Biz imzaları yox, əsərləri dərc edirik...

Dülgərin qövmü – Müşfiq Şükürlünün hekayəsi
1348
12 Mart 2019, 13:34
  Artkaspi.az saytı Müşfiq Şükürlünün "Dülgərin qövmü" hekayəsini təqdim edir:


Başlanğıcda hər şey qaranlıq idi... və sonra işıq göründü.
İşıq qaranlıqdan, dünya dənizlərdən ayrıldı. Çaylar, göllər və
dağlar yarandı. Ardınca çiçəklər, ağaclar, heyvanlar və quşlar...

"Dumanda mənzərə” filmi, Teo Aqilopulos

 
 
Bu vaxt şəhərdən bir adam çıxıb gəldi və dedi: Ey qövmüm!
İtaət edin bu elçilərə!

Quran, 36/20
 
 

  Adı Nəccar idi. Şəhərdən uzaq bir kəndin qoynundan sakit, sədasız bir dağa gəlib çıxmışdı. Burada qayalardan qurulmuş, gecələri ocağın istisində işıqlanan qaranlıq bir yuvada yaşayırdı. Dağ qalın, tünd-yaşıl meşənin ortasından boylanır və lap uzaqda üfüqə dayanmış bir ovuc qaraltı kimi görünən şəhərə baxırdı. O, dağın ətəyi boyu aşağı meşəyə enir və ardınca elə bil əlinə yapışmış iri, kəsici baltasından meşənin bağrına ucsuz-bucaqsız, dalğa-dalğa səs yayılır. Sonra yerə aşırdığı yoğun, böyük ağacları qalın iplə möhkəm-möhkəm bağlayıb, onlarla atın yükünü hazırlayır, at yükü dağyuxarı çəkib yüksəkdəki geniş, açıq sahəyə gətirib çıxarır. Və Nəccar onları daşlı-qayalı mağaranın önündəki balaca, taxta otağa keçirir. Bu, elə də asan deyildi. Ancaq onun hər gün bu ağaclardan yonub çıxartdığı fiqurlar şəhər camaatından hansısa ailənin evində, lap mətbəxin taxta ləmələrində qab-qacağa çevrilirdi. Ona görə də gördüyü ağır işdən zövq alan bu cəsur dülgərin gözlərində bütün çətinliklər günəşin çulğadığı işıqlı dağdan, parlaq meşədən və sevimli, kimsəsiz yuvasından qurduğu həmin duyğunun şirin bir hissəsinə qarışmışdı. O, işini sevirdi və uzun zamandan bəri, lap gəncliyindən arzuladığı bu inziva qarışıq həyatı, axır ki, gerçəkləşdirmişdi.
 
 
 

  Nəccarın saçları da, saqqalı da ağarıb. Ancaq o, qoca adlanmayacaq qədər yaşlıdır (və bu, görkəmindən də bəlliydi), yaşı əllidən çox da uzaq deyil. Bircə balası, gözünün nuru bircə oğlu var. Oğlan cüzam xəstəsidir, bədənində qanı tükənib elə bil. Qan üzünün, qollarının, əllərinin üzərində parça-parça sovrulub yoxa çıxıb, üzündəki solğun ləkələr suyu çəkilib getmiş, ağappaq ağarmış, çınqıllı, quru çay cığırını xatırladır və o zamanların bu əlacsız, barışmaz cüzamı cavan oğlanın ömrünü anbaan bir az da inadla, qətiyyətlə qısaldır. Nəccarın arıq, tifil oğlu atasının samandan və ağaclardan düzəltdiyi kiçik, isti yatacaqda büzüşüb-qalıb. Həyatdan, dünyadan uzaq, meşəylə, quşlarla, heyvanlarla, göylə və mağaradakı sakinləri ilə həmsöhbət olan bu mübhəm, susqun dağın ucqarında ata-oğul tək-tənha və ümidlə yaşayırdı.
 
