Biz imzaları yox, əsərləri dərc edirik...

Devid Herbert Lourensin üç adası – Mətləb Ağa yazır
1128
20 May 2019, 11:03
 Artkaspi.az saytı Mətləb Ağanın "Devid Herbert Lourensin üç adası və ya adaya necə çevrilmək mümkündür…" adlı yazısını təqdim edir:

 1885-ci ildə İngiltərədə doğulub, 44 yaşında Fransada ölən, "Oğullar və sevgililər”, "Göyqurşağı”, "Aşiq qadınlar”, "Con Tomas və Ledi Ceyn” və s. kimi məşhur əsərlərin yaradıcısı, İngilis ədəbiyyatının   XX əsrin əvvəllərindəki əsas  adlarından (şair, yazıçı və dramaturqdu)  sayılan Devid Herbert Lourensin  "Adaları sevən adam” povesti, müasir  sivilizasiyadan bezib, dinclik və ürək rahatlığı  gəzən, axtardığını təklikdə, tənhalıqda  tapacağına ümid bəsləyən birinin yorğun həyat hekayətidir. 
 Lourensin qəhrəmanı özü də adada doğulmuşdu, lakin doğma  vətəninin qarışıqlığı ucbatından, o, bu torpaqları heç bəyənmirdi. Arzulayırdı ki, gələcəkdə, yalnız özünə məxsus bir adada yaşasın, əlbəttə ki, orada digərlərinin də mövcudluğu  mümkündü, bir şərtlə ki, bu  ada hər mənada onunku olmalıydı. Perspektivdəki adasının sahəsinin balacalığı əsasdı, bu, həm o ərazini öz yurdu kimi sevməkdən ötrü  vacibdi, həm də,  ada xırda olmalıdır ki, insanın  varlığı ora sığışsın.
 
 
 

 İllər ötdü, adalımız axır ki, 35 yaşında arzusuna çatdı. Doğrudur, ada üzərində mülkiyyət hüququ yoxdu, 99 illiyə icarələmişdi, lakin mövzumuz insan ömrü olduğundan,  deməli, burada ölənəcən yaşaya biləcəkdi. Əlbəttə ki, kimsə, Həzrət İbrahim kimi, öz nəslinin dəniz sahilindəki qumlartək artması xəyalındadırsa, heç də bir adada gün geçirmək fikrinə düşməz. Çünki çox keçməz ki,  məskunların sayından ada gecəqonduya dönər.
Qəhrəmanımız bir müddətdən sonra, qəflətən hiss elədi ki,  nə zamansa, bu adada yaşayıb ölmüş insanların  (hətta Qalliyalıların belə) ruhları canlanıb onu qorxutmaqdadır. (Bəlkə də, bu bəhanəydi).
 Adalımız, sözsüz ki, belə sərsəm  duyğulara qapılmamaqdan ötrü,  öz torpaqlarında Xoşbəxtlik Adası yaratmağa hədəfləndi, axı nədən Hesperidlərin (Hesperidlər-yunan mifologiyasında – "Axşam qızları”, "Qərb nimfaları” idilər, başqa ifadəylə, bu, "Günəşin qızılı şəfəqləri” anlamındadır) sonuncu bağçasına dönməsin buralar?!
 Cənnəti təzədən qurmağa can atırsansa,  durmadan pul xərcləməlisən.
 O da adi qaydada başladı işə,  öncə adadakı fermasına bir eşikağası, iki nəfər də muzdlu işçi dəvət elədi. Digər bir daxmadasa, hədsiz  bacarıqlı, çalışqan ahıl bir dülgərlə  qarısı yerləşdi.
 Hər kəsin arıtək  vurnuxduğu, vətəndaşların özünü asayişdə saydığı  sülhsevər bir krallıqdı adamız nəhayətdə. Amma bilirik ki, hər necə olsa da, qəhrəmanımızındı bu aləm, sizin-bizim deyil. "Sahib”di O. Hamı anlayırdı ki,  nə cür gözəl bir ölkədə yaşayır, nə cür  xoşbəxtdir.
 "Sahib”ə məxsusi  hörmət qoyulur,  o, ali, eyni zamanda  sadə varlıqtək  xoş sifətlə qarşılanır, onunla mehribanlıq, hətta yaltaqlıqla davranırdılar. Ancaq yanlarından  çıxıb getdiyində,  nədənsə arxasınca hiyləgərlik və lağla gülümsəyirdilər. "Sahib”ə bircə yaşlı dülgər qaba münasibət göstərdiyindən, o da qocaya qətiyyən üz vermirdi.
 Bircə şey dəqiqdi ki, adasında onu ürəkdən  sevən heç kəs yoxdu, elə özünün  də kiməsə  ürəkdən bağlılığı inandırıcı deyildi. 
 "Sahib”in özünəməxsus məşğuliyyətləri vardı. Saatlarla kitabxanadan çıxmır, Yunan və Latın müəlliflərinin əsərlərində adı keçən çiçəklərə dair nəsə yazırdı.
 İki il ötdü. Bir gün adalımız oturub bu cırtdan dövlətin gəlir-çıxarını hesabladığında,  var- yoxunun havaya sovrulduğunu gördü. Adaya külli miqdarda sərmayə qoymuşdusa da, müflisləşməsinin səbəbini heç cür anlaya bilmirdi.
 
