Biz imzaları yox, əsərləri dərc edirik...

Dostoyevski əsərlərinin ikinci tam akademik nəşri
2366
10 Avqust 2017, 09:55
  artkaspi.az Vsevolod Yevgenyeviç Baqno və  Vadim Dmitreviç Rakın "F.M.Dostoyevski əsərlərinin ikinci tam akademik nəşri haqqında" məqaləsini təqdim edir:
 
  Rus klassikləri əsərlərinin akademik nəşrlərinin hazırlığı Rusiya Elmlər Akademiyası Rus Ədəbiyyatı İnstitutunun (Puşkin Evi) kollektivi qarşısında duran ən vacib məsələlərdən biridir. Problem, əslində, elə əvvəlki onilliklər boyu olduğu kimi qalır. Lakin son zamanlarda işlərdə vəziyyət bir qədər dəyişib. Və bununla da onun həlli üçün müxtəlif yanaşmalar tələb olunur.

    
  
 
 
 
  Aydın məsələdir ki, akademik institutlarda kadrların ixtisarı, maliyyənin azaldılması və "Elm" nəşriyyatıyla Rusiya Elmlər Akademiyası Prezidiumunun təsdiqlədiyi əsərlərin tam toplusunun akademik nəşrlərinin böyük sayda hazırlanmasında edilən dəyişikliklərdən sonra  keyfiyyətli iş (onların keyfiyyətinə görə Elmlər Akademiyası məsuliyyət daşıyır) ortaya çıxarmaq mümkün deyil. Hazırda Puşkin Evində üç bu cür nəşr üzərində – A.S.Puşkin, İ.A.Qonçarov, A.A.Blok əsərlərinin nəşri üzərində işlər gedir. Onlardan hər biri qeyri-elmi obyektiv problemlərlə üzləşir. Və bu problemlər əməkdaşların böyük təcrübəsi və İnstitutun nüfuzu sayəsində dəf edilir. Belə bir vəziyyətdə paralel olaraq başqa bu cür iri həcmli nəşrlərin işinə başlamaq, nəinki yeni layihələrin reallaşmasında çətinliklər yaradar, hətta çoxdan başlanılmış və müvəffəqiyyətlə irəliləyən işlərə də əngəl törədər. Həm də məlumdur ki, biz çıxış yollarını akademik elm üçün yaxşılığa doğru dəyişilməyən bir dünyada axtarmalıyıq. Bu cür çıxış yollarından biri "kiçik akademik nəşrlər" adlanan, az zəhmət tələb edən, daha qısa müddətdə və az sayda əməkdaşla işlənib başa gələn işlərdir. Məsələn, Puşkin Evində hazırlanan A.M.Remizov, M.A.Voloşin və V.İ.İvanov əsərlərinin toplusu. Digər səmərəli bir çıxışsa Puşkin Evinin nüfuzlu  əsərlərin düzəlişlər və əlavələr edilmiş tam nəşrinin təkrar çapı da ola bilərdi. Uzun müddət ərzində bu cür ancaq İ.S.Turgenyevin əsər və məktublarının tam toplusunun ikinci nəşri həyata keçdi. Hazırda İnstitutda Puşkin Evinin, akademik ədəbi elmin fəxri, qüruru sayılan F.M.Dostoyevski əsərlərinin tam akademik nəşri üzərində işlər başlanmışdır. Puşkin Evi yaxın zamanlarda indiyə kimi iki dəfə nəşr etdirdiyi (1957-1958, 1979-1981) M.Y.Lermontovun dördcildlik əsərlər toplusunun üçüncü – yenilənmiş nəşrinə hazırlığa başlayacaq. 

    

  Yuxarıda qeyd olunan işlər bir-birini tamamlayaraq akademik institutlara öz missiyasını ləyaqətlə yerinə yetirməyə köməklik göstərir. İnstitutun 1972-1990-cı illərdə buraxdığı F.M.Dostoyevski əsərlərinin 30 cildlik tam toplusu təkcə rus ədəbiyyatşünaslığının ali nailiyyəti deyil. O həm də ciddi və sərt kommunist rejimi şərtləri altında yazıçının bütün ədəbi irsini toplayıb akademik nəşrini hazırlamaq fikrinə düşən və bunu reallaşdıran insanların, hər kəsdən əvvəlsə, redaksiya heyətinin sədri V.Q.Bazanov (sovet ədəbiyyatşünası, folklorçu – 1911-1981) və onun müavini Q.M.Fridlenderin (sovet ədəbiyyatşünası, akademik – 1915-1995) böyük nailiyyətidir. O dövrdə bu iş həmin rejimin bütün qaydalarının əleyhinəydi və olduqca təhlükəli idi. Yuxarıdan "enən" ideoloji əmrlərin yerinə yetirilməsini güdən partiya və sovet  nəzarətçiləri rus ədəbiyyatı dahisinin əsərlərində  xristian dininin dərinliklərinə gedən, inqilabi "şeytanlığa" qarşı pravoslav ruhlu dözümsüzlüyü açıq-aydın görürdülər. 