  Xanımını isə o, hələ gənckən itirib. Susuz-çörəksiz çağlarda şəhəri bürümüş amansız yatalaq ucqar kəndə də gəlib çatmışdı və Nəccarın gənc, yetişməmiş yuvası bu bəlaya təslim oldu. Yuva tumurcuqları şaxta vurmuş ağac kimi quruyub məhv oldu. Nəccarın ilk yuvası torpağı arzulamışdı və o, xanımını dəfn etdiyi həmin günlərdə heçliyin özündən peyda olan güclü, alovlu, yandırıcı bir tənhalıq hiss etdi. Ruhu tir-tir titrədi. Ancaq necə oldusa, gənc kimsəsiz qəhrəman həyatı, çoxluğu, tündlüyü tərk edə bilmədi. Və bütün çəkdiyi əziyyətləri, ruhi təlatümü ağaclardan, taxta fiqurlardan yaratdığı, hələ ki, məramsız görünən sahibsiz ruhundaca yatızdırdı. Bütün gücü-taqəti meşələrdə, dağlarda və balaca, gün düşməyən, dərin, çox dərin fikirlərlə boyanmış, sakit daxmasında əriyib-tükəndi. Bir yandan azyaşlı, cüzamlı ürəkparası, bir yandan da yeni dəfn etdiyi, evinin keçmiş göyərçini... Bir müddət sonra o, dülgərlikdən əl çəkdi. Daxmasına gələn alıcılardan biri onun ruhunu qamarlayıb ağlını əlindən aldı, "gedək şəhərə”, – dedi. Zamanını keçmişin sıxıcı məhkumiyyətindən çıxart və bütlərə ibadətini tamamla, onlara sədaqətinin bar verib çiçək aça biləcəyi yurda gəl! Elə belə də dedi. Və dülgər – uşaqlığından taxta şey-şüylərin, ağacların arasında böyümüş bu güclü, cavan, ağıllı dülgər bütün köhnə, boğucu hisslərini, işini, məhkumiyyətini (o zamanlar dülgərlik onun üçün belə görünmüşdü) atıb şəhərə getdi. Şəhərdə çoxlu icmalar, onlarla bütün arasında keçən soyuq, daş ibadətlər və qədim adətlərin həndəvərində bərkiyib möhkəmlənmiş qopqoca tanrılar varıydı. Sehrli, ovsunlu bütlərin bəxş etdiyi təmannasız, səmimi ibadətlər sanki şəhərin gömgöy tavanına, günəşli səmanın bütün zərrələrinə hopmuşdu. Nəccar ruhunu qurtardı. Çünki artıq xoşbəxt idi və əzab-əziyyət nədi, bilmirdi. Xanımı ölərkən çəkdiyi bütün ağrı-acını, daxmanın altındaca keçən fikirli,qayğılı, məramsız və boğanaq günlərin ruhunda iz qoyan odunu-alovunu Allahın nəfəsiylə əridib yoxa çevirdi. Yox. Tanrının. Balaca, iri, növ-növ, çeşid-çeşid bütlərin, tanrıların soyuq, ofsunlu, ancaq doğma, təmannasız nəfəsiylə. Bütlər ondan nə istəmişdi, heç nə. Bu heçliyin əvəzində o, bütün narahatlığını ruhundan süpürüb atan bu dilsiz, soyuq tanrılarına minnətdar idi. Və dua edirdi. Hər şeyin gün-gündən yaxşı olacağına inamla, yalnız oğlu və özü üçün əllərini bir-birinə bağlayıb itaətlə əyilirdi. Nəccar o zamanlar bunun başqa cür ola biləcəyinə inana da bilməzdi. Ona bu dilbilməz bütlərdən başqa, kim kömək edə bilərdi ki? Gün-gündən yaxşılaşdı, gözlərinin ağı sanki tər-təmiz təzələndi, bütün qızartılar, qaranlıqlar çəkilib getdi... Ancaq indi hüzur, hüzur, hüzur çoxaldı. Və rahatlıq boğdu onu. Günboyu ruhundan qopmayan ibadətlərin ardından sübh açılana qədər gözüaçıq, yuxusuz oturduğu ilahi səltənət birdən-birə onu etdiyini bilməsə də, əllərini, ayaqlarını tərpətmədən uzun-uzun nələrsə danışırdı. Və yavaş-yavaş hər şey keçib-getdi... Bir müddətdən sonra, nəhayət, ayağa qalxdı.
 
