Biz imzaları yox, əsərləri dərc edirik...

Dünyanın yaradılışı haqqında kitab – “Sevdiyim əsər” layihəsi – Mirmehdi Ağaoğlu
200
11 Sentyabr 2019, 09:34
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz  yazıçı Mirmehdi Ağaoğludur. Onun sevdiyi əsər Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı” romanıdır.
 
  – Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
  – Markesin hekayələrini hələ məktəbdə vaxtı "Azərbaycan” jurnalında oxumuşdum. Fəhlə ailəsində anadan olsam da, evimizdə həmişə ədəbiyyat söhbətləri olurdu. Xüsusən klassik ədəbiyyat, Füzuli, Seyid Əzim, Nəbati, sufilik barədə... Bir dəfə bu söhbətlərin birində Rusiyadan qonaq gəlmiş əmim o məclislərə tamamilə yad olan bir ad çəkdi: Markes. Yəni dünyada Füzulidən, Seyd Əzimdən fərqli yazarlar da var. Atam ənənəvi klassik şeir söhbətlərinin havasına xələl gətirməsin deyə əmimə çox da imkan vermədi Markesdən danışsın. Amma artıq olan olmuşdu. Markes adı yaddaşıma əbədi qazılmışdı.
  Sonra əmimin məktəb vaxtı kənddə abunə olduğu "Azərbaycan” jurnallarını evin tozlu banından tapıb gətirdim. Orda Markesin "İzabel Makondada yağışa baxır”, "Baltasarın həyatında unudulmaz gün”, "Dünyanın ən gözəl ölüsü” hekayələrini oxudum. Yuxarı siniflərdə oxuyanda, tətildə fəhlə işləyib ilk maaşımın yarısına Elman dayıdan iki zənbil kitab aldım. Onların arasında Markesin "Gözlənilən bir qətlin tarixçəsi” əsəri də vardı.
  Markesdə məni cəlb edən cəhət onun əsərlərinin bu yerə qədər oxuduğum ənənəvi mətnlərdən fərqlənməsi idi. Süjeti tamamilə yeni idi, məsələn orda adamlar dənizdən tapdıqları ölüyə kostyum geyindirirdilər. Onun hekayələrində dörd il dayanmadan yağış yağırdı. Bütün bu heyrətamiz xüsusiyyətlər məni Markesə bağlayırdı. Mənə elə gəlir ki, burda artıq klassikə çevrilmiş, "Nobel” mükafatı almış bir yazıçının mənimlə eyni dünyanın havasını udmasının, həyatda olmasının da rolu vardı. Onun həyatda olması mənə qürur verirdi. Bu çox qəribə hiss idi, o, Dostoyevski, Kamyu, Balzak, Çexov deyildi. Müasirim idi. Axı bizim böyük hesab etdiyimiz yazıçılar ölmüş olurlar və bizimlə onları böyük zaman məsafəsi ayırır.
  Əsgərlikdən qayıdandan sonra nəhayət, özümdə təpər tapıb "Yüz ilin tənhalığı”nı oxuya bildim. Rusca. Dördcildlik lüğəti yanıma qoymuşdum. Bilmədiyim söz və ifadələri çevirir, cümləni anlayır, sonra oxumağa davam edirdim.
  "Yüz ilin tənhalığı”nda süjetin çoxşaxəliliyi, yazıçının texnikası, əsərin təhkiyəsi, müəllifin zamanla davranışı məni valeh edirdi, oxuduqca elə bilirdim ki, mən də Makondanın bir sakini kimi bütün bunları izləyirəm. O vaxta qədər belə bir mükəmməl mətn oxumamışdım. Bu romanda ilk dəfə reallıq hissini itirməyin mümkünlüyünü anladım. Əsər magik süjetlər, fantaziyalarla doludur, amma oxucu onlara həqiqət kimi yanaşır. Bu roman mənimçün ilk sevgi kimidir, ondan sonra nə qədər böyük və gözəl əsərlər oxusam da "Yüz ilin tənhalığı”nı unuda bilmirəm. Onun qəlbimdə xüsusi yeri var.
 