  F.M.Dostoyevski əsərlərinin tam toplusunu hazırlayan əməkdaşlar bu və ya digər mətnlərin, onları müşayiət edən şərhlərin çıxarılması və ya onlarda müxtəlif ixtisarların edilməsi kimi təzyiqlər, işlərin məcburən dayandırılması tələbləri kimi ağır şərtlər altında çalışırdılar. Bu cür təhdidlərin qarşısını almaq və kənarlaşdırmaqdan ötrü işi məharətlə səlisləşdirməyə, nöqsansız, mükəmməl "quru" stilə və materialın verilməsində obyektivist qaydalara əl atmağa məcbur oldular. Lakin məhz elə buna görə təsadüfi xarakterli çatışmazlıqların, həmçinin müəyyən qaçılmaz ideoloji güzəştlərin edilməsinə baxmayaraq, (güzəştlər edilməsə iş başa çatmazdı)    Puşkin Evinin F.M.Dostoyevski əsərlərinin tam toplusu əsl, həqiqi akademik toplu nümunəsi oldu. 
  İnstitutun hal-hazırda işlədiyi F.M.Dostoyevski əsərlərinin yeni tam akademik toplusu birinci nəşrin düzəlişlər və əlavə edilmiş ikinci nəşri olacaq.
  2008-ci ildə Puşkin Evinin elmi iclasında əsərlərin ikinci akademik nəşrinin redaksiya kollegiyası bu tərkibdə təsdiq olundu: V.Y.Baqno (baş redaktor), N.F.Budanova, V.Y.Vetlovskaya (baş redaktor müavinləri), Q.Y.Qalaqan, T.İ.Ornatsakaya, V.D.Rak. 
  Əsərlərin toplanması işinə ilkin olaraq birinci nəşrin əməkdaşlarını cəlb etdilər: İ.A.Bitüqova, N.F.Budanova, V.Y.Vetlovskaya, T.İ.Ornatsakaya, N.M.Perlina, V.D.Rak, İ.D.Yakuboviç. 2009-2010-cu illərdə təhvil veriləcək ilk beş cildin hazırlıq prosesi gedir. Ondan sonra altıncı və yeddinci cildlər ("Cinayət və cəza"), daha sonra isə səkkizinci və doqquzuncu ("İdiot") cildlər üzərindəki işlər başlayacaq.
 
 
 
 
  Təlimatın hazırlanması Puşkin Evinin mətnşünaslıq komissiyasının sədri,  akademik toplunun birinci nəşrinin əməkdaşı, akademik ikinci nəşrin redaksiya heyətinin üzvü V.D.Raka həvalə edildi. 2008-ci ilin noyabrında bütün Dostoyevski mətlərinin mütləq şəkildə ilkin əlyazmalarıyla tutuşdurulmasını  iclas iştirakçılarının çoxu istəsə də, hazırladığı Təlimat Puşkin Evinin mətnşünaslıq komissiyası tərəfindən bəyənildi. Əsərlər toplusunun ikinci nəşrinin baş redaktoru tərəfindən dəvət edilmiş Təlimatın işlənməsi üzrə məsləhətçi qrupu bu bənddə edilmiş dəyişikliklərlə razılaşmadı və yekdilliklə onun ilkin formasına qayıtmağı tövsiyə etdilər. Həmin heyətə dördündən üçü hal-hazırda Puşkin Evində çalışan Rusiya Elmlər Akademiyasının üzvləri (akademik A.V.Lavrov, V.Y.Baqno və S.İ.Nikolayev) və akademik tam nəşrlər hazırlanan bölmələrin rəhbərləri (M.N.Virolaynen, N.Y.Qryakalova, S.N.Quskov) daxil oldu. Komissiya heyətinə N.N.Skatov da dəvət olunmuşdu, lakin səhhətiylə əlaqədar olaraq bu nəşrdə iştirak edə bilmədi. Bu qədər əhəmiyyətli ziddiyyətli fikirlər yaradan bənd imkan daxilində müxtəlif fikirlərin, rəylərin ortaq nöqtələrini (onlardan hər biri özünə görə şərtsiz haqlıdır və heç biri səhv və ya mümkünsüz sayıla bilməz) yaxınlaşdırmaq məqsədilə dəyişdirildi. 2009-cu ilin dekabrında redaksiya heyətinin iclasında səs çoxluğuyla Təlimat qəbul olundu. Təlimatdan narazı qalan V.Y.Vetlovskaya, Q.Y.Qalaqan və T.İ.Ornatsakaya redaksiya heyətindən çıxdı və onların yerinə elmi şuranın qərarı ilə əsərlər toplusunun birinci nəşrinin əməkdaşları İ.A.Bitüqova və İ.D.Yakuboviç heyətə daxil edildi.
