Biz imzaları yox, əsərləri dərc edirik...

Dərdimizin qan rəngi
441
26 Fevral 2020, 09:46
  Artkaspi.az saytı Vaqif Yusiflinin "Dərdimizin qan rəngi" yazısını təqdim edir:

  Fransız yazarı Giyom Apollinerin bir fikrini xatırlatmaq istəyirəm. O yazırdı: «Yaddan çıxarmayaq ki, hər hansı bir millətdən ötrü ruhən işğal olunmaq silah gücünə işğal olunmaqdan daha təhlükəli ola bilər». Xocalı faciəsindən söz açan bu əsərlər də çağırışdır, haraydır. Poeziyanın harayı və çağırışıdır. Torpaqlarımızın iyirmi faizi işğal altındadır, lakin biz ruhən işğal olunmamışıq. Poeziya da ruhumuzu işğaldan qoruyan, bizi intiqama səsləyən, qələbə günün uzaqda olmadığını xəbər verən atəş səsidir...

  Xalq şairi Zəlimxan Yaqubun «O qızın göz yaşları» poemasının əsasında belə bir əhvalat durur: «Xocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar yas mərasimi-şəhidləri anma günü keçirilirdi. Hər çıxışda bir üsyan, hər ürəkdə bir tufan, hər baxışda bir leysan var idi. Dərdini dilə gətirənlərə bir-bir söz verilirdi. 21 yaşlı Xocalı qızı Xəzangülə də söz verdilər. Ermənilər onun 36 yaşlı anası Rəna xanımı, 5 yaşlı bacısı Yeganəni Əsgəran meşəsində güllə ilə dəlik-deşik etmişdilər. 38 yaşlı atası Təvəkkülü 8 yaşlı Xəzangülün, körpə qızcığazın gözləri baxa-baxa, diri-diri ağaca sarıyıb yandırmışdılar. Təvəkkülün günahı ondan ibarət olmuşdu ki, ermənilər «Qarabağ erməni torpağıdır» sözünü ona dedirdə bilməmişdilər».

  Zəlimxan poemaya elə bu dərdin poetik izharı ilə başlayır, daha doğrusu, Xocalı faciəsini poeziyanın ağrısına, kədərinə çevirir:

O gün qan üstündə açıldı səhər,
O gün Xocalıda yer qırmızıydı.
Qırmızı-qırmızı üzümə durdu,
İblis görkəmində şər qırmızıydı.

Doğrandı dayağı, kəsildi soyu,
Qan oldu bayramı, yas oldu toyu.
Qarı ağ görmüşdük ömrümüz boyu,
O gün Xocalıda qar qırmızıydı.

  Beləcə, Xocalıdan gələn qızın qəmli, faciəli hekayəti başlanır və poemanın sonuna qədər biz bu qəmli hekayətin təsirilə yaşayırıq. Ancaq poema təkcə «o qızın göz yaşları» ilə məhdudlaşmır, bir qızın dərdi timsalında illərdir həlli düyünə çevrilmiş Qarabağımızdan, torpaq itkisindən, xalqın bu ağır dərdi necə yaşamasından, sabaha inamından da söz açır.

  Poemada ən təsirli səhnə qızın atasının-Təvəkkülün ağaca sarınıb vəhşicəsinə qətlə yetirilməsidir. Şair bu səhnədə bədii təsvir vasitələrindən kifayət qədər istifadə edib-bənzətmələr, mübaliğələr, metaforalar bədii niyyətin reallaşmasına imkan yaradır. Bu səhnəyə «göydən ulduz baxırdı, qayadan çiçək baxır, zirvədən buz baxırdı, yaraların üstünə səpilən duz baxırdı, burada ağac da Təvəkkülə ürək-dirək verirdi, odunu söndürməyə dağlar külək verirdi».
  Poema nikbin misralarla başa çatır. «Bir qızın göz yaşları» qəzəbə, nifrətə, qisas harayına çevrilir:

Yağıların təpəsinə
mərmi kimi yağmalıyıq.
Bu gün bizdə olan nifrət
ən güclü silahdı, qızım.
Hər alçağın qarşısında
dizlərini bükməz Vətən.
Yer dağılar, göy alçalar,
heç vaxt yerə çökməz Vətən.

