artkaspi.az Ziyadxan Əliyevin Adil Mirseyidin rəssamlıq irsi haqqındakı "Dünyanı sözlə-rənglə duymağın ağırlığı" adlı məqaləsini təqdim edir:

Elə adamlar var ki, onlar haqqında söz deməyin elə də çətin
olmadığını düşünürsən. Adil Mirseyidin (1952-2014) də belələrindən olduğunu
düşünürdüm. Belə ki, onu hələ Rəssamlıq məktəbində oxuduğumuz illərindən
tanımağım, uzun müddət ərzində Bakıda
tez-tez müxtəlif sərgilərin açılışlarında görüşlərimiz, söz-sənət haqqında söhbətlərimiz onu hərtərəfli xatırlamağa
imkan verərdi. Amma indiki halda vəziyyəti çətinləşdirən amil bu yazıda səmimiliyimi sona qədər ifadə edə
bilməmək xofudur. Qənaətimcə, varlığı təpədən-dırnağa qədər səmimiyyətlə yoğurulmuş
Adil Mirseyid haqqında qələmə aldığım bu yazıda bəlağətli sözlər, süslənmiş
ifadələr işlətsəydim çoxları bunu mənə irad tutmazdı. Çünki Adilin
bənzərsizliyi birmənalı olan söz dünyası da, rəng dünyası da buna layiqdir. Amma etiraf edək ki, yazdıqlarımdan
narazı qalan da tapılardı. Bunu da başqaları yox, onu elə mənim qədər
tanıyanlar edərdilər. Çünki, onlar mənim rəssamlıq məkanımızda baş verənlərə
münasibətlərimdə obyektiv və səmimi olduğumdan xəbərdardılar.

Doğrudan da, müxtəlif
yerlərdə rastlaşdığımız Adil Mirseyid tutumuna görə zahirən göründüyü kimi də
sadə, say-sıra adamlardan deyildi. Onu ömrünün sonuna qədər bəzəyən bu sadəlik
kifayət qədər çoxqatlı idi, desək, yanılmarıq. Obrazlı sözlə desək, canlı Adil, haradasa "cansız” aysberqə bənzəyirdi. Üst
qatını görə-duya bilsək də, sözlə rənglərin qovşağından "boylanan” sənət
dünyasının alt qatını, ruhunda gəzdirdiyi yaratmaq gücünün fəlsəfi tutumunu
dərhal duymaq çətin idi. Zaman-zaman bizim görə və yaşamağa qüdrətimiz çatmayan
təbiət və həyat hadisələrini onun duyğulandırmaqla yanaşı həm də düşündürən
şeirlərində oxumaqla, rənglərlə ifadə olunmuş müxtəlif janrlı əsərlərində
görürdük. Bütün bunlar qızı Ayanın dilə gətirdiyi kimi "masası olmayan” şairin,
emalatxanası olmayan rəssamın özünüifadəsi idi.
Bahalı masası, geniş və işıqlı emalatxanası olanların demək olar ki,
hamısı onun şəraitsizliyindən xəbərsiz
idi. Çünki, Adil heç vaxt bunu duydurmazdı. Onun gündəlik məişət qayğıları ilə
baş-başa qalmış durumda yaradıcılıqla məşğul olduğundan bir ailəsi, bir də
yaxın dostları xəbərdardı. Özü demişkən, bu günahlı dünyada sevdiyi qadının da
adı "ehtiyac” idi...

