Biz imzaları yox, əsərləri dərc edirik...

Eşqin gücündən bəhrələnə bilərsən – Rəşad Məcidin müsahibəsi
1918
03 Dekabr 2018, 13:25
 "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məciddir. Rəşad müəllimin sevdiyi əsər Cek Londonun "Martin İden" romanıdır.
 
 
 

 – Rəşad müəllim, hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Cek Londonun "Martin İden” romanı sevdiyiniz əsərdir?
 – Həmişə həyatımın əsas kitabı kimi bu əsərin adını çəkmişəm. Amma məsələ burasındadır ki, "Martin İden”i 40 il əvvəl – yeniyetmə vaxtlarımda oxumuşam. Bu günlərdə 40 il sonra yenidən bu kitaba qayıtdım və məndə çox qəribə təəssüratlar yarandı. Qəhrəmanın yazıçı olmağı, böyük inadkarlıqla yazarlığını sübut etməsi, əziyyətləri və əzmkarlığı... Bütün bunlar məni həyatımın müxtəlif dövrlərində təsirləndirib. Yeniyetmə vaxtımda əsərin qəhrəmanının etdiklərini təkrarlamağım yaxşı yadımdadır. Sonrakı illərdə romanın süjeti ilə bağlı bəzi şeyləri unutsam da, bu sadaladıqlarım mənim üçün əsas məna daşıyıb. Heyrətamiz məqam budur ki, 40 il sonra romanı yenidən oxuyanda ən vacib məsələni – sevgi xəttini unutduğumun fərqinə vardım. Bu, məni xeyli düşüncəyə qərq etdi. Axı belə vacib məsələni unutmalı deyildim. Bəlkə də, özüm də sevgi uğrunda fədakarlıq düşüncəsində olduğum üçün həmin süjeti mənimsəmiş və sonralar tamamilə unutmuşam. Çünki həmin mövzu mənim içimdə var idi. Bir növ, nələri öyrənməliyəmsə, onları tez-tez yadıma salmış və haqqında düşünmüşəm. Yeniyetmə yaşlarımda romanı oxuyarkən, əsasən, inadkarlıq, əzm məsələlərini düşünmüşəmsə, kitabı sonuncu dəfə mütaliə edəndə görürəm ki, əsər sevgi, sevgisiz həyatın bozluğu və məhəbbətin insana verdiyi hədsiz enerji barədədir. Deməli, yeniyetmə yaşımın "Martin İden”i ilə indiki yaşımın "Martin İdeni” bir-birindən fərqlənir. 

 – Görünür, ilk mütaliədən qəlbinizdə sevgi təəssüratı qalıbmış ki, yenidən oxuduqda o məqama diqqət etdiniz...
 – Əlbəttə, qalıb. Çünki əsərdəki o hissələri oxuyan kimi süjet dərhal yadıma düşdü. Məsələ belədir: sevginin yaratdığı nəhayətsiz xoşbəxtlik və eşqin yoxluğundakı bozluq mənim bir növ həyat həqiqətimə çevrilib deyə, bu məsələni tez-tez xatırlamağa ehtiyac duymamışam. Bunun əksinə, əsərdən özümdə olmayan məziyyətləri xarakterimə aşılamışam. 
 
 
 


 – Əsərdə bir yazıçının yazıçı kimi doğuluşu və məhvi təsvir olunur, amma hardasa bir narsizm elementi də görürük: özünəvurğunluq özünəməhvə aparır.
 – Mən deməzdim ki, Ruf özünə vurğundur. Yox, o, sadəcə ictimaiyyətin, cəmiyyətin, ətrafın fikrinə çox əhəmiyyət verən zəif xarakterdir. Amma əsərdə çox maraqlı bir məqam var: Martin dəyişdikcə, təkminləşdikcə Rufa yeni adam, yeni bir kişi yaratmaq zövq verir, qadınlığının gücündən həzz alır. Yəni güclü olduğu məqamlar da olub. Martinlə Rufun ilk qarşılaşmasında Martin düşünür: "Bu qız elə bir xilqətdir ki, onun xatirinə yaşamağa, vuruşmağa, ona qovuşmağa və onun yolunda canından keçməyə dəyər. Kitablar həqiqəti yazmışdılar: dünyada belə qadınlar olur”. Əsərin bu hissəsi 14–15 yaşlı mənə çox təsir etmiş, həyatımın ən müxtəlif məqamlarında bu düşüncə mənlə olmuşdur. Buna görə də rahatlıqla deyə bilirəm ki, bu roman həyatıma ən çox təsir göstərmiş əsərdir. Düzdür, sonuncu dəfə oxuduqda əsərin bədii, estetik bəzi naqisliklərini görə, duya bildim, amma həyatıma təsir etmək baxımından, xarakterimin formalaşıb, möhkəmləşməsində bu romanın misilsiz rolu var. Cek Londonun çox sevdiyim bir fikri var: "Dünyada yaradıcılıq ləzzətindən üstün ləzzət yoxdur”. Ədəbiyyata, şeirə ən coşqun ehtirasım olan yaşlarımda bu əsər məni ədəbiyyatın gücünə ikiqat inandırıb. Əsərdə yaradıcılığa təkan verən qüvvənin şiddətli məhəbbət olduğu deyilir. Çox yəqin ki, bu fikir daxilimdə toxum şəklində var idi, sadəcə əsəri oxuduqdan sonra daha çox fərqinə varmışam. 