  İkinci nəşrin  əsas işi, elə  əvvəlki nəşrdə olduğu kimi bunlardır:
  – Dostoyevskinin mövcud olan bütün mənbələrin əsasında hazırlanan nəşrlər, elmi cəhətdən yoxlanılmış bədii, publisistik, epistolyar və digər (reallaşmayan fikirlər, planda və qaralamalarda qalanlar, qeyd dəftərçələri, hədiyyə edilmiş yazılar və s.) mətnləri;
  – qalan bütün mətnlərin nəşri vasitəsilə hər bir mətnin və ona aid olan hər bir şeyin (planlar, konspektlər, hazırlıq qeydləri, qaralamalar, müxtəlif redaksiyalar, əlyazmaların və sağlığında nəşr olunanların variantları və s.) tarixçəsinin bərpası;
  – mətnlərin elmi şərhi.
  F.M.Dostoyevski əsərlərinin ikinci akademik nəşri birinci nəşrin kollektivinin həyata keçirdiyi Dostoyevski irsinin tarixi-ədəbi tədqiqatını davam etdirməlidir. Bura əsərlər toplusunun birinci nəşri çıxandan sonra müxtəlif əlavələr və dəqiqləşdirmələrin qeydi, qeyri-dəqiq məlumatların, digər səhv və xətaların düzəlişi, həmçinin birinci nəşrdə olan sovet dönəminin vəziyyətə uyğun  ideoloji qatlarının (nəşr əməkdaşları vurğuları dəyişməyə, yazıçının dünyagörüşünün müəyyən tərəflərini və şəxsiyyətinin bəzi tərəflərini, əsərlərinin ideya və bədii xüsusiyyətlərini tam işıqlandırmamağa və ya ümumiyyətlə göstərməməyə məcbur olmuşdu)   mütləq korrektəsi aiddir. Bu mütləq dəyişikliklər, həmçinin sonuncu hissədəkilər də birinci nəşrin köklü şəkildə mətnşünaslıq və izahlı-konseptual cəhətdən yenidən baxılmasını nəzərdə tutmur. Çünki əsas tərkibi həm bütövlükdə, həm də ayrı-ayrı hissələr və içərilərindəki bölmələri ideoloji, ədəbi-nəzəri, bədii və başqa dəyişikliklərə dayanıqlı, müxtəlif mədəni və ictimai şərtlərdə öz elmi, tətbiqi və informasiya tutumunu saxladığını sübuta yetirən  yaxşı mətnlər və tarixi-ədəbi materiallardan ibarətdir. F.M.Dostoyevski əsərlərinin birinci akademik nəşri elə birinci cildin çıxmağıyla Dostoyevski yaradıcılığının ümumi və şəxsi araşdırmalarının şərh və mətnşünaslıq bazasına çevrilərək, fundamentallığıyla elmi dairələrdə nüfuz qazanmışdır. Müxtəlif ədəbi cərəyanlarda, elmi işlərdə, həmçinin Rusiya və Beynəlxalq Dostoyevski Cəmiyyətinin himayəsi altında nəşr olunan işlərdə və yazıçının əsərlərinin müxtəlif kütləvi  nəşrlərində  demək olar ki, ancaq əsərlərin tam toplusunun birinci nəşrindən istifadə olunur. Başqa mətnşünaslıq və şərh prinsiplərinin reallaşması məqsədilə ötən illər boyu əsərlər toplusuna alternativ toplu yaratmaq kimi ambisiyalı cəhdlərin olmasına baxmayaraq, bu belədir. Artıq üç onillikdən çoxdur ki, F.M.Dostoyevski əsrlərinin tam toplusunun birinci nəşri öz elmi və maarifləndirici funksiyalarını müvəffəqiyyətlə yerinə yetirib və ölçülüb-biçilmiş düzəlişlərdən sonra ona hələ uzun illər də ədəbiyyatşünaslar və cəmiyyət tərəfindən tələbat olacaqdır. Dostoyevski yaradıcılığının tədqiqi ədəbiyyatının ən yeni durumu və əsərlər toplusunun birinci nəşrinə edilmiş düzəliş və əlavələr göstərir ki, tekstoloji və faktiki dəqiqləşdirmələr hələ tam geniş şəkildə formalaşmayıb. Və buna görə də nəyinki əsaslı şəkildə yenidən baxılmalıdır, hətta əsərlər toplusunun