 

  Yenə əlinə yapışmış, ağzı kobud, iri baltasını götürüb dağın ətəyi boyu meşəyə enir, işinə yarayacaq qalın, böyük ağacları torpağa aşırıb iplə möhkəm-möhkəm bağlayır və sonra atın yükünü hazırlayır. At belinə yüklənmiş ağacları çır-çırpılı, otlu, quru torpaq üzərində sürüyüb meşəni çıxır, yüksəkdəki geniş, açıq sahəyə qədər tab gətirir. Nəccar yuxarıdakı sıldırım, qumlu qayalığı ancaq özü keçə bilərdi. O, ağacları mağaranın önünə gətirib çıxarır və balaca, alçaq daxmanın arxasında uzun olanları üst-üstə qolaylayır, hazır olanları isə içəri keçirir. Sonra bu balaca daxmadan taxta, çəkic səsləri gəlir. Nəccar günorta gün döyənə qədər işləyir və hazır, satılacaq mallarını götürüb şəhərə üz tuturdu. Axşama qədər atı onu geriyə, yuvasına qaytaracaq və o, xəstə oğlu üçün yeməyə nəsə gətirəcəkdi… Günlər keçdi. Nəccarın oğlu gün-gündən pisləşir, elə bil torpağı arzulayırdı. Nəccar isə qocalırdı. Saçları bir az da ağarmışdı. Və günlər keçdikcə o, ölümdən uzaq, pak, tər-təmiz nəyinsə yaxınlaşdığını hiss etdi. Ağacların üstündə sanki doğma bir quş ümidlə, təravətlə oxuyurdu. Dağa yeni, təptəzə bir səs gəldi. Külək elə bil səmtini dəyişdi. Və günlər keçdikcə Nəccar daha da yaxşılaşdı. Bu yaxşılığa doğru olan dəyişiklik onun köksündə kiçik bir közərti kimi qızarıb qalmışdı. Və bu közərti onun ayağının ağrısına qarışmışdı. Ara-ara sızıldayan ağrıya. Oğlunun çarəsiz halına ümidli ehtimalı da həmin közərtinin içində qığılcım kimi işarırdı. Nəccarın gözləri işıqlaşdı. Və bu ümid dolu işartı sonsuza qədər onun gözlərindən çəkilib getmədi…
 
  Bir gün Nəccar iki nəfər adamla qarşılaşdı… Meşədə işini tamamlayıb dağa çıxmağa hazırlaşır. Atı yükləyib, oturub dincini alır. Günortanın sərin mehi meşədə gəzir. Ağ buludlardan başqa, heç nə görünmür. Quşların səsindən başqa, heç nə eşidilmir. Sakitlikdir. Elə bu vaxt budaq qırıntılarına qarışmış quru yarpaq səsləri peyda olur. Narın xışıltı qulaqlarına toxunub, elə bil gözlərində gəzir Nəccarın. Və başını səs gələn tərəfə çevirir.
 
