Biz imzaları yox, əsərləri dərc edirik...

Dostoyevskaya Anna Qriqoryevnanın xatirələri – VIII hissə
2720
26 May 2020, 09:50
Artkaspi.az saytı Fyodor Dostoyevskinin həyat yoldaşı Dostoyevskaya Anna Qriqoryevnanın xatirələrini təqdim edir:
 
 əvvəli ötən saylarımızda
 
 IX

 Fyodor Mixayloviçin bizə gəlişinin səhəri günü bacım Mariya Qriqoryevna Svatkovskayagilə qonaq getdim.  Ona və əri Pavel Qriqoryeviçə Dostoyevskiylə olan işim haqqında danışdım. Gündüzlər Fyodor Mixayloviçin evində qeydlər edir, axşamlar isə onları yenidən səliqəli şəkildə vərəqə köçürdüyümdən bacımla az-az görüşürdüm. Buna görə də danışılası xeyli söhbət yığılmışdı. Bacım mənə çox diqqətlə qulaq asır, arada söhbəti kəsir, danışdıqlarım barədə daha ətraflı soruşurdu. Söhbət zamanı mənim həddindən artıq həyəcanlandığımı görüb sonda belə dedi:
 – Nahaq yerə Dostoyevskiyə belə aludə olursan. Axı sənin arzuların çin ola bilməz Bir halda ki, bu adam belə xəstədir və borc içində üzür elə çin olmasa yaxşıdır.
 Mən tez bacımın sözünə etiraz edərək bildirdim ki, qətiyyən Dostoyevskiyə aludə olmamışam, onunla bağlı heç bir arzu-muradım yoxdur, sadəcə belə bir istedadlı adamın mənə qarşı xeyirxah və diqqətcil olmasına görə minnətdarlıq hissim var.
Lakin bacımın sözləri məni bir qədər qıcıqlandırdı. Və evə gələndən sonra özüm-özümə sual etdim: dorğudanmı bacım Maşa haqlıdır? Mən həqiqətəndəmi Fyodor Mixayloviçə aludə olmuşam? Dorğudanmı bu indiyə qədər hiss etmədiyim, yaşamadığım bir sevginin başlanğıcıdır? Əgər belədirsə, bu çox dəlisov bir arzu olardı. Məgər bu mümkündürmü? Bəs əgər bu, doğrudan da, sevginin başlanğıcıdırsa, mən nə etməliyəm? Bəlkə, mən təklif etdiyi işdən bir bəhanəylə imtina edim, bundan sonra daha onu görməyim, düşünəyim, yavaş-yavaş unutmağa çalışım, hər hansı bir işlə başımı qataraq  əvvəlki mənəvi rahatlığıma qayıdım? Amma Maşa səhv də edə bilər. Bəlkə, heç mənim ürəyimi heç bir təhlükə gözləmir? Belə olduğu halda niyə axı sevdiyim stenoqrafiya işindən və bu işi müşahidə edən gözəl, maraqlı söhbətlərdən özümü məhrum edim?
 Bundan başqa, stenoqrafiyanın köməyinə öyrəşən Fyodor Mixayloviçi də tərk etməyə ürəyim gəlmirdi. Özü də ki, Olxinin tələbələri arasında (artıq daimi iş tapmış iki qızdan başqa) kiminsə məni tam əvəz edə bilən – həm sürətli, həm səliqəli yaza, vaxtında mətni təhvil verə bilən birinin olmasına şübhə edirdim.
 
 
 