  – Əsərdə nə qədər müsbət enerji olsa da, tragik ironiya da gözdən qaçmır.
  – Bəli, romanda tragik ironiya detalları çoxdur. Məsələn, polkovnik Buendianın 17 oğlunun bir gündə ölümü... Bu ölümlər oxucuya necə təsir edir? Yazıçı bunun üstündən əhəmiyyətsiz bir şey kimi keçir. Uzatmır. Yersiz ağlaşma qurmur. Yaxud nəslin birinci kişisi Xose Arkadio Buendianın ağlını itirəndən sonra həyətdəki şabalıd ağacına sarılıb 30-40 il o cür yaşaması. İsi Məlikzadənin "Qırmızı yağış” romanında Dəli Əbil obrazına acısaq da, "Yüz ilin tənhalığı”nda Xose Arkadio Buendianın ağlını itirməsinə acımırıq. Sanki elə bu cür də olmalı idi. 

  – Bütün bu incə detallarla bərabər Makonda dünyanın modeli kimi təqdim edilir.
  – Bəli, Makonda dünyanın modelidir. Xose Arkadio və Ursulanın aqibətini xatırlayaq. Xose Arkadio qadını ona yaxınlıq vermədiyinə görə doğma kəndində tənələrə məruz qalır. Onu "kişi olmamaqda” ittiham edən Prudnesiya Aqilyarı öldürür. Bu gənc ailə daha o kənddə yaşaya bilməzdi. Onlar köçməli, məhrumiyyətlərə dözməli, "cənnət”dən qovulmalı və gəlib dünyada – Makondada məskunlaşmalı idilər. Adəmlə Həvvanın cənnətdən qovulmasını xatırlayaq... Adəm də Həvvanın təhriki ilə günaha girməmişdimi?
  "Yüz ilin tənhalığı” insanlıq, onun yaradılışı haqqında bir əsərdir. Dini kitablarda Adəmlə Həvvanın, onların nəslinin taleyi nağıl edildiyi kimi, burda da Buendialar nəslinin tarixi nəql olunur. Dini kitablar nə deyir? İnsan yer üzünə yaddır. Bu dünyada yaşadıqları fanidir, keçicidir. Əbədi olan o dünyadır, cənnətdir. Qiyamətdən sonrakı dövrdür. Elə ona görə insan "Yüz ilin tənhalığı”nın qəhrəmanları kimi Yer üzündə tənhalığa məhkumdur. Çünki insan Yer üzündə qəribdir. Onun əsl vətəni cənnətdir.
  Markes əvvəldən-axıra qədər qəhrəmanların adını dəyişmir. Hətta "İkinci”, "Vavilyona” kimi ləqəblər olmasa oxucu obrazları qarışıq salar. Yazıçı bütün qəhrəmanlara eyni adı verməklə demək istəyir ki, bəşəriyyət yaradılandan insan elə eyni insandır və onlar aşağı-yuxarı eyni taleni yaşayır, eyni tənhalığı bölüşür.