  Bunlar otuz-otuz beş yaşlarında iki nəfərdir. Uzun saqqallarının kənarları sinələrinin altında qollarına doğru dikəlib-durub. Biri nisbətən uzundur, qıvrım, sarımtıl saçlarında elə bil şeh damcılanıb. Gözlərinə baxsaydız, yəqin, sizə elə gələrdi ki, gecə vaxtı ayın işığına çıxmısız. Dərisi isə qarabuğdayıdır. O biri alçaqtəhər, bədəndən bir az doludur və düz saçları da yumru başının arxasından, qulaqlarının üstündən söyüdün uzun yarpaqları kimi sərgərdan sallanıb əyilir. Uzun,solğun libasları var. Birincisinin adı Piterdir. Yaxud Peter, ya da Petrus. Görünür, şəhərə tərəf gedirlər. Nəccar meşədə neçə illərdən bəri ilk dəfə yad adam görürdü. Bəlliydi ki, bunlar şəhərin sakinləri deyillər. Başqa yerin, başqa yurdun adamlarıdır. Nəccarın oturduğu yerə çatırlar və üzlərindən əmət sezilir. Nəccarın illər öncə əllərini düyünləyib əyilərkən yüksəldiyi həmin ilahi səltənət sanki başqa – əsl, xalis libasını geyib ürəyinin dərinliyinə qədər nüfuz etdi. Bu vaxt onun ruhu titrəyir, bədəni çimçişir elə bil. Və güclü, çox qəribə bir vəcd bürüyür köksünü. Piter hüzur duyulan səsindən sanki Nəccarın ruhuna üfürür və onu ovsunlayır: "Biz Allahın elçisinin salamını gətirdik. Üzümüz şəhərədir, yolu göstər bizə.” Nəccar nəyi xatırlayır, görəsən? Nə düşünür axı o? Və niyə "kim?” deyib çaşqın-çaşqın gözlərini döyür? Elə bil yerə mıxlanıb, tərpənə də bilmir. "Kim? Allahın elçisi?” "İsa bin Məryəm. Allahın İsrail oğullarına lütfü. Cənnətlə müjdələyən. Xəstələrin, kimsəsizlərin havadarı… ” Bəlkə də, o sayacaqdı və sayırdı da. Ancaq Nəccarın eşitmək istədikləri bu qədər idi. Ya da bu, ona kifayət etmişdi. O, ayağa durur və onların qarşısında iltimasla rica edib dillənir: "Mənim.. oğlum… O… o, çox-x-x…” Dili damağına dolaşır. O, niyə danışa bilmir axı? Bəlkə, ümid, illər sonra gəlib qapısına çıxan xoşbəxtlik, həmin köksündə qızaran, ayağının ağrısına qarışan sızıltı mane olur? Ancaq indi danışmağın vaxtıdır. Susmaq, çaşmaq, dayanmaq olmaz. Yaxşı ki, qarşısındakı adam, nəm, təravətli saçlarında günəşin şüaları parıldayan bu cavan, yaraşıqlı oğlan ona kömək edir. "O, xəstədir, yəqin? Həə, cüzamdır. Bunu demək istəyirsən?” Nəccar başını dinməzcə tərpədir. Alnının dərisi, gözləri geri çəkilir, çənəsiylə təsdiqləyir. Piter isə elə bil lap doğma, lap çoxdan tanıdığı yaxın bir dostuyla danışır. Ancaq bir qəribəlik var. Bax bu ifadədə, bax bu sözdə, bu baxışda.. və bu söhbətdə nəsə anlaşılmaz, durğun bir çay axır. Və çay dupdurudur, elə bil nur axıb gedir və dərindəki, lap dibdəki, dərinlikdəki hər şey görünür. "Gedək, Paul. Gedək, dostumuz bizə oğlunu göstərsin.”
 
  

  Onlar sakitcə dağyuxarı çıxırlar. Nəccarın üzündə təəccüb qarışıq bir ifadə var. Ancaq gözlərindən sevinc və ümid dolu rahatlıq yağır. İri boynunda, nazik saçlarında elə bil tər puçur-puçur düyümlənir və çiyinləri, yaxası boyu süzülüb gedir. O, ara-sıra dönüb yoldaşlarına baxır. Ancaq nədənsə dillənə bilmir.
 
