Biz imzaları yox, əsərləri dərc edirik...
Cəvahirat – Henri van Dikenin hekayəsi
575
29 Yanvar 2018, 10:30
 artkaspi.az Henri van Dikenin "Cəvahirat" adlı hekayəsini təqdim edir: 
 

 
 Şahın böyük evinin qarşısında qəflətən səs-küy qopdu. Qarovulçular tez qapıya cumdu. Qapının ağzına adamlar toplaşmışdı, bir-birlərini itələyir, elə bil oğrunu tutmağa çalışırdılar. Adamların arasından kimsə qışqırırdı:
 – Mən içəri girəcəm! Yalançı şahı görməliyəm.
 O biri adamlar isə onun üstünə bağırıb deyirdilər:
 – Yox, olmaz! Sən dəlisən! İçəri olmaz! 
 Şah səs-küyü eşidib dedi:
 – Əgər o kişi içəri girməyi belə çox arzulayırsa, icazə verin görək!
 Şahın sözlərini eşidən kimi səs-küy yatdı. Adamların arasından zirehi yırtıq bir kişi irəli çıxdı, ayaqlarını sürüyə-sürüyə gelib taxtın qarşısında dayandı. 
 O güclə nəfəs alırdı, təngnəfəs idi, bədəni əsirdi ancaq qəzəbi yorğunluğundan və qorxusundan da üstün idi. Göz qapaqlarını güclə qaldırıb şahın üzünə baxdı.
 Şahın üzü dağa bənzəyirdi, sakit və uca. Ancaq o bədxah deyildi. Kişi onu görəndə başa düşdü ki, o əsl şahın üzünə baxır, ancaq yenə də hirsi soyumadı. Şah ona "danış” deyəndən sonra kişi danışmağa başladı.
 Amma əvvəlcə köynəyinin altından bir qızıl zəncir çıxartdı. Zəncirin ucunda cəvahir vardı, üstündə böyük, mavi daş. Kişi dərdli-dərdli bir neçə dəqiqə daşa baxdı. Sonra əlindəki cəvahiratı şahın taxtına tərəf tulladı və geri dönüb getmək istədi.
 Şah onu çağırdı:
 – Dayan! Bu cəvahirat kimindir?
 – Mən elə bilirdim o sizindir, – kişi dedi.
 – Onu hardan almısan? – şah soruşdu.
 – Sizin qoca xidmətçidən, – kişi cavab verdi. – O, bunu mənə verəndə mən cavan oğlan idim. O mənə dedi ki, bu, şahın daşıdır, Həqiqətin mavi daşıdır. Xalisdir, misilsizdir. Tapşırdı ki, bunu göz bəbəyim kimi qoruyum, necə var elə gətirib sizə təhvil verim.
 

 
 – Sən xidmətçinin dediyinə əməl etdin? – şah soruşdu.
 – Hə. Yox, – kişi cavab verdi.
 – Əvvəlcə nə üçün "hə” dediyini izah et!
Kişi danışmazdan qabaq duruxub qaldı. Sonra o yavaş-yavaş danışmağa başladı:
 – Ah, şah, hamı şahın Həqiqət daşını necə saxlayarsa, mən də elə saxladım. Onu düşmənlərdən, oğrulardan qorudum, düşmənlə vuruşa-vuruşa, bütün günü gözlərimi ondan çəkmədim. Tufanda, dumanda, çəndə, qaranlıqda onu qorudum. Dərdli olanda onu unutmadım. Heç vaxt ondan ayrılmadım. Evdə olanda da, sürgündə onu əlimdən yerə qoymadım. Bu cəvahiratı qoruyub saxlamaq üçün həyatımı sərf etmişəm. Bu da "hə” nin cavabı.
 – İndi isə "yox”u izah elə! – şah dedi.
 – "Yox” deməkdə də haqlıyam, şah! Amma bu mənim günahım deyil. Bu cəvahirlər xalis deyilmiş. Mən ilk dəfə sizin sarayın darvazasından girəndə bunu bildim. Bir baxın, bu adi daşdır, dəyərsiz bir şey, çatlayıb. Adicə bəzək əşyası imiş. Götürün, bu sizindir. 
 Şah nə qızıl zəncirə, nə də zəncirin ucundakı cəvahirata baxdı. O, sakitcə kişinin əzab dolu gözlərinə baxdı. Sonra kişiyə dedi:
 – Mənim cəvahiratımı mənə verərsənmi?
Kişi başını qaldırıb təəccüblə şahın üzünə baxdı:
 – Cəvahirat ordadır, ayağınızın yanında!
 – Mən onu demirəm, – şah dedi. – Sənin özünü deyirəm. Sənin həyatını.
 – Mənim həyatımı? – kişi kəkələdi. – Bu nə deməkdir? Mənim həyatım bitməyib ki?
 – Yox, həyatın indi başlayıb.
 – Mən heç vaxt özümü düşünmədim. Yalnız bu cəvahiratı düşündüm. 
 – Bir özün fikirləş, – şah dedi. – Yaxşı-yaxşı fikirləş. Sən həyatda dözümlü olmağı, cəsarətli olmağı öyrənmisən? Sən işləməklə güc qazanmısan? Yaraların sənə dözümlü olmağı öyrədib? İndi deyirsən ki, sənin üçün bu qədər şey edən bu cəvahirat saxtadır? 
 – Bu həqiqi daşdır? – kişi dizləri üstə çökdü.
 – Hə, həqiqi daşdır, – şah cavab verdi. – Allahın varlığı kimi bu da həqiqidir. Gəl mənim sağ tərəfimdə dayan. Mənim axtardığım cəvahirat canlıdır. Ancaq səni bura bu daş gətirib çıxarıb. Bir bax! Burda çat var? Ləkə var? 
 Kişi əyilib daşı götürdü. Onun üzünün işığı daşın üstünə düşürdü. Kişi safirin mavi dərinliyində bir ulduz gördü.
 
 İngiliscədən tərcümə edən: Sevil Gültən