Biz imzaları yox, əsərləri dərc edirik...

Deyilənlərə inanma – Lao Manın hekayəsi
649
19 İyul 2018, 07:02
 Artkaspi.az Lao Manın "Qızıl səs" hekayəsini təqdim edir:

 Pekinə ezamiyyətim vaxtı axşamlar boş olanda mən köhnə universitetimə gedib köhnə dostum Yekəbaş Jiaonu görməyə getdim.
 Başının ölçüsü böyük olduğundan ona belə ləqəb vermişdilər.
 

 
 Universitet illərində yataqxanada qalanda Yekəbaşın çarpayısı mənim çarpayımın üstündə idi. O, qrupumuzda ən fərasətli uşaq idi. Diskussiya aparanda o birinci başlayar,  heç kimə imkan verməzdi ki, ağzını açıb bircə kəlmə desin. O dayanmadan üç, ya dörd saat danışa bilirdi. Hətta bu müddətdə  bircə damcı su da almazdı ağzına –  o əsl "Qızıl səs” sahibi idi. 
 Universiteti bitirəndən sonra o orada qalıb işləməyə başladı. Deyirdilər ki, o çox yaxşı dərs deyir, hətta elə məşhur olub ki, onu mühazirə söyləmək üçün başqa ölkələrin universitetlərinə də dəvət edirlər. 
 O elmi dərəcələri hamıdan əvvəl almışdı və tanınmış professor olmuşdu. Onun adı hər dərsdə xatırlanırdı. Hamı belə düşünürdü ki, o anadangəlmə əla müəllimdir, potensialı reallaşdıra bilib.
 Yekəbaşın arvadı da bizimlə eyni qrupda oxuyurdu. Əgər kəlləsinin ölçüsünə görə ona da ləqəb vermək lazım olsaydı ona "Balacabaş” demək olardı. Hər halda, heç kim onu belə çağırmazdı.
 İyirmi ildən çox idi ki, bir-birimizi görmürdük, axır ki,  bu fürsət ələ düşdü. Mən onun universitet illərində, istənilən  mövzuda, ya antik ya müasir dövrlə bağlı etdiyi çıxışlar üçün darıxdım. Mən  onun çıxışlarına yenə də eşitmək istədim.
 Onun  evinin  qapısını döydüm, qapını Yekəbaşın özü açdı. 
 – Buyurun, – o məni qonaq otağına apardı. 
 İndi Yekəbaş əvvəlkindən çox yaşlı görünürdü. İndi keçəl başı parıldayırdı. Onun cavanlıqdakı tünd qara, qalın saçlarının hara yoxa çıxması məni maraqlandırdı. 
 – Arvadın evdədir? – sual verdim, onun arvadını da görməyə ümid edirdim
 – Yox, – o cavab verdi.
 – Necəsən? Universiteti bitirəndən bəri həyatdan necə həzz almısan? – soruşdum.
 – Pis olmayıb, – Yekəbaş üzünün cizgiləri kimi ciddi halda dedi.
 – Belə deyirlər ki, indi çox məşhursan, hətta mühazirə demək üçün xarici ölkələrə uçursan. Bu qədər mühazirə demək lap adamı dəli edər. Sənin həyatında hər şey normaldır? – mən onu cırnatmaq istədim.
 – Deyilənlərə çox da inanma, – Yekəbaş dedi, məncə, o heç vaxt belə təvazökar olmayıb. 
 – Deyirlər ki, sən mühazirələrdən kalan pul qazanırsan, məşhur kino ulduzları kimi daha çox pul tələb edirsən, belədir? – sual verib ümid etdim ki, o bu mövzuda söhbətə başlayacaq.
 – Hamı səni aldadır, – o dedi və indi sifətindəki ifadədən heç nə anlamaq olmurdu.
 – Köhnə tələbə yoldaşlarımızla tez-tez əlaqə saxlayırsan? – mən  mövzunu dəyişməyə cəhd etdim.
 – Tez-tez yox, – bu üç söz çıxdı ağzından.
 Onun mənə verdiyi  qaynanmış sudan bir stəkan içdim, onun qonaq otağına nəzər saldım. Otağın dekorunu təriflədim.
 Yekəbaş eləcə gülümsəməkdə davam edir, hərdən də "hmm... hmm...” kimi sözlər "istehsal edirdi”.
 – Sən necəsən? – axır ki, o ortaya bir normal cümlə qoydu.
 Mən  universiteti qurtardıqdan sonrakı həyatım, işim, evim, ailəm barədə danışdım. Ancaq sanki onu heç nə maraqlandırmırdı. Elə bil fikri başqa yerdəydi.
 Bundan sonra mən müxtəlif mövzulardan, iqtisadiyyat, daxili və xarici siyasət, hərbi, mədəniyyət, diplomatiya  və başqa mövzulardan söz açdım. Mən hər mövzuda öz fikrimi deyib gözlərimi ona zillədim. Yadımda o bütün bu mövzuların eksperti kimi qalmışdı. Universitet illərimizdə heç kim onu aldada bilməzdi, heç kim bu mövzularda onu üstələməzdi. Heç kim onunla  müzakirə etməyə girişməzdi. Çünki  müzakirələrdə həmişə əsas  sözü o deyirdi.
 Yekəbaş mənə diqqətlə  qulaq asırdı, ancaq bircə dəfə də olsa söhbətə girişmək istəmədi. 
 Yalnız hərdən bir "hmm, hmm. ah, ah” kimi səslər çıxarırdı.
 Mən çox məyus olmuşdum, gərək bu qədər yolu qət edib onu görməyə getməzdim. 
 – Sən niyə danışmırsan? Mən bayaqdan danışıram, sənin də bir fikrini bilmək istəyirəm, sənin kimi tanınmış bir professorun fikri mənimçün çox maraqlıdır, – narahat halda dedim.
 – Danışa bilmirəm, səsimə  nəsə  olub,  – boğazına işarə edib dedi.
 – Üzr istəyirəm, bəs həkimə getməmisən? Həkimlər nə deyir? – mən artıq ona görə narahat olmağa başlamışdım.
 – Heç bir ciddi şey yoxdur, – sanki o məni sakitləşdirmək istəyirdi.
 Mən bir-birinin ardınca ona bir neçə tibbi müalicə üsulu sadaladım.
 – Heç birinə ehtiyac yoxdur, – o əlini yellədi.
 Bir neçə dəqiqə də onun yanında narahat halda oturandan sonra otelə gəldim. Onun qeyri-adı rəftarı haqda fikirləşdim. "Bəlkə onda xərçəng xəstəliyi var?” Öz-özümə sual verdim. 
 Yaddaşımda o çox danışan, "Qızıl səs” sahibi kimi qalmışdı.  O danışanda hətta polis də onu dayandıra bilməzdi, görəsən indi onu nə belə qaradinməz edib?
 Həmin gecə oteldə rahat yata bilmədim, yalnız Yekəbaş haqda fikirləşdim. O biri gün mən onun arvadının mobil nömrəsinə zəng etdim. 
 Mən əriylə bağlı narahatlığımı ona da bildirdim, onu sakitləşdirmək istədim.
 Arvadı sözlərimi eşidəndə şaqqanaq çəkib güldü. 
 