Şairin bu
etirafında böyük həqiqət vardı.. Onu qarabaqara izləyən bu "gözəl”in ondan əl
çəkməyəcəyi də çox vaxt duyulan idi. Buna baxmayaraq şair öz İham mələyinə "xəyanət”
etmək fikrində deyildi. Qədirbilən ziyalımız Elçin İsgəndərzadənin. millət vəkili
Qənirə xanım Paşayevanın və digərlərinin onun maddi ehtiyaclarını azaltmağa yönəli
səyləri də başının üzərindən "Domokl qılıncı” kimi asılmış "ehtiyac”ı tamamilə
yox etməyə imkan vermədi. Dost kostyumunda rəsmi dövlət tədbirinə getməyin
dərdini yalnız o, çəkə bilərdi. Məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə yaşadığımızı etiraf etməyə gücümüz
çatmayan bizlərin rəhminə onun ehtiyacı
yoxdu. Bu yerdə yazıq qara ciyər axı neyləsin! Odur ki, Adil rəhmətlik Rauf
Soltanın təbirincə desək, "rəssam palitrası kimi qarışan dünya”da başını aşağı
salıb özünün əbədiyyət portretini çəkməklə məşqul idi. Qənaətimizcə, masasız
da, emalatxanasız da özünü ifadə etməyin mümkünlüyünü yaradıcılığı ilə
təsdiqləyən Adil Mirseyid gedişindən də nigaran deyildi. Çünki, qoyub getdiklərinin
onu yaşadacağına əmin idi. Odur ki, günahlı dünyada onu sonralar da
xatırladacaq "bədii iz” qoyub getməsinin danılmazlığı, yəqin ki, bir yaradıcı
kimi onun ən böyük qazancı oldu.

Bu ilin yayında ailəsinə jurnalistlər üçün tikilmiş
binada onun da ailəsinə mənzil ayrıldı.
Öz-özümə fikirləşdim ki, yəqin ki, orada Adil üçün masa qoymağa yer
mütləq tapılardı. Bir qədər ağrılı və uzun görünə biləcək bu başlanğıcdan sonra
Adil Mirseyidin rənglər dünyasından söz açmaq istərdik. Əslində, bu yazıda
başlıca məqsədimiz də bu idi. Amma yuxarıda oxuduqlarınız səmimi sözləri də
yazmasaydım onun söz və rəngdən "yoğurulmuş” portreti yarımçıq görünə
bilərdi...

Bütün həyatı boyu bir əli qələmdə, digəri fırçada
olan Adilin bədii irsi kifayət qədər zəngindir. İctimaiyyətin onu daha çox şair
kimi tanımasının da başlıca səbəbi çəkdiklərini çox az hallarda sərgiləməsi
olmuşdur. Duyğularını həm də sözlə ifadə edən Salvador Dali və Mikelancelo
rəssamlığının onların poeziyasını kölgədə qoyduğu kimi, yəqin ki, Adil Mirseyidin daha çox şair kimi
qəbul olunmasında da şeirlərinin onun rənglər dünyasını üstələməsi səbəb ola bilərdi.
Bununla belə, onun akvarellərinin bu texnikanın ifadə imkanlarını əyaniləşdirən
gözəl nümunələr olmaları birmənalıdır. Həmin əsərlərin ictimailəşdirilməyəsi də
Adil Mirseyidin günahı deyil. Amma əsərlərinə respublika muzeylərində yer
tapılmasa da, şəxsi kolleksiyalarda olan əsərlərinin sayı kifayət qədərdir. Odur
ki, gəlin bir az da onları dəyərləndirməyə çalışaq...

