artkaspi.az Günel Şamilqızının "Div olanda noolar?" povestini təqdim edir.

O, Məlikməmməd olanda dünya nağıl dövrünü yaşayırdı. Nağılçı üç almanı paylayandan sonra bütün körpələr yuxuya getdi. O da başqa zamana, başqa dünyaya düşdü. Hər şey atasının bağında, həmişəki kimi alma üstündə başlamışdı. Kimsə
onun padşah atasıyla zarafat eləmişdi ki, bu ağaclarda bitən bəhər ölümsüzlük
gətirir. Bəlkə də almalar oğurlanmasaydı, padşah bu axmaq zarafata inanmazdı.
Amma görünür, kimsə şahdan da betər inanmışdı meyvə yeməklə fələkdən əbədi
həyat oğurlaya biləcəyinə.
Məlikməmmədin hər iki qardaşı ayrı-ayrı vaxtlarda, hərəsi bir ayrı cür
qaranlıq gecədə ziyankarı güddü. Oğru adam olmasa da, ən azı, adamlar kimi
qorxuda bildi qardaşları. Almalar da onların sağ qalması üçün rüşvət oldu.
Atası Məlikməmmədi yanına çağıranda artıq qardaşların "yatıb yuxuya
qalmaq” söhbəti ona da qəribə gəlirdi. Çünki içlərində ən ağciyər qardaş özü
idi. Bilirdi ki, qorxu adamı gic eləyəndə nəinki yatmaq, əl-ayağını uzadıb
rahatca ölmək də mümkün deyil.
– Bu gecə növbə sənə çatır.
Padşah ikinci cümləsini deməyə macal tapmamış Məlikməmməd etiraz elədi:
– Bu nağıl deyil, hər kəs təkbaşına qəhrəmanlıq göstərsin. – sonra
qardaşlarına sarı döndü, – Gəlin oğrunu bir yerdə güdək.
Qardaşlar hərəsi bir bəhanə ilə boyun qaçırdı. Bilirdilər ki, Məlikməmməd
qorxaqdı, birlikdə getsələr, onlara arxayın olub gözləyəcək, torba-torba alma
sirlərinin də üstü açılacaq. Amma tək qalsa, bir az gözləyib, gecə yarı qaçacaq
evə.
Məlikməmməd başa düşürdü vəziyyət qəlizdi, onsuz da, adı qorxaq kimi
çıxıb, bir az da xalın-gülün vurmasın deyə, özünü toplayıb getdi. Bəd ayaqda o
da qardaşlarının üsulundan istifadə edəcəkdi.
Axşam yerini gecəyə təhvil verəndə gördü dizləri əsir, barmağını kəsdi
ki, yaranın göynəməsinə bəlkə bu qorxaqlıq yadından çıxar. Yaxşı-yaxşı göynəsin
deyə, lap duz da səpərdi. Amma gecəyarı bu bağda, qaranlıqda duz nə gəzir?
Yaxşı ki də yox idi, çünki barmaq kəsmək əvvəldən çox axmaq fikir imiş, əlavə
can incitməkdən başqa heç nəyə yaramadı. Sonra da yatmağa çalışdı. Bu dəfə
yaranın ağrısını unutmaqçün. Sızıltı azaldıqca onu yuxu apardı. Qardaşları kimi
yox, o, doğrudan-doğruya yatdı. Daş kimi yatırdı yazıq.
Bir də ayıldı ki, yekəpər bədheybətin biri gülə-gülə onu silkələyir.
– Ay adam, nə yatmısan? Sən hansısan, böyüyüsən, yoxsa o biri? Bəs hanı
mənim almalarım? Hələ yığmamısan? Niyə hazır deyil torbam?
– N-nə torba? – Məlikməmməd dili topuq vura-vura soruşdu.
Bədheybətin sifəti çöndü:
– Bura bax, qudurma! Siz adamları bir az boş buraxan kimi divə dönürsüz.
Bilirsən, mən kiməm? Divəm, əsl div! Bilirsən sənə neyləyərəm? Ağlını başına,
almaları da torbaya yığ, ver mənə. Dur, tez elə. Tələsirəm.
Məlikməmməd qorxa-qorxa gülümsədi. Uşaqlar bəzən qorxudan belə gülür...
***
Səhər əlində alma dolu sini ilə saraya girəndə də o qorxaq təbəssüm
üzündən silinməmişdi. Hamı inandı, hamı aldandı onun divi qovub, hətta
yaralayıb bağı qoruduğuna. Bircə almaların əbədi həyat bəxş edəcəyinə inanan
atasından başqa. Hamı əvvəllər lağa qoyduğu Məlikməmmədi öyəndə o da fəxr elədi
oğluyla, amma özü də bilmədi hansı fərasətinə görə?
Məlikməmməd də duydu, atası inanmır bu qəhrəmanlıq cəfəngiyyatına. Təkcə
atasından gizlətdi baxışlarını. Gizlətdi ki, ömrü boyu bircə dəfə
qorxusuz-ürküsüz, arın-arxayın, ata-bala kimi söhbət eləmədiyi padşah atası
duyuq düşməsin dünən divlə hansı səmimiyyətlə dərdləşməyindən. Bəlkə danışsaydı
Allahın divi kimi, atası da anlayardı onu, çıxarardı vəziyyətdən. Bilmirdi...
Bircə şeyi bilirdi, hamı ondan bu qəhrəmanlığın ardını gözləyir.
***
"– Ay da..! Səni başa düşürəm. Div olanda noolar? İstəmirəm mən bu almaları, ay bala. Apar ver atana.
– İnanmaz...
– İnanacaq! – deyə
Məlikməmmədin qılıncını götürüb qollarını kəsik-kəsik eləmişdi.
– Neynirsən, başına
dönüm?
– Fikir vermə, bunların
yeri sağalacaq e. Danışdıqların daha çox incidəcək...”
Sonra da durub qanı
şoruldaya-şoruldaya getmişdi.
İndi atasına verdiyi
ikinci sözü yerinə yetirməkçün Məlikməmməd bu qanın izinə düşüb divi tapmağa
gedirdi. Tapıb öldürməliydi. Sarayda söz-söhbət gəzirdi ki, elə əvvəldən səhv
eləyibmiş sağ buraxmaqla. Əslində onlar qızıl sinidə alma yox, div başı görmək həvəsindəydilər.
Həmin gecə onunla birgə oğrunu güdməyə getməyən qardaşları da bu dəfə
yanındaydı. Sırf maraqçün. Allahın qorxaq Məlikməmmədinin bədheybət bir divi
necə öldürəcəyinə tamaşa eləmək istəyirdilər.
Çox getdilər, tox
getdilər, dağar-dağar şax getdilər. Sinəsi özündən qabaq yeriyirdi
Məlikməmmədin. Yerə-göyə sığmırdı. Hərçənd yola çıxdıqları gün hər yeni qan
damcısından sonra dizləri büküləcək, daha yeriyə bilməyəcək, bir sonrakı
damlanı da görsə, ürəyi partlayacaq sanırdı. Üzü bərk imiş demə. Bəxtəvər
başına, qəhrəman olmuşdu. Qəhrəman olmaq xoşuna gəlmişdi. Ürəyində deyirdi
birtəhər düzüb-qoşaram. Gümanı yenə sözlərə qalırdı, elə hey fikirləşir, lazımi
cümlələri sıralayırdı beynində.
Arxayınlığı quyuya
çatanacanmış. Qan izləri arasında məsafə sıxlaşır və qəfil quyuda kəsilirdi.
Deməli, ona el-oba inamı, alın açıqlığı bəxş eləyən o geniş ürəkli bədheybət
yerin üstündə yaşamağa bir qucaq torpaq tapmayıb, burda quylamışdı özünü.
Yəqin indi bu quyunun
ağzında əlhəd daşı kimi ağır bir daş da olmalıydı. Amma o daşı qaldıracaq
ürəkli oğlan, qoluzorlu igid yox idi deyə daşlar quyuların ağzını yuma bilmirdi. Kaş olaydı.
Onsuz da heç biri götürə bilməyəcəkdi. Çünki həmişəki kimi tək-tək yaxınlaşıb
güc gələcəkdilər. Olsaydı, ağırlığı bəlkə də qardaşları quyuya düşmək
qorxusundan xilas edərdi, qayıdıb ev-eşiklərinə gedərdilər.
Bir-birlərinə çəp-çəp
baxdılar. Həmişə bütün işləri birinci böyük qardaş "məharətlə” başından atırdı.
Ortancılı da birincinin elədiyini təkrarlayırdı. Eynən, necə eləmişdisə elə,
haracan eləmişdisə oracan. Məlikməmməd tifilsə həmişə onların həm elədikləri,
həm də eləmədikləri qədərindən qorxub çaşbaş qalırdı.
Kəndiri əvvəlcə böyük
qardaşın belinə bağladılar. Hələ də boyun qaçırtmaqçün ağlına bir şey
gəlməmişdi. Endirdilər. Adamlardan, işıqdan uzaqlaşdıqca qorxudan əsməyə
başladı. Heç yarıyacan endirməmişdilər ki, hardan beyninə düşdüsə, qəfil
qışqırmağa başladı:
– Ay yandım, çəkin! Ay
yandım çəkin!
Padşahın ilk varisinin
sözünü yerə salmadılar. Oğlan çıxan kimi ortancıl qardaşla göz-gözə gəldi. Üzü
gülürdü hazıra nazirin. İndi onu endirdilər. Zalım oğlu elə bil saniyələri
saymışdı, eynən böyüyü kimi, yuxarıdan aşağı yolu yarı olmamış qışqırmağa
başladı:
– Ay yandım, çəkin! Ay
yandım, çəkin!
Çəkin deyir, çəkin də.
Məlikməmmədin gözləri bərələ qalmışdı. Necə yəni "yandım”? Orda ocaq
qalayıblar? Niyə isti olsun axı? Quyuda su olmayınca odmu olur?
İpə baxanda yorğun,
bezgin, təlaşlı ruhuna su çiləndi. Bəlkə xilas kəndirdəydi, bu qəbir-quyudaydı?
Onsuz da divi öldürə bilməyəcək. Heç olmasa, atasıgilə söz çatanda "quyunun
istiliyinə dözməyib öldü” deyərlər. Bircə canı qurtarsın hər şeydən.
