Biz imzaları yox, əsərləri dərc edirik...

Daxildəki gizli "mən" – Məmməd Qocayev
882
15 Oktyabr 2018, 08:49
 Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" kitabından "Oxşar” və ya İddiaların iflası" adlı esseni təqdim edir:
 

 
 
 "Oxşar" povesti Dostoyevskinin ən səciyyəvi əsəridir. Əsl Dostoyevski məhz "Oxşar"dan başlayır. Əslində əsl Dostoyevski elə "Yoxsul insanlar"dan başlamışdı, lakin nə oxucular, nə də ədəbi tənqid bunu görə bilmədi və səhvən Dostoyevskini Qoqol satirik məktəbinin davamçısı kimi qəbul etdi. Amma "Oxşar" heç bir mübahisəyə və şübhəyə yer qoymadı və Dostoyevskinin ədəbiyyat tarixində yeni yol açdığının bariz təsdiqinə çevrildi. Bu qəribə əsər, bəlkə də, adi realizmin, əslində isə naturalizmin bütün qanunlarını pozaraq, yazıçının dediyi kimi, "sözün əsl mənasında realist" əsər səviyyəsinə yüksəldi. Burada zahiri realizm deyil, dərin daxili realizm, formanın deyil, mahiyyətin realizmi əsas yer tutur. İnsan ikiyə bölünə bilməz – bu adi realizmin tələbidir. Lakin hər bir insanın qəlbində, onun təhtəlşüurunda ikinci bir "mən" gizlənir və hərdən özünü büruzə verir. Bu da "sözün əsl mənasında realizm"dir, forma deyil, mahiyyət etibarilə realizmdir.
 

 
 "Oxşar" povestində "Yoxsul insanlar" romanındakı konflikt bir növ tərsinə çevrilmişdir. Əgər romanda mənəviyyat sosial  dəyərlərlə toqquşaraq geri çəkil­məli olurdusa, povestdə sosial dəyərlər insan şüuruna, oradan da insan qəlbinə nüfüz edərək, onun qəlbindəki daim yaşar vəziyyətdə mövcud olan mənəviyyatla, mənəvi dəyərlə toqquşur və məğlub olur. Devuşkin Varvaranı təmənnasız və saf bir məhəbbətlə sevirdi, Yakov Qolyadkin Klara Olsufyevnanı təmənnadan, onun vasitəsilə insan içinə çıxmaq, varlanmaq, mənsəb sahibi olmaq istəyindən sevdi. O, Klara Olsufyevnada öz nicatını və gizli ümid­lə­rinin çin olacağını görürdü, lakin qızdan rədd cavabı aldı. Amma zati-alilərinin evindəki rədd cavabına qədər, Qolyadkinin öz daxilində bir rədd cavabı baş qaldırmışdı, amma qəhrəman bu səsə qulaq asmadı və iflasa uğradı.
 Kiçik məmur Yakov Petroviç Qolyadkini idarə rəisinin, zati-alilərinin evinə, onun qızı Klaranın ad günü şərəfinə təşkil edilmiş ziyafətə yollanır. Bu dəvəti Qolyadkin öz bildiyi kimi yozur və öz gələcək karyerasının uğurlu başlanğıcı kimi qəbul edir, özünü artıq başqa rolda, başqa nüfuzda görməyə başlayır, bir növ rola girir və bu rolda, öz əsl vəziyyətinə yaraşmayan iddialar içində qonaqlığa yola düşür. Təmtəraqlı karetdə kübar ailəsinə qonaq gedən Qolyadkin hərdən düşünür ki, bu mənəm ya mən deyiləm. Bax elə buradan da Qolyadkinin ikiləşməsi başlanır və bu proses dönməz xarakter alır. Bir dəfə özündən imtina etmiş Qolyadkin sonralar artıq heç cür, heç kəsə öz mövcudluğunu təsdiq edə bilmir.
 Bir çox macəralardan sonra Qolyadkin gəlib Olsufi İvanoviçin evinə çatır. Lakin onu qəbul etmirlər. Qolyadkin ümidsizlik içində arxa qapıdan keçib, balın lap qızğın yerində zala daxil olur. Nökərlər onu tutub zorla qapıdan çölə atırlar. Qolyadkin təhqir olunmuş və alçalmış halda payi-piyada evə qayıdır. Yolda özü kimi bir nəfərə rast gəlir. Bu yad insan ona tanış gəlir. Sonra aydın olur ki, bu, onun özüdür, yəni onun oxşarıdır. Hər ikisi eyni mənzilə gəlib çıxırlar, nökər təəccübsüz-filansız ikisini də içəri buraxır. Oxşarlar yeyib-içir, deyib-gülür, gələcək üçün planlar qurur və səhər tezdən Qolyadkin yuxudan durub öz oxşarını, yəni kiçik Qolyadkini evdə görmür. İşə gəlib Qolyadkini orada görür. Bu gündən etibarən departamentdə iki Qolyadkin xidmət edir. Birinci əsl Qolyadkin, ikinci isə onun oxşarı yalançı Qolyadkindir. Amma məsələ burasındadır ki, onun həmkarları oxşarı əsl Qolyadkin kimi qəbul edir, onu sevir, onun uğurlarını görür, əsl Qolyadkindən isə üz döndərirlər. Kiçik Qolyadkin hamı kimi, cəmiyyətin tələb etdiyi, cəmiyyətin yaratdığı qəlbsiz və ruhsuz, yaltaq bir məmurdur. Ona görə də hamının xoşuna gəlir. Mənəviyyatlı və humanist böyük Qolyadkin isə bu mühitdə yad, özgə, gərəksiz kimi görünür. İnsan xarakterindəki təbii, mənəvi başlanğıcla, süni, sosial başlanğıc iki Qolyadkin obrazında təzahür tapır.
 