birinci nəşrinin bəzi bölmələrinin, ümumiyyətlə, dəyişdirilməsinə ehtiyac var. Həm də ki, son iyirmi ildə Dostoyevskinin tədqiqi sanki şərhlər, izahlar etmək istiqamətində inkişaf edib. Bu sahədə yığılan məlumatlar, faktlar, müşahidələr, düşüncələr və nəticələr əsasən inkişaf prosesindədir və çoxsu, demək olar ki, əsassızdır. Onların içindən akademik şərhlərə daxil etmək üçün əsasları, sübutları olanlarının seçilməsindən ötrü zaman tələb olunur. Əsərlər toplusunun ikinci akademik nəşrində qeyri-müəyyən, dəqiqləşdirilməmiş materialların geninə-boluna istifadəsi  konyunktur (vəziyyətə, şəraitə uyğun) məsrəflərə yol aça bilərdi ki, o da yəqin əvəzlənməni tezləşdirərdi. Məğzinə görə şərhlərin radikal şəkildə (müşahidə  və təxminlərlə yeni  əlavələrin edilməsi məqsədilə) yenilənməsi  "düzəlişlər və əlavələr edilmiş" nəşrin layihəsindən imtina etmək və digər bir nəşrin –  şərhləri universal bələdçi kimi düzülən və ya ənənəvi akademik əsərlər toplularından fərqli olaraq yazıçının yaradıcılığı haqqında yeni məlumat və təsvirlər verilən  "Dostoyevskinin müasir oxunuşu üzrə ensiklopediyası"nın realizəsi demək olardı.      
  Xüsusilə qeyd etmək lazımdır ki, hətta nəzərdə tutulan sovet ideologiyası qalıqlarının (onlar heç də işin əsasını, özəyini, daxilini təşkil etmir)  "təmizlənməsi" prosesindən də  əsərlər toplusunun birinci nəşrində mövcud olan mətnin tamamilə dəyişdirilməsi ilə şərhlərin köklü şəkildə yenidən işlənməsi baş verməməlidir. Əsərlər toplusunun birinci nəşri çap olunanda, o zamanlar qaçılmaz və mütləq olan rəsmi "təlimatlara" riayət etmək məcburiyyətində qalan nəşrin əməkdaşları həmin şərtlər altında, hər dəfəsində uğurlu alınmasa da, daha məntiqli və səmərəli variantlar axtarırdılar. Onların düzəlişində, hətta bir şərh tamamilə dəyişdirilməli olsa belə, həmin şərhin tarixi-ədəbi əsaslara söykənən və ideoloji "zir-zibildən" uzaq qalan digər bölümlərinə dərindən əl gəzdirilməsinə ehtiyac yoxdur. Çox vaxt bu üsulla onları aradan qaldırmaq mümkün olur. Amma əsərlər toplusunun birinci nəşrini tənqid etməyə həmişə  hazır olanlar həmin şərhləri götürüb onları  guya düzəlişə gəlməyən  sovet ideologiyasının sübutu kimi qələmə verirlər: geniş toplunun kontekstindən çıxarılmış, "ittiham edilən" kiçik bir mətndə cəmlənən, on-on beş sitat olduqca mübaliğəli və şişirdilmiş şəkildə əsərlər toplusunun birinci nəşrinin ruh və xarakterini təyin etmiş olur. Əslində isə onlar müxtəlif cildlərdə bir çox səhifələrdə ardıcıl yox, ayrı-ayrı yerlərdə səpələniblər. Və onları şərhlərin əsas hissəsinə toxunmadan dəyişmək, düzəltmək mümkündür. Şərhləri və  onlara zəruri olan mövzu və predmetləri işıqlandıran müfəssəl əlavələrin əsərlərin tam toplusunun birinci akademik nəşrində diqqətdən kənarda qalması mövcud olan mətnin dağılmasına gətirib çıxarmayacaq: burada maddələr üzrə düzülmüş bir çox  şərhlər (preambulalar) müxtəlif müəlliflərin yazdığı bölümlərdən tərtib olunmuşdur. Bu da həmin quruluş fəndindən  yeni materialların diktə etdiyi istənilən ağırlıqlı problemlərdə istifadə olunmasına imkan verir.
