Tatarıstanın xalq şairi, ədəbi tənqidçi,
publisist, ictimai xadim və tərcüməçisi Abdulla Tukay 26 aprel 1886-cı ildə Kazan quberniyasının
Quşlauç kəndində dünyaya gəlib. İlk şeirlərini mədrəsədə təhsil alanda yazıb.
"Fikir", "Əl-islax" ("Reforma") qəzeti, "Əl-əsr əl-cədid"
("Yeni əsr"), "Yalt-Yult" ("Şəfəq") jurnallarında çalışıb, "Yaşen"
("İldırım", 1908-1909) jurnalını Kamal Əliəsgər ilə birlikdə
buraxmışdı. Yaradıcılığına Molla Nəsrəddin jurnalının, Mirzə Ələkbər Sabir
satirasının güclü təsiri olub. Bununla yanaşı, Nəriman Nərimanov Həştərxanda
sürgündə olarkən, 1911-ci ildə Abdulla Tukay ilə tanış olub. N.Nərimanov gənc
yaşlarında vərəm xəstəliyinə tutulan Abdulla Tukayın ilk həkimi olub.

1907-ci ilin payızından başlayaraq düz beş il
yarım müddətində Abdulla Tukayın həyatında xalqına, vətəninə xidməti özünü daha
çox büruzə verib. Kazan şəhərində o,
müxtəlif qəzet və jurnallarda çalışaraq həyatını tamamilə ədəbiyyata,
jurnalistikaya həsr edib. Bundan başqa, yeni ədəbi mühitdə dostlar qazanıb,
biliklərini genişləndirərək şifahi xalq ədəbiyyatını dərindən öyrənib. Həftəlik
çap olunan "Əl-İslah" qəzetində işlədiyi müddətdə Fatih Əmirxanla
(tatar yazıçısı, publisist – 1886-1926) dostlaşır. Və, əlbəttə ki, Avropada
təhsil alan F.Əmirxanın onun dünyagörüşünə, düşüncələrinə, poetik istedadının
formalaşmasına böyük təsiri olub. Kazanda Tukayın gəlişinə qədər xalq və uşaq
ədəbiyyatı heç vaxt vacib məsələlər kimi gündəmdə deyildi. Bəzi müəlliflərin
geniş yayılmış kitabları olsa da, bu sahənin inkişafı, yenilənməsi barədə
düşünən olmayıb. Amma Tukay bir çox yaradıcı fikirlərinin içindən özü üçün
başlıca ikisini seçir: şifahi xalq ədəbiyyatının dəyərini yüksəltmək və
uşaqlardan ötrü yeni ədəbiyyat yaratmaq. Və o, Kazanda şifahi xalq ədəbiyyatı,
onun tədqiqatı, təbliğatı və uşaq ədəbiyyatının inkişafının əsasını qoyur. Qısa
ömrü ərzində məktəb yaşlılar üçün otuzdan çox kitab, xalq ədəbiyyatının
tədqiqatıyla bağlı dörd kitab çıxardıb. Tukayın yaradıcılıq enerjisinin geniş
fəaliyyət meydanına ehtiyacı vardı. O, xalqının inkişafı üçün daha çox şeylər
etmək niyyətindəydi. Fikirlərini, ideyalarını, düşüncələrini reallaşdırmaqdan
ötrü yaşayırdı.
Abdulla
Tukayın 1910-cu ildən çap olunan "Yalt-yult" jurnalında da zəhməti
əvəzsizdir. Satirik şeirlərinin çoxunu da elə məhz bu jurnalda çap olunub. O,
yazıçılarla, jurnalistlərlə birlikdə ədəbi gecələr, konsert və mühazirələr
təşkil edirdi. Xüsusilə də, "Xalq ədəbiyyatı" mühazirəsi gənclərdə
güclü təəssürat yaratmışdı.
Abdulla
Tukay Tatar Milli Teatrının formalaşmasına, inkişafına böyük əhəmiyyət verirdi.
Teatrın yaranmasında önəmli yeri onun gənclik dostu Abdulla Kariyev (tatar
aktyoru, rejissoru – 1886-1920) tutur. Qeyd etmək lazımdır ki, Tukay Kazana gələndən
sonra ilk şeirlərindən birini – "Teatr" adlı şeirini məhz teatra həsr
edib. Teatrın ictimai əhəmiyyətini təkcə əxlaqi məsələlərdə deyil, daha dərində
– sosial məsələlərdə görürdü. Bu sahənin də inkişaf etməsindən ötrü əlindən
gələni edirdi.