Etiraf edək ki, Adilin şeirləri oxucusunu çox
fərqli və özəl bir yaşantılar aləmi ilə görüşdürdüyü kimi, rəssamlıq əsərləri
də bizlərə təbiətin bakirə gözəlliyini, onun hələ də qorunub saxlanan estetik
qaynaqlarını əyaniləşdirir, tamaşaçısını hifz olunan bədii dəyərlərin nə qədər
duyğulandırıcı olduğuna inandırır. Bu əsərlərin əksəriyyəti akvarellə-sulu boya
ilə çəkilib. Adil onları yağlı boya ilə də çəkə bilərdi. Belə ki, onun bu
texnikaya bələdçiliyi qədərincə idi.
Amma qənaətimizcə, akvareldəki şəffaflığın-saflığın daşıdığı estetik dəyər
yükündə, yaşantı məcmusunun ifadəsində Adilin duyğuları və arzuları ilə
səsləşən bədii məqamlar kifayət qədərdir. Şeirlərindəki "sərbəstliyi”
akvarellərində də davam etdirməyə meylli olan şair-rəssam bununla milli qrafika
saxlancımızı özünəməxsus-pastelvari əsərlərlə zənginləşdirməyə nail olmuşdur.
Onların bu gün ən müxtəlif peşə adamlarının mənzillərini bəzəyib, onların gözəl
sənət əsərləri nümunələri ilə zövqlərini formalaşdırmaları ilə yanaşı,
müəllifini xatırlatması əlbəttə ki, yaxşı haldır.
Adilin yaratdıqlarının çoxunun onun son sərgisində
nümayişinə şahidlik etdiyimizdən, deyə bilərik ki, onun maraq dairəsi kifayət
qədər geniş olmuşdur. O vaxt şair-rəssamın xəstəliyinin ağırlaşmasının onun
maddi durumuna ciddi təsirini görən millət vəkili Qənirə Paşayeva Rəssamlar
İttifaqının sərgi salonunda Adilin əsərlərinin satış-sərgisini təşkil etmişdi.
Ora gələn tamaşaçıların əksəriyyətinin sərgi salonunu "əli dolu” tərk etmələri
Adilə həm də maddi dəstək idisə, toplanan bu vəsait ömrünün qürubunu yaşayan rəssam
üçün "qızıl teşt” – yüngül təsəlli ola bilərdi...
İxtisas təhsilini məşhur "Əzimzadə məktəbi”ndə alan Adil çoxları kimi bu sahədə
ali təhsil almağa tələsməmişdi. Görkəmli sənətkarların böyük sənətə vəsiqə
aldıqları bu məktəbdə əldə etdiyi bilik və vərdişlərin ona duyğularının ifadəsi
üçün yetərli olduğunu fəhmən duymuşdu. Təhsil sonrası əvvəlcə fırçasını
Dağıstanda, doğma Ağdaşda və Bakıda sınayandan sonra, daha çox "qoşa qanadı”nın
digəri ilə - sözlə özünün ifadəsinə üstünlük verdi. Rəssamlığına əsl qiymət
verən qurum tapılmasa da, "Rəsul Rza mükafatl”na və "Vektor” Beynəlxalq Elm
Mərkəzinin fəxri doktoru adına, Türkiyənin bir-neçə nüfuzlu poeziya
mükafatlarına layiq görülməsi sözə sədaqətlə xidmətinin dəyərləndirilməsi oldu.

Özünə və bizlərə "Güzgüki Adam”ın” gözü ilə baxmaq
üçün "Bulud Adam”a dönməklə həm də "Nəğmə Adam” olduğunu sərgiləyən,
"Hardan baxsan görünən adam” olduğunu da etiraf edən Adilin rənglər dünyası
miniatürlərdə olduğu kimi nurludur. Bilavasitə bu nurun bələdiyi rəng qatında,
onun çoxsaylı çalarlarında onun demək
istədikləri hifz olunur. Kompozisiyaların azfiqurlu olmasına üstünlük verən
şair-rəssamın bu yığcamlığı məna-məzmun tutumunun "ağırlığı”na yönəldə bilməsi
isə onun ustalığının görüntüsüdür. "Simurq quşu” və "Tutuquşu”dan tutmuş
yaşının ağlı-qaralı anlarını əyaniləşdirən "Avtoportret”lərinədək, gül-çiçəkli,
mevə-tərəvəzli natürmortlarından günün və fəslin bir-birindən fərqli ovqatına
"güzgü” tutan mənzərələrinədək uzanan yaradıcılıq axtarışlarında Adil
Mirseyidin "bədii dili” bir çox şeirlərindəki kimi çoxqatlı və suallıdır. Onun
qalanlarla qalmaq istəyinə köklənmiş əsərlərində hifz olunan suallardan biri isə zamanında onu görməyənlərə və yaxud da görmək istəməyənlərə ünvanlanıb: "Heç olmasa
yoxluğumdan sonrakı bu üç ildə məni görə və tanıya bildinizmi?