  Nəccar hündür qapı nəhəngliyində olan iri dəliyi örtmək üçün düzəltdiyi parçanı aralayıb Piter və Paula yol göstərir. Pərdə, yaxud qapı rolunu oynayan həmin dəlik-deşik parçanı Nəccar yuxarıda daşların arasına keçirdiyi mismara ilişdirir və içəri günəşin handan-hana çatan işığı düşür. Onlar içəri girir və bu qaranlıq yuva günəşdən çox, bu yerlərin heç vaxt görmədiyi adamların üzlərində, qəlblərində gətirdiyi işıqla aydınlanır. Onlar İsanın dostları idimi, görəsən? Dediklərinə görə, məhz İsa bin Məryəmin həvariləri, ürəkdaşlarıdır və bu uzun yola Allahın elçisinin salamını gətiriblər. Əlbəttə, Nəccar İsa bin Məryəmi tanımırdı. Ancaq dostlarını tanıyırdı. Ən azından görmüşdü və deyəsən, indi ona yardım etmək istəyirdilər. Qoy oğlu sağalsın, ayağa qalxsın, canı, halı-illəti özünə gəlsin, durub bir kəlmə nəfəs dolusu danışsın. Bax bunlardan sonra nə üçün gəliblər, hara, niyə gedirlər, öyrənər, soruşar.
 
  …Sanki nəsə qapısı açılmamış köhnə, bürkülü bir otağın pəncərələrini açıb, havasını dəyişdilər, hətta buludları yığın-yığın otağa doldurdular və hər şey elə ayazıdı, elə təmizləndi ki, samanlığın içində yad bir cisim kimi atılıb qalmış, əriyib yoxa çıxmış, lap küncdə balaca quruntu kimi görünən xəstə oğlan da elə bil cana gəldi. Bəti-bənizi azacıq toxtayır və gözlərindəki bütün qızartılar, qaraltılar əriyib gedir. Piter oğlana yaxınlaşıb dizlərini qatlayır və yatacağın bir tərəfində, oğlanın ayaqlarına yaxın bir yerdə özünə yer eləyir. Paul isə yatağın baş hissəsində, oğlanın baxdığı tərəfi, yüksəkdəki boşluğu, qaranlıq nəsnəni görə biləcək şəkildə oturur və qıçlarını bir-birinə keçirib bardaş qurur. Paul əllərini oğlanın saçlarına çəkib dillənir: "Allah əzablarını gördü və sənə acıdı. Bu gündən sonra ağrı-əzab bilməyəcəksən. Allah günahlarını əfv etsin… Rəbbim, qulunun iltimasını eşit. İsanın Rəbbi xəstələrin havadarıdır.” Paul gözlərini oğlanın üzərində gəzdirir. Əllərini köksünə dayayıb nəsə pıçıldayır. Sonra pıçıltılar kəsilir. O, gözlərini yumub əlini oğlanın qupquru saçlarına toxundurur. Və oğlan yeni doğulmuş körpə kimi gözlərini sıxıb yerində qurcalanır. Sanki ağlamaq istəyir, ancaq səsi çıxmır. Dodaqları bir-birindən qopmur, elə yapışıb ki. Sonra bütün sancılar, ağrılar keçir, elə bil keçmişi silinib gedir. Bu, elə də asan deyil. Yəqin, bax bir az əvvəl çəkdiyi bütün çətinliklər, ağrılar, soxulcan kimi yerində büzülüb durması və bütün hamısı – hamısı elə bundandır. Gözləri açılır və ayağa qalxıb, atasının üzünə baxır. Gülümsəyir. "Yaxşıyam, – deyir. – Bax, yaxşıyam, hər şey keçdi-getdi. Bundan sonra nisgil çəkmə, ata. Hər şey sən istədiyin kimidir.” Sanki belə deyir. Və Nəccar oğlunu qucub, bağrına basır. Hələ ki, kənarda heç kəsi görmür.
 