Ani həyəcana qapılıb,
ipi sehrli qurtuluş kəməriymiş kimi, həvəslə bağladı belinə.
İşıqdan, adamlardan uzaqlaşdıqca
canındakı minillik qorxu onu tərk eləməyə başladı. Nə istiydi, nə soyuq. Nə
işıqlıydı bura, nə qaranlıq. İçinə dolan rahatlığın təsiriyləmi, ya o an dərk
eləmədiyi başqa bir səbəbdən bərk-bərk yapışdığı ip ona mənasız göründü.
Əllərini yana açıb uça-uça enmək istədi. Az qalıbmış demə, kürəyi xırda daşlara
toxundu. Bir müddət belə – geniş açılmış qollarıyla gəldiyi yerin havasını
qucaqlayıb uzandı. İlahi, insan dibdə belə rahat olurmuş. Dib budur, deməli?
Belindəki ipdən
qurtulub bir xeyli irəlilədi. Qapı gördü, yaxınlaşdı. Deyəsən gec-gec əl
toxunurmuş dəstəyinə, çox ağır açıldı.
***
– Ooo, sən? – div
başını uzun saçlı, yarıçılpaq, gözəl bir qızın dizləri üstündən qaldırıb
təəccüblə Məlikməmmədə baxdı.
Oğlanın gözü qızda
qalmışdı. Beynində düzüb-qoşduğu hər şey darmadağın idi. Bədheybətin yanında bu
cür gözəlliklə qarşılaşacağını gözləmirdi. Nə edəcəyini bilmədi. Ürkək-ürkək
gah divə, gah qıza baxdı.
– Hə, nədi, xoşuna
gəlir? – div bic-bic güldü.
Quruyub qalmışdı.
Gözlərini də qırpmırdı.
– Bu səninçün atanın
sarayında sevişdiyin açılmamış qönçələrdən deyil.
Oğlan qızı bir də
başdan-ayağa süzdü.
– Buna insan nəfəsi
dəyməyib. Vəhşidi. Div görüb bu ancaq, div.
Qızın donuq baxışları
Məlikməmmədə zillənmişdi. Heç elə bil vecinə də deyildi quyuya adam ayağı
dəyməsi, indi onun haqqında danışmaqları.
– Qorxma, heç nə
eşitmir. Lal-kardı.
***
– Niyə məhz bizim
almalar? Dünyada bağ qəhət idi?
– Mən ora almaya görə
gəlmirdim.
– Başa düşmədim.
– Ağlına başqa şey
gəlməsin. Nə bilim e. Adi meyvəlikdən alma
oğurlamağa nə var? Padşah bağının bəhərindən yemək başqa şeydi.
– Heç zibil də deyil.
"Başqa şey”miş. Boş-boş sözlərdi. Deməli, divlərdə də var əlçatmazları yağlı
matah zənn eləmək?
– Div olanda noolar?
Mən padşah bağının meyvəsindən yeyə bilmərəm?
– Bir dəfə, iki dəfə...
Bəs fikirləşmirdin ki, hamısını yeyib, sahibinə heç nə saxlamayanda o da izinə
düşüb səni öldürtmək istəyəcək?
– Kim, sən? Sən düşmüsən izimə? Sən
öldürəcəksən məni? Öz bağındakı meyvələri ona verim deyə mənə yalvaran qorxaq?
– Olanları sənə başıma
qaxasan deyə danışmamışdım.
Div qolundakı çapıqlara
baxıb başını aşağı saldı:
– Bağışla.
***
– Niyə elə oturmusan?
– Qızın üzünə baxa
bilmirəm.
– Gözəldi, hə?
– Adam dəli olur...
Hardan tapmısan onu?
– Çətin olmadı.
Gözgörəsi gözəlliklər o qədər də əlçatmaz sayılmaz. Belə şey görməmisən deyə
hayıl-mayılsan.
– Nə dəxli var? Mən
gördüklərimi də sən görməmisən.
– O dediyin qıza – atan
öldürdüyünə bənzəyir?
– Kəs!
– Nooldu? Nə dedim ki?
– Ağ eləyirsən, dost...
– Dost?
– Hə... Sənə "dost”
desəm, olar?
– Fərqi yoxdu. Amma
çətin olacaq.
– Nə?
– Öldürmək.
– Hardan bilirsən,
birdən-ikiyə dost öldürmüsən?
– Bilmirəm.
– Neçə gündü burdayam?
– Bilmirəm.
– Daha nə qədər belə davam
edəcək?
– Bilmirəm...
***
– Mən gələn kimi niyə ilk
görüşdə danışdıqlarımızı başıma qaxdın, sonra da qəfil üzr istədin?
– Səni ələ sala
bilərəm. Amma öz qərarlarıma hörmət eləməliyəm. Mən həmin gün bağda səni
dəstəkləmişdim. Sonradan özümü yekəxana aparmağın yeri yoxdu.
– İndi də
dəstəkləyirsən?
– O məsələdə, hə.
– Yalnız o?
– Nə gözləyirsən? Ay
adam, sən bura məni öldürməyə gəlmisən. Nə deməyimi istəyirsən?
– Mənə asan deyil.
– Başa düşürəm, vallah.
Amma sənə asan gəlsə, mənə çətin olacaq.
– Ay Allah, durdu-durdu
məni gör kim başa düşdü...
– Bilmirsən? Div başa
düşdü səni, div.
***
– Atan sevdiyin qadını
niyə öldürdü?
– Bilmirəm.
– Heç vaxt
soruşmamısan?
– Yox.
– Bəllidi, camaat sənə
niyə qorxaq deyir.
– Onsuz da o ölüb.
Bilib, sonra atama da nifrət eləyim?
– Guya eləmirsən?
– Yox... Həm də sənə o
vaxt düzünü deməmişdim. Onu atam öldürməyib, bircə dəfə söhbət ediblər,
vəssalam. O, sadəcə asmışdı özünü.
– "Sadəcə”yə bax.
– Qorxusundan! Bir
qorxaq şah oğlunu axıracan sevməyə qorxdu. Bu qorxaq şah oğluyla xoşbəxt
olmaqdan qorxdu. Deyirdi gedək buralardan, başqa səltənətdə, başqa qanunlarla
yaşayaq, başqa adamlara gülümsəyib açaq səhərlərimizi. Tərəddüd edirdim, atam
razı olmaz deyirdim, adımı qorxaq qoyurdu. Özü neylədi guya?
– Yaxşı, sakit ol, bura
ağlamağa gəlməmisən.
***
– "Div olanda noolar?”
az qala hər cümlənin başında deyirsən.
– Çünki mən div olmaq
istəməyən divəm. Çünki bu gördüyün məxluqu həmdivləri qəbul eləmir. Mən
"almayeyən div”əm.
– Heç insan yeməmisən?
– Əvvəllər yemişəm.
– Niyə vaz keçdin?
– Onlarla söhbət
eləməyə başladım.
– Nə danışırdılar ki?
– Heç nə. Özlərini.
Həyatlarında baş verənləri, onları ağrıdan sirləri. Ya qorxudan, ya da artıq
öləcəklər deyə, daha heç kimə danışa bilməyəcəklər deyə.
– İndi özün də mənə
danışırsan səni ağrıdan divliyini...
– Hə, bildim nə demək
istəyirsən. – div çoxbilmiş-çoxbilmiş gülümsədi.
– Heç gülməli deyil,
dost.
– Elə-belə danışıram.
Sual verirsən, nəsə cavab verməliyəm, düzünü deyirəm də. Nədən qorxuram ki,
yalan danışım?
***
– Bəsdi də bir-birinizi
gah incitdiz, gah əzizlədiz. Siz bəlkə də heç biriniz insan deyilsiz. Amma mən
dözə bilmirəm artıq.
Məlikməmməd yuxulu
gözlərini diqqətlə qızın dodaqlarına zillədi. Hə, yanılmırdı, həmin qız idi.
Divin "lal-kardı” dediyi yarıçılpaq vücud danışa bilirmiş.
– Niyə gəldin axı? Sən
gəlməmiş daha yaxşıydı hər şey. İndi heç nə əvvəlki kimi olmayacaq!
İncinib-əzizlənməkçün illah da yerin dibinə enməliydin?
Məlikməmmədin yuxusu
qaçdı. Ağzına su alıb oturmuşdu, rollarını dəyişmişdilər elə bil.
– Nə baxırsan?
– Bilmirəm neyləyim, nə
deyim? Öz istəyimlə gəlməmişəm bura. Diqqətlə dinləmisənsə, hər şeyi bilirsən
artıq. Bunca olanlardan sonra da onu öldürə bilmərəm. Gör necə yatıb? Yuxusu da
özünə oxşayır.
– Elə bunca olanlardan
sonra öldürməlisən də onu.
– Başa düşmədim.
– Of! Dur götür o
qəfəsdəki quşu, üz başını. Bunun canı o quşdadı.
– Bu qəfəs? Bu quş? Bu?
Nə danışırsan, div hara, quş hara?
– İnanmırsan yoxla,
səndən nə gedir?
– Yazıq... İlahi, kim,
niyə fikirləşib bunu? Niyə belə edib?
– Çox axmaq adamsan,
Məlikməmməd!
– Mən birini öldürmək fikrini
beynimə yerləşdirə bilmirəm, sən ikincisindən danışırsan.
– Sıranı səhv dedin,
birinci quş, sonra bu öləcək. Onsuz da div öldürməyə cəsarət yoxdu səndə.
– Guya quş öldürməyə
var? Bunu sığallamağa qıymır adam, o ki qala öldürmək.
– Boş-boş çərənləmə.
Götür sənə deyirəm.
– ...
– Qorxma, aç qəfəsi.
Aç, Məlikməmməd! Elə yox, aşağıdan yuxarı açılır.
– Oyandı...
***
Div yarıyuxulu halda
hər ikisini süzdü. Heç nədən duyuq düşməmişdi. Sadəcə qızla Məlikməmmədin
qəribə-qəribə baxışmaqları xoşuna gəlmədi. Arvadının gözəl görünməsindən
narahat olan kişilər kimi gizlətmək istədi onu. Gəlib oturdu qızın qarşısında,
üzünü çevirdi Məlikməmmədə, başladılar söhbət eləməyə.