 
 

 Sakinlər də razı görünmürdü. Uşaqlılar "uşaqlarımız əziyyət çəkir”, uşaqsızlarsa, "özümüz əziyyət çəkirik” deyirdilər açıq-aşkar. Hamı bir-birinə nifrət edirdi.
 "Sahib” də öz adasından ürkür, çox yaxşı dərk edirdi ki, bu adamların ondan zəhləsi gedir və ümumiyyətlə, onu heç vaxt  sevməyiblər, ona  ürəkdən nifrət bəsləyir, onu aşırmağa fürsət gəzirlər. 
 İkinci il yekunlaşdığında, adadan köç başladı.İlk növbədə, xidmətçi qadın aradan çıxdı, hansı ki, "Sahib”in zəngin olduğu vaxtlarda, ona sanki göydən zənbillə düşmüş biri kimi yaltaqlanırdı. Ardından,  bənnamız da günlərini  yelə vermək istəmədiyini deyərək, ailəsiylə köçüb getdi. Muzdlu işçilər və qeyriləri də qaçdılar. Üçüncü il gəldi, bu il işçilərin ixtisarı, ödənişlərin azaldılması, səltənətin süqutuyla  yadda qaldı.
 Qəhrəmanımız adanı başından rədd etmək üçün  dördüncü  ilin  ikinci yarısını materikdə çarpışdı. Və bunun necə müşkül olduğunu görüncə, çaşqınlığa qapıldı. Axır ki beşinci ilin ortasında, adanı bir otel şəbəkəsinə dəyər-dəyməzinə satmağı bacardı.
 Materikə dönmək istəmədiyindən, o, daha xırda bir adaya köçdü. Bugünədək, uzaq dolandığı, yaşlı dülgər və qarısını da özüylə apardı, dul adamla qızı da onunlaydı. 
 Hər necə olsa da, yenə də dənizdə bir qaya çıxıntısına qovuşmuşdu. Şükür ki indi gəlib-keçmiş insan nəslinin ruhları onu incitmirdi, dənizin özü və səsiydi bircə görüb-duyduğu.
Burada "Sahib” deyildi o, Adalıydı...
 
 