 
 Arvadının  dediyinə görə əri mühazirələrdən küllü miqdarda pul qazanır, ona görə də o dediyi hər sözü müqabilində pul almağa öyrəşib. Qabaqcadan ona pul verməsə o hətta öz arvadıyla da kəlmə kəsmir.
 Telefonla danışarkən o daha da həyəcanlanır, ərinin pula olan marağından bəzi misallar da çəkdi. Bir dəfə  əri onunla (bir aylı gecədə) söhbət edib, sonra isə ondan pul tələb edib. Onda arvadı onun üzünə elə şillə çəkib ki, bundan sonra o bir daha mühazirə deyə bilməyəcəyini anlayıb. Keçən il mətbəxləri yananda o qışqırmadan qaçıb. Əgər qonşular yanğını vaxtında görməsəydilər, "yanğın” deyib qışqırmasaydılar, onda (qadın  yuxuda olub) o  çoxdan yanıb kül olardı.
 – Hə, mən o Yekəbaşdan ayrılmışam, bu sözləri deyərkən qadının səsində yüngüllük hiss etdim.
 Mən sakitcə yerimdə durdum, telefon da əlimdə. " hmm... hmmm... ah... ah” kimi səslər çıxardıb mızıldandım.
 Qadının sözlərinə başqa cavab tapa bilmədim: 
 
 İngilis dilindən tərcümə etdi:  Sevil Gültən