– Bağdan qayıtdığım
gecə səni yuxuda görmüşdüm. Bilirdim gələcəksən.
– Gəlmək istəmirdim.
– Bilirəm.
– Vallah istəmirdim.
– Bəs getmək necə?
Qayıtmaq istəyirsən evinizə?
– "Ev”... Hansı üzlə?
Necə qayıdım?
– Nə deyim axı? Sən
özün bir şey fikirləşərsən də...

***
– Elə dostlar var
düşmən kimidi. Bəlkə də elə düşməndi – dost kimi. Daha çox hansıdı bilməzsən.
–
Amma gözləmədiyin anda gələr zərbəsi.
– Elə sığalı da.
Ürəyində ən çox nəyisənsə, özünü onunçün kim hesab edirsənsə, əslində, o da
səninçün həmin adamdı: düşmən bilirsənsə düşməndi, dost bilirsənsə dostdu.
– Hm...
– Məni niyə "dost”
deyib çağırırsan?
– Bu, sadəcə müraciət
formasıdı. "Ay div” deyə bilmirəm.
– "Sadəcə” sözünü elə
rahatlıqla işlədirsən ki...
– Sən çox ağıllı
divsən. Belə olma, yazıqsan.
– Məsləhətini özünə
saxla, şah balası!
***
– Necə düşünürsən, sən
yaxşı adamsan?
– Çalışıram.
– Bəs, çalışmasan
kimsən?
– Bilmirəm,
yoxlamamışam.
– Heç kim yoxlamayıb.
Tanıdığım bütün insanlardan soruşmuşam. Heç kim özünə "yaxşıyam”, ya "pisəm”
deyə bilmir.
– Deyir! Zibilə
qalasan! Elə də deyir... – sinəsini yumruqlaya-yumruqlaya səsini qaldırdı: – Bu
adam deyib. Atam gələcəyimi əlimdən alan gün heç nə edə bilmədim. Sonra az qala
hər gün güzgüyə baxıb qışqırırdım: Sən pis adamsan, Məlikməmməd! Sən pis
adamsan!
– Bu ani həyəcandan
doğan səslənişdi, sayılmır.
– Çox vaxt bərkdən demək
lazım olmur. Durum ortadadırsa, ürəyinə qanı başqa cür uddurursa, boynuna
almaqdan başqa çarən qalmır. Bura gələndə, yolda qarşımıza çıxan hər yeni qan
damlasından sonra özümə nifrət edirdim. O sözü isə deməyə ehtiyac yox idi.
– Peşmansan bura
gəlməyinə?
– Yox.
– Doğrudan?
– Hələ ki yox.
***
– Nahaq arxayın elədin
onu.
– Düzünü deyirəm də,
bura gəlməyimə peşman deyiləm. Həm, səni də gördüm...
– Elə baxma.
– Niyə?
– Mənə heç kim elə
baxmayıb.
– Ola bilməz. Niyə
burdasan, gözəl?
– Çünki məndən başqa
heç kim onunla burda olmaq istəməyib. Ən azından, sən gələnə qədər bu belə idi.
– Niyə istəyirsən onu
öldürüm?
– Nə qədər ki
gəlməmişdin, halımızdan məmnun idik, amma indi heç nə əvvəlki kimi olmayacaq.
Əvvəlki kimi alınmırsa, onda necəsə başqa cür olmalıdı, bunu da biz eləməliyik.
Tilsim varsa, onu sındırmaq lazımdı.
– Niyə özün eləmirsən?
– Çox axmaq sualdı,
Məlikməmməd. Bacarsaydım, edərdim də. Bu tilsimin bir ucu mənə toxunur, eləsəm
də heç nə alınmaz.
– Bəlkə...
– Sss! Ayıldı!
***
– Dünyada adam qəhət
idi mənim quyuma gəlməyə? Nə səbəbə sən, ay Allahın qorxaq bəndəsi?
– Niyə coşdun yenə?
– Məni gic yerinə
qoymusan! Elə bilirsən xəbərim yoxdu?
– N-n-nə demək
istəyirsən?
– Ona necə baxdığını
görürəm. Kaş mən də insanlar kimi az yata biləydim. Əlacım olsa, yatmaram...
– Bu çıxış yolu deyil.
– Bilirəm.
– Nəsə fikirləşmək
lazımdı. Belə davam edə bilməz.
– Fikirləşmişəm.
– De.
– O dəfəki söhbətdən
mənə məlum oldu ki, "dost” sözü səninçün yalnız müraciət formasıdı.
– Hə, əslində...
– Dayan, mən danışıram.
İstəyirəm biləsən ki, mənimçün elə deyil.
– Elə...
– Sözümü kəsmə! Mənə bu
yerəcən heç kim "dost” deməyib. Nə divlər, nə adamlar. Sən hamını üstələdin.
Ona görə bunu yalnız sən eləməlisən.
– Nəyi?
– O qəfəsdəki quşu
görürsən?
– Hə...
– Mən yatanda başını
üz.
– Niyə?
– Belə lazımdı.
***
– Quyuya salladılan
kimi, rahatlığı, insanlardan uzaqlaşmağın ləzzətini duyan kimi tez o ipi
belimdən açmalıydım. Hamımızın canı qurtarardı. Sən də, o quş da, bu qız da
rahat yaşayardı. Qorxdum. Həmişəki kimi...
– Nə tez fikrini
dəyişdin? Bura gəlməyinə peşman deyilsən deyirdin... Əksinə, ömründə cəsarətlə
elədiyin yeganə hərəkət dibə çatmaqdı. Öz dibini görənlər daha rahat ucalır.
–Uşaq başı aldadırsan
elə bil. Dediyini edə bilməyəcəyəm.
– Elə də eləyəcəksən...
– Bacarmıram.
– Balaca bir quşdan
qorxursan? Ağciyər, həyatın boyu heç nəyi səninçün belə halva eləyib qabağına
qoymayıblar. Tıx da, tıx!
– Bəsdi!
– Həyatına dair heç
nəyin məsuliyyətini üstlənməmisən bu yerəcən? Nə sevginin, nə dostluğun – heç
nəyin qədrini bilməmisən. Dərdini əzizlədiyin qədər özünü də doğma bilsəydin,
gün görərdin. Nədi, bədbəxtsən? Əcəb olur! Nə tökmüsən qaşığına, nə də çıxsın?
– Kəs!
– Çoxbilmişin yekəsi!
Yerin altını da bilirsən artıq, üstünü də. Bilmək kifayət deyil. Hərəkət eləmək
lazımdı.
– Kəs dedim!
– Hirslənirsən, çünki
sənə həqiqəti deyirəm. O həqiqət ki, kimsənin vecinə deyil. Bu quyunun dibində
çürüməkdən məmnun olduğumuz müddətdə heç kim bizə kömək edə bilməyəcək. Nə
divlər, nə insanlar bizi başa düşə bilməz, Məlikməmməd. Biz, yalnız biz, yenə
də biz bilirik nə yaşadığımızı! Sənin həqiqətin onlara maraqlı deyil. Onların
da doğruları sənin vecinə olmayıb heç vaxt. Çıxart xəncərini, bitsin bu iş.
Ömründə bircə dəfə adam ol! Sözümə qulaq as, dost.
– Yalvarma, dözə bilmirəm!
– Onda elə dediyimi!
– Heç olmasa,
yatanda...
– Yaxşı.
***
– Yenə ayıldım. Heyf,
yuxuda heç nə görməmişəm. Sənə danışası maraqlı heç nə yoxdu. Aramızda bütün
söhbətlər oldu, bitdi, Məlikməmməd.
– Yox, söhbətə görə
yox. Sadəcə bacarmadım. Quş uçdu.
– Uçmayıb axı. Odey,
qəfəsdədi.
– Təsəvvür elə ki, uçub
və bir də bu barədə danışmayaq.
– Eliyə bilmirəm.
Eləsəydim başqa cür olardı. O elə uçardı. Sən, mən burda olmazdıq. Bu qəfəs
olmazdı. O quş qəfəsdə çürüməzdi. Heç fikirləşmisən, niyə bu divin canı
qəfəsdəki quşdadı?
Oğlan divin
nəzərlərinin naməlum bir nöqtəyə zillənməsini fürsət bilib qızı süzdü. Bu
barədə söhbətləri olmuşdu: "Div hara, quş hara?” – soruşmuşdu Məlikməmməd. Qız
indi elə bil çox-çox uzaqlardan, başqa qadının baxışlarıyla baxırdı ona, sonra
gözlərini qaçırdıb qəfəsə sarı döndü. Məlikməmməd də. İlk dəfəydi belə diqqətlə
baxırdı quşa.
– Fikirləşmişəm. Amma
cavabı indi tapdım.
– İndi məni bu
qəfəs-quyudan xilas etmək istəyirsənsə, öldür quş-divini.
– İlahi, dəli olacağam!
***
Qucaqlaşıb
ağlayırdılar...
Qız hıçqırırdı deyə
sözlər arasında özündən asılı olmadan fasilə əmələ gəlirdi:
– Sən..
– Hə, mən!
– ... pis...
– Çox pis!
– ... adamsan...
– Heç adam da deyiləm.
–... Məlikməmməd!
– Bir də de, gözəl!
– Sən pis adamsan,
Məlikməmməd!
Qız elə dedikcə oğlan
bir az da bərkdən hönkürürdü. Bilmirdi nəyə görə belə ağlayır: dostunu
itirdiyinə, yoxsa uzun müddət qadın nəvazişindən uzaq düşən bədəninin məhz bu
məqamda oyanmasına.
– Bilirsən? Dünyadakı
bütün quşların boğazını üzə bilərəm indi.
Qucaqlaşıb
ağlayırdılar...
***
Yer-göy lərzəyə
gəlmişdi o yıxılanda. Amma bu əsl yıxılmaq deyildi, adamlar daha "yaxşı”
yıxılır. Məsələn, dost yasında sevinincəyə, cəsəd qarşısında sevişincəyə qədər
yıxıla bilər qadın və kişi...
Məlikməmmədlə div dost
idi, qız mane olurdu onlara – yox, nəsə ədalətli deyil, axı qız əvvəldən divin
həyatında idi. Bəlkə qız və div canbir qəlb idilər, Məlikməmməd gəlişiylə
korladı işləri. Yox, aldatmayaq özümüzü, bir münasibət ki, kiminsə gəlişiylə
dağılır, həm də üçüncü buna cəhd eləmədən, daha nə mərdimazarlıq söhbətidi?
