Biz imzaları yox, əsərləri dərc edirik...

Düşüncə əsilzadəliyi – Rahid Uluselin aforizmləri
2412
07 İyul 2020, 10:18
Artkaspi.az saytı Rahid Uluselin aforizmlərini təqdim edir:
 
 XXI əsrin aforizmləri
 Səkkizinci hissə 


Zaman tarix üçün – xronika, fəlsəfə üçün – taledir. 
 
***
 
Ağac – calağından, fikir – çarpazından tutaşır.
 
***
 
İdeya – şamı yandıran kibrit çöpü.
 
***
 
Fikir qədər yaşamır heç bir canlı orqanizm.
 
***
 
Təfəkkür çox geniş fəzada nəfəs almalıdır.
 
***
 
Dəmir məntiq. O hansı temperaturda əriyir?
 
***
 
Bütün səhvlərdən təmizlənmiş məntiqi mumiyalamaqdan başqa çarə yox.
 
***
 
Mahiyyətlə təzahür eyni olsaydı, fəlsəfəyə ehtiyac qalmazdı.
 
***
 
Aforizmin müəllifi – özüdür: o yetişir və dərilir.
 
 
***
 
Təsadüf və zərurət bir-birinə qarışanda mahiyyəti olmayan hadisə baş verir.
 
***
 
Fikrimi dəyişirəm. Lakin bu o demək deyil ki, mən mövqeyimi dəyişirəm.
 
***
 
İntuisiya yeganə silahdır ki, ağlın əlində daha kəsərli olur. 
 
***
 
İki ifratın tən ortası yetərincə sürüşkəndir.
 
***
 
Monoloqu kəsirsən, olur dialoq.
 

 
***
 
Beyin ekologiyası: seldən sunamiyə çevrilən informasiyadan qorunun!
 
***
 
Heç dil də öz qrammatikasına sığmır...
 
***
 
İşlətmədiyimiz sözlər dilimizdən küsür.
 
***
 
Polemika – özünə haqq qazandırmaq yox, həqiqəti aydınlaşdırmaq sənəti.
 
***
 
Fəlsəfə daşları: onları elə qalaqlanmış halda saxlayaq, yoxsa binasını tikək?!
 
***
 
"Hər kəsin öz həqiqəti” – deməli, burada ikisindən biri yoxdur: ya insan, ya həqiqət.
 
***
 
Ritorika alınmayanda, sualla nida arasında qalırsan.
 
***
 
Saflıq və mütəfəkkirlik – dahiliyin qaynağı.
 
***
 
Düşüncə və davranış arasında ən möhkəm, ən etibarlı ideya körpüsünü aforizm çəkir.
 
 
***
 
Nəinki Himalay-ideya, heç vadi-üslub da yalın xalqın yastılığında görünmür.
 
 
***
 
Getdikcə adamlar avam olmamağın daha yararlı vasitələrini qazanır, əvəzində ağıllı və müdrik olmağın minilliklər ərzində əldə edilmiş vasitələrini itirirlər.
 
***
 
İdeya qurtaranda fikir boşluqlarına, süxur aralıqlarına izah palçığı, şərh lehməsi dolur.
 
***
 
Dünyanı təəssüblə izah edən fəlsəfəni həmişə hansısa ideologiyanın xurcununda görürük.
 
***
 
Cənnət darvazaları yenidən üzümüzə açılacaq! – Axı, biz idrak ağacından imtina edirik! 
 
***
 
Olanı sübut eləmək bəzən yalanı sübut etməkdən çətin olur...
 
 
***
 
İntuisiya, əsasən, rədd ediləndə doğru çıxır.
 
 
***
 
Həqiqətin sağlığına zəhər badəsini ilk dəfə Sokrat qaldırdı: içdi ki, insanlıq həqiqətin acı tamına  öyrəşsin. 
 
***
 
Aristoteldən aldığı dərslərdən Makedoniyalı İsgəndərin əxz etdiyi əsas ideya – "təbiətən azad” ellinlərin "təbiətən qul” barbarlardan üstünlüyü – onun işğalçılığına fatehlik bəraəti verir.
 