  – Mirmehdi, mənə qəribə gələn bilirsən nədir? Romanda 300-dən çox hadisə var, bu qədər hadisənin içində oxucudan tələb olunan bir ailənin taleyini izləməkdir.
  – Roman əvvəldən-axıra eyni insan haqqındadır. Mahiyyət etibarı ilə Ursula ilə, Rebeka, Amaranda, Amaranta Ursula arasında heç bir fərq yoxdur. Əsərdəki digər qadın qəhrəmanlara, nəslin gəlinlərinə də diqqət edək. Təzə gəlin Remeidos təsadüfən zəhərlənib ölür. Santa Sofiya de la Pedad, o fağır qadın ömrü boyu bu ailəyə nökərçilik edir. Bu nəsillə hər hansı əlaqəyə girən istənilən adam bədbəxt olur. Rebekanı sevən Pyetro Krespi vəfat edir. Renada Remeidosu sevən Maurinyo Vavilyona güllə yarası alıb ölür. Bircə İkinci Aurelyanonun arvadı Fernando del Kaprio əsərdə önə çıxıb nəslin taleyinə təsir göstərir. Amma o aristokrat qadın da heç vaxt arzuladığı səadətə çata, övladlarını bədbəxtlikdən xilas edə bilmir.
  Bu yaxınlarda əsəri ikinci dəfə oxuyanda obrazların adlarını unutmamaq üçün sxem çəkib şəcərələri qeyd etdim. Yoxsa nə qədər diqqətli olsan da, II Aurieliano sənə Aureliano kimi gəlir. Və ya bilmirsən Arkadio hansı Arkadiodur. Markes bütün bu çoxxətliliklə insan talelərini yox, ümumi bir rejimi, reallığı, Makondanın aqibətini göstərmək istəyir. Yazıçı müsahibələrinin birində deyir ki, mən əsərə iki Bunedia nəslini də əlavə etmək istəyirdim. Sonra gördüm ki, roman çox böyüyür və obrazlar qarışır. Gör indi həmin iki nəsli də əlavə etsəydi, əsərin həcmi nə qədər artacaqdı və oxumaq necə çətinləşəcəkdi!
  Amma maraqlı olan nədir – romanda hər bir obrazın bir xarakterik cəhəti qabardılır. Bir Buendiada diktatorluq, digərində qəddarlıq, o birində həyatsevərlik, elmə maraq, xəyalpərəstlik üzə çıxır. Sanki hər bir obrazda bir insan xarakteri açılır. Bu da onu göstərir ki, əsərdə artıq obraz yoxdur, hər obraz insanın hansısa mahiyyətini açır.
  Markes müsahibəsində bu əsəri 16 ilə yazdığını qeyd edir. Onun belə fikirləri nədənsə Azərbaycanda hoqqabazlıq kimi başa düşülür. Amma əsəri oxuyanda görürsən ki, bu romanı yazmaq xüsusi zəhmət tələb edir. Bu qədər obrazları, situasiyaları olan əsəri necə tez yazmaq olar?! Biz hələ əsəri oxuyanda belə obrazları unuduruq, amma Markes onları qarışıq salmadan, bir-bir işləyib deyə, belə zəhmətin bəhrəsi də bu cür maraqlı əsərdir. Bir misal da çəkim. Əl-kimya ilə maraqlanan Xose Arkadio nəhayət öz dilini unudub başqa dillə danışmağa başlayır. İki-üç fəsil sonra Xose Aurelyanonun toyu zamanı latın dilində dua oxuyan keşişə söz atır. Məlum olur ki, Xose Arkadionun danışdığı dil latın dili imiş. Belə baxanda xırda bir detala bənzəyən bu nüansı 400 səhifəlik romanda uyğun yerə yerləşdirmək çox çətindir. Nəzərə alaq ki, bu cür detallar bir deyil, iki deyil, onlarladır.

  – Qadın-kişi məsələsində diqqət çəkən bir məqam da var: qadınlar daha çox real, kişilər isə magik dünyaya can atırlar, ona görə də onların arasında gözəgörünməz pərdə var.
  – Tamamilə doğrudur. Əsərin ilk səhifələrində Xose Arkadio deyir ki, biz burdan köçməliyik. Ursula isə daha heç yana getməyəcəyini deyir. Onda Xose Arkadio "Bizim burda qəbiristanlıq yoxdur deyə qalmağa səbəbimiz də yoxdur” cavabını verir. Doğrudan da yaxınları dəfn olunan yerə insan tez bağlanır. Ursula isə ona çox praqmatik cavab verir: "Sənə ölü lazımdırsa mən ölərəm.” Qadın olduqca realist davranır.
Yaxud Xose Arkadio dünyanın yumru olmasını kəşf etdiyini deyəndə arvadı onu qınayır ki, başın xarabdır, pəncərədən çölə bax, uşaqların palçıqla oynayır, get onları başına yığ, qayğılarına qal. Məncə, elə həyatda da əksər qadınlar praqmatik olur və reallıqla hesablaşırlar. Kişilər isə Buendialar kimi hərdəmxəyal olur, reallığı qəbul etmirlər. 

