Biz imzaları yox, əsərləri dərc edirik...

Dəli şeytanı da eşitməliyik – Kəmaləddin Qədimin ilk kitabı
749
29 Noyabr 2017, 09:44
 artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib.Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Kəmaləddin Qədimin  ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:
 

 
 Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub.  Şairin ilk kitabı "Keçir məni bu çaydan” 1988-cı ildə çap olunub. 2500 tirajla nəşr olunan kitabın redaktoru Rüstəm Behrudi, rəssamı K. İsrafilzadə, bədii redaktoru P. Əhmədov, texniki redaktoru K. Bəşirova, korrektorları  P. Abbasov, Ə. Yusifova,  qiyməti 25 qəpik olmuşdur.
 
 



 Dəli şeytanı da eşitməliyik
 
Harada olubsa əli şeytanın
Demişik çətin ki, iş avand olsun 
Heç vaxt eşitmirik dəli şeytanı,
Eh, təki başımız salamat olsun.
 
Bir az qarnımız tox, yerimiz uca,
Qəfil burularıq, yerə düşərik.
Şeytanı eşidib batarıq suça,
Nahaqdan bir qəfil şərə düşərik.
 
Deyirik, bir az da ağıllandırır,
Hər təzə deyilmiş söz ağıllını.
Hərdən bir dəlinin "daşı” yandırır,
Çəkir imtahana yüz ağıllını.
 
Kim ağlın gücünə qapı döyür ki,
Di çat bir arzuna, işləsin başın.
Gizlicə bir dəli şeytan deyir ki,
Hərdən bir məni də eşit, qardaşım.
 
Sus, tabla istəsən min haqsız işə,
Əlindən fövtə ver geniş meydanı.
Çəksin "ağıllı”lar ətini şişə,
Döz hələ, eşitmə dəli şeytanı.
 
Göydən tökülməyir ruzi dünyada,
O da bir oyundu, o da bir fərddir. 
İnanın, çox istək, arzu dünyada
Bir dəli şeytanın sözünə bənddi.
 
 
Əllər düyünləşib, yumruqlaşanda
Haqlısa, sınaqdan keçirməliyik.
Ədalət naminə səbr daşanda
Dəli şeytanı da eşitməliyik.
 

 
 Arayış
 
Tez-tez soruşdular kiməm, nəçiyəm,
Bu sorğu-sualı bitirəm gərək.
Min cür oyunbaza, əllaməçiyə,
Min cür də arayış gətirəm gərək.

Üstümdə atamın, anamın adı,
Mən də bu torpağın, elin oğluyam.
Oxuyun, xalq verən "arayış”dadır,
Əslimə, kökümə necə bağlıyam.
 
Bundan sonraları kağıza qalır,
Min ildi sağalmır kağız yarası.
Hansı təşkilatdan arayış alım,
Fikrim yox, haqqım var keçəm Arazı?!
 
Hardadır belə bir keçərli kağız,
Ola, möhürü də bir az kəm ola.
Vətəndən-vətənə bu zərli kağız
Mənim buraxılış vəsiqəm ona.

Bir çiçək üstündə çəkməsə zəhmət,
Kiçik bir arı da torpağa yükdü.
"Arayış” versin ki, qoca təbiət
Niyə bənövşənin boynu bükükdü?...
 
Min cür oyunbaza, əllaməçiyə,
Sözdən söz yazmışam, söz tutmuşam, mən –
"Arayış” almaq üçün kiməm, nəçiyəm,
Sevən ürəklərə üz tutmuşam mən?...
 
Desinlər mən də bu elin oğluyam,
Üstümdə atamın, anamın adı.
Mən kiməm, nəçiyəm, hara bağlıyam?
Oxuyun, xalq verən "arayış”dadı!
 
 


 Olsun

Bu torpağı öp yaşa,
Gözlərinə təp yaşa, 
Ürəklə dən səp yaşa,
Daşda da sünbül olsun.
 
Ucuz deyil səadət,
Göylərdən düşmür əlbət,
Nə əzabsız məhəbbət, 
Nə tikansız gül olsun.
 
Fürsət namərd əlində,
Dayanıb şərt əlində, 
Hazırdı dərd əlində,
Vaxt, başına kül olsun.

Gözüm Araz istədi,
Qulaqlarım səslədi, 
Xoş xəbər bərk xəstədi,
Yastığı yüngül olsun.