artkaspi.az teatrşünas Aygün Süleymanovanın "Praktika”da "Ked”... tamaşa və ya virtual oyun" adlı məqaləsini təqdim edir:

Xəbər verdiyimiz kimi 1-6 noyabr tarixlərində YARAT
Müasir İncəsənət Məkanında "M.A.P” Bakı İncəsənət Festivalı keçirildi. Festival
çərçivəsində bir-birindən fərqli, müasir yanaşmada tamaşalar, ustad dərsləri,
mühazirələr təqdim olundu. Biz də fraqmentar olsa da bu festivalı
işıqlandırdıq. Və hələ də işıqlandırmağa davam edirik.
3-5 noyabr tarixində İsrailin Qaqa intensiv müasir
rəqs məktəbi performans-oyun-ustad dərsləri göstərdi. Müasir rəqslərin əsasında
qurulan dərslər Ohad Naharin ilə yaxından işləyən müəllimlər tərəfindən
keçirildi. Təlimçilər gələn tamaşaçıları da dərslərə oyunçu edərək Qaqa rəqs dərslərinin
mahiyyətini çatdırdılar. Bu dərslər eyni prinsip üzərində qurulsa da, rəqqasa
özünün bilik və istedadını göstərmək şansı da verilir. Qaqa məşğələlərində rəqs
hərəkətləri səviyyələrə bölünür və beləliklə dərslərin gedişatı zamanı rəqqaslar
imkanlarını genişləndirmək və plastikalarını zənginləşdirmək şansı qazanırlar.
Festivalın üçüncü günü Akademik Milli Dram
Teatrında müsafir Rusiya "Praktika” Teatrı "Ked” tamaşası ilə çıxış etdi. "Praktika”
teatrı Rusiyanın müasir prodüser teatrıdır ki, burada nə bədii rəhbər, nə də
ki, truppa var. "Praktika” 2016-ci ilin sentyabr ayında gənclərə
yaradıcılıqlarını realizə etmək və ən yaxşı müəlliflər, rejissorlar və rəssamlarla
işləmək üçün imkanlar yaratmaq məqsədilə yaradılıb.
Tamaşanın əsas
qəhrəmanı 26 yaşlı Qrişadır. O işləmir, axşamlar əylənir, pivə içir və
marixuana çəkir. Valideynlərə oxşamaq ona qorxulu, ofisdə oturub pul qazanmaq darıxdırıcı gəlir. Başqalarının hesabına isə həmişə
əylənmək olar. 48 saat ərzində Qrişa yeni ked (idman çəkməsi) almasa da başına çoxlu
hadisələr gəlir. Qısası, mövzu budur.

Tamaşanın
rejissoru Ruslan Məlikov: "Praktika” teatrında da zal yetərincə balacadır,
alçaq tavan və güzgü bu məkanı dağıtmaq üçün düşünülmüşdür. Nəticədə biz qara
qutunu açmağa nail olacaqdıq. Lakin sonradan düşüncə qatında yeni fikirlər
doğuldu. Biz tendensiyanı dəyişdik: baş qəhrəman Qrişanı nə iş, nə biznes, nə hər
hansı hobbi, ideya ilgisi çəkir və o, tədricən seqmentləşir. Əgər insanın məqsədi
varsa, bütün bunlar onun ətrafında cərəyan edəcək. Yox əgər məqsəd yoxdursa,
insanın dünyası seqmentləşəcək. Biz məhz bunu zamanın xarakterik cizgisi kimi
qeyd etmişik.
Dramaturq
Lyubov Strijakın "Ked” pyesinin süjeti əsasında qoyulan tamaşa daha çox virtual
oyun kimi anlaşılır, sanki baş qəhrəman Zamanla oynayır. Bilərəkdən ya da bilməyərəkdən
zamanı gecikdirməyə çalışır. Gerçək zaman ona hamilə qalan sevgilisinin məsuliyyətini
yada salır, o isə bu məsuliyyətdən qaçmaq üçün sevgilisini dostuna sırımağa belə
razıdır. Qrişa (Danila Şevçenko) paradoksal səslənsə də üsyan etmir, ancaq
ideya mübarizəsi aparır. Bu mübarizə nə siyasi, nə sosial formadadır;
ekzistensional qatda o, öz həyatına təhlükə olacaq addımları atmaqda
israrlıdır.

