Biz imzaları yox, əsərləri dərc edirik...

DokuBaku 2018 Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
172
14 Sentyabr 2018, 16:37
  Bu il 4-9 oktyabr tarixlərində Bakıda DokuBaku 2018 Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.
 
 
 

  Festival çərçivəsində dünyanın müxtəlif nöqtələrindən seçilmiş filmlər təqdim ediləcək. 
  Festivalın bu ilki mövzusu "Kəsişmələr” adlanır. 
  DokuBaku 2018 Beynəlxalq Sənədli Film Festivalının əsas proqramında 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişi nəzərdə tutulub. 
  Festival proqramına daxil olan uzunmetrajlı filmlərin əksəriyyəti Berlinale, Cinedoc Tbilisi, Krakow  Film Festivalı, Trieste Science + Fiction kimi nüfuzlu festivallarda nümayiş olunub. 
  Festival çərçivəsində izləyicilərə "Elmi Spektr” jurnalı ilə birgə hazırlanmış SciDocs adlı elmi-sənədli filmlərdən ibarət bölmə təqdim ediləcək. Elmi Spektr Azərbaycan dilində elmi və sosial əhəmiyyətli məqalələr dərc edən, dərslik tərcümələri sahəsində də fəal olan onlayn elmi-kütləvi jurnaldır.
  Bundan başqa DokuBaku BSFF Azərbaycanda sənədli film istehsalına dəstək məqsədilə 2-7 oktyabr tarixlərində My Street Films ilə birgə praktiki təlimləri təşkil edəcəkdir. Bu təlimlər, həm püxtələşmiş, həm də təcrübəsiz filmmeykerler üçün nəzərdə tutulub. Rejissor Jaroslav Kratochvil, rejissor, montajçı və prodüser Zdenek Chaloupka My Street Films proqramında təlimçi olacaq. Onların rəhbərliyi ilə iştirakçılar proqram çərçivəsində qısametrajlı sənədli filmlər istehsal edəcəklər. 
  Qeyd edək ki, My Street Films təlimləri daha əvvəl Macarıstan, Slovakiya, Polşa, Ukrayna kimi ölkələrdə təşkil olunub. Təlimlər pulsuzdur. Təlimlərdə iştirak etmək istəyənlər  www.dokubaku.org/az saytındakı müvafiq formu doldura bilərlər.
  Bundan başqa festival çərçivəsində fin rejissoru, prodüser, montajçı  Niklas Kullström ustad dərsi keçəçək. Kullstörm özünün "Şərq Xatirələri” fiiıminin ərsəyə gəlmə prosesi, sənədli filmin bir janr kimi perspektivləri və post-həqiqət dövründə təsiri haqqında danışacaq.
  Təlimlər maraqlanan hər kəs üçün açıqdır. Amma təlimlərdə iştirak üçün saytın müvafiq səhifəsindəki qeydiyyat formunu doldurmaq xahiş olunur.