  Redaksiya kollegiyasının qəbul etdiyi "F.M.Dostoyevski əsərlərinin tam toplusunun ikinci akademik nəşri üzrə hazırlıq təlimatı" onun aşağıdakı xüsusiyyətlərini müəyyənləşdirir:
  Əsərlərin tam toplusu 35 cilddə nəşr olunacaq. 
  Əsərlərin tam toplusunun ikinci nəşri birinci nəşrin düzəliş və əlavələr edilmiş təkrar nəşri olduğuna görə, hər bir cildin titul vərəqəsinin arxa tərəfində birinci nəşrin redaksiya kollegiyasının tərkibi, əməkdaşları və redaktorları haqqında məlumat sözbəsöz dəqiq verilir. Elə orada – nisbətən aşağıda anoloji olaraq, ikinci nəşrə məsul şəxslər haqqında məlumatlar ("İkinci nəşrin redaksiya kollegiyası", "Düzəliş və əlavələri yerinə yetirənlər", "Əsərlərin tam toplusunun ikinci nəşrinin ...cildinin redaktorları") göstərilir. Düzəliş və əlavələri edən əməkdaş əsərlər toplusunun birinci nəşrinə də həmin mətnləri və ya onlara şərhləri hazırlayıbsa, o zaman həmin şəxsin soyadı hər iki nəşrin müvafiq rubrikalarında qeyd olunur. Bənd üzrə qeydlər (preambula) və ya onların fraqmentləri (paraqrafları) ikinci nəşrin əməkdaşının yeni yazdıqlarıyla əvəz olunduğu halda, redaksiya preambulasında qeydlər bölməsində ikinci nəşrin əməkdaşının adı bu göstəriciylə verilir: "(birinci nəşrin əməkdaşının adı) materiallardan istifadə olunmaqla".
  Düzəliş və əlavələr edilmiş nəşr deyiləndə Dostoyevski əsərlərinin mətnlərində və ya şərhlərin tərtib olunmasında dəqiqləşdirilməmiş və ya yarımçıq məlumatlar olduğu hallarda maksimum həcmdə dəyişikliklər edilmiş nəşr nəzərdə tutulur. 
  Əsərlərin tam toplusunun ikinci nəşrində cildlər və cildlərdəki bölümlər üzrə materialın quruluşu əsasən elə birinci nəşrdəki kimi saxlanılır. Cildlər üzrə materialların yerləşdirilməsinin ümumi prinsipi xronoloji-janrlar üzrədir, cildlər seriyalarda qruplaşırlar. 
  Əsərlərin tam toplusunun ikinci nəşrinə daxildir: cildlər üzrə bölüşdürülməklə  müvafiq cildlərin və ya birinci nəşrin tam çapından sonra üzə çıxan Dostoyevskinin əlyazma və ya çap şəklində digər əsərləri. Dostoyevskinin tərcümə etdiyi Onore de Balzakın "Yevgeniya Qrande" romanı (1844) da daxil edilir. Əsərlərin tam toplusuna Dostoyevskinin  əlyazmalarda çəkdiyi rəsmlər də əlavə olunur. Bu cildin tərkib və quruluşuyla bağlı təkliflər, həmçinin də onun digər cildlər numerasiyasına və ya onlarla yanaşı olan cildlər sırasına daxil edilmək məsələsi ilə bağlı təkliflər Redaksiya kollegiyasında müzakirəyə və təsdiqə verilməlidir. Əsərlər toplusunun ikinci cildinə baxanda Dostoyevskinin yaradıcılıq materiallarının fərqli nəşrlərdən (məsələn, tam mətnli qeyd dəftərçələri), fundamental məlumatlardan (məsələn, F.M.Dostoyevskinin həyat və yaradıcılığının salnaməsi", "F.M.Dostoyevskinin kitabxanası"), bu seriyada məqsədəuyğun və gərəkli hesab edilən digər materiallardan  ibarət bu yanaşı cildlər ümumi numirasiyada olmasa da, ona  oxşar tərtibatda nəzərdə tutulub.
  Ardınca iki cilddə "Karamazov qardaşları" (cild 14-15) gələn, əsərin əsas mətnindən (cild 14-15) qoparılmış "Yeniyetmə" romanının əlyazmaları və ona yazılan şərhlər partiya müdaxilərlərindən sonra "Karamazov qardaşları" əsərinin yerinin dəyişdirilməsiylə (əsərlərin tam toplusunun birinci nəşri, cild 16-17) ona məxsus yerə (əsərlərin tam toplusunun ikinci nəşri, cild 14-15) qaytarılır.
