Biz imzaları yox, əsərləri dərc edirik...

Dostoyevskaya Anna Qriqoryevnanın xatirələri – III Hissə
1555
26 Fevral 2020, 09:40
  Artkaspi.az saytı Dostoyevskaya Anna Qriqoryevnanınxatirələrini təqdim edir:
 
 
  II
 
  Oktyabrın dördündə – gələcək həyat yoldaşımla tanış olduğum həmin o mühüm və əhəmiyyətli gündə mən səhər tezdən yuxudan gümrah, çoxdan istədiyim bir arzunun çin olacağının həyəcanlı sevinciylə oyandım. Arzum məktəblidən, tələbədən özümün seçdiyim peşə üzrə işləyən müstəqil bir insana çevrilmək idi. 
  Evdən ehtiyat üçün əlavə karandaş və balaca bir portfel almaqdan ötrü bir qədər tez çıxdım ki, yolüstü  "Qostinıy Dvor”a (Qonaq Həyəti) da dəyə bilim. Fikrimcə, balaca bir portfel mənim gənc qamətimə böyükyana işgüzar adam görünüşü gətirə bilərdi. Alış-verişimi saat on birdə yekunlaşdırdım. Və Dostoyevskiylə görüşə təyin edilmiş vaxtdan  "nə tez, nə də gec” (Bu, kimisə gözləyərkən vaxt itirməyi xoşlamayan Fyodor Mixayloviçin tez-tez işlətdiyi bir ifadəydi.  O, hər zaman dəqiq vaxt təyin edir və mütləq bu ifadəni deyirdi: "nə tez, nə də gec”)  getməməkdən ötrü tez-tez qolumdakı saata baxa-baxa aram-aram Meşanski küçəsi və Stolyarnı dalanı ilə addımlamağa başladım. 
  On ikiyə iyirmi beş dəqiqə işləmiş Alonkinin evinə çatdım. Daravazının qarşısında dayanan dalandardan 13 №li mənzilin harda olduğunu soruşdum. O məni sağa – darvazanın altından pilləkənlər olan giriş tərəfə istiqamətləndirdi. Bura tacir və sənətkarların yaşadığı  kiçik mənzillərdən ibarət böyük ev idi. Ev mənə dərhal "Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikovun yaşadığı evi xatırlatdı. 
 
 

  13 №li mənzil ikinci mərtəbədə yerləşirdi. Zəngi çalan kimi qapını üzümə  çiyinlərində  yaşıl rəngli dama-dama yaylıq olan  yaşlı qulluqçu bir qadın açdı. "Cinayət və cəza”nı təzəlikcə oxumuşdum. Və istər-istəməz bu yaylığın romanda Marmeladovların ailəsində böyük rol oynayan dradedam yaylığın prototipi olub-olmadığını düşündüm. Qulluquçunun "mənə kim lazımdır” sualına cavab verdim ki, məni bura Olxin göndərib və ağasının bundan xəbəri var. Elə başlığımı çıxartmışdım ki, dəhlizə qapı açıldı və gur işıqlı otağın fonunda gənc, qarabuğdayı, qarışıq saçlı, sinəsi açıq, ayağında da tufli olan bir adam göründü. Tanımadığı bir simanı görən kimi qışqırdı və dərhal yan otağa keçdi. 
  Qulluqçu məni qonaq otağına dəvət etdi. Otaq olduqca sadə görünürdü: divar dibində üstü kiçik xalçalarla örtülmüş iki sandıq vardı. Pəncərənin qarşısında ağ toxunma örtüklə bəzənmiş komod qoyulmuşdu. O biri divarın qarşısında divan, divanın üstündə divardan isə saat asılmışdı. Həmin an o saatda əqrəblərin on ikinin yarısı olduğunu göstərməsinə məmnuniyyətlə baxdım. 
  Qulluqçu ağasının indi yaxınlaşacağını dedi və oturmağa dəvət etdi. Doğrudan da, iki dəqiqədən sonra Fyodor Mixayloviç otağa daxil oldu, məni kabinetinə dəvət etdi, özü isə bizə çay istəməkdən ötrü otaqdan çıxdı. 
  Fyodor Mixayloviçin kabineti iki pəncərəsi olan böyük otaq idi. Həmin o günəşli gündə işıqlı görünsə də, başqa günlərdə ağır təəssüratlar doğururdu:  otaq alaqaranlıq və səssiz idi; bu sakitlik və alaqaranlıqdan sanki bir məyusluq duyulurdu. 
  Otağın dərinliyində  üstündə qəhvəyi rəngli, köhnə örtüyü olan divan, onun qarşısında qırmızı mahud salfetli dairəvi stol vardı. Stolun üstündə lampa və bir-iki dənə albom, ətrafında stul və kreslolar vardı. Divarda qoz ağacından çərçivəsi olan qara paltarlı, yaylıqlı, arıq bir qadın portreti asılmışdı. Dostoyevskinin ailə vəziyyətinin nə yerdə olduğunu bilmədən, bu qadının onun xanımı olduğunu düşündüm. 
 