 
 Bu gündən etibarən Qolyadkin öz varlığını, öz reallığını təsdiq etmək üçün mübarizəyə başlayır. O deyir: "Zati-aliləri, o, başqa bir adamdır, mən də başqa adamam; o ayrıdır və mən də ayrıyam, doğru deyirəm, ayrıyam, zati-aliləri, doğru deyirəm, ayrıyam". Amma Qolyadkin heç kəsi öz mövcudlu­ğu­na inandıra bilmir. Əsl insan ilğıma çevrilir, onun oxşarı isə cəmiyyətdə və xidmətdə onun yerini tutur. Deməli, cəmiyyətə insan deyil, onun oxşarı gərəkdir, qəlbsiz, mənəviyyatsız müqəvva lazımdır. İnsan qəlbi və qəlbi olan insan cəmiyyətdən kənarda qalır, cəmiyyət isə "ölü canlar"ın ümidinə qalır. Əsər də onunla bitir ki, əsl Qolyadkini dəlixanaya aparırlar, onun yerində isə oxşar qalır. Deməli, Qolyadkinin faciəsi ondadır ki, o, öz oxşarı kimi ola bilmədi, yəni qəlbindəki və ruhundakı canlı insanı, əsl insanı məhv edə bilmədi. Bu canlı başlanğıc da ona cəmiyyətdə uğur qazanmağa mane oldu. Deməli, cəmiyyətdə uğur qazanmaq üçün mənəviyyatdan imtina etmək lazımdır. Qolyadkin imtina edə bilmədi, mənəviyyat ona mane oldu. Sosial ideya mənəviyyatla toqquşaraq məğlub oldu, insan qəlbində məğlub oldu, amma cəmiyyətdə qalib gəldi. Deməli, cəmiyyət mənəviyyat daşıyıcılarından ibarət deyil, kölgələrdən və oxşarlardan ibarətdir. Cəmiyyətin sosial aspektini Dostoyevski bu cür qiymətləndirir və bütün ümidlərini mənəvi aspektə bağlayır.
 Dostoyevski özünün "Oxşar" povestini çox yüksək qiymətləndirir və 70-ci illərdə, yəni artıq "Cinayət və cəza", "İdiot" kimi romanların mövcud olduğu bir dövrdə qeyd edirdi ki, o, ideya cəhətdən bu povestdən dərin bir əsər yazmamış, amma forma cəhətdən əsər müəllifin istədiyi kimi alınmamışdır. Söhbət, əlbəttə, insanın daxilən ikili mahiyyətə malik olması ideyasından gedir. Bu ikiləşmənin dərin psixoloji, mənəvi və fəlsəfi köklərini Dostoyevski bütün yaradıcılığı boyu axtarmışdır. Onun hər bir əsərində qəhrəmanın daxili ikiləşməsindən söhbət gedir: Qolyadkin sosial-psixoloji ikiləşməyə məruz qalır, o, sosial istəklərlə psixoloji tələblər arasında tərəddüd edir; Raskolnikov ideya-mənəvi ikiləşməylə üzləşir, o, ideyayla mənəvi-etik prinsip arasında qalır; İvan Karamazov fəlsəfi-dini ikiləşmənin qurbanı olur, o, özünün həyat fəlsəfəsilə din arasında sonuncu seçimi edə bilmir. Bu əks tərəflər paralel xətlər olaraq insan qəlbində kəsişir və bununla da insanın və dünyanın yeni modeli, yeni mənzərəsi yaranır. Dostoyevskinin gücü və onun bədii dünyaduyumunun orijinallığı da elə bundadır. Digər yazıçılarda bu paralel xətlər kəsişmir. Onlarda insan monolit, bütöv bir varlıq olaraq konkret mənəvi dəyərin daşıyıcısıdır, yaxşı yaxşıdır, pis də pisdir. Dostoyevskidə isə bu paralel xətlər kəsişir. İnsan eyni zamanda iki əks mənəvi dəyərin daşıyıcısı kimi çıxış edir. Yaxşıyla pis bir-birinə qarışır və nəyin yaxşı, nəyinsə pis olduğunu ayırd etmək çətin olur.
 