Onda Məlikməmməd tapdığını tapmışdı, qız da tapılmağının sevincindəydi, kənarda
qalan divdi. Kim idi "1+1”
misalında bərabərin heç bir tərəfində özünə yer tapmayan? Deyim, bilin: dünyada
üçlük yoxdu. Olmayıb, olmayacaq da. Həmişə ikilik var. Üçüncü əbədiyyən məhvə
məhkumdu, div belə olsa. Ən böyük qorxu da üçüncü olmaq qorxusudu. Bu qorxunun
ucbatından adam bütün qorxularını yenə bilər, sevdiklərini məhv edər. Özünü də.
Üçüncü günə keçmədi bu
həvəs. Soyudu, adiləşdi, öldü. Amma həmişəki kimi yeni bəhanə dirildi məlum
"ölümlərdən”: "Necə cansıxıcıdı hər gün eyni quyunun dibində yumulub yatmaq,
hər gün eyni qızın sifətinə oyanmaq. Yaxşı xilas elədim bədbəxti bu zülmdən”.
***
Sonra başqa bir sual
doğuldu: "Bəs mən bədbəxti kim xilas edəcək?”
Hər şey də bundan sonra
başladı. Gəldiyi qapıya baxdı. Qayıtmaq olardı. Evə. Yox, unutmaq da olardı
keçmişin yolunu, başqa səmtə üz tutardı, başqa diyarlara gedərdi, başqa
qanunlarla yaşayardı, başqa adamların təbəssümüylə açılardı sabahları. Lap orda
adamlar olmasa da olar, təki başqa nəsə olsun.
– Nə çox baxırsan
qapıya. Bu yerəcən ağlına gəlməmişdi?
– Niyə acıqlısan?
Noolsun ki, bu div iylənmir, hər halda ömrümüzün axırınacan iki diri, bir ölü
yaşaya bilmərik burda.
– Ölüsü də narahat
eləyir səni?
– Eləsəydi, olanlar
olmazdı, gözəl.
– Amma indi deyəcəyim
mütləq narahat edəcək səni. Bu qapı gəldiyin yerə aparmır, açsan tamam başqa
bir otağa düşəcəksən. Orda nələr var, bilmirəm. Heç bu yazıq da bilmirdi.
***
Al, bu da sənə "başqa
nəsə”! Kimə desin dərdini? Kim dinləsin, danlasın, sonra yenə dinləsin...
Bundan sonra nə sual, nə də cavab verməyə kimsəsi yox idi.
Sirr açmaqdan qorxur
adam. Amma qəribə bir ehtirasla da bilməyəni bilən eləmək istəyir həmişə.
Çətini örtüyün bir ucunu qaldırmaqdı, sonra anadangəlmə olacaqsan, az qala
ayaqlarının altında gəzdirdiyin kiri də tanıtmaq istəyəcəksən ona. O da
vücudnaməsini sənə təhvil verəndə, birinci mərhələ bitəcək. Dilinçün susmaq
mərhələsi gələcək. Əsl sirlərin üstü onda açılacaq. Bir az əllərin, bir az
gözlərin, daha çox ürəyin danışacaq... O sənləşəcək, sən o olacaqsan. Elə
tanıyacaq ki səni, elə biləcəksən heç özün o qədərini bilmirsən. Bitəcək bu
mərhələ də. Sonra çətin günlər başlayacaq. II özünü qəbul etməyəcəksən, dözə
bilməyəcəksən onun varlığına. Onda "daimi özün” "yeni özün”dən qorunmaqçün
dürlü yollar təqdim edəcək sənə:
Ya hədə-qorxu gəlib
özünlə öz dilində danışacaqsan: "Desən, mən də deyərəm”.
Ya hər ikinizi qoyub
qaçacaqsan: "Bir kəlmə ağzından qaçırtsan, gecəynən qayıdıb boğaram səni!”
Ya qara səni basınca,
sən qaranı basacaqsan: "Dostlar, indi mən bunun həqiqətlərini ortaya
çıxartmışam deyə, o da ağzına gələni danışacaq haqqımda. İnanmayın bir cüməsinə
də!”
Ən yaxşı halda, səbrli
olub keçəcəksən o biri mərhələyə. Onda başa düşəcəksən ki, dünyada suallar
bitmədikcə, sirlər də bitmir. Əsl sirdaşlar da buna görə maraqlıdı, doğmadı.
Onda başa düşəcəksən ki, "niyə?” soruşmağa kimsən varsa və o özü hər dəfə bir
fərqli cavab kimi qarşında durursa, sən də onun suallarının cavabı ola
bilərsən.
İnsanın bir qanadı sual
verməkdisə, bir qanadı da sualverilən olmaqdı.
– O mənim cavabım idi,
indi heç bir suala cavab tapa bilmirəm. Bitdik burda, gözəl. Tək bacarmayacağam
qapılar açım.
– Dedim axı, bu qapının
arxasında nə olduğunu o da bilmirdi.
Hə, bax indi qızın nə
dediyi ona aydın oldu. "Onda cavab
sənsən, Məlikməmməd. Dur, adam balası kimi tərk elə bu divxananı”, – pıçıldadı
dodaqaltı.
***
Öz-özünə danışa-danışa
itələdi taxta qapını, arxasında qışqıran qadının yenə nələrisə faş etdiyini
duyurdu, amma qulaqlarını bərk-bərk tutub bilmək istəmədi o nə çığırır.
"Dur, adam balası kimi
tərk elə bu divxananı” – deyə-deyə daxil oldu yeni otağa.
Eynən bayaqkı kimi idi
hər şey. Sadəcə div əvvəlkindən sısqaydı, qız da o biri otaqdakı kimi gözəl
deyildi. Bədheybət başını qızın dizi üstə qoyub yatmışdı. Buradakı qız günlərdi
sevişdiyi yarıçılpaq gözəlçədən çox fərqlənirdi – normal geyimdəydi, hər şeylə
maraqlanan baxışları vardı, həm də hiss olunurdu ki, onun gəlişinə sevinir. Fəqət,
heç nəyə, heç kimə diqqət kəsilmədi oğlan.
"Adam balası kimi,
Məlikməmməd...” – təkrar edə-edə birbaş qəfəsə yaxınlaşdı. Xəncərini sıyırıb
quşun başını üzdü.
"...Tərk elə bu
divxananı! Tərk elə..!” – deyə-deyə də növbəti qapını itələdi.
***
Yox atam, halva-halva
deməklə ağız şirin olmur. Hətta bir az da acılaşır. O biri otaq da əvvəlkilərin
əkizi idi. Sadəcə div bir az da balacaydı, elə balacaydı ki, lap adam boyda,
heç dilin də dönmür div deməyə... Qız da Allahın kifiri, hələ bərk-bərk də bürünmüşdü
parça-purçaya. Məlikməmməd tanış
tablonun təhrif olunmuş variantı önündə çaşbaş qalan tacir kimi özünə belə sata
bilmirdi bu "əsər”i.
Qız onu görcək ağlamağa
başladı. Çox ağıllı, çox təmiz baxışları vardı, amma bu saflıq, müdriklik də
gizlədə bilmirdi çirkinliyini. Div boynunu büküb yeni sima görməyin aclığını
çəkən yataq xəstələri sayaq dolmuş gözlərlə süzürdü onu.
Gördüklərinin onu belə
sarsıdacağını zənn eləməzdi, tezcə bitsin istədi hər şey. Ən azında bu dörd
gözdən ikisini bağlamağın yolu bəlliydi ona. İri addımlarla qəfəsə yaxınlaşdı.
Quş ovcunda necə çırpındısa, div də eləcə əsməyə başladı:
– Səni and verirəm o
çayda çiməndə gizlin-gizlin baxıb vurulduğun, şahın ən qorxaq oğlusan deyə
əvvəl sevginə qarşılıq verməyən, sonra tanıdıqca dəli kimi sevən, atanın
tikanlı sözlərinə dözməyib boynunu kəndirə təslim edən çoban qızının ruhuna, əl
saxla!
Məlikməmməd gözləri
həlqəsindən çıxmış halda quşu qucaqladı. Divə, sonra qıza diqqətlə baxdı. Sonra
üzünü divə sarı tutub gözlərini yumdu.
– Sən?
– Mən, dostum, mən.
Mənimkimilərin üç canı olur. Birini sənə qurban verdim, birini özün aldın. Bunu
da qurban verərdim, əgər sən bu cür qorxaq-qəhrəman olmasaydın. İkisi bir araya
sığmır, ay adam.
– Bu nəyin cəzasıdı
çəkirəm mən, İlahi?
– Hər şeyi olduğu kimi
qəbul eləməyin qorxusudu səni məhv eləyən, – deyə zərif bir səs girdi araya. –
Niyə yummusan gözlərini? Əvvəlki gözəlliyi axtarırsan, sevişəndə sığalladığın
bədəni təsəvvür eləyirsən, halbuki onda da gözlərimə baxanda bilirdin, mən
başqa qadınam, toxunduğun kimi deyiləm.
– Mənə üç can verən
Tanrı, ona da üç başqa qiyafədə xoşbəxt olmaq imkanı tanımışdı. Sən dünyanın
sonuncu divini bir canla, özün kimi ölümlü insanların qorxusuyla yaşamağa
məhkum elədin. Onu da ən gözəl görkəmində atdın, ikincidə sevmədin, sonda da
istəmədiyi özünü verdin yenidən.
Hələ də aça bilmirdi:
– Bağışla məni, do...
di.. özünü mənim nəyim hesab edirsənsə, o! Sən də bağışla, gözəl gözlüm.
Div qəfəsin balaca
qapısını bağlayıb onunla üzbəüz oturdu.
– Aç gözlərini.
Məlikməmmədi görmək istəməyən bizik, sən kimə baxmaq istəmirsən?
Kirpiklərini aralayıb
ehtiyatla ona yuxarıdan aşağı baxan bu balaca divi süzdü. Qollarındakı
kəsikləri görüncə özünü saxlaya bilmədi:
– Haqlısan... – dedi
səsi titrəyə-titrəyə.
