Biz imzaları yox, əsərləri dərc edirik...

Dostoyevskaya Anna Qriqoryevnanın xatirələri – II Hissə
2305
18 Fevral 2020, 10:43
  Artkaspi.az saytı Dostoyevskaya Anna Qriqoryevnanın xatirələrini təqdim edir:


  Təhsil

  Təhsilim haqqında bir neçə kəlmə danışacam. Doqquz yaşımdan on iki yaşıma kimi müqəddəs Anna məktəbində (Kiroçnaya küçəsində) təhsil almışam. Bütün fənlər üzrə tədris ("Allah qanunları” dərsindən başqa) alman dilində gedirdi. Və bu biliyim mənə sonralar, həyat yoldaşımla bir neçə il xaricdə yaşayanda lazım oldu. 1858-ci ildə paytaxtda ilk qızlar gimnaziyası (Marianskaya) açıldı və payızda mən oranın ikinci sinfinə qəbul olundum. Orda təhsil almaq mənə asan gəlirdi. Artıq 3-cü, 4-cü siniflərdə oxuyanda kitab mükafatımı da alırdım. Və 1864-cü ildə kursu gümüş medalla bitirmişdim. Ondan bir il əvvəl N.A.Vışneqradski adına Pedaqoji kurslar açılmışdı və təhsilini davam etdirmək istəyənlər ora daxil olurdular. 1864-cü ilin payızında mən də ora qəbul olundum. O vaxtlar cəmiyyət arasında təbiət elmlərinə maraq olduqca böyük idi. Mən də bu axına qoşuldum. Fizika, kimya, zoologiya mənə sanki bir "səmimiyyət" kimi görünürdü. Və mən kursun fizika-riyaziyyat  şöbəsinə qəbul olundum. Lakin tez bir zamanda seçimimdə səhv etdiyimin fərqinə vardım. Çünki seçimim mənim maraqlarıma uyğun deyildi. Bu məşğuliyyətim mənə sevinc gətirmirdi. Duzların kristallaşması təcrübəsi zamanı mən kolbalara, retortlara baxmaqdansa, həvəslə hər hansısa bir romanı oxuyurdum. Zoologiyadan mühazirələr oxunan vaxt dərslə maraqlanmırdım. Lakin artıq təcrübə hissəsinə keçəndə ölü pişiyi hissələrə ayıranda mən çox pis vəziyyətə düşdüm – ürəyim getdi. Həmin ilki dərslərdən ən çox yadımda qalan professor V.B.Nikolskinin rus ədəbiyyatından gözəl mühazirələri oldu. Burada  hər iki şöbənin dinləyiciləri iştirak edirdilər. 
 
 

  1865-ci ilin yayında çox kədərli bir xəbər aldım. Atam sağalmaz xəstəliyə düçar olmuş və ömrünə, təəssüf ki,  çox az qalmışdı. Həmin vaxt mənim üçün əziz olan adamı günboyu tək qoymamaqdan ötrü müəyyən müddətlik kursu tərk etmək qərarına gəldim. Atam yuxusuzluqdan əziyyət çəkirdi. Mən saatlarla onun üçün böyük məmnuniyyətlə Dikkensin romanlarını oxuyurdum. Atam mənim monoton oxumamın sədaları altında birazca da olsa, yuxulayırdı. 
  1866-cı ilin əvvəllərində 6 №li kişi gimnaziyasının binasında stenoqrafiya kurslarının açılacağı haqqında elan verilmişdi. Kursda mühazirələri P.M.Olxin oxcuyacaqdı.  Həmin mühazirələrin axşam vaxtı (o vaxtlar əziz atam artıq yuxuya gedirdi) veriləcəyindən xəbər tutub stenoqrafiya kurslarına qəbul olunmaq qərarına gəldim. Buna daha çox atam israr edirdi. Çünki pedaqoji kursları ona görə atdığıma görə çox heyifsilənirdi. Əvvəl stenoqrafiya məndə qətiyyən alınmırdı. Artıq 5-ci, 6-cı mühazirələrdən sonra bu işdən heç nə anlamadığımı və heç bir vaxt da anlaya bilməyəcəyimi başa düşdüm.  Bu barədə atama danışanda o çox əsəbiləşdi və məni səbir və əzmimin olmamasına görə qınadı.  Dərslərimə davam edəcəyim barədə söz verməyimi istədi və məndən yaxşı stenoqraf çıxacağımı israrla bildirdi. Əziz atam xoşbəxtliyimi stenoqrafiya sayəsində tapacağımı əvvəlcədən bilirmiş.
 
