Biz imzaları yox, əsərləri dərc edirik...

Dönərgəsi dönmək – Niyə belə deyirik?
714
13 Aprel 2018, 08:17
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 
 

 Başqa sözlə, bəxti, taleyi dönmək. Bir sıra dialektlərimizdə dönərgə//dönəlgə sözü bəxt, səadət, xoşbəxtlik mənasında işlədilir. Bu söz həm ayrılıqda, həm də birləşmə daxilində həmin mənanı bildirir. 
Ə.Mustafayevin "İsti külək” povestində belə bir dialoq vardır: "Oxuyanda yəqin yüngüllük tapır. Qorx ki, oxuya-oxuya sonradan müğənni ola. Dönərgəsi pis olar onun”.
 Bu birləşmə dilimizin qədim dövrlərinə xas olan daxili obyektli feillərdəndir.
 Tahir Hüseynovun "Qəza” hekayəsində oğlu haqqında danışan Ceyran deyir: "Qabaqlar yaxşı oxuyurdu. Müəllimlərin hamısı razılıq eləyirdilər. Bu Güləhməd gələnnən deyirsən uşağın dönərgəsi dönüb, kitaba yaxın getmir”. 
 M.Şəhriyarın "Heydərbabaya salam” poemasında deyilir:
 Mənim atam süfrəli bir kişiydi,
 El əlindən tutmaq onun işiydi,
 Gözəllərin axıra qalmışıydı,
 Ondan sonra dönərgələr dönübdür,
 Məhəbbətin çıraqları sönübdür.