***
 
Lao-tszıya qulaq assaydı, indikindən kəmiyyətcə on dəfə az, keyfiyyətcə yüz dəfə artıq olardı Çin.
 
***
 
Daos filosofu Çjuan-tszı: "Kainat bizimlə birlikdə doğulub”. – Bəli, biz uşaqlıqdan bir yerdə böyümüş, bir yerdə oynamışıq. İndi ən yaxşı oyuncaqlarımız teleskoplar, kosmik aparatlardır. 
 
***
 
Meditasiya: Təkin Varlığı, Varlığın Təki duyub-dərk etmək məqamı, gerçək Vəhdət!
 
***
 
Yoqa – insanın Budda potensiyasını hərəkət etdirən daxili kosmik güc.
 
***
 
Toxum – cücərmək üçün torpaq, ideya – yetişmək üçün dərinlik axtarır. Ona görə müdrik öz hücrəsinə  – tənhalığa çəkilir. 
 
***
 
Mövqe: "Dünya mənim maraqlarımı əks etdirmir. Ancaq mən onu qəbul edirəm”.
 
***
 
Freydin dayandığı yolayrıcında görmədiyi qütb – insan poeziyası.  
 
 
***
 
Tikanını iynəsinə çevirə bilməyən mədəniyyət nizəsinə taxılır.
 
***
 
Siz Nyutonu qəbul etməyə bilərsiniz, onun cazibə qanununu isə yox.
 
***
 
Fəlsəfə: bəzən onun səsi – fateh ola biləcək körpə ideyaların dəfn olunduğu qəbiristanlıqdan, ya da bic ideyaların taxta çıxdığı səltənətdən gəlir. 
 
***
 
Əvvəllər insan informasiyanı loxmalayıb yeyirdi, indi informasiya insanı sıyıdıb yeyir. 
 
***
 
Astroloqlar və futuroloqlar: onlar çox zaman meyvələrini bir-birinin bağından dərirlər.
 
***
 
Varlığı duyğularımızla oxuyaq: elmin nailiyyətləri bizim instinktlərimizi korşaltmaq yox, cilalamaq üçündür.
 
***
 
İlahi qüdrətin kamilliyinə bax ki, özünün kamil olmadığını və kamilliyə çatmağın zərurət olduğunu dərk edən varlıq yaradıb.
 
***
 
Yaradıcı insan: o, potensialından iki addım öndə, fantaziyasından bir addım geridə irəliləyir.
 
***
 
Klassiklər – bizim ən qabaqcıl müasirlərimiz.
 
***
 
Ustadın yarımçıq cümləsi də tam fikrin ifadəsidir. 
 
***
 
Sözün dilini bilirsinizmi?! 
 
***
 
Parlaq məntiq gözəl mətnin düzən landşaftının dağları tək ucalır. 
 
***
 
Həyatı – ideyası və yaradıcılığının məhsulu olan çox az adam var.
 
***
 
Böyük ədəbiyyatın əsas sirri: o, həyatı tarixə, tarixi həyata, onların ikisini də birlikdə İnsanlığın Salnaməsinə çevirə bilir.
 
***
 
Ədəbiyyat qaçıb içində gizlənmiş adamı oradan üryan dartıb çıxarır və özünə təqdim edir: "Bu – Sənsən!” 
 
***
 
Şair – substansiya ilə nəfəs alan insan.
 
***
 
İdeyanın gücü ondadır ki, inkişaf etdikcə nüvəsi bərkiyir.
 
***
 
Dahilərin bəziləri uzun ömrünə səpələnib, bəziləri qısa ömrünə təpələnib.
 
***
 
Natiqin məharəti ondadır ki, arqumentlərini həm desant, həm ağır artilleriya, həm də piyadaların əlbəyaxa döyüşlərində hərəkət etdirə bilir. 
 
***
 
Roman-aforizm: müdrik həyatın özü.
 
***
 
İdeyalar bəzən ona görə dərinə ötürülür ki, onların oradan çıxarılmasından da həzz alınsın.
 