 

   1866-cı ilin 28 aprelində  atam dünyasını dəyişdi. Bu, həyatımda yaşadığım birinci bədbəxt hadisə, aldığım ilk zərbə idi. Kədərimi çox pis yaşayırdım: çox ağlayırdım, günlərimi Böyük Oxtada – onun qəbrinin üstündə keçirirdim. Heç cür bu itkiylə barışa bilmirdim. Anam bu cür dilxorluğumdan çox narahat olurdu və hər hansısa bir işdən yapışmağımdan ötrü yalvarırdı. Təəssüflər olsun ki, stenoqrafiya kursları sona yetmişdi. Amma xeyirxah P.M.Olxin mənim kədərimdən və dərslərimi buraxdığımdan xəbər tutub onları stenoqrafik yazışmayla əvəz etməyi təklif etdi. Həftədə iki dəfə mən müəyyən kitablardan ona iki-üç səhifəni stenoqrafik qaydada yazmalıydım. Olxin stenoqramdakı səhvlərimə düzəliş edərək mənə geri qaytarırdı. Yay uzunu – üç ay boyunca davam edən yazışmaların köməkliyiylə stenoqrafiya sayəsində xeyli irəlilədim. Bu arada tətilə gələn qardaşım da mənə  hər gün bir neçə saat imla yazdırırdı. Ona görə də mən bir düzgün stenoqarfik yazıdan başqa, bir az da sürətli yazmağı öyrəndim. Buna görə də 1866-cı ildə kurslar yenidən açılanda ədəbi işlər üçün Olxinin arxayınlıqla tövsiyə edə bildiyi  yeganə tələbəsi mən oldum.
 
 
  İKİNCİ HİSSƏ
  DOSTOYEVSKİYLƏ TANIŞLIQ. EVLİLİK.
  I
 
  1866-cı ilin 3 oktyabrında axşam saat 7-də mən həmişə olduğu kimi stenoqrafiya müəllimi P.M.Olxinin mühazirə oxuduğu 6 №-li kişi gimnaziyasına  gəldim. Mühazirə hələ başlamamışdı: gecikənləri gözləyirdilər.    Həmişəki yerimdə əyləşib dəftərlərimi qarşıma düzürdüm ki, Olxin yaxınlaşıb skamyada yanımda oturdu və belə dedi:
  – Anna Qreqoryevna, stenoqrafik iş istəmirsiz? Mənə stenoqraf tapmaq tapşırılıb. Düşündüm ki, bəlkə siz bu işi öhdənizə götürməyə razılıq verəsiniz.
  – Çox istəyirəm, – cavab verdim, – mən çoxdan işləmək istəyirəm. Sadəcə, belə bir məsuliyyətli  işi boynuma götürmək üçün stenoqrafiya işini kifayət qədər bilməyimə şübhə edirəm. 
  Olxin məni sakitləşdirdi. Onun fikrincə, bu işdə elə də böyük sürətə ehtiyac yox idi. Yəni mən bunu bacara bilərdim. 
  – Stenoqrafik iş kimin üçün olacaq? – maraqlandım. 
  – Yazıçı Dostoyevskiyə. İndi o yeni bir roman üzərində işləyir. Və bu əsəri stenoqrafın köməkliyilə yazmaq niyyətindədir. Dostoyevski hesab edir ki, roman böyük formatlı yeddi çap kağızından çox olmayacaq. Və bu işin əvəzində əlli rubl təklif edir. 
 
