Biz imzaları yox, əsərləri dərc edirik...

Yazıçı olmaq istəyirsən?
1842
13 İyul 2017, 11:58

artkaspi.az  Con Lundberqin "Yazıçı olmaq istəyirsən?" adlı məqaləsini təqdim edir: 

 

Ötən sayda yazar olmaq istəyənlər üçün bəzi xırda, amma işəyarayan məsləhətlər paylaşmışdıq. Bu dəfə də yazar olmaq yolunda ilk addımlar atan və çap məsələləri qarşısında biçarə, qərarsız qalanlar üçün təcrübələrimi bölüşmək istəyirəm. Ən azı bir əsəri işıq üzü görmüş biri üçün sistemə uyğunlaşmaq, yön tapmaq asan olur. Artıq az da olsa, təcrübəsi olanlar bu mətni yanlışları düzəltmək üçün oxuya bilərlər. Amma təcrübəsiz yazıçı namizədlərinin işi daha çətin olduğundan aşağıdakı məsləhətlərə diqqətlə qulaq verməlidirlər.


 


 

Bir-üç ilə bir kitab yazıb, çap etdirən yazarı "məhsuldar” adlandırırlar. Mən sizi birmənalı şəkildə əmin edə bilərəm ki, əgər siz kitabınızın ancaq yazmaq mərhələsi ilə məşğul olsanız, ilə iki kitab da yaza bilərsiniz. Amma yazarın, xüsusilə də yola yeni qədəm qoyanların işi yazmaqla bitirmi?! Redaktə, korrektə prosesi, ədəbi agent tapılması, nəşriyyatlara yol tapmaq, razılıq əldə edilməsi, kitabın dizayn prosesi, üz qabığı, təqdimatı, paylanması, satışının təşkili... Bəli, kitab yazmaq, yazar olmaq bu prosesin hər birində iştirak etmək və hamısına nəzarət etmək deməkdir. Bir qədər tanınmışların işi asandır – agentləri, redaktorları, marketinq mütəxəssisləri, reklam menecerləri, onillik müqavilə imzalanmış naşirləri, dizayner qrupları var. Yəni, onlar həqiqətən də işin sırf yaradıcı hissəsi ilə məşğul olurlar. Bu adamlar birmənalı şəkildə incəsənət adamıdır. Amma bu yazıdakı məsləhətlərə ehtiyacı olanlar həm də biznesmendir.


Əsərlərinizin nəşrinə giriş


Əgər ədəbi karyeranıza püxtələşmiş yazıçı kimi başlamaq istəyirsizsə, yaxud çap olunduğunu görmək istədiyiniz bir neçə köhnə hekayəniz və ya şeiriniz varsa, deməli, onda məsləhətə də ehtiyacınız var. Əvvəlcə, bir qədər – qısa hekayə, roman və şeir – ədəbi nümunələrin çap bazarı barədə və bazarda sizə lazım olacaq bir neçə strategiyadan danışaq.


Haradan başlayım? 


Hesab edirəm ki, nəşriyyat sahəsinə Han Solonun ("Ulduz müharibələri” filminin qəhrəmanı – red.) asteroid tarlasına yanaşdığı kimi baxmaq ən yaxşı yanaşmadır: "Mənə heç vaxt şansdan danışma”. Əgər siz "Poetry”, yaxud "The New Yorker” kimi agentliklərlə gəlirli bir kitab sövdələşməsinə nail olmaq, yaxud şeir yazmaqla gündəmi zəbt etmək istəyirsinizsə, bu zaman ehtimallar demək olar ki, doğrudan da, asteroid tarlasıdır. Ancaq nəşriyyat məsələsinə realist və ağıllı yanaşsanız, ən azından öz əsərlərinizin çapını görmək qismət olacaq.

