Biz imzaları yox, əsərləri dərc edirik...

Don Kixotun qəlbində gəzdirdiyi həqiqət – Məmməd Qocayev
607
20 İyul 2018, 14:24
 Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" əsərindən "Dostoyevskini sevmək olarmı?" essesinin 3-cü hissəsini təqdim edir: 
 
 (əvvəli 2-ci hissədə)
 

 
 Dostoyevskinin rus və dünya ədəbiyyatı nümayəndələrinə olan münasibəti barəsində çox danışmaq olar. Lakin biz bu məsələni yazıçının Şekspirə Servantesə olan münasibəti ilə yekunlaşdırmaq istərdik. Şekspirdən söhbət düşəndə Lev Tostoyun ona olan ziddiyyətli münasibəti yada düşür. Tolstoy Şekspiri nəinki dahi yazıçı hesab etmirdi, ümumiyyətlə, onun dramaturq istedadına çox böyük şübhəylə yanaşırdı. Bu məsələyə Tolstoy "Şekspir və dram" adlı geniş bir məqalə də həsr etmişdir.
 

 
 Dostoyevskinin Şekspirə münasibətinə gəlincə, rus yazıçısı onu çox yüksək dəyərləndirir, onun barəsində xüsusi olaraq yazmasa da, öz əsərlərinin bir çoxun­da ona istinad edir, öz qəhrəmanlarını onun qəhrəmanlarına bənzədir və s. "Yeni­yetmə" romanında Dostoyevski Versilovun dililə Şekspirin Otellosunun faciəsinin səbəbləri barədə çox orijinal bir fikir söyləyir: Versilov deyir ki, Otello Dezdemonanı, sonra da özünü ona görə öldürmür ki, qısqanır, ona görə öldürür ki, onun idealını əlindən almışdılar. Hələ Puşkin qeyd edirdi ki, Otellonun faciəsi qısqanclığın faciəsi deyil, etibarın faciəsidir. Otello Yaqonu "sədaqətli Yaqo" deyə çağırırdı. Otellonun Dezdemonaya münasibətinə gəlincə, bu başı müsibətlər çəkmiş və artıq yaşa dolmuş general həyatda daim bir şeyə arxalanmışdı – şəxsi gücə və qılınca. O, başqa həqiqət tanımırdı. Dezdemonanı sevdikdən sonra onun qəlbində məhəbbətə və ideala da yer tapıldı. O, Dezdemonanı ideal səviyyəsində gördü və birdən ona təsdiq etdilər ki, Dezdemona da bütün qadınlar kimi satqın və xəyanətkardır. Otello bunu Dezdemonaya bağışlamadı, ona görə ki, onu öz qəlbində ideal səviyyəsinə qaldırmışdı. Məhz öz idealını itirmək ona çox ağır gəldi. Lakin faciə baş verdikdən və Dezdemona qətlə yetirildikdən sonra Otello əsl həqiqəti və Dezdemonanın günahsız olduğunu öyrənir.  Burada o, artıq necə hərəkət edəcəyini dərk edə bilmir və işgəncələr içində özünü məhv edir. Bu səhnəni Dostoyevski başqa bir yerdə "xəstə səhnə" adlandırır. Yəni qəhrəmanın artıq çıxış yolu qalmayanda, dərrakəli və məqsədyönlü bir hərəkətin mümkün olmadığı bir şəraitdə onun absurd hərəkətləri xəstə səhnə təəssüratı oyadır. Bu cür "xəstə səhnə"ni Dostoyevski Puşkinin "Yevgeni Onegin" romanında da tapır: Oneginin gecikmiş məhəbbəti onu artıq ərdə olan Tatyananın hüzuruna gətirir və Onegin onun qarşısında diz çöküb yalvarır, amma özü də bilir ki, Tatyananın cavabı necə olacaq. Bu da "xəstə səhnə"dir.
 

 
 Dostoyevskinin Servantesə və onun "Don Kixot" romanına olan münasibəti daha maraqlıdır. Dostoyevski yazır ki, əgər bir vaxt yer üzündə həyat qurtarsa və sonra yenidən yaransa və bu yeni insanlar soruşsalar ki, onlara qədər bu dünyada nələr baş verib, onda kifayətdir ki, onlara "Don Kixot" romanını verəsən və deyəsən: burda hər şey yazılıb, əgər bacarırsınızsa buna görə bizi ittiham edin. Dostoyevski öz sevimli qəhrəmanı Knyaz Mışkini ("İdiot") bir tərəfdən İsaya, digər tərəfdən isə Don Kixota bənzər yaratmışdı. Yəni bu romanı yazanda Dostoyevskinin qarşısında iki kamil insan obrazı dururdu, onlardan biri İsa Məsih, ikincisi Don Kixot idi. Hər ikisi də tərki-dünya, hər ikisi də bu dünyanın həqiqətləri ilə yaşamayan, başqa bir dünyanın həqiqətlərinə tapınan insanlar idilər. Don Kixotun öz qəlbində gəzdirdiyi həqiqət, onun sonacan sadiq qaldığı, gözəllik və məhəbbət həqiqətləri idi. O, gülməli vəziyyətlərə düçar olur, amma öz Dulsineyasına olan inamını və məhəbbətini itirmir, onu reallığın əleyhinə olaraq sevir və ona pərəstiş edir. Nəhayət, onu inandıranda ki, nə Dulsineya vardır, nə də ali məhəbbət, adi, yeknəsək bir reallıq vardır, onda Don Kixot sanki ecazkar röyadan ayılır, dünyanı necə varsa eləcə də görür və bu oyanışa dözə bilməyib həlak olur. İdeallar dünyasından reallıqlar dünyasına adlayış onun faciəsinə çevrilir. Əsl inam görmədiyin bir şeyə olan inamdır. Görüb əl vurduğun, dadını-duzunu hiss etdiyin şeyə inanmaq inam deyil, praqmatizmdir. İnsan nə praqmatikaya, nə də gözəgörünməz ideala sonacan qane ola bilmir. Dostoyevski qəhrəmanlarının çoxunun ziddiyyətləri məhz bundan ibarətdir. "Allah olmasaydı, onu uydurmaq lazım gələrdi" deyən Volterin də, vəfasız gözəlləri dünyalar qədər sevən və vəsf edən Füzulinin də ziddiyyətləri bundan ibarətdir. Ümumiyyətlə, əli göylərdə qalan, lakin ayaqları yerdən üzülməyən insan övladının ziddiyyətləri də bundan ibarətdir.