Qız isə o gözlərini
açan kimi arxasını çevirib oturdu, dəri çarıqlarına cızılmış burum-burum
çevrələri iynələməyə başladı.
– Görürsən vurduğu
naxışı? Sənin dostluğun da eynən o naxışlar kimi gözəldi, amma deşik-deşikdi
ürəyim.
– Bilirəm. Biz danışmaq
mərhələsini çoxdan keçmişik.
– Amma heç vaxt daş ola
bilməyəcəyik.
– Çünki suallarım
bitmir, cavabım mənim. Sənin tilsimində mənimçün də bir göyərçin tapılarmı?
***
– Üçlükdə hamı təkdi.
Birlik ikilikdən doğur. Təksən, çünki biz bu yerəcən tanıdığın adamlardan
deyilik. Səni hamıdan yaxşı tanısaq, duysaq belə, bizi onlardan saymadığınçün
həmişə özünü tək hesab edəcəksən. Mən, məlum məsələdi, niyə – bunu qəbul eləsəm
də, eləməsəm də, bir divəm. Onunku da qadın tənhalığıdı, birinin yanında
qalmaqçün gözəlləşmək istəmişdi, o biri onu həqiqətən çılpaq görsün deyə
gözlərini tanıtdırmışdı, iki erkəyə can yoldaşı olmuşdu, amma yenə də təkdi.
Sən gəlincə bəlli oldu ki, güclü deyilmiş bizim ikilik. İndi siz sınayın. Quşun
qəfəsini bağlamışam, o bir də içəri girməyəcək. Nə eləmək lazım olduğunu
bilirsən.
– O səni sevir, bax
yenə gözəl gözləri doldu.
– Hə, məhz "gözəl
gözləri”. Çünki o danışanda başqa heç nəyi yoxdu baxışını sancasan. Bax,
diqqətlə bax, doya-doya bax, günlərlə yalvardığım, amma mənə "dostumsan” deyib
qıymayan adam, bax bu "gözəllikdən” ötrü cəsarətə gəldi.
– Qəfil oldu hər şey.
Çox hirsliydin, onu öldürmək istəyirdin.
– Elə bilirsən indi
istəmirəm?
– Bəsdirin! –
çirkinxanım uzun saçlarını üzünə töküb gözlərini gizlətdi. – Deyir də
açıq-aydın, ay adam. Bura üçnəfərlik deyil. Hansımızsa getməliyik.
– Onu bu çirkinlikdə
yalnız mən, məni də bu cür yarımçıq divliklə yalnız o qəbul eləmişdi. Az qala
ömrünün yarısını mənimlə yaşayıb. Bilib ki, insanlarla söhbətləşməkdən xoşum
gəlir, görüb ki, məhz buna görə həmdivlərimlə dalaşmışam, adamları yeməkdən
imtina eləmişəm, anlayıb ki, bu quyuda məni yalnız söz diri saxlayır, amma bu
yerəcən kəlmə də kəsməyib divciyəziylə. Heç vaxt bağışlamayacağam onu.
Məlikməmməd udqundu:
– Elə məni də...
***
– Nədi, yenə yatmağımı
gözləyirsən?
– Cavabını bildiyin
sualları verməzdin əvvəllər.
– Yaxşı eləyirsən. Mən
də istəyirəm yuxum tez gəlsin. İkinizdən də zəhləm gedir. Əcdadlarım məni
lənətləməsəydi, o vəhşi ruh məni tərk eləməsəydi, ikinizi də məmnuniyyətlə
parçalayardım. – deyib üzünü divara sarı çevirdi, səkiyə uzatdığı ayaqlarını
qarnına tərəf yığıb əlini yanağının altına qoydu.
– İndi sən yatmaqçün
üzünü çevirdin, yoxsa yanağındakıları görməyim deyə?
– Sən çox pis adamsan,
Məlikməmməd!
– Bilirəm... Çoxdan
bilirəm. Başqa şey anlama, onunla söhbət eləmək istəyirəm. Sən dirilmisən deyə
yenə tez-tez lallığa vurur özünü. Bir də istəyirəm biləsən, onunla söhbət
səninlə elədiklərimizdən heç də maraqlı deyil,
biz sadəcə eyni cinayəti törətmiş adamlar kimi yaxınıq bir-birimizə.
– Başına dəysin
"sadəcə”lərin!
***
– Birinci otağın
qapısından girəndə səni el-aləmin gözündə qəhrəmana çevirən, qəlbən dost
bildiyin birini ziyarətə gəlmiş adamın sevinci vardı üzündə. Kim nə
deyir-desin, sən onu öldürməyə gəlməmişdin. Bağdakı sirdaşınçün darıxmışdın,
vəssalam. Sözlərə ümidliydin, yenə həmişəki kimi açıq danışdın. Hər şeyi də bu
səmimiliyin dəyişdi. Yaxşımı oldu bu dəyişiklik, pismi, özün hamıdan yaxşı
bilirsən. Uzun-uzun, doya-doya söhbətləşdiz. Bir-birinizin sualları, cavabları
oldunuz. Amma bilirdiz ki, bu sual-cavab bitəndən sonra çox pis əzab
çəkəcəksiz.
– Hə...
– Bəzən həddən çox şey
paylaşdığımız insanın ölümünü arzulamaq qədər heç nə təbii görünmür bizə. Özünə
belə bərkdən deməyə qorxduğun həqiqətləri başqasına açandan sonra nə özünü, nə
onu bağışlayır. Əlacımız olsa, hər dəfə danışandan sonra öldürüb, dodaq
tərpəşdirməyə adam tapmayanda bir də dirildib, sonra yenə öldürərik. Sonra
yenə, sonra yenə...
– Düzdü...
– İkinci otağın
qapısından qatil kimi girmişdin. Özünü, sözünü, sirlərini paylaşdığı, "dost” dediyi
kəsə qıyan adam istəsən div yox, lap Tanrısını da öldürər.
– Zibilə qalasan! Bu da
düzdü.
– Üçüncü qapıdan
girəndə peşman idin. Ona görə verilən peşkəşin yaxşı-pisliyinə,
gözəl-çirkinliyinə baxmadan cani-dildən razılaşdın. Özünü çıxış yolu axtarmaqdan
xilas elədin.
– ...
– Belə xilas olmur,
əzizim.
– Yorulmuşam, gözəl
gözlüm. Amma hər şey yenicə başlayıb elə bil. Bu göyərçini əllərim yoruluncaya
qədər gəzdirəcəyəm. Əllərimsə yorulmaq bilmir, onu qucaqladıqca yüngülləşir,
qanad qazanır.
– Of... Səndən heç
birimizə xeyir gəlməyəcək. Deməli, hər kəs başının çarəsini özü tapmalıdı. Mən
saçlarımı kəsə bilərəm. Sonra topa-topa ayırıb hörərəm, hörükləri bir-birinin
ucuna düyünləyərəm, olar ip.
– Neynirsən ipi? Onun
ölümü mənim əlimdədi. Yumruğumu sıxsam, canı çıxar.
– Eh, axmaq... Niyə
eləmirsən bəs?
– Adam nə qədər
adamlıqdan çıxar? Onu çox istəyirəm. Div olanda noolar?
– Elədiyimiz xəyanətin
əvəzində ona yüz can da versək, heç nə yoluna düşməyəcək...
İlk dəfəydi div
yuxusuna yenilməmişdi. Adamlar kimi fikirdən yata bilmirdi. Dinləyirdi onları.
İlk dəfəydi ki, onlar
da divin oyaq olduğunu bilə-bilə söhbət edirdilər.
Sonra adamlar yatdı və
div çıxıb getdi.
***
Ayılınca heç nə
demədilər bir-birlərinə. Elə bil bilirdilər belə olacaq. Bərk-bərk qucaqlaşdılar.
Bəlkə də gedən məhz buna görə getmişdi.
Qərar verdi, bir
əlindəki göyərçinə, bir də başını qaldırıb onun ağıllı, gözəl gözlərinə baxdı.
O da anladı, güldü gözləriylə, kirpiklərini bir-birinə sıxmaqla təsdiqlədi:
razıdı. Məlikməmməd açıq qalmış qapıya yaxınlaşıb ovuclarını araladı. Uçub
getdi göyərçin sülh paylamağa.
Sonra boş qalmış
əllərini gözlərə sarı uzatdı, o da sanki gözləriylə tutdu Məlikməmmədin
əlindən, qayıtdılar gəldikləri yerə.
Tərslikdən günün gecə
vaxtına düşmüşdü, Günəşi görə bilmədi Məlikməmməd.
Elə bil bayaq açmışdı
bu ipi belindən, bütün olanlar gündüz yerini gecəyə təhvil verənə qədər olub
bitmişdi. Ehtiyatla kəndirə toxundu. Yuxarıda səs-küy düşdü. Hazır idilər
aşağıdakını çəkib çıxartmağa. İpi gözlərə tərəf uzatdı.
– Hər şeyə görə çox sağ
ol. Salamat qal. – dedi gözəl gözlü.
– Niyə vidalaşırsan?
Qorxursan kəndiri kəsərlər?
– Kəsəcəklər.
– Sən ki gözəl
deyilsən...
– Səbəb bu deyil. Necə
inanırsan belə cəfəng şeylərə? Onlar ipi fikrən çoxdan kəsiblər. Sən "ay
yandım, çəkin” deməyib bu quyunun dibinə endiyin andan. Padşaha deyiləcək
sözlər çoxdan hazırdı: "Divi öldürərkən qəhrəmancasına həlak oldu”. Ölsən də,
sağ da qalsan, bu sözləri eşidəcək atan.
– Səni də şahid
aparacaqlar?
– Hə...
– Atama deyərsən ki...
Ya da qalsın, ehtiyac yoxdu, özü bilir.
Son dəfə göz-gözə
gəldilər, Məlikməmmədin əlləri boşaldı, qız isə kəndirdən bərk-bərk yapışdı.
Çəkməyə başladılar. Yuxarıdan aşağı iki göz səsləndi:
– Yaxşı yadıma düşdü,
beynim indi açılır e hələ. Birazdan bura iki qoç gələcək. Qara zülmət dünyanın,
ağ da işıqlı dünyanın qoçudu. Hansına istəsən minərsən, onsuz da burdan getməyə
bir yol var, o da qaranlıq dünyaya aparır.