Məsləhət görərdim ki, "Yazıçının bazarı”, yaxud da "Şairin bazarı” kimi məfhumları qəbul edib, roman və poeziya naşirləri barədə ümumi təsəvvür əldə edərək başlayasınız. Bəlkə, deyəcəksiniz ki, bircə dəqiqə, şeiriyyat üçün bazar olar??? Var! Baxmayaraq ki, poeziya heç vaxt gəlir gətirən sahə olmayıb, lakin onun da özünün əhəmiyyətli bir bazarı mövcuddur. Birləşmiş Ştatlardakı yüzlərlə ədəbi jurnal hətta bəzən "Borders” kimi nəhəng kitab mağazalarındakı (ordadırlar, sadəcə, gərək, axtarasan.) məcmuələrdə işıq üzü görən qısa hekayələri, şeirləri yenidən dərc edir. "The Atlantic Monthly” və "The New Yorker” kimi bir neçə kütləvi (bütün janrları, mövzuları, müəllifləri çap edən kitab evləri – red.) nəşriyyat isə kiçik roman və şeirləri də dərc edir, ancaq xahişsiz (tapşırıqsız) bu çox çətindir. Kitab bazarında müdhiş qanunlar var. Ümumi təsvirə uzun-uzadı yer ayırmadan deyim ki, hətta burada yazılarınızı göndərə biləcəyiniz nəşrlərin siyahısını (ünvan və s.) tərtib ediblər. Sizi dağa-daşa salmadan yazıları yollamağın qaydalarını, müsbət cavab almaq üçün tələb olunan şərtləri, hansı nəşriyyatın ödənişli olub-olmadığını əhatə edən icmalla təmin edirlər.


Yaxşı düşüncə tərzi


Nəşr prosesinə doğru düşüncə tərzi ilə yanaşmaq vacibdir. İlk növbədə, rədd edilməyə hazırlıqlı olun. Çünki çoxlu rədd cavabı alacaqsınız. Redaktorlar imtina məktubunu hansısa xoş hadisəni qeyd edəndə işlədilən konfet kağızları kimi çap edirlər: rədd olunmanın nə dərəcədə asan başa gəldiyini göstərmək üçün dizayn olunmuş balaca, rəngbərəng kağızlar göndərirlər. İkincisi, yazılarınızla incəsənət nümunəsi kimi, çap olunmaq məsələləri ilə isə biznes kimi rəftar edin. Hər biri üçün ayrı hədəfləriniz olsun. Dərc olunmaq üçün yazırsınızsa, yeni karyera seçin, çünki yazmaq güzəranı təmin etməyin ən çətin yoludur.

 

Strategiyalar

 

Göndərin, Göndərin, yenə də Göndərin. Yaşlı müəllimlərimdən biri tez-tez yadımıza salardı ki, redaktorlar xəbərsizcə otağınıza soxulmur, əsərlərinizi axtarmaq üçün siyirtmənizi nişan almırlar. Beləliklə, nəşr məsələlərində ilk addım öz işlərinizi redaktorların qarşısına qoymaqdır, o masaya getdiyindən əmin olmaqdır. Bir çox jurnal əsərlərinizi eyni vaxtda birdən çox redaksiyaya göndərməyə icazə verir. Bu imtiyazdan faydalanmamaqla yazdıqlarınıza və əməyinizə haqsızlıq etmiş olursunuz. Sözə "bəxtim gətirmir” – deyə, başlayanda nəşriyyatların qayıdıb sizə cavab verməsi aylarla çəkəcək.

 

Mütəşəkkil olun


Yazıçıların bazarı yazılarınızı göndərməyin yolunu xırdalıqlarına qədər izah edir və əsərlərinizi yollamaq istəyəcəyiniz jurnalların siyahısını paylaşır. Sadə planlama ilə əlyazmalarınızı maksimum sayda dərgiyə göndərməyiniz rədd olunmaq hissi ilə baş-başa qalmağınıza mane ola bilər. Bir dərgidən rədd cavabı gələndə, siz sadəcə əlyazmanızı siyahınızdakı növbəti jurnala göndərin.