  – Cənubi Amerika uzun illər sivilizasiyadan uzaq qalıb. Bu mənada Markes bu əsərdə bir materikin tənhalığını yazıb. Səncə, bu əsər, həm də təcrid mədəniyyətinin ifadəsi deyilmi? 
  – Makonda dünyadan təcrid olunmuş Latın Amerikasının modelidir. Ona görə də buranın sakinləri hər şeyi özləri yaratmaq istəyirlər. Makondanın sivilizasiyayla elmlə, ətraf aləmlə yeganə bağlantısı sehrbaz Melkiadesin vasitəsi ilə mümkündür. Dünyanın yumru olması kimi elementar həqiqəti belə özləri kəşf etməyə məcburdurlar.
Buna görə də onlar öz yaradacaqları möcüzələrə ümididirlər. Yəni Latın Amerikası ölkələrinin xilas yolu nə Amerika, nə SSRİ-dir. Onun xilas yolu yalnız özündə, öz çırpıntılarındadır.
  Bu roman öz içinə sıxılıb qalan bir mədəniyyəti dünyaya çıxarmaq ehtiyacından yaranıb. Markes isə ədəbiyyatın timsalında bunu bacardı. Necə? Avropada Latın Amerikası ədəbiyyatını "Yüz ilin tənhalığı” romanı ilə tanındı. Markesdən əvvəl yazan yazıçıların çoxu Borxes, Xuan Rulfo, Karpentyer Markesdən sonra dünyada tanındılar. Sanki Markes dünya ilə Makondanı birləşdirən Merkiadesin vəzifəsini öhdəsinə götürdü. Markes vəfat edəndə Azərbaycan, eləcə də başqa ölkələrin prezidentləri uzaq Kolumbiyaya başsağlığı verdilər. Hələ heç bir yazıçıya görə hansısa ölkəyə kütləvi başsağlığı verilməsi hadisəsi olmamışdı. Markesin vəfatı dünyanı sarsıtdı. Dünyada ikinci bu cür məşhur yazıçı tapmaq çətindir. Həm ciddi, həm də kütləvi olmaq onun alnına yazılmışdı. 
 
 
 

  – Ancaq, romanda təcrid mədəniyyətinə xas möcüzələr, qeyri-real hadisələrlə yanaşı çox ciddi reallıqlar da öz əksini tapıb. 
  – İndi gələk sənin dediyin real və qeyri-real hadisələrə. Amaranta deyir ki, kəfən tikirəm, tikib qurtaran kimi öləcəyəm. Markes müsahibələrinin birində deyir ki, bibim bir gün kəfən tikməyə başladı, soruşdum ki, neynirsən bunu? O da cavab verdi ki, bu kəfəni tikib qurtaran kimi öləcəm. Elə də oldu.
  Yəni Markes romanı təkcə təfəkkürünün məhsulu kimi qələmə almayıb, həm də həyati müşahidələrin nəticəsində belə bir möhtəşəm əsər meydana gəlib. Markes müsahibələrində də deyir ki, romandakı hadisələrin çoxunu babamdan eşitmişəm, o vətəndaş müharibəsində baş verənləri mənə danışırdı. Yazıçının bir sıra hekayələri var ki, birbaşa və ya dolayısı ilə "Yüz ilin tənhalığı” romanı ilə bağlıdır. Məsələn, "Böyük ananın dəfni”, "Gözəl Erendir və onun qəddar nənəsi”, "Bazar günündən sonrakı gecə”, "Polkovnikin qızı”, "Polkovnikin oğlu” və s. Bundan başqa, vətəndaş müharibəsi, banan kompaniyasının Makondaya gəlişi, fəhlələrin üsyanı – bunlar hamısı real tairixi hadisələrdir.