 – Bu romanda Heraklitin məşhur fikri öz təsdiqini tapır: "İnsanın arzusunun çin olması xeyirli əlamət deyil”.
 – Rufla Martinin söhbətlərindən birində maraqlı detallar var. Ruf Martinə bütün gəncliyi boyu əzab-əziyyət çəkmiş, məhrumiyyətlərə qatlaşmış və sonda ilə 30.000 dollar qazanmaqla mükafatlanmış Mister Bitler barədə danışır. Martin isə söyləyir: "Əgər Mister Bitler bütün bu məhrumiyyət və məşəqqətlərə qadına məhəbbət xatirinə və ya gözəlliyə məftunluq naminə dözsəydi, onu başa düşərdim. Məhəbbət dəlisi olan bir gənc ildə 30.000 dollara görə deyil, bir öpüşə görə canını verə bilər”. Bu fikirlərdən aydın olur ki, Martinin bütün yaradıcılığı, yazma eşqi də elə məhəbbətdən yaranıb. Məhz buna görə "məqsəd”inə çatıb, əsərləri məşhurlaşan Martin üçün Rufun gedişindən sonra onun üçün heç nəyin əhəmiyyəti qalmır və nəhayətdə intihar edir. 

 – Cek London bu əsəri yazandan 10 il sonra qəhrəmanının aqibətini yaşayır – canına qıyır. Bu romanı bəziləri avtobioqrafik əsər sayır, bəziləri yox. 
 – Mənə elə gəlir ki, əsər elə avtobioqrafik xarakter daşıyır. Əlbəttə, deyə bilmərik ki, C.Londonun həyatında Rufa bənzər qadın olub, yoxsa yox, amma lap yəqin ki, buna bənzər hadisələr yaşayıb. Martin sonda bacılarına, evində yaşadığı Mariyaya, hətta camaşırxanada işlədiyi yoldaşına əlindən gələn köməkliyi edir və elə burdaca hiss olunur ki, artıq köç başlayıb. Düşünürəm ki, əsər həm də gənc ədəbiyyat sevdalıları üçün nəzəri, jurnalistik bilgilər verir. Məsələn, şeir yazdığı hissədə bütün nəzəri qanunlara əməl edib, şeir yaza bilməyən Martin anlayır ki, onun qələmə aldığında çatışmayan ruhdur. Və nə qədər çabalasa da, bu ruhu, sirri qavraya bilməyəcək. Yaxud Ruf Martini məcbur edir ki, yaxşı jurnalist olub pul qazansın, amma Martin söyləyir ki, mən ədəbiyyatın gözəlliyini texniki işə çevrilən müxbirliyə qurban verə bilmərəm. Jurnalistikadan sonra bədii ədəbiyyata yaxın dura bilmərəm. Biz indilərdə bədii, publisistik dil fərqlərini qeyd edir, bəzən həmkarlarımıza nöqsan tuturuq ki, mətbuatda işlədiyi üçün mətnlərinin dili publisistikaya yaxındır. Görün, Cek London bunu nə qədər zaman öncə bilirmiş. Bu mənada ədəbiyyat adamı üçün "Martin İden” məktəb, yol xəritə sirolunu oynayır. 
 