 
 Həyata və insana bu cür yanaşma, əslində, sırf dünyagörüş məsələsi deyil, yəni bu ziddiyyətli poetika ondan irəli gəlmir ki, Dostoyevski insanı bu cür görür, ondan irəli gəlir ki, insan, həqiqətən də, belədir, yəni ziddiyyətli və ikili mahiyyətə malikdir. Sadəcə olaraq bu mahiyyətlərdən biri üstünlük təşkil edir. Odur ki bütün realist yazıçılar bu dominant tərəfi əsas götürərək, insanın mənəvi bütövlüyünü qoruyub saxlayırlar. Dostoyevski isə insan mahiyyətindəki əks məzmunlu tərəflərə bərabərhüquqlu tərəflər kimi baxır. Ona görə də onda insan nə sırf xeyrə, nə də şərə tapına bilir, xeyirlə şəri eyni zamanda sevir, eyni zamanda onları öz ürəyində gəzdirir. Bu cür poetikanı, bu cür dünyagörüşü M.Baxtin polifonik, ya da dialoji dünyagörüş adlandırır. Əslində, təbiətin də, Allahın da insana münasibəti bu cür polifonik münasibətdir. Yaxşı da, pis də Allahın xilqətidir. Əslində, yaxşı və pis, haqq və haqsızlıq anlayışları insanın aksioloji münasibətinin nəticəsidir. Göyərçini qovub tutmaq və onun qanını axıtmaq istəyən qızılquşmu haqlıdır, ondan qaçıb qurtulmaq istəyən göyərçinmi? Yəqin ki, Allah üçün onların hər ikisi bərabərhüquqludur, insan üçünsə biri haqlı, digəri isə haqsız görünə bilər. Dostoyevski özünün həyata və insana baxışında bu insani, aksioloji mövqedən imtina edərək, dərin ilahi mövqedən çıxış etmək istəyir. Ona görə də o hər iki əks tərəfin yaşamaq haqqını müdafiə edir.