 

  Pəncərələrin arasında qara çərçivədə güzgü vardı. Aralıq divar güzgüdən xeyli böyük olduğundan  rahatlıq üçün güzgünü bir balaca sağ tərəfdəki pəncərəyə doğru qoymuşdular. Belə çox da yaxşı görünmürdü. Pəncərələri çox gözəl formalı iki böyük Çin vazı bəzəyirdi. Divarın qarşısında böyük yaşıl divan, onun da yanında üstündə qrafin olan stol qoyulmuşdu.  Əks tərəfdə yazı stolu vardı. Sonralar Fyodor Mixayloviç mənə mətn yazdıranda həmişə orda otururdum.  Kabinet kasıb ailələrin evlərində gördüyümdən daha  çox sadə idi. 
  Oturub sakitcə qulaq asırdım.  Mənə elə gəlirdi ki, indicə uşaqlarının səsini və ya uşaq barabarının dumbultusunu eşidəcəm. Və ya qapı açılacaq, otağa bir az əvvəl portretinə tamaşa etdiyim qadın daxil olacaq. 
  Fyodor Mixayloviç otağa daxil oldu. Onu gecikdirdiklərinə görə üzr istəyib soruşdu:
  – Siz çoxdan stenoqrafiyayla məşğulsunuz?
  – İl yarım olar. 
  – Müəlliminizin tələbəsi çoxdur?
  – Əvvəlcə kurslara yüz əllidən çox adam yazılmışdı. İndi isə onlardan cəmi iyirmi beş nəfərə yaxını qalıb. 
  – Bəs niyə belə az?
  – Çünki çoxları stenoqrafiyanı çox rahat şəkildə öyrənə biləcəyini düşünürdü. Bir neçə günə heç nə edə bilməyəcəklərini başa düşüb, dərsləri yarımçıq buraxdılar. 
  – Bizdə hər  iş belədir də, – Fyodor Miyaxloviç dedi, – əvvəlcə qaynar işləməyə başlayırlar, sonra da tezliklə soyuyub işdən əllərini çəkirlər. Görürlər ki, zəhmət çəkmək lazımdır. İndi də kimin zəhmət çəkməyə həvəsi var ki?
 
 