Saman bazarı... XX sərin əvvəllərindən söhbət
gedirsə, deməli, Kazanda hər həyətdə mal-qara saxlayırdılar. Samanı ətrafdakı
kəndlərdən gətirirdilər. Kəndlilər bu saman bazarında samanlarını satıb
əvəzində başqa məhsullar alıb aparırdılar. Burda hər şey satılırdı. Və həmçinin
də fırıldaqçılardan tutmuş düz adamlara
qədər hər cür tip insana rast gəlmək olurdu. Kimsə bazardan keçib Tukayın
yanına gələndə saman iyindən nəfəsi
tutulur, halı pisləşirdi. Lakin bu saman bazarı da Abdulla Tukay yaradıcılığında
öz yerini tutub və o, tatar satirik poeziyasının əvəzsiz nümunələrindən biri
olan "Saman bazarı və ya Yeni Kəsikbaş" əsərini yaradır. Şair burada
amansızcasına cəhalətpərəstlərin və irticaçıların üzündən müqəddəslik maskasını
dartıb çıxarır. Klubda poemasını oxuyan şairə oxucular heyran qalır. Naşirlər –
Şərəf qardaşları artıq on gündən sonra bu əsəri çap edirlər. Əsər böyük uğur
qazanır.
Kazanda yaşamağı bir çox şeylərə Tukayın
gözünü açdı. Onun ruh əhval-ruhiyyəsi dəyişdi. Əvvəlki illərdə qəlbindəki
yaradıcılıq yanğısını darıxmalar, xiffətlər, ürək sıxıntıları əvəz etdi. Bir
müddət sonra isə, artıq onuncu illərdə onda inqilaba yeni işıqlı ümidlər
yarandı...
Kazanda onu sıxan mühitindən uzaqlaşmaq üçün
arada bir gəzintilərə, səyahətlərə çıxırdı. Nijni Novqoroda, Simbir
quberniyasına, Həştərxana gedirdi. Kazan şəhərindəsə hər zaman aktiv fəaliyyəti
davam edirdi: gah "Şərq klubu"nda konsertdə çıxış edir, gah
şagirdlərlə görüşlərdə olur, gah da zavod, fabrik fəhlələriylə tanış olmağa
gedirdi. 1911-ci ilin sonu, 1912-ci ilin ilk aylarını Uçildə keçirir. Burada
xalqının əzabları qələmə alır. Günü gündən şairin xəstəliyi artır. 1912-ci ildə
tatar xalqının böyük oğlu Hüseyn Yamayevin vaxtsız ölümü ona olduqca pis təsir
edir. Və Tukay öncül tatar gənclərindən ötrü böyük itki olan bu insanın ölümünə
iki şeir həsr edir.
Şair ölümünün çox da uzaqlarda olmadığını
artıq hiss edirdi. Xalqa son sözlərini deməkdən ötrü bir dəqiqəsini belə boş
oturmurdu. 1912-ci ilin yayında F.Əmirxanla yeni ədəb-bədii jurnal çap etmək
istəyirlər. Jurnalın naşiri Ahmədqaraya Həsəniylə birlikdə qərara gəlirlər ki,
jurnalın adı "Anq" ("Şüur") olsun. Jurnalın ilk nömrəsində
Tukay yazır:
Dostlar,
hər necə olsa da zülmət dağıldı
Haydı iş
başına! Bizə aydınlıq lazımdı –
Gözlərin
aydını, zehnin aydını...
1913-cü ildə Abdulla Tukayın səhhəti qəflətən
pisləşir. Lakin buna baxmayaraq, yazmağına ara vermir. Son aylarında yaratdığı
əsərlər şairin daxilindəki böyük vətənpərvəri, vətəndaşı daha da açıb göstərə
bilib. Dəfələrlə şeirlərində L.N.Tolstoya
müraciət edir, alim və mütəfəkkir
olan Şəhabəttin Mərcanidən (1818-1889)
yazır. Onun "Oyanış haqqında ilk iş", "Yubileylə
əlaqədar", "İki xatırlatma" publisistik məqalələri, "Böyük
yubileylə bağlı xalqın ümidləri", "Şaxta" şeirləri əsl sənət nümunələrdir.
Quran kitabından etdiyi "Nəsr" surəsinin poetik tərcüməsində şair
Allaha ehtiramını, sitayişini və İslama səmimi sadiqliyini göstərib. Şair sanki
yaradıcılığının yekununu çıxarır, böyük arzularını dilə gətirir.
"Amur" mehmanxanasından xəstəxanaya
gedərkən Tukay bu yolun onun sonuncu "səyahəti" olduğunu artıq yaxşı
başa düşür. Və dostu F.Əmirxanla vidalaşır. Fatih ona deyir:
– Tez sağal ki, yaxın vaxtlarda yenidən
görüşək!