  – Bu gün magik realizm adlandırdığımız sənət cərəyanını "sehrli reallıq” termini kimi ifadə edən alman tədqiqatçısı Frans Roh 1925-ci ildə "reallığa sehrli bir baxış” sərgiləməyi təklif edirdi. Bu cərəyan gündəlik həyatın içində gizlənən sehri aşkara çıxarmaq üçün idi. Əsərdəki sehrlərin bir çoxu məhz dediyimiz kriteriyaya uyğun gəlir. Siz necə düşünürsünüz?
  – Əsərdə Ursulanın gözünün kor olması səhnəsi var. O, kor olandan sonra ətrafda nə varsa hamısını nəzərdən keçirir, yerini bilir, rahatlıqla "görür”. Yaxud Aureliano ürəyinin yerini bilmək üçün həkimə nişan qoydurur ki, gülləni nişan qoyulan yerdən vursun. Real həyatda ürəyi sağda olan adamlar var, ancaq Markes bu cür məqamları tamamilə yeni bir sehrlə oxucuya təqdim edə bilir. Əsərin təhkiyəsi də özünəməxsusdur. Sehrli reallıq bizə nağıl dili ilə çatdırılır. Qəsəbə yaddaşsızlığa mübtəla olanda və hər əşyanın adı üstünə yazılanda Xose Arkadio qəsəbənin mərkəzindəki lövhəyə "Allah var” sözlərini yazır. Eləcə də keşişlə mübahisə edir ki, Allah yoxdur, çünki mən onun fotoaparatla şəklini çəkə bilmədim. Yəni Allaha materialist münasibət üzə çıxır: mən onu görmürəmsə, o, yoxdur.

  – Əsərdə ayrı-ayrı maraqlı hissələr var: daha hansı yaddaqalan situasiyalardan danışa bilərsən?
  – Rebekanın divarı qaşıyıb əhəngi yeməsi, Aurelianonun sevgilisi öləndən sonra qəddar insana çevrilməsi, Makondada dörd il dayanmadan yağışın yağmasını ən təsirli səhnələr hesab edirəm. Hə, qoy birini də deyim: Vağzal meydanında üsyançıları gülləbaran edirlər. Sonra ölüləri vaqonlara doldurub Makondadan çıxarırlar. Ölülərin arasında sağ qalmış Xose Arkadio yolda ayılır və qatardan atılıb qaçır. Makondaya qayıdandan sonra 3 gün əvvəlki hadisəylə bağlı heç kimlə söhbət edə bilmir. Nə desə də ona inanmırlar. Çünki baş verənlər artıq unudulub. Unutqan və laqeyd makondalılar ona cavab verirlər ki, belə hadisə olmayıb. Günümüzdə də belə hadisələr olur. İnformasiya siyasəti ilə insanların yaddaşına məqsədli şəkildə bu cür təsir edirlər.

  – Roman haqqında oxuduğum məqalələrin birində deyirlər ki, bu əsərin sevilməsinə səbəb həm də hər cür siyasi sistemə uyğun gəlməsidir. Məsələn, solçular ictimai etiraz və imperializm probleminin qoyuluşunu, mühafizəkarlar hər cür etirazın sonda məğlubiyyətə düçar olmasını, süqutun labüdlüyünü, nihilistlər əsərdəki bədbinlikləri, mazoxist və sadistlər seks və ölüm səhnələrini bəyənirlər. 
  – Əsərdə o qədər maraqlı hissələr var ki, hamı burada özünü tapa bilər. Məsələn, banan inqilabı solçular üçün maraqlıdır. Yaxud, Markesin aristokratlara qarşı aydın sezilən ironiyası var ki, solçular üçün romanı maraqlı edən əsas amillərdən biri də budur. Bir sözlə 300-dən çox hadisə olan romanda təbii ki, hər oxucu az-çox özündən nəsə tapır.

  – Şokoladı sehrlə göyə qaldıran, yel buraxıb çiçəkləri solduran, içki şüşəsini penisinin üstündə saxlaya bilən, qeyri-adi nizə atmaq bacarığı olan, bir sözlə, bu romanda hər cür obraza rast gəlmək olur. Bu qədər rəngarənglik əsərə hansı üstünlüyü qazandırır?
  – Məsələn, bir uşağın tabaşir yeməsi bədəndəki kalsiumun çatışmazlığından irəli gəlir. Amma Markes bunu elə təsvir edir ki, guya dünyada belə şey olmayıb. Eləcə də yel buraxmaq təbii prosesdir, yazıçı onu elə ovsunla təsvir edir ki, əsərin ağırlığı bu cür situasiyaların fonunda yüngülləşir, oxunaqlı olur. Və ya Maursiyo Vavilyonanın ətrafında kəpənəklərin uçması... Məncə, bu cür əlavələrlə yazıçı əsərin oxunaqlılığını artırıb. Yoxsa ilk səhifələrdən oxucunu yorub bezdirərdi.
 