 

  Mən dərhal razılaşdım. Dostoyevskinin adı mənə uşaq yaşlarımdan tanış idi: o, atamın ən sevimli yazıçısıydı. Elə mən özüm də onun əsərlərinin heyranı idim. Və "Ölü evdən qeydlər” əsərini oxuyanda ağlamışdım da. İstedadlı yazıçıyla tanışlıq və hətta ona işində köməkçi olmaq fikri məni çox həyəcanlandırdı və eyni zamanda da çox sevindirdi. 
  Olxin mənə dörd qatlanmış balaca bir kağız verdi. Üstündə belə yazılmışdı: "Stolyarnı dalanıyla M.Meşanski küçəsinin kəsişməsi, Alonkinin evi, mənzil № 13, Dostoyevski” – və dedi. 
  – Xahiş edirəm, Dostoyevskiylə görüşə sabah  saat on ikinin yarısında gedin. Bu gün özü təyin etdiyi kimi, nə tez, nə də gec, tam vaxtında gedin.
  Eyni zamanda Olxin mənə Dostoyevskiylə bağlı fikrini də dedi. Bu haqda sonra qeyd edəcəyəm. 
Olxin saata baxdı və kafedraya keçdi. Etiraf etməliyəm ki, budəfəki mühazirə məndən ötrü boşuna getdi: mən çox həyəcanlanmışdım və ürəyim qəribə sevinc hissləri ilə dolub-daşırdı.  Mənin ən böyük arzum çin oldu: iş tapdım! Son dərəcə tələbkar və ciddi olan Olxin əgər stenoqrafiyanı kifayət qədər yaxşı bildiyimi və sürətli yazdığımı düşünürsə, deməli, bu, həqiqətən də, belədir. Yoxsa o heç vaxt mənə bu işi görməyi təklif etməzdi.  Bu məni olduqca çox sevindirdi və  gözlərimdə özümü böyütdü. Yeni bir həyata başladığımı, yeni bir yola qədəm qoyduğumu hiss edirdim. Daha bundan sonra öz zəhmətimlə pul qazana biləcəyəm. Mən artıq müstəqil oluram. Və bu müstəqillik hissi mənim üçün – altmışıncı illərə mənsub bir qız üçün çox dəyərli bir hiss idi. Lakin təklif olunmuş işdən daha vacib və xoş olanı Dostoyevskinin yanında işləməyim və bu yazıçıyla şəxsən tanış olmağım idi. 
 
 

  Evə qayıdan kimi bütün bunları təfsilatı ilə anama danışdım. O da mənim bu uğuruma görə çox fərəhləndi.  Bütün gecəni həyəcan və sevincimdən yata bilmədim. Elə  hey Dostoyevski haqqında fikirləşirdim. Onu atamın çağdaşı bildiyimdən artıq yaşlı adam olduğunu düşünürdüm. Gah gonbul və keçəl, gah hündür və arıq, amma mütləq şəkildə Olxinin dediyi kimi  sərt və qaraqabaq adam kimi  gözümdə canlandırırdım.  Ən çox da onunla necə danışacağımı düşünüb, həyəcan keçirirdim.  Dostoyevski mənim gözümdə alim, ağıllı, olduqca savadlı biri kimi görünürdü və mən ona deyəcəyim hər bir kəlmənin üstündə əsirdim. Bir də məni onun romanlarındakı qəhrəmanların adlarını unutmağım çox narahat edirdim. Əmin idim ki, mütləq onlar haqqında da söz açacaq. Heç vaxt çevrəmdə görkəmli ədəbiyyatçılar olmayıb, onlarla görüşməmişəm. Və mən onlara nəsə qeyri-adi canlı kimi baxırdım və düşünürdüm ki, onlarla necəsə xüsusi bir şəkildə danışmaq lazımdır. Həmin illəri xatırlayanda iyirmi yaşımın olmasına baxmayaraq, necə balaca uşaq olduğumu açıq-aydın görürəm.
 
  Ardı var...
 
  Rus dilindən tərcümə edən: Xanım Aydın