 Dul adamla, onun otuz üç yaşındakı fağır və gözəl  qızı da Adalımıza qulluqdan məmnundular, yəqin ki, sayəsində qovuşduqları həyat vəsiləydi bu minnətdarlığa. Ona  "Sahib” yox, hörmət dolu səslə, adıyla xitab  edirdilər. İndiki adası da "dünya” deyil, sığınacaqdı. Adalımız  indi xoşbəxtlik uğrunda mübarizə aparmır, buna ehtiyac belə duymurdu. O və ona sadiq insanlar, yorulub bir qaya parçasına qonmuş kiçik dəniz quşu qatarıydı sanki. Qəhrəmanımız dulun qızıyla sevgiliydi, lakin bu eşq onun qıza  bəslədiyi rəhmdən doğmuşdu. Əslindəsə, qızın onun üzərindəki təsir gücünün hədsizliyini boynuna almaq istəmirdi. Qızdan zəhləsi getsə də,  nifrətdən doğan hikkə onu qızın ağuşuna  atdı, o, özünü bugünəcən dadmadığı  coşqun hisslərin ixtiyarına verdi. Qızğın  eşqbazlıqdan yeni adadakı hər kəs məlumatlı olsa da, bu, vecinə də deyildi. Sonrasa qəlbində zərrəcə istək belə qalmadı,  içi darmadağındı. Özünü  günahkar sayırdı. Adası çirklənmiş və məhvərindən qopmuşdu. Əvvəllər Zamanda arzulardan təmizlənmiş hansısa bir qata çatdığına inanırdı, indisə əski, "Sahib” dövründəki durumuna  düşmüşdü. Qızın aramsız sızlamalarına baxmayaraq, evdən uzaqlaşdı, nəfəs ala biləcəyi bir yer soraqlaşıb materikdə dolaşdı. 
 Səyahəti əsnasında Floradan (qızın adı Floraydı) məktub aldı; Flora "Qorxuram, uşağımız olacaq” yazırdı. Oxuduğunda, sanki güllə yarası alsa da, dişini, dişinə sıxıb qızın məktubunu; "Bundan qorxmalı yox,  sevinməliyik” deyə cavablandırdı. Bu zamanlarda eşitdi ki,  bir neçə ada satışa çıxarılıb, xəritələri incələyib, cüzi məbləğə növbəti  bir ada satın aldı. Alverini bitirib, Floranın yanına gəldi, qız günah dolu qorxuyla baxdı ona, bu nəzərlərdən adalı təzədən yumşaldı, gələcək uşaqlarını bəhanə gətirib, materikdə Florayla  evləndi. Yenə də  zindandaydı ancaq elə bil. Doğuşacan dözəcəkdi, qaçmaq fikrindəysə qərarlıydı. Flora duyuq düşməmişdi.
Nəhayət, bir qızı anadan oldu, uşağa baxanda sonsuz acılar doldu qəlbinə.Boynundan asılmış daşdan qurtulması gərəkdi. Adalımız, sanballı bir məbləğin yazıldığı çeki Floraya uzatdı. Bu, deyəsən, qadını sakitləşdirdi. Ayrılarkən, Flora onu kədərli gözlərlə yola salsa da, heç ağlamadı.
Keçmiş ər, indi də üçüncü adasını sahmana salmaqdan ötrü şimala üz tutdu. Yeni adada yoldaşları, bir sürü qoyun və ayaqlarına dolaşan bir pişikdi. O, hər gün bu pişiyi yanında görüb əsəbiləşir, pişik də bunu başa düşüb vəhşiləşirdi.
 Daha zəhlətökənsə, qoyunların boğuq-boğuq mələşmələriydi. Bu dilsiz-ağızsız heyvanlar gözünə girirdi, elə adalımız özü də yavaş-yavaş qəribə bir heyvana çevrilməyinin fərqindəydi.  Mübahisəsizdi ki, insanlarla qarşılaşmaq fikri qədər heç nədən üşənmirdi. Yeganə dincliyini təklikdə, tam mənasıyla yalqızlıqda tapırdı. Ətrafındakı boşluğu burulğan kimi içinə çəkən yalnızlıqdan. Bu rahatlığın   mənbəyisə dəniz və duzlu  suların yuduğu adasıydı. Ayrı heç bir əlaqəsi, təması yoxdu. Yalnız hüdudsuz göy, uzaq  üfüqlərdə dənizlə birləşib qovuşan  səma! Ruhunun qidasıydı bu!
 Təkcə dənizin harayına və bir də qağayıların sanki qeybdən duyulan qışqırıqlarına qulaq kəsilmişdi. Dənizdə fırtınaların çoşub, dalğaların at kimi şahə qalxıb kişnəməsindən xoş nə ola bilərdi ki?! Zamanın axışını  izləməyə həvəsi qalmamışdı, buna  vaxt sərfi belə ağılsızlıqdı. 
 ...Zaman durmuşdu...
 Fasiləsiz qar yağırdı və Adalımz, Təbiətin bir parçasına dönüşməkdəydi...