Biz imzaları yox, əsərləri dərc edirik...

Dörd yaşlı Artkaspi.az
531
17 Fevral 2021, 13:18
 Maraqlıdır ki, hər il fevralın 17-də hava qəfil soyuyur. Temperatur kəskin şəkildə aşağı düşür, qar yağır. Ən azından son dörd ildi buna diqqət edirəm. Elə 2017-ci ilin bu günü də soyuqlu-şaxtalı bir gün idi. Küçə boyu insanların üzündə qəribə üşütmə vardı. Həmin gün havanın özü də sanki üşüyürdü. Amma... Amma həmin günün bir ümidi, bir işığı, bir günəşi var idi ki, havanı da isindirdi, mədəniyyəti, ədəbiyyatı da. Həmin gün Artkaspi.az saytı dünyaya gəlirdi. Və üç əsrin qəzeti olan "Kaspi”nin sonbeşiyi kimi gələn Artkaspi.az bir ananın ilk övladı kimi son dərəcə pak, son dərəcə təmiz, son dərəcə doğma idi. Üzü gülər, avazı xoş, dili şirin...  
 
 

Artkaspi.az dünyaya sevgi ilə gəlmişdi. Bu sevgidir ki, artıq dörd ildir saytlar içində saytımızı seçdirir, özünəməxsus edir, gözəlləşdirir. Çünki sevgiylə yaranan, bəslənən, yazılan və bəstələnən hər bir şey gözəl olur. Bu gün  saytımızın dörd yaşı tamam olur. Bu illər ərzində əsl dost kimi əl-ələ gəldik, çiyin-çiyinə gəldik. Sözə, sənətə, mədəniyyətə, ədəbiyyata dəyərin ən yüksəyini verməyə çalışdıq. İlk gündən qürurla dilimzdə şüar etdiyimiz devizimizə – "Biz imzaları yox, əsərləri dərc edirik...”  devizinə xilaf çıxmadıq. Buna görə üzümüz ağ, alnımız açıqdır. Bundan sonra da Artkaspi.az-a sağlam ömür arzu edirəm. Yaxşı ki, varsan, doğma saytımız!
 
Xanım Aydın