 
 
 

 – Bu roman dünyada ən çox oxunan əsərlərdən biri olsa da, heç bir qeyri-adi struktur yeniliyi yoxdur. Necə deyərlər, A-dan Z-yə...
 – Bu sadəliyin içində biz ədəbiyyat adamlarına qeyd etdiyim ədəbi məsələlər maraqlıdır, adi oxuculara isə əsərin sevgi xətti, bir-birini izləyən rəngarəng hadisələr, "bunun axırı nə olacaq?” intizarı, sonluq cazibəli gəlir. Məncə, əsəri yaşadan isə, əsasən, ədəbiyyat adamlarına xitab edən ruhudur. Tarix boyu düşüncə adamları, filosoflar eşqin gücünü danmayıb, gözardı etməsələr də, müvəqqəti olduğunu qənəatinə gəliblər. Cek Londonda isə məhəbbətin əbədiliyinə inam var. "Mən sizi sevirəm. Buna görə də o düşmənlər mənə heç nə edə bilməzlər. Mən sizin məhəbbətinizə inanıram, onların nifrətinin mənə heç bir dəxli yoxdur. Dünyada məhəbbətdən başqa hər şey gəldi-gedərdi. Məhəbbət addımbaşı büdrəyən və yıxılan cılız, eybəcər bir xilqət deyil. Əsl məhəbbət isə heç vaxt yolunu azmaz”. Əsərdə məhəbbətin mədhinə bir baxın. Məhz bu inam idi sonradan Martini nəhayətsiz boşluğa qərq, çıxış yolunu əzabsız ölümdə görməyə sövq edən.

 – Rus şairi, nasiri Aleksandr Nikolayeviç Karpenko bu əsər barədə yazır: "Martin İdeni məhəbbətə olan sonsuz inamı məhv etdi. Rufaya olan duyğuları onun canında sanki dini bir xarakter almışdı. Bu, onun bütün həyatını mənasız etmişdi. Qeyd etmək lazımdır ki, bu cür hallar həyatda tez-tez baş verir və çox mənasızdır. İnsanlar xəyallarında çəkilmiş idealın həyatdakı sərt həqiqətlə üst-üstə düşmədiyinə bir gün dəhşətə gələrək əmin olmaqları üçün bəzən illərlə gözləyib özlərini aldadırlar. Rufun, əslində, heç bir günahı yox idi. Axı heç kim kimisə onu olduğu kimi görmədiyinə görə günahlandıra bilməz”. Amma əksərən bu əsər üzərində hermeneftik tənqidlərdə deyilir ki, yazıçının ölümünə baiskar Ruf idi. Siz də bu qənaətdəsiniz? 
 – Mən birbaşa olaraq Rufu günahkar hesab etmirəm. Sadəcə Martin Rufun sevgisinə elə sitayiş edir ki, adicə büdrəməklə quyunun dibinə düşür və intihara məcbur olur. Ruf isə Martinlə müqayisə azad deyildi. Lap yəqin, onu da bu hala salan Ruf və onun sevgisi idi. Bəlkə də, Ruf olmasaydı, o, nə yazıçılıq sevdasına düşəcəkdi, nə də sevgi onu öz ağuşuna alacaqdı. Necə ki digər qızlarla yüngül, sakit həyat tərzi keçiridi, elə də davam edəcəkdi. Düzdür, Rufdan ayrılandan bir az sonra düşünür ki, gərək heç bu bəsit həyatdan kənara çıxmazdı, bu, onun üçün xoş idi, amma sonra görür ki, yox, o, artıq bu həyatdan çox uzaq düşüb. Əsərdə Martinin xarakterini açmaq baxımından maraqlı bir məqam var: Çoxdan tanış olduğu Liz ona söyləyir ki, ola bilməz sizin kimi bir kişi qadınların ona pərəştişanə vurğunluğuna biganə qalsın. "Vicdanım haqqı, axırı bir qadın peyda olub, sizi yerinizdən oynatsaydı, mən ürəkdən sevinərdim”. O qız da bilir ki, Martinə gücü çatan məhz qadın – sevgi olacaq. Əlbəttə, Martin Rufdan sonrakı böhran dövrünü keçə bilsəydi, ondan da yaxşı, fədakar xanımlarla qarşılaşacaqdı. Biri elə Lizin özü. Hüqonun da dediyi kimi "Sevgi bir adamı böyüdüb kainat boyda eləmək və yaxud kainatı kiçildib bir adama yerləşdirmək deməkdir”. Yəni burada Rufda heç bir günah yoxdur, məsələ Martinin eşqə belə ilahi qiymət verməsinin nəticəsidir.

