobanın yanında 3 heyvan uzanıb, xumarlanırdı - bir xoruz, toyuq və tüklü bir inək. Qız başına gələnləri bu kişiyə danışıb, ondan cəmi bir gecəlik qalmaq üçün yer istədi. Qoca heyvanlara üz tutub "Gözəl toyuq, sevimli xoruz, əziz inək! Siz nə deyirsiniz bu işə? Bu qız bu gecə burada qalsınmı?” – deyə, soruşdu. Heyvanlar bir ağızdan: "Səni narahat etmirsə, qalsın! Biz razıyıq” - dedilər. Yaşlı adam üzünü qıza tutub dedi: "Madam ki, bu gecə burada qalırsan, onda get yemək hazırla. Sən də acsan, biz də. Burada hər şey boldu! Mətbəxə get, axşam yeməyi hazırla”. Bura həqiqətən də qocanın dediyi kimi idi, qız mətbəxdə nə axtarsa, tapdı. Ləziz  bir  yemək bişirdi, amma heyvanları düşünmədi. Dolu boşqabları gətirib süfrəyə qoydu. Ağsaqqalın yanında oturub doyana kimi yedikdən sonra: "O qədər  yorğunam ki, uzanıb yatmaq istəyirəm, yataqlar hardadır?” - deyə soruşdu. Qoca çəliyi ilə pillələri göstərib dedi: "İndi pilləkənlə yuxarı çıx. Orda iki yataqlı bir otaq görəcəksən. Onları hazırla, kətan örtükləri sər yatağın üstünə. Mən də bir azdan gəlib yatacağam”. Qız qocanın dediyi kimi etdi. Qalxıb yataqların üstünə örtükləri sərdikdən sonra kişini gözləmədən bunlardan birinin içinə girib uzandı. Bir müddət sonra qoca yuxarı qalxdı, yataqlardan birinin dolu olduğunu görüb, əlindəki işığı qızın üzünə tutdu. Başını buladı. Qızın dərin yuxuda olduğunu gördükdə, döşəmədəki qapağı açıb qızı evin altındakı zindana saldı.

 Axşamüstü hava qaralanda evə qayıdan odunçu bütün gün ac qaldığından arvadına acıqlanır. Biçarə qadın nə baş verdiyini anlaya bilmir və özünü müdafiə etməyə başlayır: "Mənim günahım yoxdur. Qız yeməyi aparıb, getdi. Mən də düşündüm ki, yorulduğu üçün səninlə qayıtmağa qərar verib. Belə görünür ki, yolu azıb... İnşallah bir şey olmaz. Səhər qayıdar”.

Səhəri gün odunçu yenə adəti üzrə günəş doğmadan qalxıb, yola düşdü. Evdən çıxmadan arvadına dedi: "Günorta ortancıl qızla yemək göndər. Bu dəfə yerə mərcimək səpəcəm. Mərcimək yaxşı görünür, qız azmaz. Əgər ona kimi böyük gəlməsə, qayıdanbaş onu da axtararıq”. Günorta qız böyük bacısı kimi naharı da götürüb, yola düşdü. Meşədə bir az irəlilədikdən sonra mərciməklər yoxa çıxdı. Quşlar bunu da buğda kimi dənləmişdilər. O da bacısı kimi yolu azdı. Nə qədər çalışsa da, gəldiyi yolu tapa bilmədi.  Qaranlıq düşəndə qızcığaz həmin ağsaçlı qocanın evinə pənah gətirdi. Bir gecəlik yemək və yataq istədi. Heyvanlar ona da razılıq verdilər. Lakin o da bacısı kimi etdi. Acgözlüklə yemək bişirib, bir boşqab qocanın önünə qoydu. Qalanını isə özü yedi. Sonra isə kişidən utandığı üçün heyvanlardan harada yatacağını soruşdu. Onlar isə "Bişirdin, qoca ilə yedin, içdin. Bizi düşünmədin. Harda yatırsan yat” – dedilər. Qız məyus-məyus baxışlarını qocaya zillədi. Qoca onu da bacısının yatdığı otağa göndərdi. O da ev sahibini gözləmədən yatdı. Qoca narazı halda onu izlədi, bir az sonra isə zindana saldı.

Qoca odunçu ikinci qızının da itdiyini anlayıb, təşvişə düşdü. Onları nə qədər axtarsa da, tapmadı. Səhəri odun yığmağa gedəndə, üçüncü qızını meşəyə göndərmək istəməyən arvadına dedi: "O, ağıllıdır. Gəlib tapacaq məni. Bacıları kimi səfeh-səfeh dolaşmayacaq meşədə. Həm də bu dəfə yerə noxud səpirəm. Quşlar onu yeyə bilməz”. Lakin heç nə odunçunun dediyi kimi olmadı, qız səbəti götürüb yola çıxanda quşlar noxudları yeyib qurtarmışdılar. Qızcığaz hara gedəcəyini bilmədi. İntizar içində qaldı. Atasının acacağını, yeməyə bir şey tapmayacağını, geciksə, iki qızından xəbər ala bilməyən anasının nigaran qalacağını düşündü. Lakin yolu axtarmaqdan başqa əlindən heç nə gəlmirdi.

