Biz imzaları yox, əsərləri dərc edirik...

Dövlət quşu – Niyə belə deyirik?
1558
12 Mart 2018, 09:35
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 

 
 Buna başqa sözlə cənnət quşu, səadət quşu, huma və ya humay ("humayun” sözü də buradandır) deyilir.
Məcazi mənada xoşbəxtlik, səadət, müvəffəqiyyət rəmzidir.
 Böyük Okean adalarında və Yəməndə yaşayan, zahirən bayquşa oxşasa da, iri və gözəl gözləri olan, parlaq tükü ilə ondan fərqlənən, uca dağlarda yaşayan vəhşi quşdur.
 Xalq təsəvvüründə və ədəbiyyatında olan əqidəyə görə çox yüksəkdən uçan bu quşun kölgəsi kimin üzərinə düşərsə və ya özü kimin başına qonarsa, onu padşah seçərmişlər. Elə ona görə də o, dövlət və səadət quşu adlandırılmışdır.
 "Başına dövlət quşu qonmuş”  atalar sözüdür.
 Ə.Vəliyevin "Budağın xatirələri” əsərində deyilir: "Dünyada gözəllikdən ülvi, müqəddəs heç nə yoxdur. Qadın gözəlliyi isə dövlət quşu kimi bir şeydir, az-az bəxtəvərin başına qonur”.
 
 İlham pərisi də gülümsəyərək,
 Özüm də bilmirəm hayandan uçdu,
 Dövlət quşu kimi başıma düşdü.
 
 Müasir ədəbi-bədii dilimizdə bu ifadənin müxtəlif variantları yaranmaqdadır.
 S.Vəliyevin "Düyünlər” romanında deyilir: "Ancaq… ancaq… Səadət quşu Şirvan düzünə qonanda – bu yerlərin bəxti açılanda, tale Vasifin üzünə gülmədi”.
 Anarın "Şəhərin yay günləri” pyesində Dilarə Qiyasa deyir: "Tale elə gətirib ki, bir neçə vaxta şahlıq quşu qonub təpəvə”.