Biz imzaları yox, əsərləri dərc edirik...

Dərd əhlinə yaranan dünya – Asif Ata yazır
616
13 Sentyabr 2018, 09:20
 Artkaspi.az Asif Atanın "Füzulilik" adlı essesini təqdim edir:
 
 Füzuliyə qayıtmaq gərək – əzəli, köklü, əbədi!
 
 "Canı tən olduqca məndən dərdi-dağ əskik deyil,
 Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mənə”.
 

 
 İnsan yaşadıqca dərd ondan əskik olmur, yaşamaq – dərdə qatlaşmaqdır əslində; nə qədər ki, can var, bir o qədər də dərd var, can bədəndən çıxmasa, dərd də ürəkdən çıxmaz, dərdsizlik əslində ölümdür.
 Dərdlə can təndir, can dərdi yaşayır ömürdə, canla bir yaşayır dərd, candan çıxmır – can bədəndən çıxmayınca.
Dərdli can yaşayır bədəndə, can dərdlə yaşayır, dərdi tərk etmək həyatı tərk etməyə bərabər olur.
 
 "Öylə ki, əhli eşq söylərsən məlamət tərkin et,
 Söylə kim mümkündür təğyiri-təqdiri xuda?”
 
 Eşq əhli olmaq dərd əhli olmaq deməkdir, eşq özü dərddir, dərdi tərk etmək eşqi tərk etməkdir, dərddən yoğrulur eşq, dərdlə odlanır, dərd ocağı qalanır aşiqin iqbalında, dərdə ucalır aşiq.
 
 "Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm,
 Dərdi-ahim-taci-zər, simi-sirişkim təxti-tac!”
 
 Dərd tacı qoyulur başına aşiqin, dərd təxtində oturur aşiq, dərdlə hökm eləyir, dərd iradəsinə sahib olur; dərd savab sayılır; ali bəxt sayılır aşiqə.
 
 "Ey Füzuli, fələkin var səninlə nəzəri,
 Kim qəmü-möhnətini verdi nə kim var sana!”
 

 
 Dəhşətdir, fəlakətdir, qandır, sinəyə çəkilən dağdır, göz yaşlarıdır dərd, – həm də qalibiyyətdir!
 
 "Sordum əhvalımı eşqimdə münəccimlərdən,
 Baxdılar tale evinə, dedilər, "Qan görünür!”
 Qan görünür dərd evi, könül şəhrini tarimar edir:
 "Daşə bənzər hər pərkalə kim, gözdən çıxar,
 Ondan etdim fəhm, könlüm şəhri viran olduğun”.
 Sadiqlik dağına yüksəlir aşiq sinə dağıyla:
 "Eşqdə sadiqlik izhar etdi dağın göstərib,
 Qaliba, derlərdi, kazib, qıldı ondan ar sübh!”
 

 
 Fəqirliyə düçar olub aşiq, ötəri zövqi-səfanı unudur, ömürləşir dərdli:
 
 "Füzuli, dəhrdən kam almaq olmaz olmadan kiryan,
 Sədəf su almayınca əbri-nisyandan kühər verməz”.
 
 Dərddə şahlıq kəşf eləyir Füzuli, dərd şahlığına yüksəlir Füzuli, dərd seçir, dərdə seçilir.
 
 "Qəm kimi öldürsə, qanlı tək, qaçar məndən mənə
 Şahi-dərdəm iltica eylər ülivvicahimə”.
 
 Dövrana dərdlə qələbə çalır Füzuli, dərd əhlinə yaraşır dünya!