Nəhayət, hava qaraldıqda o da bacılarının gördüyü komanı gördü. İçəri girib, ev sahibinə başına gələnləri danışdı. Yemək və yataq istədi. Qoca da, heyvanlar da razı oldular. Qız heyvanların tükünü oxşadı, inəyin alnını sığalladı. Qoca ilə özünə ləzzətli şorba bişirdi. Heyvanlar üçün çöldən su, dən və ot gətirdi. Heyvanlar suyu görən kimi illərdir su görməmiş kimi yana-yana içməyə, acgözlüklə qızın gətirdiklərini yeməyə başladılar. Az sonra heyvanlar yuxuya getdilər.

Qız ev sahibi qocadan dincəlmək üçün icazə istədi. Qoca həmin otağı göstərib, lazımı əşyaların yerini deyir. Qız otağa qalxıb, yerləri saldı. İşi bitdikdən sonra ev sahibinin harada yatacağını bilmədiyi üçün gözləməyə qərar verdi. Bir az sonra qoca da yuxarı qalxdı və yataqlardan birinə uzandı. Qız da boş qalan yatağa uzanıb, yuxuya getdi. Gecə yarısı evdə qarışıqlıq baş verir, hər tərəfdən qəribə səslər gəlməyə başlayır. Tavan az qala uçacaqmış kimi titrəyirdi. Qorxunc gurultu səsləri gəldi. Lakin bir neçə dəqiqə sonra hər şey sakitləşdi. Qoca isə heç nə olmurmuş kimi yatırdı. Qızcığaz qorxsa da, yatdığı yerdən tərpənməyib yenidən yuxuya getdi.

Səhər odunçunun qızı yatdığı komada yox, böyük bir otaqda, cah-cəlallı bir yataqda oyandı. Bura saray kimi yer idi. Pəncərələrdə yaşıl ipəklər, yerdə nadir xalılar, divarda qızıl dibçəklərdə əsrarəngiz çiçəklər... O, hələ də özünə gələ bilmirdi. Bu zaman üç qulluqçu otağa daxil olub, ondan nə istədiyini soruşdu. Qız təəccüblə onlara baxıb, dedi: "Heç nə lazım deyil. Qalxıb, heyvanlara yem verib, qocaya yemək hazırlayacam. Sonra isə evimə gedəcəyəm”. Bunu deyən kimi qocanın yatağına boylandı. Orada hündürboy, olduqca yaraşıqlı bir kişi yatırdı. Kişi oyanıb, qulluqçuları göndərdi, üzünü qıza tutub, dedi: "Mən sənin axşam gördüyün o yaşlı adam deyiləm. Əslində, bu adamam. Mən bir şahzadəyəm. Atamla anama düşmən olan bir cadugər məni tilsimlədi. İxtiyarımdakı üç qulluqçunu heyvana çevirdi. Dünən gördüyün daxmada yaşamağa məhkum etdi. Əvvəlki vəziyyətimə, yəni bu hala qayıtmağıma isə təkcə insanları yox, heyvanları da sevən, onlara qayğı göstərən bir insan kömək edə bilərdi. Bunu isə sən etdin. Cadugərin tilsimini öz xeyirxah davranışınla sən sındırdın. Bu gecə mənim taleyimi onun caynaqlarından qurtardın. Köhnə meşə daxması sarayım oldu. Mən bütün həyatımı bu xeyirxah xanımla keçirməyə hazıram”.

Eşitdiklərindən təəccüblənən qız nə deyəcəyini bilmir və bu yaraşıqlı, yalnız şahzadəyə razılıq verir. Şahzadə qulluqçuları odunçunun evinə göndərib, onları toya dəvət edir.

Toy hazırlıqları gedərkən, qız bir gün şahzadəyə bacılarından danışır. Onların başına nə gəldiyini bilmədiyini deyir və ağlayır. Şahzadə onu sakitləşdirir və deyir: "Onlar buradadır. Lap yaxınında. Mən onları zindana salmışam. Sabah onları meşəyə aparacaqlar. Laqeydlik, müştəbehlik, saymazlıq kimi pis xüsusiyyətlərindən təmizlənənə kimi yoxsul bir kömürçüyə kömək edəcəklər”.

 

Tərcümə etdi: Elcan SALMANQIZI