 – Romantik, əyləncəli şeirləri sevən Martin ölümündən az əvvəl Nitsşenin fəlsəfəsini xatırlayır. Nitsşe nihilizmi onu da məhv edir: "Axı deyin görüm bütün bunların bir mənası varmı?”
 – Martin hesab edir ki, əxz etdiyi bütün fəlsəfələri, yazdığı bütün mətnləri, özünü yenidən yaratmasını yalnız və yalnız sevginin gücünə edir. Görün, bu necə sadəlövh və səmimi düşüncədir. Düzdür, sevginin gücünü inkar etmək olmaz. Bəs onda Martinin öz iradə gücünə nə deməli? Əsər ümumən böyük sənətkarlıqla yazılıb. Əsas da məhəbbətdən sonrakı bozluq, heçlik dövrü. Martinin qüsuru o idi ki, sevginin əbədiliyinə inanırdı. Sevgi yarandı, həyat yarandı. Sevgi bitdi, həyat bitdi. Bu cür insanlar gündəlik həyatımızda da qarşımıza çıxa bilər. Görünür ki, hər birimizin daxilində belə məqamlar olduğu üçün əsər xeyli dərəcədə cəlbedici görünür. 

 – Martin bütün həyatını, işini, başqa bir sevgi tapacağını unudur və yalnız bir şəxsə fokuslanır. Bu həm o demək deyilmi ki, sevgi insanda müəyyən mənada məhdudluq yaradır. 
 – Bəli. Sevən adam qüsurları, nifrət edən də müsbətləri görə bilmir. Aşiqlər üçün dünya balaca bir şara dönür, onlar dünyanın fövqündə – buludların üzərində gəzir, xoşbəxt olurlar. Bu sərməstliyə bir də yaradıcılıq ehtirası əlavə olunursa məsələ lap qəlizləşir. Görünür son həddə, Martin düşünür ki, sevgi yoxdursa, yaradıcılıq ehtirası da heç nədir. Sonluq – intihar məsələsinə gəlincə, mən özünəqəsdi bütün hallarda zəiflik kimi qiymətləndirirəm. Fikrət Qocanın şeirində də deyildiyi kimi "intihar fərarilikdi”. Bəli, Martin də bir növ fəraridir, acı reallığın əlindən qaçıb aradan çıxır.
 
 
 

 – Sevdiyimiz əsərlər həm də özümüzdən nələrisə tapdıqlarımızdır. Rəşad müəllim, bu mənada, "Martin İden”də özünüzü necə tapmısınız?
 – Çox əsərlər olub ki, yazarın peşəkarlığı, təhkiyə məni heyrətləndirib. Məsələn, bu layihə üçün "İdiot” və ya "Gözlənilən bir qətlin tarixçəsi” ətrafında danışmağı da fikirləşirdim. Bir neçə belə əsər var. Amma "Martin İden” xarakterimə ən yaxın romandır. Bununla belə, mən "Martin İden” kimi zəiflik göstərmərəm. Düzdür, həyatım sevgidən xali deyil, amma Martindən fərqli olaraq eşqə əbədilik nöqteyi-nəzərdən yanaşmıram. Amma tam əminəm ki, sevginin verdiyi enerjini heç nəyin əvəz edə bilməməyi barədə fikirlərimiz qəhrəmanla üst-üstə düşür. İkincisi, bir insan nəyi dəlicəsinə arzulayırsa, ona mütləq və mütləq çatır. 

 – Rəşad müəllim, cəmiyyətdə istər yaradıcılıq, istərsə də sevgi müstəvisində Martin İdenin bənzərləri ilə rastlaşmısınızmı?
 – Martin İdenlərlə daha çox sevgi müstəvisində qarşılaşıram. Bir çox intiharlarımızın kökündə də elə Martin İden kimi insanların zəifliyi dayanır. Düzünü desəm, sevgidən belə hallara düşüb, intihar edənlər məndə rəğbət yaratmır. Əksinə bir də, bir də, bir də sınayan, cəhd edən, məğlub olub, yenidən başlayanlar əsl qəhrəmanlardır. Aşiqin gözü açıq olmalıdır. Eşqin gücündən bəhrələnə bilərsən, amma özünü okeanın dibində tapacaq qədər məhəbbətə aludə olmamalısan. 
 
 Söhbətləşdi: Fərid Hüseyn