Tukay ona cavab verir:
– Sən mənlə görüşməyə tələsmə, çox yaşa!

Dahi şair 1913-cü ildə aprelin 15-də vərəm
xəstəliyindən dünyasını dəyişir. Onun ölümü tatar xalqı üçün ağır faciə olur.
Dəfninə böyük izdiham gəlir. Bu haqda nəinki Tatarıstanın, həm də bir çox ölkələrin
nüfuzlu mətbuat orqanlarında məqalələr çap olunur.
Bu gənc tatar ü oğlanları üçün hər şey idi. Həyatın mürəkkəb suallarına
cavab verə bilən müdrik ağsaqqal, düzgün fikirləri səsləndirən natiq idi. O, tək
özü öz dövlətini təmsil edirdi. O, sanki başqalarının arasında ruhdan düşməyən,
ağlamayan, gözəl gələcək üçün mübarizə aparan şair idi. O, başqalarını ardınca
zirvələrə doğru apara bilən, cəsarətlə həqiqəti deyən yenilməz və məğrur xalq
qəhrəmanı idi. Abdulla Tukay elə bir nəğməkar idi ki, oxuduğu insanların öz
musiqisinə çevrilərək ruhuna, canına hopurdu. Onun mahnılarını bütün xalq
oxuyurdu...
Gənc yaşında vəfat etməsinə baxmayaraq,
Abdulla Tukay tatar xalqının ədəbiyyat, incəsənət, mədəniyyətinin mənən, ruhən
inkişafının bütöv bir dövrdür. Şair əbədi olaraq insanların yaddaşında qalıb.
Ölümündən indiyə qədər əsərləri dəfələrlə nəşr olunub. Hətta Böyük Vətən
müharibəsinin ağır illərində (1943) nəşriyyatlardan biri onun kitabını çap
edir. Şairin şeirləri həmvətənləriylə birgə cəbhələrdə döyüşürdü. Abdulla Tukayın yaradıcılığı elə
indi də o vaxtlardakı kimi maraqlıdır, aktualdır, öz təsir qüvvəsini qətiyyən
itirməyib. Bəs, görəsən, bunun səbəbi nədir? Çünki onun əsərləri dünya mədəni
irsinin bir hissəsini təşkil edir. Dahi Tukayın poema-nağılı əsasında
bəstəkar Fərid Yarullinin (1913-1943)
yazdığı "Şurale" baleti Tatarıstanın sərhədlərini aşaraq bir çox Qərb
ölkələrində səhnədə oynanılıb və çox yüksək dəyərləndirilib. Onun sözlərinə
bəstələnmiş mahnılar Tatarıstan Dövlət Filarmoniyasının solistləri tərəfindən
İtaliya, Malta və uzaq Afrika ölkələrinin konsert salonlarında ifa olunub. Qeyd
etmək lazımdır ki, Tukayın yaradıcılığı incəsənətin bütün qollarını
zənginləşdirir və inkişafına xüsusi təsir göstərir. Bunun təsdiqi olaraq
Abdulla Tukayın əsərləri əsasında yaranmış F.Yarullinin "Şurale",
R.Qubaydullinin "Kəsikbaş", A.Bəkirovun "Su adamı"
baletləri, N.Jiqanovun "Kırlay" simfoniyası, B.Urmanç, İ.Kazakov,
B.Almenonov, F.Aminovun heykəltəraşlıq və
rəsm əsərlərini və s. göstərmək olar.
Abdulla Tukay teatr səhnəsində də, tarixi
romanlarda da yaşayır. Tatarıstanda ən yaxşı ədəbiyyat və incəsənət əsərlərinə
görə Abdulla Tukay mükafatı təsis olunub. Mərkəzi meydan və Kazanın ən qədim
küçələrindən biri, Tatarıstanın keçmiş Çelninski rayonu onun adını daşıyır.
Şəhərdə Abdulla Tukay adına ədəbiyyat muzeyi də fəaliyyət göstərir. Bundan
başqa Qazaxıstanda, Özbəkistanda adına
küçələr var. Hər il aprelin 26-da onun şərəfinə ölkə boyu poeziya bayramı
keçirilir, görüşlər, konsertlər, ədəbi gecələr təşkil olunur.
Abdulla Tukayın əsərləri böyük tirajlarla rus
və başqa xalqların dillərində bir çox ölkələrdə çap olunur. Şair xalqıyla, onu
sevənlərlə birlikdə yaşamağa davam edir.
Onun yolu – ölümsüzlüyə və şöhrətə gedən yolu
davam etməkdədir...
İnternet materialları əsasında hazırlayan: Xanım
Aydın