  Mövcud olan "Qeyd" (preambul) bölümlərindəki giriş məqalələrində və ya onun ayrı-ayrı paraqraflarında, habelə real (səhifə üzrə) şərhlərin əvəz edilməsi bu müstəsna hallarda baş verir:
  – F.M.Dostoyevski yaradıcılığının müxtəlif tərəf və hallarını işıqlandıran ənənəvi sovet ideologiyalı şərhlər, redaktə vasitəsilə aradan qaldırılmayan digər şeylər;
  – əvəzlənməni yenidən açılmış və əvvəllər çap olunmamış və ya müvafiq əsərlər toplusunun birinci nəşri işıq üzü görəndən sonra elmi dövriyyəyə buraxılmış və ya onun hazırlıq dövründə artıq məlum olan, lakin hansısa səbəblərdən nəzərə alınmayan materiallar diktə edir. 
  Əsərlərin tam toplusunun birinci nəşrində çap olunmuş F.M.Dostoyevski mətnlərinin (bədii əsərlərin və məqalələrin əsas mətnləri, hazırlıq materialları,  əlyazma və çap variantlarının mənbələri, məktublar və s.) özünün çap və əlyazma mənbələriylə frontal yoxlaması mütləq şəkildə keçirilmir. Lakin cildin əməkdaşı və ya redaktoru bu və ya digər səbəbdən bunun vacib olduğunu hesab etdiyi təqdirdə, yoxlama mütləq aparılır.
  Əsərlərin tam toplusunun birinci nəşr əməkdaşlarının və redaktorların  köklü dayanıqlığında heç bir şübhəsi olmayan  Dostoyevski mətnləri – bu topluda nəşr olunan vaxtda aşkar olunan xətalara (mətn hazırlığının qeyri-dəqiqlik və səhvləri, xətalar, təzkib edilmiş konyekturalar (fərziyyələr), əlyazmaların tam müəyyənləşməyən fraqmentləri, korrektorun yersiz müdaxiləsi və s.) düzəliş edilərək yenidən çap olunur. 
  Əsərlərin tam toplusunun birinci nəşrində çap olunmuş mətnlərin qiymətləndirilməsində nəşrdə F.M.Dostoyevski əsərlərinin toplusunda qəbul edilmiş  (onlar əsərlər toplusunun birinci nəşrindən sonra üzə çıxdı) yeniliklərdən yan keçmələr də nəzərə alınır və tənqidi analizə tuş gəlir. 

 
 

  Əsərlərin tam toplusunun ikinci nəşrində F.M.Dostoyevski mətnlərində edilən dəyişikliklər əsərlərin tam toplusunun birinci nəşrinin əsas tekstoloji prinsiplərinə müvafiq olmalıdır.
  Əsərlərin tam toplusunun birinci nəşrindən sonra ortaya çıxan və ilk dəfə akademik əsərlər toplusuna daxil edilən bütün mətnlər, habelə tədqiqatçılar tərəfindən başqa tip nəşrlərdə çap olunmuş mətnlər tam mətnşünasların yoxlamadan keçir. Əsərlərin tam toplusunun birinci nəşrindən təkrar çap olunan mətnlər aşağıdakı hallarda mütləq şəkildə yenidən tamamilə və ya fraqmentlərlə ilkin mənbələriylə tutuşdurulur:
  – müəyyənləşməyən söz, ifadə, fraqmentlər və ya əminlik yaratmayan oxunuşlar və əsərlər toplusunun birinci nəşrində [(?), (müəyyənləşməyən)] qeydləriylə işarə edilənlərin dəqiqləşdirilməsi üçün;
  – elmi nəşrlərdə bildirilən və ya güman edilən və  əsərlərin tam toplusunun ikinci nəşrinin qeydləri və mətnlərinin hazırlığı zamanı aşkarlanan açıq-aydın və ehtimal olunan səhvlərin düzəlişi üçün;
  – əsərlərin tam toplusunun birinci nəşrinin oxunuşunda şübhəliliyi haqqında qeyd göstərilməmiş, lakin həmin nəşrin arxivində və onun əməkdaşlarının şəxsi arxivlərində həmin şübhəli yerlər haqqında qeydlər olan və ya əsərlər toplusunun ikinci nəşrinin əməkdaşlarının mətnlə və mətnə əlavə edilən qeydlərlə iş prosesində üzə çıxan  ayrı-ayrı söz, ifadə, fraqmentlərin  yoxlanışında;
  – əsərlərin tam toplusunun birinci nəşrində çap olunan əsas mətnlərin, tarixiylə bağlı materialların, başqa redaksiya və variantlarının ümumi keyfiyyət qiymətləndirilməsinə ehtiyac duyularsa, onların yetərincə böyük fraqmentlərini (hissələr) ilkin mənbələriylə bütövlükdə tutuşdurmaq olar.
