Biz imzaları yox, əsərləri dərc edirik...

Dünyanın qaranlıq günlərinin işıqlı simasına əlvida!
216
20 İyul 2018, 16:16
 Uşaq və yeniyetmə ədəbiyyatının ən nüfuzlu qələm sahiblərindən Kristina Nöstlinqer dünyasını dəyişib. 1936-cı ildə Vyanada anadan olmuş, həyatı Avstriya və Polşadakı sığınacaqlarda keçmiş, iki dəfə bombardmandan sağ çıxmış Kristina bütün əzabları və şahidi olduğu həyatları ədəbiyyatın süzgəcindən peşəkarcasına keçirə bilən yazarlardandır. "Guardian”-ın xəbərində yarım əsrlik yaradıcılıq yolu ilə bu günün uşaqları üçün rəngli dünyalar yaradanlara ilham qaynağı olmuş yazarın 81 yaşında sevənlərinin arasında həyatla vidalaşdığı bildirilir. 1984-cü ildə "Hans Christian Andersen”, 2003-cü ildə "Astrid Lindgren Memorial Award” kimi dünya uşaq ədəbiyyatının iki aparıcı fondunun mükafatına layiq görülmüş Nöstlinqer ömrünün son illərində balacalar üçün hekayələr yazmaqdan imtina edib, kitablarının ekran versiyalarında xırda rollarla oxucularını sevindirirdi. Yazıçı yazmaqdan imtina etməyinin səbəbini verdiyi son müsahibəsində belə izah edib: "Artıq öz həyatım uşaq romanına çevrilib. Yaşıdlarımla dil tapıb danışa bilmirəm. Danışası hekayəm varmı? Var. Amma müharibə travmalı adamların yazdıqları dəbdən düşsün istəyirəm. Yeni çağın ruhuna qarışmaq istəyirəm”.
 

 
 Nöstlinqer müəllifi olduğu 100-dən çox kitabın hər birində hər yaşdan oxucunu ortaq duyğu və düşüncələrlə birləşdirmək kimi ülvi bir məqsədə xidmət edib. Əsərləri bir çox dünya dillərinə tərcümə olunan müəllifin ilk əsəri "Qızıl saçlı Frederik” ("Die feuerrote Friederike”) 1970-ci ildə işıq üzü görüb. Romanlarındakı incə düşünülüb, müdrikcə edilən sosial tənqidlə Nöstlinqer nəsillərarası minillik boşluğu doldurub, kəskin keçidləri yumşaldıb, böyüklərin qorxu və sosial qəliblərini sındırıb, balacaların və yeniyetmələrin dünyasının xəyal ortağı oldu, onlara təzyiqlərlə mübarizənin yollarını göstərdi. 
 Niyə məhz uşaq ədəbiyyatını seçməsi ilə bağlı suallara müəllifin cavabı heç dəyişməyib: "Həyatımın ən böyük sevinclərini uşaqlıq illərimdə yaşamışam. Bu ən ağır kədərlər üçün də keçərlidir. Uşaqlığı əsir düşərgəsində keçmiş bir insandan başqa heç nə çıxmazdı. Mən həkim də olsam, uşaq həkimi olardım”.
 Hazırladı: Elcan Salmanqızı