 Bütün bu fikirlər beynimdə qaynaşırdı və mən özümü gərgin hiss edirdim.  
 Bazar günü – 6 noyabr gəlib çıxdı. Bu günü mən xaç anamı təbrik etmək üçün getməyə hazırlaşdım. Mən onunla elə də yaxın deyildim və ancaq bayram günlərində görüşürdüm. Bu gün onun çox qonağı olacaqdı. Mən də bu son günlərdə əhvalımı pozan fikirləri özümdən uzaqlaşdırmağı düşünürdüm. O, uzaqda – Alarçin körpüsünün yaxınlığında yaşayırdı. Mən də səhər tezdən hazırlaşdım. Arabaçı gələnə kimi fortepianoda çalmağa başladım və musiqinin sədaları altında zəngin səsini eşitmədim. Kişi ayaq səsləri  diqqətimi çəkdi və mən boylandım. Gələn Fyodor Mixayloviç idi. Mən həm sevimdim, həm də çox təəccübləndim. O çox həssas və utanırmış kimi görürdü. Mən onu qarşıladım.
 – Anna Qriqoryevna, heç bilirsiz neyləmişəm? – əlimi möhkəm sıxaraq Fyodor Mixayloviç dedi. – Bütün bu günlər ərzində mən sizin üçün çox darıxməşam, səhər düşündüm ki, bəlkə, sizə gəlim. Görəsən, narahat etmərəm ki? Siz və ananız düşünməzsiniz ki, niyə belə tez sizə gəlmişəm? Axı dördüncü gün gəlmişdim, bu gün bazar günüdür, yenə də gəlmişəm! Düşündüm ki, nə olursa-olsun gəlməyəcəm, amma, gördüyünüz kimi, gəldim!
 – Nə danışırsız, Fyodor Mixayloviç! Mən də, anam da sizi evimizdə görməyə həmişə şad olarıq!
Mən nə qədər onu inandırmağa çalışsam da, söhbətimiz nəsə alınmırdı. Mən gərgin əhvalımı üstələyə bilmir və heç bir sual vermədən ancaq Fyodor Mixayloviçin suallarına cavab verirdim. Məni narahat edən başqa bir səbəb də vardı. Oturduğumuz zal qızdırılmadığından çox soyuq idi. Fyodor Mixayloviç bunu hiss etdi.
 – Nə yaman soyuqdur sizdə. Özünüz də elə bu gün çox soyuqsuz! – dedi. Açıq boz rəngli ipək paltarda olduğuma diqqət edib hara getməyə hazırlaşdığımı soruşdu.
 Xaç anamgilə getməli olduğumu bilən Fyodor Mixayloviç yolumuz bir olduğundan məni öz arabasıyla aparmaq istədiyini dedi. Mən razılaşdım və biz getdik. Yolda sərt döngələrin birində Fyodor Mixayloviç belimdən tutmaq istədi. Lakin altmışıncı illərin bütün qızları kimi mən də diqqət əlaməti olan əl öpmələrdən, xanımların belindən tutmalardan və s. çəkinirdim. Ona görə də dedim:
 – Narahat olmayın, yıxılmaram!
 Fyodor Mixayloviç deyəsən, sözümdən incidi və dedi:
 – Çox istəyərdim ki, elə indi arabadan yerə yıxılasınız!
 Mən qəhqəhə çəkdim. Və biz qalan yolun hamısını çox şən söhbətlər etdik. Mənim kədərli əhvalımsa harasa uzaqlara uçub getdi. Sağollaşanda Fyodor Mixayloviç əlimi möhkəm sıxdı və bir gün sonra "Cinayət və cəza" əsəri üzərindəki işlə bağlı danışmaqdan ötrü evinə gəlməyimi istədi. Mən də razılaşdım.
 