  İlk baxışdan mənə Dostoyevski çox yaşlı göründü. Amma danışmağa başlayan kimi gözlərimdə sanki gəncləşdi. Və mən indi düşündüm ki, onun yaşı otuz beş-otuz yeddidən yuxarı olmaz. Orta boyluydu və qamətini dimdik saxlayırdı. Açıq qəhvəyi, hətta bir az da kürən kimi saçlarına nəsə sürtmüş və yaxşıca  daramışdı. Məni heyran edən onun gözləri oldu: bir-birindən fərqlənirdilər. Biri qonur rəngli, o birinin isə bəbəyi bütün göz boyu genişlənmiş və rəngi demək olar ki, hiss olunmurdu (Bir dəfə epilepsiyası tutan zaman Fyodir Mixayloviç  yıxılanda iti bir şeyin üstünə düşüb və sağ gözünü möhkəm zədələyib. Onu professor Yunge müalicə edirmiş. O da gözünə atropin damcıları tökməyi yazıbmış ki, bunun hesabına gözünün bəbəyi xeyli böyüyüb). Gözlərinin bu cür fərqli olması Dostoyevskini xüsusilə müəmmalı görünüş verirdi. Dostoyevskinin solğun və xəstəhal bənizi mənə olduqca tanış gəldi. Çox güman ki, şəkillərdə çox gördüyümdən belə oldu. Göy rəngli mahud jaket geyinmişdi. Amma altdan görünən geyimi (qolçaqları və yaxalığı) ağappaq idi. 
  Beş dəqiqədən sonra qulluqçu otağa daxil oldu. O bizim üçün tünd dəmlənmiş qara çay gətirdi. Sinidə iki bulka da vardı. Mən stəkanı götürdüm. Otaq çox isti olduğundan çay içmək istəmirdim. Amma buna baxmayaraq, naz edirmiş kimi görünməyim deyə çayı qurtumlamağa başladım. Mən divarın qarşısndakı stolun arxasında oturmuşdum. Dostoyevski isə gah yazı stolunun arxasında oturur, gah siqaretinin biri bitməmiş ikincisini yandıraraq otaqda o baş-bu başa var-gəl  edirdi. Mənə də siqaret təklif etdi. Mən istəmədim. 
  – Bəlkə, siz nəzakətli olduğunuzdan imtina edirsiz? – o soruşdu.
  Mən nəinki siqaret çəkdiyimi, hətta siqaret çəkən qadınları görməyə gözüm olmadığını da bildirməyə tələsdim.   
  Söhbət qısa hissələrlə davam edirdi. Dostoyevski tez-tez bu mövzudan digər mövzuya keçid alırdı. O, əzgin və xəstəhal görünürdü.  Az qala, elə bir-iki kəlmə danışan kimi epilepsiyası olduğunu və bu günlərdə tutması olduğunu bildirdi. Düzünü desəm, bu səmimiyyəti məni çox təəccübləndirdi. Görüləcək iş barəsində Dostoyevski bir az qeyri-müəyyən şəkildə danışırdı:
  – Baxarıq, görək necə edirik, yoxlayarıq, mümkün olarsa...
  Düzü, əvvəlcə düşündüm ki, birgə işimiz baş tutmayacaq. Hətta ağlıma gəldi ki, Dostoyevski işin belə tərzdə görülməsinin alınacağına şübhəylə yanaşır və bəlkə də, artıq imtina etmək fikrinə düşüb. Ona qərar verməyə kömək etmək məqsədilə dedim:
  – Yaxşı, yoxlayaq. Amma sizə mənim köməkliyimlə bu işi görmək narahat olacaqsa, elə bu başdan deyə bilərsiz. İşimiz baş tutmasa, heç bir narazılıq etməyəcəyimə əmin olun. 
  Dostoyevski "Russkiy vestnik” jurnalından  oxumaq fikrinə düşdü. Və bunu stenoqramdan adi məktuba köçürməyimi istədi. O, əvvəlcə çox sürətlə oxuyurdu. Amma mən onu dayandırdım və adi danışıqdan sürətli oxumamağı xahiş etdim. Sonra mən stenoqafik yazımı adi yazıya köçürməyə başladım və bunu olduqca qısa vaxtda etdim. Amma Dostoyevski məni elə hey tələsdirir, çox ləng köçürdüyümü deyirdi. 
  – Qeydlərimi mən burda yox, evdə köçürəcəyəm, – onu sakitləşdirirdim, – buna nə qədər vaxt sərf edəcəyimin sizin üçün nə fərqi var axı?..
  Köçürdüyüm yazıya baxanda Dostoyevski hardasa bir nöqtəni qoymadığımı, hərflərdən birini isə kifayət qədər aydın yazmadığımı irad tutdu və bunu mənə kəskin şəkildə bildirdi. O, çox güman ki, qıcıqlıydı və  fikirlərini heç cür bir yerə cəmləyə bilmirdi. Gah mənim adımı soruşur, elə həmin andaca unudur, gah da məni görməzdən gələrək otaqda nəyisə düşünürmüş kimi o baş-bu başa var-gəl edirdi. Mən qımıldanmadan oturdum. Çünki onu düşüncələrindən ayırmağa qorxurdum. 
  Nəhayət ki, Dostoyevski indi qətiyyən nəsə deyib yazdırmaq iqtidarında olmadığını, elə bu gün yenidən saat səkkizdə onlara gələ bilib-bilməyəcəyimi soruşdu. O vaxt romanı şifahi deməyə başlayacaqdı. İkinci dəfə bura gəlmək mənim üçün əlverişli deyildi. Amma işi sonraya saxlamamaqdan ötrü razılaşmalı oldum. 
  Mənimlə sağollaşanda Dostoyevski dedi:
  – Olxinin mənə kişi yox, xanım stenoqrafçı göndərməsinə sevindim. Heç bilirsiz niyə?
  – Niyə?
  – Ona görə ki, kişi yəqin ki, bu vaxta qədər içmişdi, siz isə, ümid edirəm ki, içməzsiniz...
  Məni gülmək tutdu. Amma özümü güclə də olsa, saxlaya bildim. 
  – Mən içməyəcəm, buna əmin ola bilərsiniz, – ciddi şəkildə ona cavab verdim. 
 
  Ardı var...
 
  Rus dilindən tərcümə edən:    Xanım Aydın