  Nəccar bu kimsəsiz dağda nə vaxtsa qərib bir adamın peyda olacağına inanmazdı. İndi ayağı əzilərkən yaşadığı çətinliklərin və köksündə közərən həmin ümid dolu işartının anlamsız bir hadisə olmadığına inanacaqdı. Əlacsız, lap ölüm təki əlacsız bir xəstəliyə özü kimi iki əli-iki ayağı olan bu adi adamlar necə çarə tapa bilərdi ki? Bunlar ümidlə yuxarılarda nəsə axtardığı, bədənindən, canından da əlini üzdüyü vaxtlarda dua etdiyi həmin varlığın dostları idi. Başqa cür ola da bilməzdi. Bunlar Allahın dostları idi. Bax, əlini oğlumun saçlarına toxundurub dua etdi, elə mənim kimi yalvardı, iltimas etdi… Artıq bütlərin dövranı keçib. Dilsiz, ağızsız bütlər yıxılıb-dağıdılacaq. Allahım, mənlə danış, de, de ki, hər şey qurtardı. Bax, sənə möcüzə gətirdim. Dön mənə. De, de ki, sizi sahibsiz qoymadım. Ağrınızı-acınızı eşitdim, səsinizi eşitdim və gəldim. Bütün həyatının məhv olub, puç olub səpələndiyi bu qoca vaxtında sənə sahib çıxdım. Həmin iki adam şəhərə üz tutdu. Atsız-miniksiz, piyada gəlib şəhərə çatdılar. Axşamtərəfidir. Günəş bir misqal, barmaq ucu qədər qalıb və göyün ətəyindən üzülüb-gedir. Hava bürkülüdür. Şəhərdə bir qadın da görmək mümkün deyil, kişilərsə evlərinə getmək üçün hazırlıq görür. Qəssab dəmir qarmaqları, baltaları yığışdırır. Satıcılar yavaş-yavaş tərpənir və bazardakı bu sönük ab-hava qaranlığa qarışıb yoxa çıxır. İnsanlar şəhər meydanına tərəf axışır. Hamı bir-birindən soruşur, hamı bir-birinə xəbər verir: nə olub, nədir bu səs-küy? Meydanda tünlükdür. Adamlar bir-birinə qarışıb. Və lap başlanğıcda, meydanın açıqlıq hissəsində, pillələrin üstündə iki nəfər durub çoxluğa tərəf danışır. Səsləri uzaqdan elə də eşidilmir. Onun üçün hamı bir-birini sıxır, irəli atılmağa, qabağa keçməyə çalışır. Bu uzun, sarışın oğlan Piterdir. Onun saçlarında hələ də şeh damcıları gilələnir. O, sakit dodaqlarını aram-aram açır və hüzur, sükunət hopan sözlərini meydana üfürür: – Biz yaxın olan bir günün müjdəçisiyik. Allah rəhmətini sizə ehsan elədi və əgər onu və rəsulunu qəbul etsəniz, sizi bağışlayacağına söz verdi. Çaşqın, dik baxışlar havada gəzir, gözlər bir-birinə, sonra da Piterin sifətinə zillənir. Və nəhayət, hər şey aydınlaşır. Əvvəlcə içlərindən arıq, cılız, sümükləri bir-birinə keçmiş qoca kişi yay kimi atılır. Çoxluğun arasından çıxıb arxası həvarilərə baxa-baxa camaatı qarşısına alır: "Ey camaat, bunlara inanmayın! Bunlar yalançı kahinlər, sehrbazlardır...” Ancaq camaat sakitcə durub baxır və bir az da dəqiqləşdirmək istəyir, axı bunlar kimdir, nə istəyir. Paul danışmağa başlayır. O, İsa bin Məryəmin adını çəkir. Və bayaqkı qocanın ardınca cavan, yaraşıqlı, əlləri, ayaqları yekətəhər, çəlimsiz bir oğlan çoxluğu yarır. Qocadan bir addım da irəli gedib düz Piterlə Paulun gözlərinin altında dayanır. Gözləri iri açılır, əlləri, qolları havada ixtiyarsız yellənir: "Rədd olun şəhərdən! Bir az da danışmaq istəsəz, sizi daşlayıb qanınızı torpağa qatarıq!” Elə bil arxadakı qaragüruh çoxluq bu səsi, bu sözləri eşitmək istəyirdi. Tünlük bir az da qaynayır və səslər, təhdidlər, bağırtılar yüksəlir.
 
