Biz imzaları yox, əsərləri dərc edirik...

Dərdsizliyə yaddır sənət – Asif Ata yazır
232
15 Avqust 2018, 09:29
 Artkaspi.az Asif Atanın "Dərdsizlik dərdi" adlı məqaləsini təqdim edir:

 Dərdsizlik dərdindən qurtarmağa çalışdı şeir, həyata can atdı, dərdə düşdü – həyatiləşdi, – ehkama zidd.
 

 
 "İnsanlıq gah zəhər, gah şərbət içər,
 Duyumlu bir sirri var asimanın”.
 "İnsanın ən böyük eşqi-əməli
 Bəzən aslan kimi çırpınır darda,
 Bəzən də qərq olur fırtınalarda”.
 "Dünya binasını qurandan bəri,
 Səadət adlanan o gözəl pəri
 "Gəl” deyə səsləmiş qərinələri”.
 "Yazıqlar olsun ki, hələ insanlıq
 Gəlib qovuşmayıb ona bir anlıq”.
 
 Həyata yaraşdırmırdı dərdi ehkam, mücərrəd gəlirdi; köhnə gəlirdi əzəli dərd ehkama; sığmırdı nikbinliyinə. Qəm ehkam sevincinə yad olurdu.
 "Qalib gələcəkmi cahanda kamal?!” – deyə soruşurdu şair və ehkam qeyzlənirdi: məgər kamal cənnətə dönən həyatda qalib gəlməyib?
 Antihəyatdan başqa həyat tanımır ehkam.
 Həyatla antihəyat, ehkamla həqiqət şairin daxili aləmində döyüşürdülər, "matəm şairi olmaq istəməyən”, "gələcəkdə göz yaşının itməsinə inanmalı olan sənətkar fəlakətli qəbahəti qələmə alanda onun bir tüfeyli kimi cərgədən çıxmasını” bildirməli olurdu. Əslində isə "tüfeyli kimi cərgədən çıxanlar” həyata pərçimləniblər, onları həyatdan qoparmaq mümkün deyil, – ehkam yasağında sıradan çıxarılanlar həyatda sıradan çıxarılanlar idilər.
 Ehkam dərdə sədd çəkmişdi, hədd qoymuşdu, ancaq istedad dərdə çatırdı, yalançı nikbinlik xurafatından ayrılırdı, şeir həyatiləşirdi dərddə.
 
 "Mənə dərman, dərman verin, qəlbim yanmasın!
 Günəş təbim şölə çəkib alovlanmasın.
 Üzüqoyulu torpaqlarda sürünüm ki, mən
 Tərlan könlüm ağ buluda havalanmasın!” 
 
 Fəryad eşidilir şeirdə – həyat yaşayır fəryadda, dərd daşıyır təb-ehkama qarşı.
 
 "Andı yalan, eşqi yalan,
 Dostluğu da rüşvət olan,
 Ürək yıxan bir iblis də
 Üzəvari deyir hərdən,
 Şair, nə tez qocaldın sən!” (Şeirlər S.Vurğunundur)
 
 İblislərlə bir yerdə, bir vaxtda, bir cərgədə yaşamaq dərddir – köklü, dərin, ehkama yad!..
 "Elin tərəfindən, xalqın adından simsiz taxtaları çalanlarla” bir yerdə, bir vaxtda, bir cərgədə yaşamaq dərddir – köklü, dərin – ehkama zidd!
 "Çətin işdə, bərk ayaqda tez sınıxanlarla” bir vaxtda, bir yerdə, bir cərgədə yaşamaq dərddir – köklü, dərin – ehkama zidd!
 "Fikri dar, qəlbi dar, acgözlərlə” bir vaxtda, bir yerdə, bir cərgədə yaşamaq dərddir – köklü, dərin, – ehkama zidd!
 "Odun-suyun arasından üzə çıxanlarla” bir vaxtda, bir yerdə, bir cərgədə yaşamaq dərddir – köklü, dərin – ehkama zidd!
 Dərdsiz həyat yoxdur, həyatsız şeir; dərdsizliyə yaddır sənət, ehkama yağı.
 
 "Dünya yuxusuzdur,
 ağlaya bilmirəm.
 Ömür ömür pusur,
 ağlaya bilmirəm”. (R.Rza)
 
 Dünyanın acısı var – ağlaya bilməməkdir, acı dadır dünyanın dərdi ömürdə, ağlaya bilməmək dərdi var həyatda, ağlaya bilməmək halı var dərdlilərin.
 
 "İki gözdə bu qədər
 qəm, kədər
 necə, necə sığışıb.
 Bir dözümsüz həyatı,
 Bir dözümlü ürəyi”. (R.Rza)
 
 Dünya boyda kədər yığışıb gözlərə, həyat boyda kədər – balaca gözlərdə böyük dərd məskən salıb, ona görə də gözlər böyükdür – gözlərin mənası gözlərə sığmır.
 