Hədəfləriniz böyük olsun


Məncə, istənilən halda böyük iddialı müraciət diqqətçəkəndir və yaxşı ideyadır. Hətta, orta səviyyəli dərgilərdən rədd cavabı alsanız belə, yüksək səviyyəli nəşriyyatlara öz işlərinizi göndərməkdən qorxmayın. Redaktorun yazılarınıza nə zaman göz gəzdirəcəyini heç vaxt bilə bilməzsiniz.


Qabaqcadan oxuyun


Əsərlərinizi göndərməzdən əvvəl jurnal və ya məcmuələrin nümunəsini oxumaq yaxşı fikirdir. Əgər siz irihəcmli epik şeirlər yazırsınızsa və jurnal təkcə kiçik lirik şeirləri dərc edirsə, çox güman ki, poçt markalarınızı əbəs yerə xərcləyəcəksiniz.

 

Sadə olun

 

Bər-bəzəkli kağız və ya qeyri-adi şriftlərdən istifadə sizi mənzil başına çıxartmayacaq. Bu, redaktora işarə edir ki, siz nə elədiyinizi bilmirsiniz. Qoyun, əsəriniz özü öz yerinə danışsın. Redaktora şeirinizin və ya hekayənizin nə barədə olduğunu izah etməyin. Bu, yolverilməzdir.

 

Əsərlərim hələ dərc olunmayıb. Bu faktı gizlədim?


Düzü, mən əksini tövsiyyə edərdim. Məsələn, redaktə zamanı, yazıları dərc olunmayan yazarlar mənim marağımı çəkir və mənə belə gəlir ki, bir çox redaktor istedadlı yazıçının ilk əsərinin nəşr etmək fikrinə yaxşı baxır.

 

Özümə nümayəndə tutmalıyam? Lazımdır?

 

Çox az şairin nümayəndəsi, təqdimatçısı var, ona görə ki, çox az şair buna xərcləyəcək qədər pul qazanır. Roman yazarlarının isə kiçik hekayələrini ədəbi jurnallara yollamaq üçün vasitəçiyə ehtiyacları yoxdur. Mən heç vaxt novella satmağa çalışmamışam (buna görə də bu haqda danışmıram), ancaq sizi təmsil etməsi üçün nümayəndə tutmaq inkişaf üçün ilk vacib addımdır.

 

Ziddiyyətlər

 

Keçən həftəki sayda "yazıçıların dəyirmi masası”-nın əhəmiyyəti haqqındakı məqalənin rəy bölməsində bir-birinə əks fikirlər var idi. Əlbəttə ki, belə toplantılar böyük yazarlar üçün deyil. Amma, məsələn, mənim fikrimcə, bu tip məsləhət-məşvərət toplantılarının yazarın özünüinkişaf prosesində rolu böyükdür. Hətta elə debüt əsəri ilə təəccübləndirəcək qədər böyük yaradıcı istedada malik bir yazar da gəncdirsə, təcrübəsizdirsə, belə masalarda iştirakı məsləhət görülür. Amma ola bilər ki, təcrübəsiz də olsa, yazar yaxşı bir redaktorla işləyir, bu zaman işlər dəyişir. Yaxşı bir ədəbi redaktoru olan istənilən yazarın uğuru 50% sığortalanıb. Bəlkə də, siz Dostoyevski və ya Melvil kimi sadəcə yeri səhv düşmüş dahisiniz. Ancaq bir çox uğur qazanmağa meylli yazıçılar üçün yaxşı təşkil edilmiş dəyirmi masalar çox şey vəd edir.

Sonda isə Mark Tvenin xırda şeylərlə məşğul ikən əhəmiyyətli məsələləri unutmamalı olan yazıçının nə etməli olduğu barədə xülasəsini şərh edən MakKenleyin bir fikrini bölüşmək istəyirəm: "Yazıçı 3 şey etməlidir – yazmalı, yazmalı və yenə də yazmalıdır. Başqa söhbət ola bilməz”.

 

Mənbə: "HuffingtonPost”


 

İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI

 

Xəbər lenti