– Bəs onda ağ qoç niyə
gəlir?
Qışqıra-qışqıra dedi:
– Gəlir ki, biləsən,
inanasan işıqlı dünya da var. Gəlir ki, ömrü boyu düşünəsən, bəlkə bir az
fərasətli olsaydım, ağ qoçu ram edib işıqlı dünyaya gedərdim. Amma neynəsən də,
o səni qara qoçun belinə tullayacaq. Ona görə deyirəm, özünü əziyyətə salma,
birdəfəlik qara qoçun... – son sözləri eşidilmədi.
Sonra bir də kəsilən
ipin dibə çırpılmasının səsi gəldi, vəssalam.
***
Bikef deyildi, dibdəki
ən yekə daşın üstündə oturub olanları düşünürdü. Nə vaxtsa çox istəmişdi macəra
dolu günlər yaşasın. Ürəyindəki sızıltılardan başqa hər şey arzuladığı kimi
idi. Bir də gördü iki qoç oynaya-oynaya ona tərəf gəlir. Yaxınlaşdıqca
sakitləşdilər, asta-asta gəlib düz qarşısında durdular. Çox düşünmədi, qalxıb
qara qoçun belinə mindi: "Həmişə işıq gələn tərəfə getməli deyil adam, itlər də
yazıqdı, boş yerə hürməsinlər. Gedək görək qaranlıq dünyada nə var. İncimə ağ
qoç, sənin rəngin indən belə məni aldada bilməz”.
Amma qara qoçun
dəcəlliyi tutdu, tulladı Məlikməmmədi ağ qoçun belinə.
***
Qarşısına çıxan ilk
ağacın altında oturub fikrə daldı. Qız düz deyirmiş dibdən qurtulmağın bir yolu var – qaranlığa pənah gətirmək. Qoçların
rənginin dünyalarımızın ağlığına-qaralığına dəxli yoxdu, təəssüf. Yol səni
çəkirsə, ağ qoçun belində də qaranlıq dünyaya gələ bilərsən.
Söykəndiyi gövdə
silkələnincə fikirdən ayıldı. Əcaib bir əjdaha ağaca dırmaşırdı. Qılıncı
siyirdi:
– Dayan!
Əjdaha sakitcə ağacdan
düşüb Məlikməmmədə yaxınlaşdı. Başını yerə uzadıb alovunu uddu:
– Elə vur ki,
birdəfəlik kəsilsin.
– Bu nədi? Sən
əjdahasan e, əjdaha! Nə hərəkətdi bu?
– Tüpürüm belə
əjdahalığa ki, quş balalarıyla yemlənirəm. Burda yeməyə adam qalmayıb. Yaxşı
insanları yemək olmur, qardaş.
– Bəs o biri əjdahalar
neynir?
– Qalıb ki? Bir mən
qalmışam, bir də deyirlər haradasa bir qəddarı var, heç vaxt rastlaşmamışıq, o
mənim kimi sonalamır, istəyəndə yeyir. Daha doğrusu, adamlar özləri yedirir.
– Heç işıqlı dünyada
olmusan?
– Yox, nədi ki?
– Orda yeməli o qədər
adam var...
– Doğrudan?
– Hə, mən orda
yaşamışam, azıb bura düşmüşəm.
– Aparım səni də evinə.
– İndi yatmaqdan başqa
heç nə istəmirəm.
Əjdaha sürətlə uçub
getdi. Məlikməmməd də ağacın altında yıxılıb yatdı.
***
Zümrüd quşu
Məlikməmmədi balalarının xilaskarı bilib qanadları altına alanda ona elə gəldi
quş səsini yuxuda eşidir. Elə bildi divi gəlib, sevinə-sevinə açdı gözlərini.
Zümrüdü görüncə əvvəlcə üz-gözünü turşutdu, o danışdıqca yavaş-yavaş qırışığı
açıldı. Sən demə, qanadlıların qənimi olan bu əjdahanın əlindən yazıq quş neçə
ildi bala üzünə həsrətmiş.
– Bu yaxşılığın
əvəzində nə istəyirsən?
– Heç nə istəmirəm.
– De, utanma. Nə
istəsən, eləyərəm.
– Vallah, heç nə
istəmirəm. Mənasızdı hər şey.
– Aydındı, onda icazə
ver, hədiyyəni özüm seçim. Səni bir yerə aparacağam.
– Hara?
– Desəm, ləzzəti qaçar.
Amma bizə yol azuqəsi – 40 şaqqa ət, 40 tuluq da su lazımdı. Bunu tapmaq çətin
olacaq.
– Nə məsləhət görürsən?
Mən buraları yaxşı tanımıram.
– Ey Məlikməmməd, qırx
ağaclıqda bir padşahın ölkəsi var. Orda qaranlıq dünyanın sonuncu qəddar
əjdahası yaşayır. İnsanlar sonuncudur deyə, onun ölməsini istəmirlər.
– Qəddar olsa belə?
– Qəribə səslənsə də,
belədi. Burda pis insan yoxdu, Məlikməmməd. Yaxşılar da heç bir canlı növünün,
əjdahaların belə məhv olmağını istəmir. Hər ay bir qızı toy-bayramla aparıb o
əjdahanın ağzına atırlar. Daha doğrusu, gözəl-göyçək qızlar özləri bu ölümü
şərəf bilir. Əvvəllər bu adət nə onlara, nə də biri məmləkətlərin insanlarına
qəribə görsənmirdi. Çünki o boyda ölkə üçün ayda bir qızın məhvi gözəçarpan
itki deyildi. Həm də axı könüllü olurdu hər şey. Amma illər keçdikcə ölkədə
tarazlıq pozulur. Cəsarətli qadın qalmayıb diyarda. Buraların adamı deyilsən,
onları həmin əjdahadan xilas edə bilərsən. Bəlkə, neylədiyini başa düşüb səni
sevdilər, onda 40 şaqqa ət, 40 tuluq da su istə, – bunu deyib zümrüd quşu öz
tükünü də ona verdi, – elə ki dediklərim hazır oldu, tükümü oda tut, o saat
gəlib səni söz verdiyim yerə aparacağam.
***
Kütləyə təslim olmuşdu.
"Nə olar-olar” deyib özünü müdafiə də etməyə çalışmırdı. Düzünü demişdi, hər
zamankı kimi sözlərin əlindən tutub irəliləmişdi bu qədər adama qarşı. Amma daş
qayaya rast gəlmişdi, deyəsən. Burda saatın əqrəbləri tərsinə fırlanırdı, burda
ağ adamlar ağ arzular qursalar da "qaranlıq dünyanın sakini” adıyla damğalanıb
həmişə işıqlı yerlərin həsrətini çəkmişdilər. Beynində öz arşını ilə də olsa,
hər şeyi ölçüb-biçən Məlikməmməd bu dəfə tələsmişdi. Bu dünyanın adamlarına öz
doğrularını başqa dünyanın sözləri ilə demişdi. Boynuna keçirdikləri kəndir bir
zamanların qorxaq Məlikməmmədinin tükünü də tərpətmədi. Amma heç vaxt ağlına
gəlməzdi ki qaranlıq dünyanın ədalətli adamları onu bir əjdahanı öldürmək
istəyir deyə asacaqlar.
Adamların içindən bir
əl uzandı kəndirə sarı. Sonra bütün əllər çəkildi. Təkcə o əl qaldı. Həmin əl
çıxartdı kəndiri onun başından. O əl havaya qalxıb hamını sakitləşdirdi. Sonra
saçları görsəndi Məlikməmmədə. Külək o saçların ətrini burum-burum sundu ona.
Sonra bir az da bərk əsdi, saçlar dalğalandı, onda qızın dodaqlarını, bəyaz
üzünü, təmiz, aydın gözlərini gördü. And içə bilərdi ki, belə dumduru baxışları
heç kimdə görməyib. Hər iki cahan sığardı bu qızın ayna gözlərinə...
***
– Sən onu öldürsən, ən
maraqlı əyləncəmizi, ən gözəl bayramımızı, bu diyarda ən qəribə varlığı məhv
edəcəksən. O burda, o çayın sahilində oturmasa, biz xoşbəxt ola bilmərik.
– Bəs əjdaha? O
xoşbəxtdi belə tək-tənha, bu qədər insanın içində?
– Onu sevən insanların
içində.
– Yaxşı, olsun "onu
sevən”. Məgər bu, kifayətdi? Axı sizin dünyada pislərin bəxti gətirmir. O da
yaxşılıq yolunu seçməyənlərdəndi. İndi özün fikirləş, o xoşbəxtdi?
– Bilmirəm... Biz onun
haqqında rəvayətlərlə böyümüşük. Müəyyən həqiqətlər də olub. Məsələn, o həmişə
əjdahalığı ilə fəxr edib. Amma mənə bir neçə dəfə onu yaxından seyr etmək nəsib
olub. Heç də əfsanələrdəki kimi möhtəşəm varlıq deyil. Nəhəngdi, əzəmətlidi,
amma yenə də o möhtəşəm gücü hiss etməmişəm.
– Çünki təkdi. Təklik
bir yerə qədər zövq verir.
– Nəysə, bildiyim budur
ki, bu əjdaha bizim diyarın taleyinə yazılıb. Uşaqdan-böyüyə hamı bunu əzbər
bilir: o bizim böyüklük rəmzimiz, canlı silahımız, güc mücəssəməmizdi.
Bacardığımız qədər sevindirməyə çalışırıq. Canımız da qurbandı, görürsən ki bu,
sözdə deyil. Ayın tamamında o şərəfli vəzifəni mən yerinə yetirəcəyəm. Ömrümün
ən gözəl bayramı kimi hazırlaşıram o günə. Hər qıza nəsib olmur onu
sevindirsin. Başqa neyləyə bilərik ki?
– Axı o bir əjdaha kimi
xoşbəxt deyilsə, nəyə lazımdı sizin elədikləriniz, bu qədər canın fəda olması?
İcazə verin, mən ona kömək edim.
– Bayaq öldürmək
istəyirdin... Hansı sözünə inanım?
– Hər ikisinə.
– İncimə, Yadoğlan. Bu
məsələdə sənə kömək edə bilməyəcəyəm. Yaxşısı budur, özünə iş tap, burda heç
kim havayı tikə yemir.