 
 

  – Romanda Markes həm də belə bir ideyanı ortaya atır, həmin ideya bu gün də müzakirə olunur. Yazıçı demək istəyir ki, biz "Makonda tarixi”ni qapadıb yeni dünyanın reallığında yaşamalıyıq, onsuz da süqut etmişiksə, yeni dəyərlərə keçməklə heç nə itirməyəcəyik.
  – Markesin Varqas Lyosa ilə müsahibəsi var. Lyosa ona sual edir ki, sən romanda Makondanı dağıtmısan, bir daha o mövzuya qayıtmayacaqsan? Markes cavab verir ki, o, mənim əlimdədir, istəsəm necə dağıtmışamsa eləcə də bərpa edərəm. Bayaq dediyim kimi, Makonda mövzuları romandan sonra Markesin hekayələrində də davam elədi.

  – Gerald Martinin bu romana dair məqaləsində maraqlı bir məqam var. Yazır ki, Markesə qədər də Latın Amerikasında magik realizm var idi. Ancaq Markes yazarlara təklif etdi ki, bu janrda yazıb belə bir reallığa olan ümidləri sarsıtmaq da olar. Bu ironiya isə artıq magik realizmə yox, modernizm və postmodernizm mərhələsinə aid məsələdir.
   – Magik realizm posmodernizmə yaxın ədəbi cərəyandır. Hətta onu postmodernizmin bir elementi hesab edənlər də var. Magik realizmin qəbul edilməsi üçün Xuan Rulfonun "Pedro Paramo” həcmində yox, məhz irihəcmli əsər yazılmalı idi. Amma ironiya, dəyərlərin yenidən dəyərləndirilməsi, Makonda vasitəsiylə özündən əvvəlkilərin dağıdılması, inkarı inkar və s. Bunlar artıq yalnız magik realizmə yox, modernizm və postmodernizmə aid məsələlərdir. 

  – Roman sonunda süqutdan bəhs edilir, Makonda mədəniyyəti bitir. Yeni cəmiyyət yaranmalıdır. Bu ideya sənə inqilabi təsir bağışlamırmı? Markes öz cəmiyyətini inqilaba səsləmirmi?
  – Erik Hoffer "Əsl inamçı” əsərində inqilabçıların çıxdığı cəmiyyətlərin xüsusiyyətini yazır və onların xarakterini açır. Onun fikrincə, burda insanın genetikası, aldığı təhsil, yaşadığı reallıq geniş rol oynayır. Biz əgər "Yüz ilin tənhalığı” romanındakı kişi obrazlarına nəzər salsaq, görərik ki, onların hamısı qeyri-stabil insanlardır, dəyişik xarakterlərdir. Hərdəmxəyaldırlar. Çe Gevaranın sözü olmasın, onlar imkansız olanı arzulayırlar. Elə Çe Gevaranın taleyini xatırlayaq. Argentinada dinc otura bilmədi. Neçə min kilometr qət edib Kubaya gəldi, inqilabçılara qoşuldu. Hakimiyyətə gəldi. Bütün bu nailiyyətlərdən sonra yenə də yerində qərar tuta bilmədi. Nəhayət, Boliviyada kiçik inqilabçı dəstəyə qoşuldu və faciəvi şəkildə öldürüldü. "Yüz ilin tənhalığı” romanında da belə qəhrəmanlar var, onların hər biri olduğu yerdə dayana, qərar tuta bilmir. Bu isə artıq təkcə Markesin təfəkkürünün yox, həm də yaşadığı ərazinin və zamanın diktəsi idi.