***
 
Yumor böyüyüb satira olmasa, cırtdan qalacaq.
 
***
 
Onda şairə məxsus bütün qəribəliklər vardı: şairlikdən başqa.
 
***
 
Bəziləri hətta yaxşı yaradılmış əsərləri ona görə bəyənmirlər ki, özlərinin daha yüksək zövqə malik olduqlarını nümayiş etdirsinlər.
 
***
 
Professionallığın yırtıqları arasından istedadsızlıq aydınca görünür.
 
***
 
Mən səni tənqid eləyirəm, yəni bir az soyuduram ki, yazıqsan – çürüməyəsən. 
 
 
***
 
İstedadla atılmış obrazlı böhtanı ədəbi janrlar sırasına daxil etmək olar.
 
***
 
O ölkədə ki, poeziya qıtlığı var, orada şair balalayır. 
 
***
 
Sarkazm və ironiya dolu aforizmlər – böyük fikirlərin doğulmasının zəruri sancılarıdır.
 
***
 
Güclü səs və güclü ideya yalnız sərt maneələrə dəyib qayıda bildikdə əks-sədaya çevrilir.
 
***
 
"Yumor hissi” olur. Bəs satira hissi?! O hiss güldürəndə yox, titrədəndə üzə çıxır.
 
***
 
Tamamilə tükənmiş yazıçı: indi o, bir qaşıq məhəbbətini də arvadına obrazlı ifadə edə bilmir.  
 
***
 
"Poetik humanizm”: yazıçı insanları həyatda yox, əsərlərində öldürür. 
 
***
 
Yaradıcı insanın yazmadığı zaman – yazacağı zamanın postamentidir. 
 
***
 
Ədəbiyyat hansı janrda  doğulursa-doğulsun, damarlarında poeziyanın qanı axır.
 
***
 
Bütün Şərq ruhunu varlığına hopdurmuş İran çalğı alətlərində SƏS ideal məqamına çatır: o – hər tərəfindən görünüb-duyulan ilahi bir səda!
 
***
 
Müdriklik – dərk etdiklərin tərəfdən dərk etmədiklərin tərəfə aramsız aşıb-döndüyün zirvə.
 
***
 
Üçmərtəbəli əsərlərə daxil olan oxucuların çoxu onların elə birinci mərtəbəsində gəzişir.
 
***
 
Erkək tənqid mədəniyyətini zərif, xanım-xatın estetik ideallar yaradır.
 
***
 
Dahi abidəsinin postamenti – onun təqlidçiləridir.
 
***
 
Tənhalıq – yaradıcı insanın Vətəni.
 
***
 
Monoloqun gücü – daxili dialoqun gərginliyində və dərinliyindədir. 
 
***
 
Formalizm qəlibə sığsa da, ölçü tanımır.
 
***
 
Üslub relyefi o zaman əmələ gəlir ki, biz yazarkən düşüncəmizin endogen proseslərində dərinlikləri üzə çıxarmağa, ekzogen proseslərində isə üzdəkiləri dərinə ötürməyə çalışırıq.
 
 
***
 
İncəsənət – həyatın zərif və həyalı bir çevrəsi olduğu üçün böyürdən oraya daha çox vulqarlar və sırtıqlar soxulmaq fürsətini qapır. 
 
***
 
Çox zaman kitaba ön sözü korun əlinə əsa vermək üçün yazırlar.
 
***
 
Musiqini izah etmək istəyirsən, deməli, ətri təsvir etmək xəyalındasan.
 
***
 
Bəlağətdən qaç ki, gerçək pafosa çatasan. 
 
***
 
Yazarlar var ki, evlənincəyədək şeir, evlənəndən sonra nəsr, boşandıqda dram yazır. 
 
***
 
Fikir yoxsulluğu, sən nə qədər təfəkkürsüzü varlandırıbsan!
 
***
 
Ardıcılları yaradıcının əzaları olmaqdan irəli gedə bilmirlər.
 
***
 
Seçkin üslubları – dil mədəniyyətinin aristokratiyasını yaradır.
 
