Biz imzaları yox, əsərləri dərc edirik...

Davul səsinin həsrətində – Nigar Pirimova yazır...
1481
18 Sentyabr 2017, 12:02
  artkaspi.az teatrşünas Nigar Pirimovanın "Davul səsinin həsrətində" tamaşasından reportajı təqdim edir:

 

  (ötən mövsümün son tamaşaları silsiləsindən)

  Hər zaman öz yaradıcılığı, tamaşalara verdiyi yozumları, çəkdiyi filmləri ilə maraq doğuran, festivallarda yüksək mükafatlar qazanan Şəki Dövlət Dram Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimli bu dəfə də tamaşaçıların diqqətini çəkə bildi. Tamaşa türkiyəli müəllif Hidayət Sayının "Davul səsi” eyniadlı əsərinin əsasında hazırlanmışdı. Mövsümün bağlanışına məhz bu tamaşanı hazırlayan rejissor yenə elə bir mövzuya toxunmuşdu ki, bu gün də aktual olsun, müasir dövrümüzlə, problemlərimizlə səsləşsin.

  Tamaşa ilə tanışlıq...

  Davul səsi - 18 il ərinin yolunu gözləyən Pəmbə (Lalə Məmməd) və ata həsrəti ilə saralıb solan qızı Zeynəb (Fidan Lətifova). Bu illər ərzində heç kəsə baş əymədən öz təmiz adları, namusları ilə bütün kəndin hörmətini qazanıblar. Lakin Zeynəbin yaşı 18-ə çatıb və o da gənc qızlar kimi ərə gedib ailə sahibi olmaq arzusundadır. Anasından başqa onun üçün hamının gözündə ən ideal namizəd Zeynəbə "aşiq olan” çavuş Muraddır (Pərviz İsmayılov).
 

  Çünki ananın - Pəmbənin yaxşı yadındadır: illər öncə evlərinə hücum çəkən, onun namusunu ləkələmək istəyən və buna görə barmağından zədə almağına səbəb olan üç quldurdan biri Muraddır. İndi ananın tək fəryadı qızını hər vəcdlə o "canavarın” pəncəsindən qurtarmaqdır.
 
 

  Lakin bu on səkkiz ildə ərinin yolunu gözləyən Pəmbə artıq onun da qayıdacağından əmin deyil - nə ölüsü, nə dirisi xəbərini hələ də almayıb. Fəqət bu da uzun sürmür, bir vaxtlar Zeynəbə aşiq olan, lakin Muradın hədə-qorxusundan bunu bir daha dilinə gətirməyən gənc çoban Məmət (Rəhim Qocayev) bir məktubla Zeynəbin atasının illər öncə varlı bir xanımla ailə qurub onları unutduğunu gözü yolda olan zavallı ailəyə çatdırır.

 

  Əgər əvvəllər Pəmbə yalnız qızını düşünürdüsə, indi xırım-xırda əşyalarını yığışdırıb, Zeynəblə buraları tərk edib pulunu balta kəsməyən ərini axtarmaq fikrindədir. Amma qızı Zeynəb illərlə onu böyüdən anasının üzünə ağ olur, səhərin gözü açılmamış onu qaçırmağa gələn Murada qoşulub qaçmaq istəyir. Qızının namusunu qoruyan ana onu yalnız bir yolla saxlaya bilir - tüfəngin tətiyini çəkməklə... Son gülləni öz əlləriylə qızına vuran ana havalanmış halda Zeynəbi bağrına basıb ölüsünü də hamıdan gizlətməyə çalışır...

  Aktyor oyunu...

 Çox düzgün seçilən aktyorların oyunu rejissor tərəfindən dəqiq qurulmuşdu. Obrazların daxili aləmini aktyorlar dəqiq çatdıra bilirdi.
 

  Bir tərəfdən köməksiz, zərif, haqqını tələb edə bilməyən Zeynəbə (Fidan Lətifova) qarşı mərd, cəsur, kişi qeyrətli, qızına həm ata, həm ana olan Pəmbə (Lalə Məmməd), digər tərəfdə isə bütün kəndə para gücünə sözünü keçirə bilən Kocabəy (Xanlar Haşımzadə) və çılğın, kasıbları şallaqla döyməyi özünə hörmət bilən, adi çobana "eşşək” deyə təhqir etməkdən çəkinməyən, özündən imkanlılara tülkü kimi quyruq bulayan, zəiflərə çaqqallıq edən "murdar xislətli” Murad (Pərviz İsmayılov) tamaşa boyunca bütün seyrçilərə səhnədəki hadisələri yaşadırdı.
 
 

  Mənfi surətləri canlandıran Pərviz İsmayılov və Xanlar Həşimzadə adi hərəkətsiz səhnələrdə belə bəzən gözlərindəki baxışları və obrazlarına məxsus yaşantıları, mimikaları ilə oynadıqları rolun daxili aləminin rəsmini çəkə bilirdilər.
  Bu rollarla yanaşı Rəhim Qocayevin yaratdığı Məmət obrazını da xüsusi qeyd etmək istərdim. Çünki digər personajlardan fərqli olaraq aktyor adi danışıqla deyil də, pəltək kimi danışmalıydı. Və aktyor bunun öhdəsindən çox dəqiq gəlirdi. Məktubu oxuduğu səhnə isə o qədər dəqiq işlənmişdi ki, bəzən aktyorun həqiqətən pəltək olduğuna belə inanırdın. 

 

  Hadisələr Türkiyədə baş verdiyindən rejissor girişdə və final səhnələrdə Şərqiçini oynayan Türkan Xəlilovanın simasında əski köy mühitini yaratmağa xüsusi diqqət yetirmişdi. Tamaşa boyu seyrçilər ara-sıra dairəvi səhnənin içində ifa olunan rəqslər və geyimlərlə türk köyünə səyahət edirdi.
 


  Rejissor yozumu...

  Əsil rejissor odur ki, hansı dövrdə yaşamasından asılı olmayaraq seyrçilərə maraqlı mövzularda və ən əsası, zamanla səsləşən tamaşa sərgiləyir. Mirbala Səlimli məhz belə rejissorlardandır.

 

  Bu tamaşasında da bir sıra məqamlar vardır ki, müasir cəmiyyətimizdə hələ də aktualdır – insan hüquqlarının pozulması, söz azadlığının olmaması, pulun gücünə edilən hər cür cinayət, zəiflərin tapdalanması, ədalətsizlik, gənc qızların hüquqsuzluğu... və s. Bu siyahını artırmaq da olar... 
  Nə gözəl ki, Şəki teatrı dəqiq pyes və gözəl aktyor oyunu ilə bütün bunların eşidilməsi üçün davulun səsini bacardığı qədər bərk vurdu...