  Əsərlərin tam toplusunun ikinci nəşrinin "Qeydlər" bölməsində bəndlərin mətnini (preambul) və real şərhlərin əsasını əsərlərin tam toplusunun birinci nəşrindəki müvafiq bənd və şərhlər təşkil edir. Onların tam şəkildə dəyişdirilməsinə ancaq yuxarıda qeyd olunmuş hallarda icazə verilir. Mövcud olan bəndlər (preambul) və real (səhifə üzrə) şərhlərə tematika və həcm baxımdan heç bir məhdudiyyət qoyulmadan,  bütün vacib tarixi-ədəbi düzəliş və əlavələr şərh olunan mətnin yaradıcılıq tarixinin açılmasından,  içindəki işarələr, qeydlər, sətiraltı mənaların izah olunmasından ötrü daxil edilir. Şərh əlavələri yalnız onların möhkəm tarixi-ədəbi özəyi olanda edilir.
  Əsərlərin tam toplusunun ikinci nəşrində aşağıda qeyd olunan redaktə düzəlişləri və əlavələr nəzərdə tutulub.  
  – mətndə açıq-aydın görünən səhvlərin bilavasitə düzəlişi (adlar, tarixlər, vəzifələr, sitatlar və s.);
  – əsərlərin tam toplusunun birinci nəşrində tam izahını və əksini tapmayan, lakin lazımi hallarda şərh və məlumatlar mətnində bilavasitə ədəbiyyata isitadlar edilən, dəqiqləşdirilməsinə ehtiyac duyulan suallar və ya  əsərlərin tam toplusunun birinci nəşri çap olunandan sonrakı dəyişikliklər (məsələn, yenilərin nəşri, köhnə küçə adlarının müasirləriylə dəyişdirilməsi, xarici dildə olan mətnlərin daha dəqiq tərcüməsi və s.);
  – Puşkin Evinin 1988-1996-cı illərdə nəşr etdiyi F.M.Dostoyevski əsərlər toplusunun on beş cildliyindən götürülən dəqiqləşdirmə və ya mətndə bilavasitə istifadə olunan preambula və real (səhifə üzrə) şərhlərlə edilən əlavələrlə şərtsiz düzəlişlər;
  – işlər siyahısının, təsdiqlənmədə qeyd olunan bu və ya digər faktların, arqumentlərin və s.   genişləndirilməsi və ya ixtisar edilməsinin şərti düzəlişi;
  – əsərlərin tam toplusunun birinci nəşrində sırf konyuktur-ideloji funksiya daşıyan və predmentin obyektiv tarixi və tarixi-ədəbi dəyərini dəyişdirən ayrıca bir söz, sözlər qrupu və ya ifadələrin mətndən çıxarılması;
  – preambula mətninə özündə  nöqteyi-nəzər və fikirləri dəqiqləşdirən və ya şübhə altına alan yeni faktlar və arqumentlər daşıyan dəqiqləşdirici və ya düzəliş üçün qoyulan sətraltı qeydlər (haşiyə);
  – əsərlərin tam toplusunun birinci nəşri işıq üzü görəndən sonra geniş fraqmentin preambula mətnindən təkzib olunan məlumat və qeydlərin çıxarılması;
  – əsərlərin tam toplusunun birinci nəşrində işıqlandırılmayan  və ya onun nəşrindən sonra məna dəyişikliyinə uğrayan və buna görə də yenidən emalına ehtiyac olan materialların preambulada geniş redaktə əlavəsi ayrıca paraqraf kimi verilir. O da preambula mətnini bölə bilər; Bu cür paraqraf sıra nömrəsi alır, müəllifi isə qeydlər bölməsindəki redaksiya önsözündə göstərilir;
  – əsərlərin tam toplusunun birinci nəşrində F.M.Dostoyevski mətnlərinin izah olunmamış, qaranlıq qalan elementlərinə real (səhifə üzrə) redaktə şərhləri onlar üçün ayrılmış yerdə – bir sırada yerləşdirilir və heç nə ilə fərqlənmirlər; qeydlər bölməsinin redaksiya önsözündə əsərlər toplusunun ikinci nəşrinin əməkdaşının soyadıyla, etdiyi əlavələr qeyd olunur; düzəliş və ya əlavə dərin tədqiqatlar və mürəkkəb elmi axtarışlar nəticəsində əldə edilibsə, həmin şərhin müəllifini sonda "Red." qeydi və ya əməkdaşların qısa adları ilə göstərilir.