  Hər şey aydın idi. Bu iki nəfərin kim olduqları bəlli idi, nə istədikləri də. Adamlar bu qarma-qarışıqlıqda necə uzaqlaşdılar, nəyi necə tapdılar, bilinmir. Ancaq köntöy, kəsici daşlar, soyuq, dəmir alətlər elə bil çoxluğun içinə atıldı. Hamı əlində tutduğu, öldürə, yaralaya biləcək ağır alətləri havaya qaldırır və həvarilərin üzərinə hücum çəkmək istəyir. Bu vaxt uzaqdan bir atlı çıxıb gəlir... Oğlundan da böyük xoşbəxtliyin nurani, hissi yaşantısını, bəlkə də, Nəccar sonsuza qədər unutmayacaqdı. Dünənki qeyri-adi, sərhədsiz mənəvi yükü bir neçə saat içində ruhundaca həzm etmişdi. Və bütün bu olanlardan sonra Nəccar üçün açılmayacaq qapı yoxuydu sanki.
 
  Şəhərdə olanlar qulağına gəlib çatmışdı və atını yəhərləyib yola qoyulmuşdu.
  ...Üzündə həyəcan olsa da, sanki xoşbəxtlik yayılır gözlərindən. Özünü həvarilərə çatdırır. Atdan atılıb düşür, lap cavan oğlan kimi. Adamlar onu görüb dayanır. Bu, şəhərin hamılıqla tanıdığı dülgər, hər kəsin hörmət və izzətlə qarşıladığı həlimxasiyyətli qocadır. Nəccarı indi eşidərlərmi, görəsən?
 
  – Ey camaat, durun! Siz nə etdiyinizi bilirsinizmi?! Onlar Allahın dostlarıdır. Onlar yeni rəsulun, İsa bin Məryəmin dostlarıdır. İtaət edin onlara. Onların gəlişiylə Allahın rəhməti endi üstümüzə. Allah oğluma can verdi, şəfa verdi. Bax bu gördüyünüz adamlar toxunmasaydı, arzulamasaydı, yəqin ki, ömrü boyu xəstə yatağında qalacaqdı oğlum. Allah inayətini, şəfaətini üstümüzə endirib. Haqq qapınıza gəlib çıxmışkən, itaət edin onlara. Bəlkə də, kimsə insafa gələcəkdi. Ancaq bu qaragüruh camaatın içində zərrə belə işıq görünmürdü. Gözlər qapqara qəzəb saçır. Qaşların arasına yığılan qəzəb barmaqların ortasında sıxılıb gərilir. Əllərinin içində sıxdıqları cansız daş kimi ürəkləri də buz kəsilir. Və daşlar yağış kimi havanı kəsib-keçir. Və dəyirmi şəkildə dövrə vurur. Sanki yerdən göyə yağış yağır... Səsləri çıxırmı, görəsən? Piterin, Paulun? Nəccarın?.. Qan, dedikləri kimi, torpağa qarışır. Və saatlar sonra daşların arasında çətinliklə sezilən üç qırmızı nəşin qarışdığı sükunətli torpaqdan yarpaq xışıltısı qədər inilti də eşidilmir.