  Üç il öncə «Azərbaycan» qəzetində istedadlı şairimiz Ələmdar Quluzadənin Xocalıya həsr edilmiş bir şeirini oxudum. Ələmdar o şeirə belə başlamışdı ki, 26 fevral 1992-ci ildə Xocalıda 613 nəfər ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Şeirin sonu belə bitirdi:

Vətən oğlu göstərəcək
Yağılara öz gücünü.
Hansı ana doğub görən
614-cünü?

  Ə.Quluzadə müasir poeziyamızda Qarabağ mövzusunda ən çox əsər yazan müəlliflərdən biridir, deyərdim ki, hətta birincisidir. Onun «Qadan mənə, Qarabağ» kitabı (2006) ilk misrasından son misrasına qədər Qarabağ ağrısına həsr edilib. Çoxlu sayda şeirləri ilə yanaşı, Ələmdarın «Qarabağ oyunu», «Şəhid şəhər», «Alay komandiri», «İlmələrin dastanı», «Şəhid bacısı» poemaları və «Pənah evi» mənzum faciəsi də bu ağrıya həsr edilib. İstəyirəm onun Xocalıya həsr etdiyi «Şəhid şəhər» poeması haqqında qısaca söz açım. Təxminən 1500 misraya yaxın olan «Şəhid şəhər» poemasında müəllif lirik-publisistik bir tərzdə Qarabağda baş verən hadisələr bütün təfərrüatı ilə poetik təhkiyənin əsasına çevrilir. O, Xocalı faciəsinin yaranması səbəblərini açıqlayır, kimlərin günahkar olduğunu nişan verir. Ə.Quluzadə bütün bu hadisələrin canlı şahidi olmuşdur, o, Xocalıda doğulmuş, uzun müddət DQVM radio verilişləri komitəsinin Azərbaycan verilişləri redaksiyasında müxbir işləmişdir. Hərdən məlum Xocalı kadrları televiziyada göstərilir, nurani bir qocanın düşmən gülləsindən torpağı qucaqladığının şahidi oluruq. O qoca Ələmdarın atası Allahverdi kişidir.

  Ə.Quluzadə Xocalı faciəsini XX əsrin ən böyük, ən qanlı faciələri ilə-Xatın və Xirosima faciələri ilə bir sırada görür. Bizim şairlərin əksər şeir və poemalarında bu faciələrin paralelliyi öz əksini tapır. Ancaq nədənsə Xocalı faciəsinin dəhşəti dünyaya istənilən səviyyədə çatmadı.

Kar üçün, kor üçün çaxmaq daşıdır,
Sərhədi olana yol yoldaşıdır,
Əsrin qan bazarı, qan yaddaşıdır
Xatın-Xirosima-Xocalı yolu.

  Ələmdarın poeması başdan-ayağa düşmənə (həm xarici, həm də daxili) nifrət və qəzəb hissilə qələmə alınıb. Təbii ki, bu kiçik yazıda poema haqqında geniş söz açmaq mümkün deyil. Ancaq əsərin ideyasını, müəllif məramını ifadə edən bu misraları nəzərinizə çatdırmaq istəyirəm:

Bəylər nökər olur, xanımlar kəniz,
Əmdiyim haramdır, yediyim haram.
Laçının bağrından açılan dəhliz,
Bağlanan qapımdır, açılan yaram.

Qəlbimin başında gizilti gəzdi,
Çiçəyi çırtladı dumanın, çənin,
Milli Qəhrəmanı and yerimizdir,
Bəs milli xaini kimdir Vətənin?

Tanrı sınağıdır Tanrı gecəsi,
Doğulan hər kəsin bir yas günü var.
Torpağın başında yurd faciəsi,
Vətənin, millətin qisas günü var.