***
– Neynirsən?
– Heç, fikirləşirdim.
– Hələ də özünə bir
məşğuliyyət tapmamısan. Belə getsə, acından öləcəksən.
– Neçə illərdi əjdahaya
can peşkəş verən xalq Yadoğlandan bir loxma çörəyi əsirgəməz, məncə.
– Çox maraqlı məntiqin
var. Sizin dünyada hamı belə fərqli, əslindəsə, lazım olmayanı düşünür?
– Lazım olmayanı
düşünmək? Düşünürsənsə, deməli, özünə icazə vermisən də düşünmək istədiyin
barədə düşünməyi.
– Vay dədə, benim
qarışdı. Onda sən nə istəsən düşünürsən?
– Əlbəttə. Bu ki
normaldı.
– Məsələn, indi nə
düşünürsən?
– Hm... deyim?
– Məcbur eləmirəm,
istəmirsənsə, demə.
– Doğrudan?
– Sadəcə maraqlıydı...
– Səni düşünürdüm...
***
– Sənin dünyanda
insanlara düşündüyünə görə məvacib verirlər, deyəsən. Elə hey nəsə
fikirləşirsən.
– Orda fərqli düşünmək
dəbdi.
– Niyə özünüzə əziyyət
verirsiz?
– Elə daha maraqlı
olmazmı? Fərz et, hamı fərqli düşünür və günlərin bir günü sən özün kimi
düşünən birini tapıb sevinirsən. O adam dostun, əzizin, doğman olur.
– Niyə bir nəfər?
Olmazmı hamının düşüncələri yaxın olsun, dostların da, sevdiklərin də çox
olsun?
– Sən hamının olduğun
andan özün deyilsən.
– Amma hamının içindən
keçməsən özünü tapa bilməzsən.
– Sizin dünyada ikinci
mərhələyə heç kim keçməyib. Hamı başqaları olub. Özü olan, özünü tapan, özünə
qayıdan yoxdu. Ya da var, onlar da fərqliliyi niyəsə ayıb bilib dillənmir.
***
– Bugünkü ziyafətə görə
də çox sağ olun, əlahəzrət. Amma madam ki, ikilikdəyik, fikrimi rahat ifadə
edəcəyəm. Övladınıza qarşı çox amansız davranırsız.
Padşahın dərdi
təzələndi. Məğrur görkəmindən əsər-əlamət qalmadı.
– Hansı ata istəyər
qızını əjdahanın ağzına atsınlar?
– Bütün atalar.
– Kimin hüzurunda
dayandığını yaddan çıxartmısan, deyəsən.
– Heç bir ata bilmir
qızını böyüdüb hansı əjdahanın ağzına atacaq.
– Mənim qızımçün bu,
ali seçimdi. Hər qız fədakarlıq yolu seçməyə hazır deyil. Biz də imkan vermirik
hər yoldan ötən əjdaha payı olsun.
– Nə danışırsız? Siz
indi ata sayılırsız? Belə düşünməklə? Gözlərinizi qaçırmayın. Üzümə dik baxın.
– Mən padşaham!
– Noolsun? Mən də
padşah oğluyam.
– Nə gəzirsən burda?
– Qızınızı xilas
eləməyə gəlmişəm.
– Mən padşaham...
– Bunu bildik.
– Başqa cür danışmağa
ixtiyarım yoxdu. Onun qərarını eşitdiyim gündən Allaha yalvarıram, mənə bir yol göstərsin. Deyirdim, lap məndən
uzaq düşsün, dünyanın harasında olur-olsun, təki nəfəsi gedib-gəlsin, yaşasın.
Övladımın ölümünü görmək mənə çətindi.
– Onda imkan verin
mənə, heç olmasa, o əjdahayla danışım. Qızınız yola gəlmir.
***
– Əlindəki nədi?
– Gələcək. Hamıya nəsib
olmur gələcəyini əlində gəzdirsin.
– Başladın yenə əcaib
cümlələr qurmağa.
– Qaşların çatılanda
bir başqa cür gözəl olursan.
– Belə cümlələr də
istəmirəm.
– Sən dedin, mən də
inandım.
– Əlindəki nədi, söz
soruşdum axı.
– Sehrli lələkdi. Mənə
görmədiyim maraqlı yerlər, yeni dünyalar, başqa düşüncədə adamlar vəd edir.
– Gedəcəksən?..
– Hərdən istəyirəm sən
belə baxanda bu lələyi didib tullayım, həmişəlik gözlərindəki əksimə çevrilim.
Amma bacarmaram, bura məni boğur.

***
Yaxınlaşıb çaya
sallanmış yoğun budağın üstündə oturdu. Ayaqlarını suda şappıldadıb onun
dərisinin necəliyini duymaqçun ağaca yaslanmış quyruğunu sığalladı. Əjdahanın
vecinə də olmadı kiminsə yaxınlaşmağı, ona toxunmağı. Nəhayət, Məlikməmməd özü
dilləndi:
– Əjdahalar necə
salamlaşır?
– Bizim dildə salam
yoxdu. Düzü, dilimiz də yavaş-yavaş yaddan çıxır... Qaranlıq dünyanın sonuncu
normal əjdahasıyam mən. Bu qaramat halıma da "normal” demək olarsa...
– Ürəyin doludu,
deyəsən.
– Bura gələnlər heç
vaxt söhbət eləmir, elə hey dua oxuyub ölümünü gözləyir, mən də onları çox
intizarda saxlamıram.
– Mən yeməli deyiləm
ha, sadəcə söhbət eləməyə gəlmişəm. Sözdən başqa heç nəyə, heç kimə gümanım
qalmayıb yenə.
– Görürəm də. Onlar
mənə yeməkçün qızları göndərir, adətən. Vallah, bu ölkənin əhalisi olmasaydı
ölüb-getmişdim. Yoxsa, qoşulacaqdım özünü məhv edən əjdahacıqlara, imtina
edəcəkdim insan ətindən və beləcə nəsli kəsiləcəkdi ağzı alovluların. Mən o
"ağıllı”ların arasında əjdahalığını qoruyub saxlamış son nümayəndəyəm.
– Onda hər iki dünyanın
çiləsini çəkmiş adam kimi, səni də görə bildiyimçün sevinirəm.
– İşıqlı dünyanın
badına getdik, adam. "Orda hamı belədi, elədi... Hər şeyin yaxşısı ordadı. Biz
də elə bir dünya düzəltmək istəyiriksə, dəyişməliyik, ordakılar kimi olmalıyıq.”
Axı o dünyada əjdahalar yoxdu. Onda mən niyə dəyişməliyəm? Nəyə, kimə
bənzəməkçün, necə dəyişməliyəm?
– Sizi aldadıblar, ay
əsl əjdaha. Ya da özünüz özünüzü aldatmısız. İşıqlı dünyanın quru adı var.
Həmin ada aldanmısız. Orda elə varlıqlar var ki, əjdahalar şükürlüdü.
– Mənə məndən
dəhşətlisi lazım deyil, özüm kimisi – əjdaha lazımdı. Yoxdu, qurban olum,
qırıldı getdi hamısı.
– Sən burda
əjdahalığını təkbaşına qorumaq əvəzinə, sağ qalanları yığıb dediklərini onlara
da danışsaydın, inandırsaydın, indi mənimlə söhbət eləməz, uçub alovunu
püskürərdin.
– Ağıllı adama
oxşayırsan. De görüm, mənim axırım necə olacaq?
– Yaxşı olacaq.
İstəyirsən, sənə bir sirr açım. Amma əvəzində mənə bir yaxşılıq edəcəksən.
– Əvvəl şərtini de.
Baxma, bu adamların ətini yemişəm, canıma, qanıma hopublar, ədalətsiz davrana
bilmirəm, istəyini de, görüm hələ edə biləcəyəmmi?
– Buraların adamları
səni dəyərli bilir. Hətta əjdahanı öldürüb onları xilas eləmək istədiyimi
deyəndə az qaldılar məni asalar. Padşahın qızı ürəyiyumşaq çıxdı, dedi min
illərdi işıqlı dünyadan bura adam gəlmir, onu öldürsək, əbədi qaranlığa düçar
olarıq. Axır, bu dəfə də sudan
quru çıxa bildim.
– Nədi, istəyirsən
padşaha deyim, qızını sənə versin?
– Yox, o asan məsələdi.
Qızın könlü məndədi, özüm həll edəcəyəm.
– Müşkülünü de, ağıllı
adam.
– Mənə 40 şaqqa ət, 40
da tuluq su lazımdı. Sizin dünyanızda əziyyət çəkmədən, havayı heç nə əldə
etmək mümkün deyil. Hamı da ehtiyacı olan qədər qazanıb yaşayır. Bu dediklərimi
almaqçün gərək neçə il durmadan işləyəm. Buna nə vaxtım var, nə də həvəsim. Bir
dost maraqlı, mənə məlum olmayan yeniliklər söz verib, ona ümidliyəm. Əhalini
yola gətir, istədiyimi versinlər.
– Bəs söyləyəcəyin sirr
buna dəyəcəkmi, ay hazıranazir, ağıllı adam?
– Sənə desəm ki,
əjdahalar məhv olmayıb, yapmacıq əjdahalıqdan eynən sənin qədər xoşu gəlməyən,
qurd-quş yeməkdən zəifləmiş, solğun, dişi, amma hələ də gözəl qalmış bir
əjdahanı 40 gün əvvəl öz gözlərimlə görmüşəm, inanarsanmı?
– Zarafat eləyirsən?
– İnanmırsan, amma o
səni tanıyırdı.
– "Dı”? – əjdaha
yerində qurdalandı – Neynəmisən ona? – dişlərinin arasında alov dilimləndi.
– Heç nə. Gileyləndi
vəziyyətdən, dedi burdakı adamları yemək olmur, dedim get işıqlı dünyaya.
– Yalan demirsən də,
hə? Ay daa. Mən necə yatmışam burda.
– Qorxma, hələ gec
deyil, odun-alovun yerindədi, özün də yaxşı qalmısan. Get arxasınca. Bəsdi bu
yeknəsəq, mükəmməlliyə can atan adamların arasında məhv elədin özünü. Burdakı
adamların bu dərəcədə normallığı özü anormaldı.