***
 
Mütəfəkkirin Taqor biçiminə Qərbdə, Nitsşe biçiminə isə Şərqdə rast gəlmək mümkün deyil.
 
***
 
Ustadın qələmi kərtənkələnin yapışqanlı dili tək hikmətli sözləri yaşıl çəyirtkələr içərisindən seçib də tutur.
 
***
 
Tənqid və ədəbiyyatşünaslıqda mif ədəbiyyatın özündəkindən az deyil.
 
***
 
Bəzən fikir cümlənin sonuna çatmamış... ölür.
 
***
 
Universitet-kitabların seçimi: oxu təcrübəsində qazanılan ən yüksək səviyyə.
 
***
 
Postmodernizm əsrin qırıntılarından epoxa düzəldə bildimi?!
 
***
 
Postmodern düşüncə daha "əsər” demir, "mətn” deyir: çünki stixiyası təlqin edir ki, o, yaradıcı təfəkkürün deyil, qurucu intellektin məhsulu ilə işləsin.
 
***
 
Pərdə qalxır: səhnədə heç kim yoxdur. – Bax, budur postmodernizm. 
 
***
 
Özünü şumlamasan, yaradıcılıq torpağın bar verməyəcək.
 
***
 
Gərək söz qəlbə qaranquş yuvasına qonan kimi gəlsin...
 
***
 
Qəlbcə – Qələmcə lüğət.
 
***
 
Hər seçmə əsərlə janr bir o qədər də dərinləşir.
 
***
 
Alınma sözlər – legionerlər hər zaman və gözlənilmədən doğma dil ordusuna xəyanət edə bilər.
 
***
 
Rübai yazan şairin tabutunu roman yazan nasirlər qaldıra bilmir. 
 
***
 
Dünyanın ən yüksək səviyyəli əsərlərini yaratmış insanlar dünyanın ən yüksək zövqünü almış insanlardır.
 
***
 
Təkcə "Kitabi Dədə Qorqud” və "Koroğlu” eposları göstərir ki, biz düşüncə və mənəviyyatca necə sağlam xalq olmuşuq.
 
***
 
Yaradıcı insan yaşa dolduqca, ömrün getdikcə tükənməsindən kədərlənmir: çünki Ölümə yox, Əbədiyyətə yaxınlaşır.
 
***
 
Dostoyevski səni vadar edir ki, hətta onunla çarpışa-çarpışa həqiqətə doğru gedəsən. 
 
***
 
Taqor təbiət tək ürəyində danışır: onun səssizcə dedikləri daha patetikdir. Taqor Bayrondan daha romantik, Mayakovskidən daha inqilabidir.
 
***
 
Hər sətrində həyat çırpınan Nazim Hikmət poeziyası: titrədikcə, üşüdükcə qızınırsan.
 
***
 
Hər bir günün səhərindən axşamınacan mükəmməl və bənzərsiz tamlığı var: əsər də belə olmalıdır.
 
***
 
Köhnəliyi sonacan soyunub lüt qalan nihilist yenilik onu bir daha geyinməyə məcbur qalır, –  fəqət bu dəfə daha cındır formasını. 
 
***
 
Hər bir sözün içində onun potensial ironiyası var ki, hadisələrə münasibətdən asılı olaraq çalxanıb üzə çıxır.
 
***
 
Dünyada mənasızlıq artdıqca, insanlar daha çox danışırlar.
 
***
 
Aforizmin bir gözəlliyi də odur ki, burada  zibilləməyə yer qalmır.
 
***
 
Yazıçı-bağbanın qələm-ağacının barı – meyvə-kitablar. 
 
***
 
Yaradıcı insan – gözəlliyin əsgəri. 
 
***
 
Axıb gedən zamandan Epoxa yaratmaq – bunu Dahi bacarır.
 
***
 
Saralan əlyazmalar var ki, bir kəlməsi də solmayıb.
 
***
 
Aforizmlər – bəşər yolunun sərt döngələrində semiotik nişanlar. 
 
***
 
Qələm – sözün minarəsi.