  – Obrazları bir-bir təhlil etsək, görərik ki, əsərdə heç kəs xoşbəxt olmur.
  – Romanın əvvəlində Ursulanın nənəsinin lənəti elə bil bütün əsərə yayılır. Eləcə də sanki qadınlar da lənətlənib, Rebeka da bədbəxt olur. Amaradanın 3 dəfə ərə getmək imkanı olur, imtina edir, sonra qardaşı oğluna meyl salır və axırda dərk edir ki, bu, günah işdir. Bu nəslin nə kişiləri, nə də qadınları xoşbəxt olur. Həmişə çılpaq gəzən Renata Remeidos da xoşbəxt ola bilmir. Buendiaların yeganə sevib uşaq doğan nümayəndəsi Amaranta Ursula isə doğuş zamanı ölür.
 Hətta qadınlar başqa kişilərə də qismət olmur. Kişilərin də xoşbəxtliyi qadınlardan asılıdır. Qadın xoşbəxt olmursa kişilər necə xoşbəxt ola bilər? Ursulanın uşaqları bəlkə quyruqlu doğulsaydılar, daha xoşbəxt olardılar. Amma quyruqsuz doğulub bədbəxt oldular.

  – Qəribədir, roman boyunca sehrli səhnələr var, onlar ciddi mənada həyatı dəyişə bilmir, oxucu bütün o sehrlərdən qaçır, qaça-qaça da başqa bir sehrin – Markesin sehrinin, yazıçı ustalığının aludəçisi olur...
  – Sən bu fikri obrazlı şəkildə ifadə edirsən, ancaq mən o sehrdən heç vaxt qaçmaq istəməmişəm. Bu romanı oxuyandan sonra istənilən faciəyə ironik baxa bilirsən. Və başa düşürsən ki, həyatda hər şey ola bilər. Odur ki, nəyisə faciəyə çevirmək lazım deyil.

  – "Gözənilən bir qətlin tarixçəsi”ndə Anxelanın bakirəliyinin kim tərəfindən pozulduğu barədə heç bir məlumat verilmir. Amma bunun öz atası Ponsio ilə insest əlaqəsi nəticəsində baş verməsinə əsərdə gizli işarələr var. Belə ki, Santyaqonun ölümündən sonra Ponsionun "tez bir zamanda dərddən dünyasını dəyişməsi" cümləsi bu məsələyə hansı dərəcədəsə işıq tutur. Ancaq haqqında danışdığımız romanda insest aydın əks etdirilib. Sizcə, romanda bir neçə yerdə bu məsələyə toxunmağın səbəbi nədir?
  – Romanın mahiyyətinin açılmasında insest məsələsi də xüsusi rol oynayır. Xristianlıqla və İslamda bu məsələyə yanaşma fərqlidir. Xristianlıqda əmiqızı, əmioğlunun evlənməsi də insest sayılır. Bütün ibtidai cəmiyyətlərdə də insest tabu olub. Latın Amerikasının hinduların yaşadığı sivilizasiyadan uzaq məskənlərində belə insest tabu sayılır. Əsərdə Aureliano Xosenin bibisi ilə insest səhnəsi var. Seksual istəkləri güclü olan Xose Arkadio bacılığı Rebeka ilə izdivaca girir. Bununla belə Markesin əsərində heç vaxt insest məsələsi müzakirə mövzusu olmayıb, çünki o əsəri belə mövzuları gündəmə gətirmək üçün yazmayıb. Dini kitablarda yer alan, bəşəriyyətin artımının qaçılmaz bir ünsürü olan (Habil-Qabil hadisəsi) insest məsələsi romanda da sanki eyni çıxılmazlıqdan doğur. Amma necə? Əgər dini kitablarda insest dünyanın yaranmasına vəsilə olursa, bu kitabda Makondanın, onun timsalında dünyanın məhvinə səbəb olur. Çünki Aureliano Vavilyona xalası Amaranta Ursula ilə evlənir. Bu Buendia nəslinin sevgidən yaranan ilk nikahı idi. Qadın doğanda öldü və uşağı sonradan qarışqalar yedi. Aureliano Vavilyona Melkiadesin kitabının şifrəsini çözəndən sonra məlum olur ki, kitab elə Buendia nəsli haqqında yazılıbmış.
  Dolayısıyla Merkiadesin yazdığı kitab, dünyanın yaranışı haqqında kitabdır. Necə ki, Markes deyir: "Merkiadesin yazdığı kitab elə mənim yazdığım kitabdır”. Deməli "Yüz ilin tənhalığı” dünyanın yaradılışı haqqında saqadır.