 
   X
 
 1866-cı ilin səkkiz noyabrı həyatımın ən əlamətdar günlərindən biridir. Həmin gün Fyodor Mixayloviç məni sevdiyini dedi və onunla evlənməyi təklif etdi. O vaxtdan yarım əsir keçir. Lakin həmin gün bütün detalları ilə birlikdə  xatirimdə o qədər aydın qalıb ki, sanki elə dünən baş verib.
 Şaxtalı, aydın gün idi. Mən  Fyodor Mixayloviçin evinə piyada getdim və danışdığımız vaxtdan yarım saat gecikdim. Görünür, Fyodor Mixayloviç məni çoxdan gözləyirmiş, səsimi eşidən kimi qabaq otağa çıxdı.
 – Axır ki, gəlib çıxdız! – sevincək dedi və yaylığımı açmağa, paltomu soyunmağa kömək etdi. Bir yerdə kabinetə keçdik. Kabinet bu gün çox işıqlı idi. Mən təəccüblə Fyodor Mixayloviçin nəyəsə görə çox həyəcanlı olduğuna diqqət etdim. Üzünün cizgiləri çox gərgin idi və bu da onu yaman gəncləşdirirdi. 
 – Gəldiyinizə görə çox sevindim, – Fyodor Mixayloviç söhbətə başladı, – elə narahat idim ki, birdən verdiyiniz sözü unudarsız.
 – Niyə belə düşünürdünüz ki? Mən söz verəndə mütləq ona əməl də edirəm.
 – Üzrlü bilin, verdiyiniz sözə həmişə sadiq olduğunuzu bilirəm. Sizi yenidən görməyə çox şadam!
 – Mən də sizi görməyimə şadam, xüsusilə də, belə şən əhval-ruhiyyədə görməyimə şadam, Fyodor Mixayloviç! Nəsə yaxşı bir şey baş verib?
 – Bəli, baş verib! Bu gecə mən çox gözəl bir yuxu görmüşəm!
 – Hə, belə deyin! – mən gülümsündüm.
 – Xahiş edirəm, gülməyəsiz. Mən yuxularıma böyük əhəmiyyət verirəm. Yuxularım həmişə gerçək olur.  Vəfat edən qardaşım Mişanı, xüsusilə də, atamı yuxuda görəndə nəsə pis bir şeyin baş verəcəyini bilirəm.
 – Yuxunuzu danışın görək!
 – Bu böyük qutunu görürsünüz? Bu mənim Sibirdən olan dostum Çokan Vəlixanovun (qazax alimi, tarixçisi, etnoqrafı, folklorçusu, səyyahı, maarifçisi, Rusiya Ordusu Baş Qərargahının zabiti, kəşfiyyatçı – 1835–1865) hədiyyəsidir. O, mənim üçün çox dəyərlidir. İçində əlyazmalarımı, məktubları və xatirəsi əziz olan şeyləri saxlayıram. Hə, yuxuda görürəm ki, həmin bu qutunun qarşısında oturmuşam, kağızları yerbəyer edirəm. Birdən onların arasında bir  parlaq ulduz bərq vurur. Mən vərəqləri o yana-bu yana qoyuram, ulduz isə gah görünür, gah da yoxa çıxır. Bu məni maraqlandırdı. Mən yavaş-yavaş vərəqləri toplamağa başladım və onların arasında kiçik, lakin çox parlaq bir brilyant tapıram.
 
 

 – Onu neylədiniz?
 – Məsələ də elə burasındadır ki, yadımda deyil! Sonra başqa yuxular gördüm. Onun axırı necə oldu, bilmədim. Amma bunu bilirəm ki, bu yaxşı yuxudur!
 – Deyəsən, yuxuları tərsinə yozmaq lazımdır, – mən dedim və o dəqiqə də dediyimə peşman oldum. Fyodor Mixayloviçin üzü dəyişdi, sanki qanı qaraldı.
 – Onda siz düşünürsünüz ki, mənim üçün yaxşı heç nə olmayacaq? Və deyirsiz ki, mən boşuna ümid etmişəm? – kədərli səslə dedi.
 – Mən yuxu yoza bilmirəm. Düzünü desəm, heç onlara inanmıram da, – cavab verdim.
Fyodor Mixayloviçin qanının qaralmasına görə pis oldum və onu necəsə şənləndirməyə çalışırdım. Necə yuxular görürəm sualına mən komik cavab verdim.
 – Daha çox yuxumda gimnaziyamızın əzəmətli, gicgahları üstündə dəbdən düşmüş lokonları olan keçmiş müdirəsini görürəm. O həmişə nəyəsə görə məni danlayır, incidir. Ondan başqa, bir dəfə bağımızın hasarından üstümə tullanıb məni qorxudan kürək pişiyi görmüşəm.
 – Ah əzizim, əzizim! – mənə mehribancasına baxan Fyodor Mixayloviç təkrarladı, – yuxularınız da gör bir necədir! Hə, deyin bir görüm, xaç ananızgildə qonaqlığınız şən keçdimi? – məndən soruşdu.
 – Çox şən keçdi. Nahardan sonra böyüklər kart oynamağa oturdular. Biz gənclər isə kabinetə toplaşıb maraqlı söhbətlər etdik. Orada iki mehriban və şən tələbə oğlan da vardı.
Fyodor Mixayloviç yenə də qaşqabaq tökdü. Bu dəfə çox tez-tez əhvalının dəyişməsi məni çox təəccübləndirdi. Xəstəliyin əlamətlərini bilmədiyimdən bu cür əhval dəyişkənliyinin birdən epilepsiya tutmasına apardığını düşündüm. Və özümü buna görə pis hiss etdim.    
 
 ardı var

Rus dilindən tərcümə edən: Xanım Aydın