– Çata bilmərəm. –
quyruğu yaş balıq kimi yerə çırpıldı. – Dişilərin qanadları uzun olur. O çoxdan
keçib sərhəddi.
– Nə tənbəl əjdahasan
sən! Deyirəm, qurd-quş yeməkdən çöpə dönmüşdü. Elə cılız idi ki, ilk başdan
mənə də əcaib gəldi. Səni görməsəydim, az qala elə biləcəkdim əjdahalar o cür
olur.
Əjdaha gözlərini geniş
açıb, diqqətlə Məlikməmmədə baxdı. Qanadlarını tərpətdi, quyruğunu oynatdı.
– Sağ ol, ağıllı,
hazıranazir, yaxşı adam. İstədiklərin sabah səndə olacaq. Mən getdim özümü
axtarmağa.
– Dayan! Neynirsən, ay
evi tikilmiş. Mənimlə söhbətin ardınca çıxıb getsən, səbəbi təbii ki, məndən
bilib burdakılar dərimə saman təpər. Birinci məni yola sal, sonra gedərsən.
Qorxma, hər şey yaxşı olacaq.
– Çox sağ ol ağıllı,
hazıranazir, yaxşı, hiyləgər adam. Bir də nə vaxtsa görüşsək, söz verirəm, səni
yeməyəcəyəm.
***
– Bilmirəm nələr
görmüsən, kimlərdən diksinmisən? Amma varmaq istədiyin hər nədirsə, o da
rahatlatmayacaq ruhunu. Bütün yeniləri görəcəksən, bütün qorxuları dadacaqsan,
hər şey bir az mənasızlaşacaq, amma dünyaların ən maraqsız ölkəsində yaşayan bu
qızı, onun gözlərinə, bəbəklərindəki özünə necə baxdığını unuda bilməyəcəksən.
Mən də daha heç kimə könül qızdıra bilmərəm burda. Heç kim sənin kimi
olmayacaq. Onsuz da müqəddəs əjdahamızın imtina elədiyi qıza kim yaxın durar
ki? Bircə təsəllim var, mənə istədiyim şeyləri düşünməyə icazə vermisən.
– Nə düşünürsən indi?
– Gələn görüşümüzü.
– Qayıtmayacağam,
gözəl. Qayıtsam belə, o indiki mən olmayacaq.
– Qəbulumdu, təki
gəl...
***
Adı qaranlıq olan
dünyadan uzaqlaşdıqca yenə içinə qəribə həyəcan doldu. Üzü küləyə, bir zümrüd
qanadında qopdu bu dünyadan da. Səmanın boşluğuna buraxdı xəyallarını. Qızı
özüylə aparmadığına görə it kimi peşman idi.
Hər adama tablayacaq
bir cüt qanad var hardasa. Mütləq var. Nə xoş tapanlara, uçanlara... Amma bir
cüt qanad heç vaxt dözə bilməz iki nəfərin ağırlığına.
Noolsun, yenə də peşman
idi.
***
– Ət də, su da yarı
oldu.
– Biz də sərhədə
çatmışıq demək olar.
– Nəyin sərhədinə?
– Qaranlıq dünya ilə
işıqlı dünyanın.
– Nəəə?
– Təəccüblənmə, o tərəfdən
gəlmək olmur, amma sehrli varlıqlar burdan ora gedə bilir. Mənə elədiyin o
boyda yaxşılığın əvəzindən yalnız bu cür çıxa bilərdim. Sənə işıqlı dünyanı
hədiyyə edirəm. Get, xoşbəxt ol. Daha buralara gələ bilməyəcəksən, amma nə vaxt
istəsən lələyimi yandır, köməyinə yetəcəyəm.
– Dayan. Xahiş edirəm,
dayan. Mənə lazım deyil o işıqlı ...
***
– Heç bir dünya lazım
deyil mənə!
– İndi hara gedirik,
başına dönüm?
– Yerdəki qaraltını
görürsən?
– Hə, gördüm.
– O adam deyil, yoxsa
bu ucalıqdan seçə bilməzdim. Uç, ondan yüz ağac qabaqda qoy məni yerə. İndi
başa düşdüm ki, mən bu yolçuluğa məhz onu yenidən görməkçün çıxmışam.
***
Başını aşağı salıb
sürətlə gedirdi. Yolun ortasında dayanıb onun gəlib çatmağını gözlədi. Div də
təxminən yüz addımlıqdan, gözləyənin Məlikməmməd olduğunu duydu. Addımlarını nə
yavaşıtdı, nə də sürətləndirdi. Necə gəlirdisə, elə də davam elədi. Amma bircə
saniyə də olsun gözlərini qaçırtmadı. Çatıb dayanan kimi Məlikməmməd gizlətdi
baxışlarını.
Yaxından baxmaq daha
çətindi həmişə...
– Necəsən?
– Deyəsən, bilmirəm. O
qapıdan çıxandan bəri dayanmadan yeriyirəm. Hər yeni addımımı "bu sonuncudu,
indi üzəcək quşun başını” qorxusu, həm də arzusu ilə atdım. Nə əcəbsə, əllərin
boşdu, özün də təksən.
– Sənə demişdim axı,
uçdu getdi quş. İnanmırdın. Axır, elədim bunu. Həm də məni and vermişdin ilk
məhəbbətimin ruhuna.
– Əsl bizi tanımağını,
peşman olmağını, utanmağını istəyirdim, buna görə and vermişdim. O hanı?
– Qardaşlarım atama
şahid apardı. Mənim ölmüşümün şahidi.
– Dirilməyə gedirsən?
– Yarı yoldan qayıtdım.
Getsəm, öldürəcəyəm...
– Çox gülməlidi,
almayeyən yad divə gücü çatmayan Məlikməmməd öz doğmalarını öldürəcəkmiş.
– Hə, indən belə
adamları daha rahat öldürə bilərəm.
– Qorxmursan?
– Heç nədən.
– Yaxşı bəs evə
qayıtmırsansa, bu yollarda nə itin azıb?
– Dostumu axtarırdım...
Divin səsi titrədi:
– Sən pis adamsan,
Məlikməmməd!
– Pis adamların dostu
olmur?
– Olmur!
– Onda gəl xoşluqla
ayrılaq...
Qollarını bacardığı
qədər geniş açdı.
– Yox, bunu eləyə
bilmərik. Güzgüdəki əksimlə əl vermək kimi ağırdı indi sənlə qucaqlaşmaq.
Fəlakətdi...
– Olsun da. Fəlakətdən
qorxan var?
– Məni Məlikməmməd
eləyib, özün div olmağa hazırsan?
– Zatən elə deyilmi,
dost? – sonuncu cümləni deyəndə artıq qucaqlaşmışdılar.
***
Heç biri etiraf eləmək istəmirdi, amma ikisi
də qorxurdu qollarını endirib qucaqladığını buraxmaqdan. Axır, cəsarətə gəlib,
əvvəlcə div iki addım geri çəkildi. Qarşısında da div görüncə, bildi ki artıq
özü Məlikməmməd olub.
– İndi kim kimdi?
– Nə fərqi var...
– Bundan sonra neyləyəcəksən?
– Zümrüd quşuna
deyəcəyəm, mənə qaranlıq dünyada bir ölkə var, ordakı padşahın qızını gətirsin.
Yox! Əvvəlcə soruşsun, hələ də əhdinə sadiqdirmi? Axı indi başqa cür olmuşam. –
deyib üz-gözünü əlləriylə yoxladı.
– Rahatsan?
– Hə, əlbəttə. Div
olanda noolar? Bəs sən?
– Belə də. İzah edə
bilmirəm, necəyəm. Nə vaxtsa istəmişəm adam olum. İçimdəki sızıltılardan başqa,
hər şey arzuladığım kimidi.
– Keçəcək. Hər şey
keçəcək... İcazə versən, sənin quyunda yaşayarıq.
– Halal xoşunuz. Amma
göyərçinin qayıtsa, tutub qəfəsə salma. Bir gün yolum düşsə, əmin ol ki rəhm
eləmərəm.
Nəhayət qırışıqları
açıldı, güldülər.
– Bəs sən
neyləyəcəksən?
– Gedim onun yanına. – divin səsi yenə titrədi. – Ümidvaram saçlarını
kəsməyib, onları topa-topa ayırıb hörməyib, hörükləri bir-birinin ucuna
bağlamayıb...
Bilirsən? İki qadın və bir kişi hardasa, qəbulolunan üçlükdü. Yeri
gələndə, həm qadınlar xoşbəxt olur, həm kişi. Amma iki kişi və qadın bir
yerdədisə, bütün hallardan bədbəxt olan qadındı. Neynəsə də, adı xəyanətdi. O
səni seçsəydi xatirələrimizə, məni seçsəydi insanlığa xəyanət edəcəkdi. Yanlış
seçim elədi. İstəyirdi ikinci otaqda, sıradan görkəmiylə, divlə yox, bir adamla
xoşbəxt yaşasın, sənin qapını növbəti dəfə aça biləcəyinə inanmırdı. Gör nə
gözləyirdi... Məni tanıdığı qədər tanıya bilməmişdi səni, ona görə də əvvəlki
görkəminə qayıtdı. İndən belə heç kim sevməyəcək onu.
– Səndən başqa...
– Nigaran qalma, ona da, atangilə də yaxşı baxacağam.
– Məncə, bütün bunlar heç də təsadüfən baş vermədi. Bilmirəm, hansımız
hansımızı aldatdıq.
– Mən səni aldatmadım, Məlikməmməd. Dünyanın sonuncu divi üçüncü canını
da sənə bağışladı. Di salamat qal.
– Yaxşı yol, dostum.
– Məndən istədiyin nəsə var?
– Hə. Bir torba alma yığıb qoyarsan. Yolum
düşəndə gəlib aparacağam.
– İki nəfərsiz,
neynirsən bir torba almanı? Gəl, nə qədər istəyirsən ye, qıza da bir az apar.
– Uşaqlara
paylayacağam. O uşaqlara ki, bu nağılı dinləyəndə ömürlərində heç olmasa bir
dəfə "kaş öldürməyəydi divi, kaş üzməyəydi o quşun başını, buraxaydı onu”
deyiblər.
edebiyyatqazeti.az