  Mərhum şairimiz Ələkbər Salahzadənin «Xocalı xəcilləri» poeması da bu mövzuya həsr olunan ən təsirli əsərlərdən biridir. Məlumdur ki, Ə.Salahzadə assosiativ planda düşünən, təsvir etdiyi hadisələrə, nəsnələrə, insan obrazlarına tamam fərqli tərzdə yanaşan bir şairdir. Onun poetik mənalandırmaları, qeyri-adi təsvir vasitələri, daha çox alliterasiyalar düzümünə müraciəti bu poemada da nəzərə çarpır. Məsələn, onun poemasında ilk qırx iki misra «X» hərfi və sözü ilə başlayır. «Xocalı adında yer Xəbis, xudbin, Xain yağı əlilə Xarabalığa döndü…Xor baxanda Xocalı xarabalıqlarına- Xatın-Xocalıya Xirosima-Xocalıya..» Poema Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunub və sanki Xocalı dəhşətləri də Çingizin kamerasından seyr edilir. «Nələr görmüşdü, Çingiz, Nələr, nələr çəkmişdi, bir-birindən qorxulu mənzərələr çəkmişdi. Açıq-aşkar nə xəlvətlər, nə gizlinlər çəkmişdi!.. Vətən imtahanından kəsilənlər çəkmişdi. Aşkarlıqlar içində gizlənənlər çəkmişdi. Hələ öndə olacaqlar, gözlənənlər çəkmişdi». Vaxt ötəcək… Çingizin dayandığı yerdəcə bayrağa dönəcəkdi zol-zol pencəyi. Poema belə bir yarımfəsillə bitir: «XXI əsrin «X» ilinin xronikası». Aydan gələn arxeoloqlar yeri qazıb oyurlar. Onlar qəribə bir iy duyurlar. «Ay aman neft qoxusu gəlirdi yerdən». Bu misranın da öz rəmzi mənası var. Azərbaycan torpağı qana bələnib və bu QAN həmişə təbii sərvətlərimiz, dünya xəritəsində bənövşə yarpağı boyda olub başdan-ayağa təbii sərvətlərlə zəngin bir ölkəyə boylanan həris nəzərlərdən xəbər verir.

  Bu əsərlə paralel mərhum şairimiz Ədalət Əsgəroğlunun «Dərdimizin qan rəngi» poemasını xatırlayıram. Poema Xocalı soyqırımının on beş illiyinə həsr olunub. Ancaq konkret bir mövzuya həsr olunsa da, hədəf daha genişdir. Burada son iyirmi-iyirmi üç ilin Azərbaycan məmləkəti DƏRDİMİZİN QAN RƏNGİ obrazında metaforikləşib. QAN burada Xocalıdan bütün dünyaya yayılan fəryadın, kədərin simvoludur. QAN burada tarixdir-bir məmləkətin təklənməsi, səsinin, harayının boğulması, öz içində qərq olmasıdır. Ədalət Əsgəroğlu qan kəlməsinin doğurduğu bütün mənalara, metaforik çalarlara üz tutub:

…nə əcəb,
dərd deyirlər buna..?
Yox, oğlum, dərd deyil bu!
Bu, müqəddəs bir can!
Ortalıqda dumduru qan,
axır…axır… axıracan…
Xocalıdan Bakıyacan,
qan boyalı villalardan
cana doymuş çadıracan…

  Bu təsvirlərdən sonra Ədalət Əsgəroğlu poetik ahəngi zəiflətmədən publisistik ahəngi qüvvətləndirir. Dərdimizin niyə qan rənginə boyanmasının səbəblərini açıqlayır. Aşıb-daşan sərt və çılğın etirazlar gəlir, bu etirazlar əslində, ittihamlardır. Poeziyanın, bir şair ürəyində şahə qalxan etirazları…

Milli Sərvət-
millət qanı…
canlı tarix.
Milli Sərvət-
qanım mənim
gah tıncıxan,
gah üzülən canım mənim.
Bu boyda qan…
bu yolda can
niyə olmur sənə qurban,
Azərbaycan!
Sənə qurban, Azərbaycan!

  Bu misralar poemanın sonluğudur. Müəllif bir-iki xarakterik səhnə ilə əsərin fəciliyini artıran çalarları gücləndirir. Qızılgülə bənzəyən bapbalaca bir qızcığac «qan-qan!» deyib qışqırırb. «Bu qızıl gül qönçədi hələ, sinəsindən qan fışqırır». O bapbalaca qız xəyallarda böyüyür, qan içində, öz qanının arxasınca baxır, gəlib on beş yaşına çatır. İllər keçir, Xocalı şəhidləri QAN qiyafəsində qapımızı döyürlər, bizi qisasa çağırırlar. Və mən də Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı bu yazını Ədalətin «Dərdimizin qan rəngi» poemasından aşağıdakı misralarla bitirmək istəyirəm:

Dərdin qan rəngi..
qan, qan, qan!
Boya göy üzünü,
Göy üzü bölünənəcən.
Bürü yer üzünü
bu sevda ölənəcən!
Dünya yenidən doğulanacan!