 Fərəhlə məşhur olduğu kimi kədərdə də məşhurdur dünya.
 Kədər daşıyandı dünya, ona görə möhtəşəmdir.
 "Dəniz dedi ki, sahillər sıxır məni,
 Darıxıram qayaların əbədi çəmbərində
 Dağların rəqsinə baxma,
 Üstümə pul-pul tökülən şəfəqlərə,
 Sinəmdə itib-gedən üfüqlərə baxma.
 Dərdim çoxdur dərində,
 Darıxıram sahilin çəmbərində”. (R.Rza)
 
 Dünya böyük olsa da, geniş olsa da, möhtəşəm olsa da, insandan kiçikdir əslində; – insan dünyaya sığmır, dünya insanı sıxır – insaniliyin sahili yoxdur, dünyanın sahili var, sahilsiz mahiyyət, məna sahilli dünyaya uyuşmur; dərdlə doğulur insan, dərdlə qoşalaşır, – insaniliyin ümdə cəhətidir dərd. Bu səbəbdən də: 
 
 "Ağlamaq ilk dilidir,
 Bəlkə, bəşəriyyətin.
 Ağlamaqdan başlayıb
 Əlifbası sənətin,
 Fəlsəfənin, hikmətin”. (B.Vahabzadə)
 

 
 Ağlamaq – ağlanmaq, işıqlanmaq, ağıllanmaq deməkdir. Şərq ruhaniyyatında ağlamaq – dərdə qalanmaq, yanmaq, ocaqlanmaq sayılıb, göz yaşından hikmət süzülüb. Müdriklərimizdə atəş söndürən olmayıb göz yaşı, – atəş alovlandıran olub. Bu hikmətə qayıtmaq gərək, bunsuz şeir keçinə bilməz, bunsuz şeir şeir ola bilməz. Bu səbəbdən də: 
 
 "Gəlin, həyatı
 Ağrılardan öyrənək,
 əzablardan öyrənək”. (B.Vahabzadə)
 
 Ağrı dərsi, əzab dərsi – əzəli dərsdir, əbədi dərsdir, ağrıda – dərs ağlandırır, ağıllandırır, ağrıdan doğulur, ağrıyla doğulur həqiqət, ağrı ayıldır insanı, ağrı kimi gəlir ömrə ümid, ağrı kimi yetişir nicat, ağırlaşır ömrü müdriklərin, yüngülləşir ömrü naşıların, ağrı karvanıdır ömür. Bu səbəbdən də:
 
 "Sevincin mənasını öyrətsin qəmlər bizə” (B.Vahabzadə)
 
 Bu səbəbdən də: 
 "Mənə fikir çəkmə deyən,
 Dünya fikir dünyasıdır”. (H.Arif)
 
 Dünya fikir dünyasıdır, çünki dərdlə həmahəngdir, çünki dərd – həyatın üzvi hissəsidir, çünki dərd – fikir anasıdır, dərddən qaçan – həyatdan qaçır; dərdi yaşadır dünya, sevinclə bərabər, dərd əhlidir dünyanı qanan, dərd qalanır ömürdə; çünki "Bulud-bulud göz yaşını göy harasa sıxmalıdır”. (H.Arif)
 
 Bu səbəbdən də: 
 "Qəm sevincə, sevinc qəmə hamilədir”.
 Bu hikmətdir,
 demə nədir?” (N.Həsənzadə)
 
 Qəm sevincə hamilədir, çünki sevincin qəm yoxuşu var, – çıxmalı. Sevinc qəmə hamilədir, çünki sevincin qəm enişi var, – enməli. Bu səbəbdən də: 
 
 "Sən kədərə hazır ol,
 Sevinc gözlədiyin vaxt!” (N.Həsənzadə)
 
 Çünki kədər sevinclə hazırlanır, çünki kədərin göyü əslində sevincdir; çünki sevinc kədər yoxuşunda yaranır, kədər yoxuşunun zirvəsində parlayır; həyat insana sevinc göyü və kədər yoxuşu verir, insan sevinc göyündən və kədər yoxuşundan baxır ömrünə.
 Bu səbəbdən də dərd ağacı yetişir daxilində insanın, dərd ağacı boylanır dünyaya insandan.
 

 
 "İçimdəki dərd ağacı,
 Kökü taleyin qatında,
 Başı arzu qanadında,
 İliyimdən sümüyümə,
 Dırnağımdan saçımacan,
 Ürəyimdən ovcumacan,
 Zərrə-zərrə, qətrə-qətrə
 Məni tamam zəbt eləyən
 Gülüşümə kölgə salan,
 Sevincimdən nəftdiləyən
 Yarpaqları yad şilləsi.
 Budaqları od qırmacı,
 İçimdəki dərd ağacı”. (S.Rüstəmxanlı)
 
 Dərd ağacı yetişir insanların içində - göynədən, ağladan; dərd ağacı yetirir həyat, dərd ağacından baxır insan sabaha, dərd ağacından görünür ümid, dərd ağacından düşən ləyaqətdən düşür, dərd ağacı ucalır sevincə.
 ...Dərd insanın içindədir, ancaq ehkam yollarında sənətkar özündən uzaqlaşırdı, özünə oxşamırdı.