  F.M.Dostoyevski mətnləri əsərlər toplusunun birinci nəşrinin ön sözündə – "Redaksiyadan"da (1-ci cild, s.11-12) qeyd göstərilərək, müasir dövrün orfoqrafiya və durğu işarələri qaydalarına uyğun, müəyyən istisnalarla  çap olunur. Yazıçının özünəməxsus dili və üslubundan doğan həm o dövr, həm bu dövrə aid  orfoqrafik qayda pozğunluqları toxunulmadan saxlanılıb. İndividual olaraq F.M.Dostoyevsikiyə və ya ümumiyyətlə, o dövrə aid bəzi olduqca vacib və xarakterik orfoqrafiya və durğu işarələri qaydaları yenidən işlənilir.
  Əsərlərin tam toplusunun ikinci nəşrində şərhlər ideoloji neytral mövqedə faktiki məlumatları göstərməlidir. F.M.Dostoyevski mətnlərinin tarixi-ədəbi izahında mifopoetik və metapoetik, simvolik, maarifləndirici və bu kimi başqa izahların (bu cür interpretasiyaların (şərhlərin) mövcudluğu göstərilmiş işlərin biblioqrafik istinadlarıyla qeyd edilə bilər) dəyişdirilməsi yolverilməzdir. 
  Uzun onilliklər boyu F.M.Dostoyevski irsinin tədqiqatı və əsərlərinin nəşri sahəsində toplanan zəngin və çoxşaxəli təcrübəyə baxmayaraq, Puşkin Evi real imkanlarıyla fəaliyyətini cəmləyib indiki zamanda qarşısına bu sahədə təkəbbürlü və utopik məqsədlər qoya bilməz. O, həqiqətən də, icra oluna bilənəcək məsələləri – özündən əvvəlkilərin işinə çox diqqət və ehtiramla yanaşamaqla, Dostoyevski mətnləri və onların şərhlərinə tam bir korpus kimi düzəliş və əlavələr etmək məsələlərini  icra edir. Biz əminik ki, hətta əsərlər toplusunun birinci nəşri əsasında hazırlansa belə, Dostoyevski əsərlərinin yeni tam toplusunun lazımi akademik səviyyədə gerçəkləşdirmək praktiki olaraq mümkün deyil. Bu, gözlənilməz nəticələr verə biləcək riskli bir eksperiment olardı. Əsərlər toplusunun ikinci nəşri üzərində işləmək qərarına gəlinəndə F.M.Dostoyevski tədqiqatı üzrə qrupda bircə əməkdaş – Nina Fedotovna Budanova (filologiya elmləri doktoru, Dostoyevski Qrupunun aparıcı elmi əməkdaşı) qalırdı. İnstitut köhnə əməkdaşların, həmçinin də əsərlərin tam toplusunun ikinci nəşrinin hazırlıq işlərinə qoşulmaq üçün müraciət edən və artıq bu işə qoşulan ştatda olmayan əməkdaşların da  köməyinə arxayın ola bilər. Puşkin Evinin yeni nəsil Dostoyevskişünasları isə hələ böyüyüb inkişaf etməlidirlər və əsərlər toplusunun ikinci nəşrinə hazırlıq işi onlar üçün əla bir məktəb ola bilərdi. 
  Məhz buna görə də Puşkin Evi qarşısına eyni zamanda həm vacib, həm də ki çox mürəkkəb, lakin ən başlıcası həll oluna bilinən bir məsələni – əsərlər toplusunun birinci nəşrinin yeni düzəlişlər və əlavələr edilmiş ikinci nəşrini buraxmaq məsələsini qoyub. "F.M.Dostoyevskiylə çoxdan məşğul olanlar" və "onun rus və xarici dillərdə sağlığında və ölümündən sonra çap olunan əsərlərini yaxşı bilənlər"in qələmindən ona qarşı hər nə qədər hücumlar edilsə də,  onu zəhmətinin ən gözəl bəhrəsi hesab edə bilər. 
  Bircə bunu da əlavə etmək lazımdır ki, F.M.Dostoyevski əsərlərinin tam toplusunun ikinci nəşri 2021-ci ildə – F.M.Dostoyevskinin 200 illik yubileyinə qədər hazır olacağı planlaşdırılır
 
  Rus dilindən tərcümə edən: Xanım AYDIN