Tamaşa başlamadan
öncə tamaşaçı dəhlizdə artıq klub musiqisini eşidir. Tamaşanın stilistikası da məhz
musiqi, işıq və plastika üzərində qurulmuş klub gecəsidir. Onlar sanki tamaşa
oynamırlar, müasir-gündəlik geyimlərdə münasibət qururlar.
Tamaşanın
aktyoru Danila Arikov: "Biz öz ailəmizdə, valideynlərimizlə böyük bir şablonun
içərisində yaşadığımızı başa düşürük və bilirik ki, bu şablon həyat bizim
müasir yaşamımızda işləmir, nəticədə bizi anlamayan valideynlərimizlə toqquşma
baş verir”
Baş qəhrəman 26
yaşlı Qrişa musiqi və səsin fonunda peyda olur, əllərini havada sanki meditasiya
edir. Onun enerjili, hərəkətli anası başqa bir plastik rəsmdə çıxış edir; onun əlləri
boşluqda dalğa kimi hərəkətdədir: o, guya hansısa əşyalara toxunur, stolu
yığışdırır, nə isə yuyur, nə isə təmizləyir. Burada vizual görüntü (əşyasız əşyalı
oyun) çox gözəl düşünülmüşdür. Bu oyun digər qəhrəmanlara da şamil olunur. Belə
ki, Qrişanı işdən qovan ofisdə keçmiş həmkarı və dostu Mişa stulda əyləşib,
boşluğa baxır, ancaq barmaqlar sürətlə hərəkət edir; Mişa mövcud olmayan
klaviaturada iş görür.

Tamaşanın
rejissoru səhnəni əşyalardan azad edib, predmetsiz bir səhnədə oyun hazırlayıb.
Səhnənin mərkəzində düz-oval formada güzgü-ekran qurulub. Tamaşaçı oyunun müxtəlif
mizanlarında şəhərin canlı panoramasını dəlisov ritmini görür.
Qrişanın həyatı
qaranlıq konfliktlə qurulmuşdur: kənardan normal görünən valideynləri ilə o qarşıdurmadadır.
Atalığı xaricdən son model iPhone və onun ürəyincə olmasa da dəbli kepka gətirir.
Burada konflikt olmasa da, Qrişa səbəbsiz konflikt yaradır, həm onlar kimi
olmaqdan qorxur, həm də olmamaqdan dəhşətə gəlir. Ona qarşı sevgi var, normal
ailə var, sadəcə sanki kənar müdaxilə nizamı pozur. Bu müdaxilə onu işdə rəhbərlik
ilə, sevimli rəfiqəsi ilə konfliktə gətirib çıxarır.
Qrişanın
ambisiaları, hər hansı məqsədi yoxdur. O, oynamağı, dostları ilə əylənməyi,
klublarda gecələməyi sevir. Ona elə gəlir ki, etdikləri ən doğrusudur. Kənardan
müdaxilə olunan kimi o, marixuananın təsiri
altına düşür. Sanki kimisə cəzalandırır. Nəticədə dostlarından biri Hollandiyaya
oxumağa gedir, digəri sevdiyi qız ilə ailə qurmağı seçir. Və Qrişa tək qalır. Nəticədə
özü özünü cəzalandırır.

Gənc dramaturq
Strijakın pyesi müəyyən bir zamanı, konkret tarixi əhatə edir. Üç qəhrəmanın
gecə klubundakı həyatı kənardan "gəncliyə” mənfi nümunə, sonucda qorxulu təkliyə
qarşı üsyan kimi anlaşılır. Pyesdə ancaq bu üç gəncə səs hüququ verilsə də,
rejissor Məlikov qadınların bərabərhüquqluğunu qoruyub saxlayır. Qrişanın
keçmiş sevgilisi, indi isə Saşanın nişanlısı hamilə Katya, Polina və feminist
kimi mübarizədə aparan azad Tanya. Bu obrazların hər birinin söylədiyi daxili
monoloqlar onların yaşamaq üçün səmimi mübarizəsidir.
Səhnə tərtibatında
əsas rolu mərkəzdə qurulmuş ekran oynayır. Məsələn, ekranda gülən simalı stulda
əyləşən, həyata inamını itirən oğlan təsvir olunur. Və ya özünə inamlı qız rəqs
edərək özünün gözəl həyatından danışır, oxumağı və onda bütün bunların uğurlu olduğunu
söyləyir, lakin ekranda hərəkətsiz, yanaqlarından göz yaşı axan baş görünür. Ən
maraqlı kadrlardan biri də qızlardan birinin ekran qarşısına çıxmasıdır, o, diqqətlə
özünə baxır və səssizcə gedir. Bu isə ən gerçək və səmimi dialoq kimi oxunur.
Sonda yəqin hamı üçün maraqlıdır, baş qəhrəman
özü üçün ked ala bilirmi? Bu sualın cavabı da virtual oyunun bir hissəsinə
çevrilərək, səs-küydə əriyib, sonlanır...